Əsər kimi
oxunaqlı, tamaşa kimi baxımlı
Qısa təqdimat: Qafar Cəfərli (Qafar İltifat
oğlu Cəfərov) 7 mart 1957-ci ildə Lənkəran
rayonunun Viyən kəndində anadan olub. Alitəhsilli
hüquqşünasdır, hüquq-mühafizə
orqanlarında məsul vəzifələrdə
çalışıb, polis polkovniki rütbəsinədək
yüksəlib. Birinci Qarabağ savaşında iştirak edib,
müharibə veteranıdır. Yeniyetmə yaşlarından
bədii yaradıcılıqla məşğuldur. “Əməliyyatçı”
adlı ilk kitabı 2014-cü ildə işıq üzü
görüb. İndiyədək roman, povest, hekayə, novella,
lətifə və oçerklərdən ibarət on iki
kitabı çap olunub. Bu kitabların ikisi rus dilindədir. Azərbaycan
Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər
Birliyinin üzvüdür. 17 avqust 2020-ci ildə AYB-nin Lənkəran,
Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad
rayonlarının yazarlarını özündə birləşdirən
Lənkəran Zona Bölməsinə sədr təyin olunub.
Qafar Cəfərlinin yaradıcılığı
haqqında çoxlu sayda məqalə çap edilib,
monoqrafiyalar yazılıb. Allahverdi Eminov, Musa Xanbabazadə,
Şəddat Cəfərov və İdris
Şükürlü onun yaradıcılığını təhlil
edir, ədəbi imkanlarını yüksək qiymətləndirirlər.
Yaradıcılığına dair ən yaxşı
araşdırmalar onun özü tərəfindən ərsəyə
gətirilən və 2023-cü ildə işıq üzü
görən “Ömür yolu” adlı kitabda toplanıb.
Kitabı müəllifin 65 illik yubileyi münasibətilə
memuar janrında yazılan avtobioqrafik roman da adlandırmaq olar.
Bu nəşri zənginləşdirən tanınmış
söz adamlarının yazıçıya ünvanlanan təbrikləri,
müəllifin yubiley öncəsi müsahibələri və
müxtəlif xatirələridir. Kitabın ən maraqlı
hissəsini isə Qafar Cəfərlinin 65 illik
ömrünü 65 suala cavab verməklə mənalandırması
təşkil edir.
Onun pyesləri Lənkəran Dövlət Dram
Teatrının səhnəsində tamaşaya qoyulub, əsərləri
əsasında filmlər çəkilib, bu filmlərdən
birində isə müəllif öz qəhrəmanının
obrazını canlandırib.
Q.Cəfərlinin ədəbi fəaliyyəti müxtəlif
mükafatlarla dəyərləndirilib. 2024-cü ili də onun
yaradıcılığı üçün uğurlu il
saymaq olar. İlin əvvəlində onun “Tənha qadın”
(“Odinokaya jenşina”) əsəri rus dilində işıq
üzü görüb. İlin ikinci yarısında isə
dram əsərlərindən və hekayələrindən
ibarət “Qıl körpüsündə rəqs” kitabı
oxucuların ixtiyarına verilib. Kitabda məzmunca bir-birini
tamamlayan üç pyes (“Qıl körpüsündə rəqs”,
“Tanrı əmanəti”, “Şəhid Bayraq”) və yeddi hekayə
(“Gülgəzi”, “Yaşamaq eşqi”, ”Tənha qadın”, “İntihar”,
“Pənco-pənco”, “Tost”, “Fateh”) toplanıb. Mövzular
gündəmlə səsləşir. Dramatik əsərlərdə
narkomaniyaya qarşı mübarizə, bu acı vərdişin
törətdiyi faciələr, ailə problemləri qoyulur,
Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlığı
ilə fərqlənən oğullardan söhbət
açılır. Hekayələrdə ailə-məşət
qayğıları, çağdaş yaşamın çətinlikləri
qabardılır. “Yaşamaq eşqi” hekayəsi arzuları
uğrunda mübarizə aparan insanların taleyini ön plana
çəkirsə, “Tənha qadın” hekayəsi məşəqqətli,
əzablı ailə sindromunu çözələyir. “İntihar”
hekayəsi isə cəsarətli bir mövzuya toxunur. Vətən
müharibəsində fiziki sağlamlığını
torpaqların azadlığı yolunda qurban verən qazi maddi
çətinlik içində boğulur, ailəsinin gündəlik
yaşam təminatını yarada bilmir və
çıxış yolunu bu acılıqları çəkməmək
üçün intihar etməkdə görür. Qeyd etmək
vacibdir ki, bu mövzu bir müddət sosial həyatda mövcud
olan tükürpədici reallığı əks etdirir. Hekayə
Vətən müharibəsində streslər yaşayan,
sağlamlığını itirən, lakin bunun müqabilində
kifayət qədər qayğı görməyən insanların
acınacaqlı taleyini təsvir edir. Bu mövzuda yazılan bədii
əsərlər Vətən qarşısında xüsusi
xidmətləri olan insanlara diqqətin
artırılmasını kimsənin dilə gətirə bilmədiyi
səviyyədə önə çıxarır.
Müəllifin öz hekayəsi üçün
seçdiyi epiqraf da maraqlıdır və oxucunu
düşündürür: “Qazilər danışan şəhidlərdir”.
2024-cü ilin ədəbi uğurlar silsiləsini
tamamlayan bir sevindirici xəbər də var. Müəllifin həmin
kitabda yer almış 1 pərdəli, 6 şəkilli “Şəhid
bayraq” pyesi Nəcəf bəy Vəzirov adına Lənkəran
Dövlət Dram Teatrı tərəfindən tamaşaya
qoyulub.
Tamaşa qədirbilən Azərbaycan xalqının
yaddaşında əbədi yaşayan, Vətən
torpaqlarının azadlığı uğrunda
canlarını qurban verən qəhrəman oğulların əziz
xatirəsinə həsr olunub. Qafar Cəfərlinin “Şəhid
bayraq” pyesi 44 günlük Vətən müharibəsində
igidlik göstərmiş oğulların şanlı zəfər
yolundan bəhs edir.
Əsərdə bütün hadisələr bir ailə
çərçivəsində təsvir olunur. 44
günlük Vətən müharibəsi haqqında məlumatın
bir ailənin timsalında oxucuya və tamaşaçıya
çatdırılması müəllifin
yaradıcılıq bacarığından irəli gəlir.
Hadisələr bədənində güllə yarası
daşıyan hərbçi zabit Poladın ətrafında
baş verir. Onun təzədən döyüşlərə
qatılmasından narahat olan və ailə
başçısını döyüşlərdə itirəcəyindən
ehtiyatlanan həyat yoldaşı Nəzrinlə olan dialoqu bu
obrazın vətənpərvər simasını
açıqlayır: “Sən ki bilirsən, general Polad Həşimov
2016-cı ilin aprelində Tərtərin Talış kəndi ətrafında
gedən döyüşlərdə mənim komandirim
olmuşdu. İki ay əvvəl adaşım Tovuz
döyüşlərində şəhid olanda nələr
yaşadığımı gördün. Komandirimin
qisasını alacağım bu günü mən çoxdan
gözləyirdim. İndi heç kim məni fikrimdən
daşındıra bilməz”. Polad rayon hərbi səfərbərlik
və çağırış şöbəsində
adını müharibəyə gedən könüllülər
sırasına yazdırır. Süjetin davamı yenə də
ailənin içərisində baş verir. Polad müharibəyə
getmək üçün Birinci Qarabağ savaşının
iştirakçısı olan atası Fərhad kişinin və
anası Sevda xanımın xeyir-duasını alır. Polad Vətən
torpaqlarının azadlığı uğrunda
döyüşlərə qatılandan sonrakı səhnələr
də ailənin daxilində davam edir. Poladın şəhid
olması xəbəri gəlir, sonra ailədaxili söhbətlərdə
şəhidin dəfni, bu mərasimin təşkili ilə
bağlı epizodlar obrazların nitqi vasitəsilə
açıqlanır. Sonra məlum olur ki, şəhid olan
başqasıdır və onun adı Qurbandır. Qurbanın
üzərində Poladın kimlik göstəricisi olan geyimi
(buşlatı) olduğuna görə şəhidin ünvan səhv
salınıb. Tamaşa həyəcanlı bir mənzərə
ilə yekunlaşır. Poladın atası şəhidin
üzərində olan və bu ailəyə verilən
“qanlı” üçrəngli bayrağı Qurbanın
atası Teymur kişiyə təqdim edir.
Q.Cəfərlinin “Şəhid bayraq” pyesi əsasında
Lənkəran Dövlət Dram Teatrında hazırlanan
eyniadlı tamaşanın quruluşçu rejissoru Emil Əsgərov,
rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı
Vüqar Fərəcov, rejissor assistenti Nuranə Nəcəfovadır.
Tamaşada rolları Əməkdar artist Sucəddin Mirzəyev,
Prezident mükafatçısı Aynur Əhmədova, Miraslan
Ağayev, Allahverən Babayev, Təranə Fərəcova,
Buludxan Buludov, Saleh Əzimzadə, Məleykə Cəfərova,
Zeynal Məmmədli ifa edirlər.
Birinci Qarabağ savaşının iştirakçısı
olan Q.Cəfərli müraciət etdiyi mövzunu daha
dolğun şəkildə oxucuya və tamaşaçıya
çatdıra bilib. Bunun ilkin səbəbi bədii əsərdə
təsvir edilən hadisələrin real yaşantı
ovqatı ilə bağlı olmasıdır.
Yazıçı gördüyü,
iştirakçısı və şahidi olduğu olaylara müraciət
edir və onları obrazlı sözün gücü ilə
canlandıra bilir. Buna görə də Qafar Cəfərlinin qələmə
aldığı “Şəhid bayraq” pyesi əsər kimi
oxunaqlı, tamaşa kimi baxımlıdır.
Bilal ALARLI HÜSEYNOV
ADPU Cəlilabad filialının müəllimi,
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2024.- 23 noyabr(№214).-S.11.