Türk Dünyasının Zirvədən Zirvəyə uzanan yolları...

TÜRK AİLƏSİNİN MÖHTƏŞƏM ADDIMLARI

  

Türk Dünyası tarixinin ən parlaq dövrlərindən birini yaşayır. Artıq Böyük Turan yolunda hər gün yeni addımlar atılmaqda, gələcəyin müqəddəs arzuları addım-addım gerçəkləşməkdədir. Hər gün mətbuat səhifələrindən, internet resurslarından, beynəlxalq tədbirlərdən, bəşəriyyətin həyatına birbaşa təsiri olan qlobal yeniliklər içərisindən Türk Dünyasının gələcəyinə yönəlik müjdəli xəbərlər gəlməkdədir. Son dönəmdə gündəm olan Türk Dünyasının ortaq bayrağının müəyyənləşməsi qərarı, ortaq əlifbası ilə bağlı tarixi qərar bütün Türk ellərində, o cümlədən, türkləri özlərinə doğma sayan dövlətlərdə bayram sevincinə səbəb olan yeniliklər kimi yadda qaldı. Türk ölkələrinin müştərək təşkilatlarının, qardaş qurumlarının bir-birinə bağlı, koordinasiyalı, eyni müqəddəs məqsədə, şərəfli amala yönəlik addımları, əlbəttə ki, Türk ailəsi - Türk Dünyası adına qürur doğuracaq, fəxarət yaşadan hadisələr cərgəsindədir. Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin də dediyi kimi: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk Dünyasıdır”.

Türk ailəsində Türk Mədəniyyəti və İrsi Fondunun vacib yeri

Türk ailəsinin - Türk Dünyasının birliyi naminə fəaliyyət göstərən təşkilatlardan biri də Türk Mədəniyyəti və İrsi Fondudur. Fond beynəlxalq müstəvidə öz nüfuzunu gün-gündən artıraraq Türk Dünyasının qədim irsini, mədəni mirasını həm hifz edir, həm də dünyada layiqincə tanıdır.

Fondun qurucu üzv dövlətləri olan Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə təşkilatın fəaliyyətinin daha da çiçəklənməsi, şaxələnməsi üçün əllərindən gələni əsirgəmir, Fondun bütün Türk Dünyası naminə yönəlik məqsədlərinin gerçəkləşməsi üçün daim maddi və mənəvi imkanlarını səfərbər edirlər.

Tarixi zirvə görüşləri

Fond bir sıra beynəlxalq tədbirlərdə, o cümlədən, Türk Dünyasının həyatında vacib yeri olan Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Zirvə Görüşlərində də hər dəfə layiqincə təmsil olunur. Fond sammit çərçivəsindəki tədbirlərdə həm gördüyü işlərin hesabatını verir, həm də gələcək proqramlarını, perspektivdəki planlarını açıqlayır. Cari ilin 6 noyabr tarixində Bişkekdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun sədrliyi ilə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü də Türk Mədəniyyəti və İrsi Fondu üçün fəaliyyətinin nəticələrini işıqlandırmaq üçün mötəbər tribuna oldu. Yeri gəlmişkən qeyd edək ki, Bişkekdəki Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti, cənab Kasım-Jomart Tokayev, Özbəkistan Respublikasının Prezidenti, cənab Şavkat Mirziyoyev, Türkiyə Respublikasının Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğan və Macarıstanın Baş naziri cənab Viktor Orban da iştirak edirdilər. Bununla yanaşı, Zirvə görüşündə Türk əməkdaşlıq təşkilatlarının, Türk Akademiyasının, TÜRKSOY-un, TÜRKPA-nın, Türk investisiya Fondunun, Türk Mədəniyyəti və İrsi Fondunun, TDT Ağsaqqallar Şurasının baş katibləri və rəhbərləri  də təmsil olunurdular.

Tarixi qərar məqamı...

Sevindirici haldır ki, budəfəki Bişkek Zirvə görüşündə Türk Mədəniyyəti və İrsi Fondunun üzv dövlətlərinin sıralarının genişləndirilməsi ilə bağlı tarixi qərar verildi. Belə ki, həmin mötəbər tədbirdə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzv statusunda təmsil edilməsinə hazır olduğunu bildirdi. Cənab Prezident Şavkat Mirziyoyev çıxışında Türk Dünyasının birliyi naminə bir-birindən dəyərli, Türk Dünyası üçün yol xəritəsi sayılacaq fikirlər səsləndirdi: "Hörmətli nümayəndə heyətlərinin rəhbərləri! Qardaş xalqlarımızı daha da yaxınlaşdırmaq, gəncləri əcdadlarımıza layiq ruhda tərbiyə etmək məqsədilə təşkilata üzv ölkələrin dillərində türk xalqlarının çoxcildli folklor toplusunu nəşr etmək yaxşı olardı. Bu istiqamətdə bizim aktual vəzifəmiz "türk ölkələrinin tarixi" kimi fundamental tədqiqatların birgə aparılmasıdır. Eyni zamanda, düşünürəm ki, türk dillərindən birbaşa tərcümənin stimullaşdırılması, məktəblərimizdə türk xalqları və onların tarixi, etnoqrafiyası, mədəniyyəti və incəsənəti haqqında fakültativ dərslərin aparılması məqsədəuyğundur. Bu baxımdan Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü seçilməyə hazır olduğunu bildiririk".

Qarşıya qoyulan məqsədlər naminə atılan addımlar

Qeyd etmək lazımdır ki, Türk Mədəniyyəti və İrsi Fondu öz fəaliyyəti çərçivəsində Türk Dünyasının ayrılmaz hissəsi olan Özbəkistanla bağlı daim müxtəlif tədbirlər keçirir. Türk Mədəniyyəti və İrsi Fondu cənab Şavkat Mirziyoyevin çıxışında qeyd etdiyi “Türk dillərindən birbaşa tərcümənin stimullaşdırılması” fikrini daim öz fəaliyyətdə rəhbər tutmağa çalışır. Fond Əlişir Nəvainin əsərlərini özbək, Məhdimqulu Fəraqinin poetik nümunələrini türkmən, Alıkul Osmanovun şeirlərini qırğız, Malik Otarbeyin esselərini qazax dilindən – orijinaldan tərcümə edərək türk dillərindən birbaşa tərcümənin inkişaf etdirmək yolunu özünə rəhbər tutmuşdur. Bu il 950 illik yubileyi qeyd olunan Mahmud Kaşğarinin “Divani-Lüğət-it-türk” əsəri isə Fondun dəstəyi ilə orijinaldan – cağataycadan tərcümə edilib.

Həmçinin Türk Mədəniyyəti və İrsi Fondu Cənab Prezident Şavkat Mirziyoyevin Türk xalqlarının çoxcildli folklor toplusunun hazırlaması ideyasını da alqışlayır və bu yöndə işlər görməyi də planlaşdırır.

Xatırlatmaq yerinə düşər ki, Türk Mədəniyyəti və İrsi Fondu təşkilata yenicə üzv olan Özbəkistanla bağlı bu günə qədər də Fond tərəfindən bir sıra işlər görülmüşdür. Özbək klassiki Əlişir Nəvainin “Seçilmiş əsərləri”, Əbdürrauf Fitrətin “Türküstün harayı” kitabı Azərbaycan dilində nəşr olunub, Azərbaycan Yazıçılar Birliyin Gənclər Şurasının sədri, gənc şair Fərid Hüseynin Özbəkistanın Səmərqənd və Xivə şəhərlərinə həsr etdiyi poemalar Azərbaycan, özbək, rus və ingilis dillərində ayrıca kitab şəklində yayımlanıb, o cümlədən, bu il Fond “Məhəmməd Füzuli və özbək ədəbiyyatı” adlı elmi əsərlər toplusu çap etdirmişdir.

Bir daha bildirməliyik ki, Özbəkistan respublikası Prezidenti, cənab Şavkat Mirziyoyevin səsləndirdiyi fikirləri ortaq mədəniyyətə, zəngin irsə və çoxəsrlik tarixə malik türk xalqları arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsinə, həmçinin Türk Mədəniyyəti və İrsi Fondu ilə türk ölkələri arasında mədəni dəyərlərimizin öyrənilməsi, qorunması və təbliği istiqamətində əməkdaşlığın güñləndirilməsinə geniş imkanlar yaradır. Həmçinin təşkilatın qurucu üzv ölkələrindən başqa, Macarıstan da Türk Mədəniyyəti və İrsi Fondunun müşahidəçi ölkəsidir.

Müqəddəs missiya...

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında çıxış edərək təşkilatın fəaliyyətindən, Türk Dövlət Başçılarının, Xarici İşlər Nazirləri Şurasının Türk əməkdaşlıq təşkilatlarının qarşısına qoyulan və strateji sənədlərdə göstərilən vəzifələrin fəal şəkildə yerinə yetirilməsi barədə fikirlərini bölüşərkən bir sıra vacib məqamları vurğulayıb.

A.Raimkulova bildirib ki: "Astana Sammiti Bəyannaməsinin direktivlərinə uyğun olaraq Bişkekdə Alıkul Osmonovun ev-muzeyinin yenidən qurulması və bu mədəniyyət ocağının təchiz edilməsi işlərini uğurla başa çatdırdıq. "Türk Dünyası-2040" konsepsiyasını və "TURKTIME" təşəbbüsünü rəhbər tutaraq, hazırda Türk Dünyasının mədəni irsinin kataloqunu hazırlayırıq, eyni zamanda biz artıq Astanada beşinci Dünya Köçəri Oyunlarının keçirilməsini dəstəkləyərək qədim mədəniyyətimizin zənginliyinin nümayişinə töhfə vermişik. TÜRKSOY və Türk Akademiyası kimi qardaş təşkilatlarla əməkdaşlıqda “Türk Dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanılması – UNESCO nöqteyi-nəzərindən” beynəlxalq konfransın keçirilməsini dəstəkləmişik. Hazırda Qurama və türk dastanları üçün çoxmillətli nominasiyaların tətbiqi üzrə üzv ölkələrlə əməkdaşlıq edirik. Ədəbi-mədəni, o cümlədən, tarixi irsimiz Fondun təsis etdiyi "Türk Dünyasının görkəmli şəxsiyyətləri", "Türk ədəbiyyatının inciləri", "Türk ədəbiyyatının elmi inciləri" kitab seriyalarında doqquz kitabın uğurla nəşr olunması sayəsində daha da inkişaf etmişdir. Yüksək keyfiyyətli elmi məzmunlu TurkDiscovery adlı yutub kanalı yaratdıq və rəqəmsal qarşılıqlı əlaqələri daha da genişləndiririk.

UNESCO 2024-2025-ci illəri Türk tarixinin əsas əsərlərindən biri olan Mahmud Kaşqarinin "Divani-Lüğat-ət-Türk" əsərinə həsr edib. Bu təşəbbüsə dəstək olaraq 2025-ci il ərzində Türk Dünyası ölkələrində təqdim olunacaq beynəlxalq sərgilər təşkil edəcəyik. Həm də ilin sonuna qədər Parisdə UNESCO qərargahında bu mühüm işə həsr olunmuş elmi konfrans keçirməyi planlaşdırırıq".

Qeyd edək ki, yuxarıda sadalananlar bir rəhbər kimi A.Raimkulovanın, eləcə də Fondun peşəkar kollektivinin fəaliyyəti gerçəkləşdirdiyi layihələrin bir hissəsidir. Türk Dünyasının mədəniyyətinin, tarixi irsinin tanıdılması istiqamətində çoxsaylı işlər görülüb və bir sıra layihələr isə icra prosesindədir. Türk Dövlət başçılarının bu cür mötəbər görüşləri, həmin görüşlərdəki çıxışlar, müzakirələr zamanı Türk Dövlətlərinin Liderlərinin çıxışları Fondun Türk Dünyasının inkişafı naminə həyata keçirdiyi işləri uğurla icra etmək, fəaliyyətini məqsədyönlü qurmaq üçün yolgöstərən mayak, əvəzsiz nişan rolunu oynayır.

 

Tahir HACILI

525-ci qəzet .- 2024.- 22 noyabr(¹213).-S.7.