Sözün işığında
Sözün də işığı olur, söz də
Ay təki nur saça bilir, yetər ki, ustad dilindən
çıxsın, ustad qəlbindən süzülüb gəlsin.
Sözün işığına tapınmaq istəyirsinizsə,
şair Əlizadə Nurinin şeirlərinə də üz
tutun, bolluca işıq görəcəksiniz - dünyanın
üzünə səpilən, insanların ömrünə,
tale yoluna çilənən gur işıq. Nə gözəldir
dünyanı şair Əlizadə Nuri şeirlərində
görmək, nə gözəldir həyata şairin
sözüylə, gözüylə baxmaq.
Dənizə qar yağır, üşüyür dəniz,
Durmuşam bir sahil daşının üstə,
Bəlkə əllərimi çətir eləyim,
Saxlayım dənizin başının üstə...
Hər bir şairin mənəvi aləminə, poetik
dünyasına uzanan yol onun söz dünyasından, şeirlərindən
keçir. İki-üç, bəzən də bircə
şeir yetir ki, şairi tanıyasan, onun
yaradıcılığından hali olasan. Əlizadə
Nurinin şeirlərini oxuduqca, poetik dünyasına daldıqca
mənə elə gəlir ki, onunla çoxdanın
dostu-tanışıyam. Şairi oxucuya tanıdan, sevdirən
şeirləri, poeziyasıdır, poetik söz
dünyasıdır. Əlizadə Nuri poeziyası həyatı
duymağın, onun gözəlliklərindən kam
almağın yollarını bizə göstərir, mənəvi
dünyamızı zənginləşdirir.
Meşə yıxılıbdı balta səsinə,
kəsməyə bir balta sapı qalmayıb.
Ağaclar meşədən qaçmaq istəyib,
ancaq yeriməyə tabı qalmayıb...
Meşənin içindən axan bu çay da,
heç kimi çağırmır, yalqız
ağlayır.
Bəlkə, bu meşədə bir qız
azıbmış,
bəlkə, bu çayı da o qız
ağlayır?!
Kim bu ağacların boynunu vurub,
kimdisə ya cəllad, ya nadan olub.
...Girim bu koğuşa... Qəddi düzəlsin,
bəlkə də ağaca oxşadan oldu...
Əlizadə Nuri Cəlilabad ədəbi mühitinin
yetirməsidir. Ömür güzərgahı,
yaradıcılıq yolu doğulub boya-başa
çatdığı Adnalıdan başlayıb.
Xeyir-duasını da elə doğma oymağından, elindən-obasından
alıb.
Əlizadə Nuri özünəxas üslubu olan,
şeiri-şeiriyyətilə seçilən, sevilən
şairdi. Onun şeirlərində dağın
ucalığını, səmanın maviliyini, dərələrin
dərinliyini, güllərin-çiçəklərin ətrini
rənglərin əlvan çalarlarında, sözün parlaq
işığında görür, duyuruq. Şairin şeirlərindəki
bulaq pıçıltısı da özgədir. Min bir sirr
var bu pıçıltılarda. Görəsən, nə
deyir bulaq? Şair öz şeirlərində bu suala da cavab
axtarır və cavab tapır da. Bulaqla bulaq, şehlə
şeh, çiçəklə çiçək dilində
danışır.
Bir gül gördüm, yaz yelində
mürgülü...
Bir gül gördüm, kim ağladıb bu
gülü?
Bir gül gördüm qönçəsinə
bükülü,
Açmaq istəyirdi, aça bilmirdi,
Dünyanı ətrinə bürümək
üçün,
Qaçmaq istəyirdi, qaça bilmirdi.
Əlizadə Nurini ilk dəfə jurnalist, mərhum
Böyükxan Bağırlının "Azərbaycan"
jurnalında dərc etdirdiyi "Şehli
pıçıltılar" yazısından
tanımışdım. "Şehli
pıçıltılar" - uğurlu sərlövhəydi,
Nuri yaradıcılığına yaraşandı. Müəllif
bu adı təsadüfi seçməyib. Dan üzü
otların üstündə, çiçək ləçəklərində
tumurcuqlanmış şehdən duru nə ola bilər?
Əlizadə Nuri poeziyasının dərinliklərinə
daldıqca, hiss eləyirsən ki, şair daim saflıq, duruluq
sorağındadır, onun poeziyası da elə saflıqdan,
paklıqdan yoğrulmuş dupduruca şehli
pıçıltılardı.
Bir çiçəyin üstünə
səhər şehi düşmüşdü,
Çiçək bir az da gözəlləşmiş,
Ancaq deyəsən,
bir az da üşümüşdü.
Elə gözəldi bu şeh,
Yenə görmək istədim,
Çiçək yadımnan çıxdı,
Çiçəyin üstündəki
şehi dərmək istədim.
Deyirlər, şairlər dərdli, dərdçəkən
olurlar. Haqlı fikirdir, çünki şair qəlbi kövrək,
duyğulu olur. Əlizadə Nuri də kövrək qəlbli,
duyğulu şairdir. O, meşədə bir nadanın
baltasıyla ağacın yıxılmasını, nəğməli
bulağın qurumasını, gülün-çiçəyin
solmasını da dərd eləyib ürəyinə
salandı. Əslində, şairlik elə burdan
başlayır və ta Nizamidən, Füzülidən
üzübəri dünyanın dərdini çəkmək
də sanki şairlərin nəsibinə yazılıb.
Çatdım Araz çayına,
Çaya dedim dərdimi.
Dedim, yuyub aparar,
Suya dedim dərdimi.
Ayırmadım heç kimi,
Bölüb verdim eşqimi,
Birdi, üçdü, beşdimi?
Saya dedim dərdimi...
Bir vətəndaş, vətən övladı kimi
şairin ən böyük dərdi Qarabağ dərdiydi.
Şair sabahkı günə ümidlə, inamla baxır, Zəfər
gününün uzaqda olmadığını deyirdi.
Şanlı Qələbəni mərd oğullarımız
qanları bahasına qazandılar. Qalib Azərbaycan əsgərinin
parlaq obrazı Nuri poeziyasında, şeirlərində də
dolğun əksini tapıb.
O, heç kəsnən yarışmağı sevmədi,
Vətən eşqi, hissi, həyəcanıynan.
Vətən haqda danışmağı sevmədi,
O, Vətənin üstün örtdü canıynan.
Yurdu düşüb dilə-dişə, gedirdi,
Dönüş gərək, o, dönüşə
gedirdi.
Qisas üçün son döyüşə gedirdi.
Ölümü də aparırdı yanıynan.
Əlizadə Nurinin hər sözü, hər fikri
yazıb-yaratmaq eşqiylə, şövqüylə
döyünən ürəyinin, qəlbinin dərinliklərindən
süzülür. "Süzülür" ifadəsini elə-belə,
söz xatirinə demədim. Şairin qəlbindən çox
söz axıb gələ bilər, əsl sənətkar isə
ürəyindən gələn sözləri də
süzüb süzgəcdən keçirir. Həm də buna
görə mənalı və maraqlıdır, poetikdir Nuri
poeziyası. O, söz demək xatirinə yazmır, ədəbiyyat
xatirinə, ədəbiyyat naminə yazır. Nurinin
yaradıcılıq uğurlarınının rəhnini, həm
də bunda axtarmalıyıq.
Şair qəlbi narahatdır, əlləri günaha
batıb dünyanın.
Mənimlə yol gedir, yola getməyir,
Alın bu dünyanın əlindən məni.
Əlləri günaha batb dünyanın,
Alın bu dünyanın əlindən məni.
Yağışam, götürün payıza verin,
Bu çiçək ömrümü o qıza
verin...
Aparıb tənha bir ulduza verin,
Alın bu dünyanın əlindən məni...
Mənə gizlənməyə bir dərə verin,
Bu arı ömrümü güllərə verin,
Verin küləklərə, yellərə verin,
Alın bu dünyanın əlindən məni.
Şair Əlizadə Nurinin
yaradıcılığı ədəbi dairələrdə
də kifayət qədər tanınır və yüksək
dəyərləndirilir. Xalq şairi Zəlimxan Yaqub onun
haqqında yazıb: "...Üzünü az-az görsəm
də, poetik sözünün işığında tez-tez
işıqlandığım şairdi Əlizadə Nuri. Onun
daxili dünyasının təzəliyi,
orijinallığı haqqında unudulmaz Xalq şairimiz Məmməd
Araz vaxtilə çox böyük məhəbbət və səxavətlə
söz açıb. Məmməd Araz bir şair kimi sözə,
ədəbiyyata, ədəbi gəncliyə qarşı
çox tələbkar və məsuliyyətli sənətkar
idi, vətən daşı olmayana vətəndaş deməzdi...
Əgər Əlizadə Nuri çağdaş şeirimizin vətəndaşına
çevrilibsə, gəlin onu qoruyaq, qayğı göstərək,
sevək, qiymətləndirək. Uca sözün, halal
şeirin ucqarlarda çiçəklənməsi naminə..."
Əlizadə Nuri yaradıcılığının
bir özəlliyi də bundadır ki, o, həyatda
rastlaşdığı hadisələri, gördüyü mənzərələri
mənalandırmağı, onlara poetik don biçməyi
bacarır, çoxlarının görmədiyini görə
bilir. Nurinin şeirlərində qorxmadan, çəkinib eləmədən
qaratikan koluna belə tumar çəkmək olar. Onun şeirlərində
təbiət yalnız gülü-çiçəyilə
deyil, qaratikanı, sirkanı, yulğunuyla da gözəldir.
Təbiət mənzərəsi Nurinin şeirlərində
kifayət qədər, necə deyərlər, eninə-boyuna
yer alsa da, onun poeziyasının əsas predmeti insandır. Daha
dəqiq desək, şairin yaradıcılığında
insan və təbiət bir vəhdətdə verilir, bir-birini
tamamlayır. Kimdən yazırsa yazsın, şair hər kəsin
içində bir işıq görür. Hətta bir
qızın ağlamağında belə gözəllik
tapır.
Yarpaq əllərin də xəzəli varmış...
Bəlkə bu yazıda öz əli varmış?
Sən demə, qəmin də gözəli
varmış,
İlahi, nə gözəl ağlayır o qız...
Bu şeirdə hər kəsin öz
tanıdığı, sevdiyi qız ağlayır və o
qızın göz yaşlarında bəlkə də hər
kəs hardasa özünü baiskar bilir və əlçatmaz
uzaqlarda çözələnib qalmış öz nisgilli
dünyasına qovuşur. Kövrək xəyalların
qanadlarında ötənlərə qayıdır, otuz,
qırx, bəlkə də əlli il uzaqlarda hələ də
ağlayan o qızı ovundurub könlünü almaq istəyir...
İnsan övladı umacaqlı gəlir dünyaya. Bəxtəvərlik,
xoşbəxtlikdir dünyadan umacağı. Kimi alın
yazısına, taleyə ümid bağlayır, qismətə
güvənir. Belə baxanda, Yer üzündə elə insanların
sayı qədər də tale, ömür yolu var - hardasa kəsişən,
hardasa ayrılan, bir-birinə bənzəməyən
ömür yolları. Və hər kəs də öz tale
yolunun yolçusudur.
Dünya söz vermişdi
Məni xoşbəxt etməyə
Nə deyim, bəlkə də
Huşunnan çıxıb...
Bu, şairin gileyidi, yoxsa?.. Lap olsun, haqq-nahaq
dünyadan onun da gileylənməyə haqqı var. Binayi-qədimdən
dünya nə vaxt giley-güzarsız olub ki?..Şair
Əlizadə Nuri bir neçə kitabın müəllifidir.
Onun şeir kitablarından biri belə adlanır - "Pəncərəmdə
ağlayan yağış". İndiyəcən mən
yağışı yağan bilirdim, sən demə,
yağış yağmırmış,
ağlayırmış.
Bir az qəribəsən, bir az da qərib.
Bəlkə tanrı səni buluddan dərib?
Bəlkə son məktubsan, o qız göndərib,
Mənim pəncərəmdə ağlayan
yağış?
Bəlkə pəncərəmə qış gətirmisən?
Bəlkə bir yaralı quş gətirmisən?
Bəlkə gözlərimə yaş gətirmisən,
Mənim pəncərəmdə ağlayan
yağış?
Gecəni əynimdə çuxa biləydim.
Səni ürəyimə yığa biləydim...
Tutub əllərini sıxa biləydim,
Mənim pəncərəmdə ağlayan yağış...
Bəlkə bu gecənin nəğməsi sənsən?
Soyumuş evimin nəfəsi sənsən.
Mənim pəncərəmin pərdəsi sənsən,
Mənim pəncərəmdə ağlayan
yağış...
Dünyanın işinə bax, şair haqqında
düşüncələrimi qələmə alanda
bayırda yağış yağırdı. İri, dolu
damlalar şüşəni xəfifcə döyəcləyir,
yağış pəncərəmdə ağlayırdı.
Elə bil, içəri girib qızınmaq, qurunmaq istəyirdi.
Ürəyim yandı yağışa. Əlimi cəftəyə
uzatmaq istədim, amma nə illah elədimsə, qolum
qalxmadı...
Yağışa niyə pəncərə açan
olmur, İlahi?!
Kamil ƏFSƏROĞLU
525-ci qəzet .- 2024.- 23 noyabr(¹214).-S.15.