Aydın Mirzəzadə: "COP29 qarşısına qoyulan məqsədlərə çatdı"

"Azərbaycan yaşıl dünya naminə həmrəyliyə öz töhfəsini verdi"

 

Azərbaycanın qlobal aləmdə ən mühüm tədbirlərdən olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi bir sıra cəhətləri ilə əvvəlkilərdən fərqləndi. Bu konfrans öncə keçirilənlərlə müqayisədə nəticəyönümlü olması ilə seçilir. Eyni zamanda, təşkilatçılıq, iştirakçılıq, konfransa maraq daha yüksək səviyyədədir. Diqqətçəkən məqamlardan biri də mövzularla bağlıdır. COP29-da müzakirə edilən mövzuların sayı daha çoxdur, hətta elə istiqamətlər var ki, ilk dəfə gündəmə gətirilir. Bunlardan biri də turizmlə bağlıdır. COP29-da bu mövzu ilə bağlı paneldə dayanıqlı turizmin gələcəyi, turizm sənayesinin ekoloji təsirini minimuma endirərək yerli iqtisadiyyatların və mədəni irsin necə gücləndirilməsi və qorunması müzakirə olunub. Turizm sahəsinin mütəxəssisləri karbon emissiyalarını azaltmaq, bioloji müxtəlifliyi qorumaq və turizmin həm iqtisadi, həm də ekoloji cəhətdən dayanıqlı olmasını təmin etmək üçün ən yaxşı təcrübələr ətrafında fikir mübadiləsi aparıblar.

COP29 çərçivəsində ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib.

Qeyd edək ki, “Bakı Su Dialoqu” platforması iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, çirklənmə və səhralaşma ilə mübarizədə qlobal əməkdaşlığı genişləndirmək məqsədi daşıyır. Qəbul edilən Su Bəyannaməsi bu istiqamətdə yeni tərəfdaşlıqların qurulmasına və siyasət tədbirlərinin gücləndirilməsinə töhfə verəcək.

Builki COP inkişaf etməkdə olan kiçik ada dövlətlərinə xüsusi diqqətin ayrılması, iqlim maliyyəsinə nail olmaq baxımından da fərqlənir. Bir sözlə, COP29 artıq başa çatmaqdadır, indiyədək əldə edilmiş nəticələr, Paris Sazişi üzrə razılaşmalar, iştirakçıların fikirləri konfransın uğurla keçdiyini deməyə əsas verir. Təbii ki, yekunda daha çox razılaşma və nəticələrdən danışmaq mümkün olacaq.

COP troykası isə öz işini davam etdirəcək. Üçlüyün, yəni BƏƏ, Azərbaycan və Braziliyanın (COP28, COP29 və COP30 Sədrliklərinin) məqsədi Tərəflərin müzakirələrdən praktiki iş və icra mərhələsinə keçmələrinə kömək edəcək innovativ və strateji tərəfdaşlıq sayəsində Dubay Konfransında başlamış dinamik tempi Bakıdakı COP29-a və 2025-ci ildə Belem şəhərində keçiriləcək COP30-a daşımaq məqsədi ilə Sədrliklər arasında davamlılığı, əlaqələndirməni və beləliklə də, yekdilliklə razılaşdırılmış müddəaların həyata keçirilməsini təmin etməkdir. Bura iqlim dəyişməsi ilə geniş mübarizəyə yönəldilmiş birgə təşəbbüs və fəaliyyətlər də daxil olacaq.  Ümumiyyətlə, “Troyka” qlobal iqlim gündəmlərində sinerji yaratmaq, həm ambisiya, həm də maliyyə mexanizmlərini irəli aparmaq, eyni zamanda kritik icra problemlərini həll etmək və inkişaf etməkdə olan ölkələrin iqlimə davamlılığını artırmaq üçün fəaliyyət həyata keçirir. Gələcək COP tədbirləri üçün möhkəm gündəlik təmin ediləcək.

Qeyd edək ki, “Troyka” ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30) daxildir.

COP29-un uğurlarından danışarkən bir sıra qərb dairələrinin Azərbaycana qarşı apardıqları qərəzli kampaniyanı, bu kampaniyanın başında dayanan Fransanın çirkin əməlləri də göz önünə gəlir. Bu pozucu fəaliyyət COP29 ərəfəsində və konfransın keçirildiyi günlərdə davam edib.

Amma onların cəhdləri konfransın uğurla başlaması və davam etməsi ilə iflasa uğradı. COP29-da iştirakçılıq səviyyəsinin, marağın yüksək olması bir daha təsdiq edir ki, məlum qərəzli siyasət təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətin gələcəyinə yönəlib və belə bir mənfur niyyətin isə öz hədəfinə çatması mümkün deyil.  COP29 bütün dünya üçün vacibdir, çünki müzakirə olunan məsələlər qlobal xarakter daşıyır. Ona görə də bu cür qüvvələrin hərəkətləri sadəcə olaraq, Azərbaycana qarşı qısqanclıq, onun uğurlarını həzm edə bilməmək, ölkəmizə olan barışmaz mövqedən başqa bir şey deyil. Azərbaycana qarşı qərəzini COP günlərində də davam etdirən Fransanın da cəhdləri iflasa uğradı. Qeyd edək ki, noyabrın 20-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və Azərbaycan sədrliyinin hədəf alınmasına görə etiraz bildirilib. Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz olduğu vurğulanıb.

Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu diqqətə çatdırılıb. Fransadan bu addımlara son qoyulması təkidlə tələb olunub.

Milli Məclisin deputatı Aydın Mirzəzadənin sözlərinə görə, Avropanın müəyyən dairələrinin cəhdlərinə baxmayaraq, COP29-u “boykot” etmək alınmadı: "Avropanın aparıcı liderləri, digər bölgələrin birinci şəxsləri COP29-a qoşularaq iqlim dəyişmələri ilə bağlı çox ciddi müzakirələr apardılar. Burada qəbul edilən qərarlar, planetimizin yaşıl mənzərəsinin qorunmasına çox ciddi kömək edəcək".

Deputat bildirib ki, COP29-da iştirak edən Avropa liderlərinin çıxışlarında iqlim dəyişmələrini təkcə sözlə deyil, eyni zamanda çox ciddi investisiya yatırmaqla müsbət tərəfə yönəltmək barəsində də təkliflər səsləndirildi: “Artıq bununla bağlı ciddi proqramlar işlənilir. Bütün bunlar göstərir ki, Azərbaycan yaşıl dünya naminə həmrəyliyə öz töhfəsini verdi. Nəinki COP29 yüksək səviyyədə təşkil etmək, müzakirələr üçün müvafiq şərait yaratmaq, hətta Azərbaycan öz imkanına uyğun olaraq vəsait də ayırmağa hazırdır. Hesab edirəm ki, COP29 qarşısına qoyulan məqsədlərə çatdı. Dünya ictimaiyyəti bir daha planetimizi qorumaq məsələsində öz mövqeyini ortaya qoydu. Aparılan müzakirələr təkcə liderlərin iştirakı ilə deyil, eyni zamanda ekofəalların, məsələyə münasibəti olan dairələrin iştirakı ilə baş tutdu. Sadə vətəndaşların yaşıl zonaya daxil olaraq müzakirələri kənardan izləmək, pavilyonları seyr etmək imkanının yaradılması yaşıl dünya fikrinin cəmiyyətdə formalaşmasında mühüm rol oynadı. Hesab edirəm ki, Azərbaycan COP29-a gələn qonaqlara yaşıl dünyanı qorumaq üçün atdığı praktiki addımları da göstərdi. Ənənəvi neft-qaz ölkəsi olmasına baxmayaraq, ildən-ilə yaşıl enerjinin həcmi artır. Günəş, külək elektrik stansiyalarının çoxalması da buna bir daha sübutdur.

İşğaldan azad edilmiş ərazilərimiz və Naxçıvan MR-nin yaşıl zona elan edilməsi Azərbaycanın planetimizi qorumaq məsələsinə verdiyi mühüm töhfə olacaq”.

 

Pərvanə

525-ci qəzet .- 2024.- 22 noyabr(¹213).-S.5.