Qlobal istiləşmənin
fəsadları: Yer kürəsi üçün "Venera
sindromu"
Amerikanın İqlim Tədqiqatları İnstitutunun
alimləri iqlim dəyişikliyinin son altı ildə
qasırğaların gücünün artmasına səbəb
olduğunu müəyyən ediblər.
Tədqiqat "Environmental Research: Climate (ERC)" elmi
jurnalında dərc olunub. Mütəxəssislər
2019-2024-cü illərdə Atlantik okeanında baş verən
fırtınaları təhlil ediblər. Ölçmələr
göstərib ki, bu dövrdə fəlakətlər
zamanı küləyin orta sürəti 29 km/saat (8 m/s)
artıb. 2019-cu ildən bu günədək səkkiz
fırtına - "Umberto", "Zeta" (2020-ci il), 2021-ci
ilin "Sem v Larry", 2022-ci ilin "Erl", 2023-cü ilin
"Franklin" və 2024-cü ilin "Rafael"i külək
sürətini azı 40 km/saat artırıb. "Umberto" və
"Zeta" maksimum 50 km/saat sürət əlavə edib.
Qırx qasırğa üçün isti dəniz
suyu növbəti güc kateqoriyasına keçməyə
imkan verib.
Bu ilin noyabr ayında tropik "Rafael"
fırtınası da daxil olmaqla üç fırtınada
iqlim amili küləyin sürətini bir anda iki kateqoriyaya
artırıb. Tədqiqatçıların fikrincə, son
altı ildə öyrənilən fırtınaların 85 %-də
müəlliflər bu təbii fenomenin gücündə iqlim
dəyişikliyinin izlərini görüblər.
Əvvəlki araşdırmalar göstərib ki, iqlim
dəyişikliyi qasırğaların daha da güclənməsinə
və daha yavaş hərəkət etməsinə səbəb
olub, nəticədə daha da çox yağış
yağıb.
Ekologiya və təbii sərvətlər nazirinin
müavini Umayra Tağıyeva bildirib ki, iqlim dəyişikliyi
meşə yanğınları, zərərvericilər və
xəstəliklər vasitəsilə meşələri daha da
zəiflədir. Bu gün meşələr ciddi təhlükələrlə
üzləşir: "İqlim fəaliyyətini və siyasətini
gücləndirməliyik, çünki bu, meşələrin
qırılmasının qarşısını alan,
davamlı torpaq idarəetməsini təşviq edən,
deqradasiyaya uğramış meşələri bərpa edən
və meşələrin mühafizəsini milli iqlim fəaliyyət
planlarına inteqrasiya edən siyasətlərin həyata
keçirilməsi və gücləndirilməsi deməkdir.
İnnovativ maliyyələşdirmə mexanizmləri - karbon
bazarları, ekosistem xidmətlərinə görə ödəniş,
ətraf mühitin mühafizəsi üçün borcun
restrukturizasiyası və mühafizə nəticələrinə
əsaslanan ödənişlər həyati əhəmiyyət
kəsb edir. Bu alətlər meşələrin mühafizəsi
və bərpası üçün lazım olan
resursların əldə edilməsində mühüm rol
oynayır. Bundan əlavə, inteqrasiya edilmiş maliyyə
modelləri, meşə təsir fondları və dövlət-özəl
tərəfdaşlıq investisiyaları katalizə edə bilər.
Biz bu həlləri genişləndirmək, maliyyələşdirmə
boşluqlarını aradan qaldırmaq və resursların
onlara ən çox ehtiyacı olan icmalara və ekosistemlərə
çatmasını təmin etmək yollarını
araşdırmalıyıq. Meşə maliyyələşməsi
ilə bağlı məlumat mübadiləsi və bilik idarəetməsi
üçün qlobal arxitekturanı gücləndirməliyik.
Meşə maliyyələşdirmə imkanları, bilik
mübadiləsi və ən yaxşı təcrübələr
üçün qlobal mərkəz yaratmaqla şəffaflığı
artıra, əməkdaşlığı gücləndirə
və təsirli fəaliyyəti təşviq edə bilərik".
Texniki elmlər üzrə fəlsəfə doktoru Azər
Şükürov deyir ki, əvvəlki dövrlərdə də
iqlim dəyişiklikləri olsa da, XX əsrin ortalarından bəri
insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməmiş
dərəcədə təsir göstərib və qlobal
miqyasda dəyişikliklərə səbəb olub. Antropogen
amillər sırasında azot oksidi, azot-1 oksid və xlor-flor
birləşmələri də yer alır. Xüsusən son
30-50 ildə müşahidə olunan qlobal istiləşmə
onilliklər ərzində atmosferdə toplanan su buxarı,
karbon qazı, metan, azot oksidi kimi Günəş
işığı ilə qızdırılan, Yer səthindən
infraqırmızı istilik şüalarını udan qazlar tərəfindən
əmələ gəlir. Başqa sözlə, Günəşdən
gələn şüaların bir hissəsi ozon təbəqəsi
və atmosferdəki qazlar tərəfindən sovrulur. Bir qismi
litosferdən, bir qismi isə buludlardan geriyə əks olunur.
Yer üzünə çatan şüalar geriyə dönərkən
atmosferdəki su buxarı və digər qazlar tərəfindən
tutulur. Bu hadisə Günəş şüaları ilə
istilənən, amma daxildəki istiliyi çölə
buraxmayan istixanaları xatırladır. Nəticədə
atmosfer istiləşir ki, bu da istixana effekti adlanır.
İqlim dəyişikliyinə səbəb olan digər
amil kosmosun istismarıdır. Kosmosa buraxılan raketlər atmosferin
yuxarı həddində ozon qatını zədələyir və
atmosferdə istixana effekti yaranır. Ozon təbəqəsinin
nazilməsi də qlobal istiləşməyə yol açan
digər səbəbdir. İqlim Dəyişmələri
üzrə Hökumətlərarası Ekspertlər Qrupunun
hesabatına görə, son 100 ildə Yer kürəsində
orta temperatur 0,8 dərəcə artıb. BMT-nin hesabatında
göstərilir ki, son 150 ildə dünyada temperatur 1 dərəcə
yüksəlib. Ekspertlərin ehtimallarına görə, əgər
Yer kürəsində temperatur bu sürətlə qalxmaqda
davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə,
2100-cü ilə qədər isə 6 dərəcəyə qədər
yüksələ bilər.
Müəyyən olunub ki, temperaturun artması okeanda
suyun 1000 metr dərinliyinə qədər hiss olunurdusa, indi bu
rəqəm 2000 metrə enib. Bu da isti axınların daha da
qızmasına səbəb olur. Bu ümumbəşəri
problemi həll etmək üçün 1992-ci ildə
Rio-de-Janeyroda BMT-nin Ətraf Mühit və İnkişaf
üzrə Konfransında 154 dövlət tərəfindən
"insanların iqlim sisteminə təhlükəli
müdaxiləsi ilə mübarizə aparmaq
üçün" "İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyası" imzalandı.
Çərçivə konvensiyasının əsas məqsədi
"atmosferdə istixana qazlarının
konsentrasiyalarının iqlim sisteminə təhlükəli
antropogen müdaxiləsinin qarşısını alacaq səviyyədə
stabilləşməsidir".
Hazırda bəşəriyyət sürətli iqlim dəyişkliyinin
qarşısını almaqda çətinlik çəkir.
Bu dəyişkliklər uzun illərdir davam etdiyindən yer
kürəsində ciddi fəsadlar yaradıb. Mütəxəssislərin
hesablamalarına görə, bu gedişlə 2100-cü ildə
yer səthinin temperaturunun 1,5 deyil, hətta 2,8 dərəcə
həddini keçmək ehtimalı var. Bu gün dünya 1,5 dərəcədən
ehtiyat etdiyi halda, 2,8 dərəcənin törədəcəyi
təhlükələr daha ciddi ola bilər. Bu baş verərsə,
torpaqların şoranlaşması, su ehtiyatlarının
tükənməsi və digər təhlükəli məqamlar
qaçılmaz olacaq. Qlobal istiləşmə iri
buzlaqların əriməsində mühüm rol oynayacaq.
Milyon illərdən bəri buz altında qalan ərazilərdə
milyardlarla ton donmuş heyvan və bitki qalıqları
mövcuddur. Hazırda donmuş halda olduğundan onların tərkibindəki
metan və karbon dioksid qazı atmosferə atılmır.
Buzlaqlar əriməsi fərqli mənzərə yaradacaq və
qlobal miqyasda ciddi fəsadlar törədəcək.
Buzlaqların əriməsi təkcə okean sularının
artması anlamına gəlməyəcək. Buzlaqlar şəffaf
olduğuna görə günəş şüalarını
geri qaytarır. Əgər buzlaqlardakı həmin ağ səth
yoxdursa, günəşdən yerə düşən
şüalar yer səthi tərəfindən udulur və balans
pozulur. Alimlər buna "Venera sindromu" da deyirlər.
Araşdırmalar göstərir ki, Venerada da vaxtı ilə həyat
mövcud olub. Deməli, Yer kürəsi daha ciddi təhlükə
qarşısındadır.
Son otuz il ərzində baş verən iqlim dəyişikləri
bir çox problemlərin üzə çıxmasına səbəb
olub. Xüsusilə qlobal səviyyədə istiləşmə
artır, şimal ərazilərdə buzlaqların əriməsi,
intensiv yağışların artması və nəticədə
sahilyanı ərazilərin su altında qalması, təsərrüfata,
insan sağlamlığına ziyan vurması və s. digər
quraq ərazilərdə isə səhralaşma,
quraqlığın düşməsi, su
çatışmazlığı problemi kənd təsərrüfatı
məhsulların azalmasına gətirib çıxarır.
Eyni zamanda təhlükəli hidrometoloji hadisələrin
baş verməsi və ampermetodun da yüksəlməsinə
səbəb olur. Xüsusilə də 40 dərəcədən
yüksək hava kütlələri, küləklərin
artması get-gedə artmaqdadır. İqlim dəyişikliklərin
özünə gəldikdə isə yaranmasının əsas
səbəbi atmosferə buraxılan parnik qazlarının
miqdarının artmasıdır ki, nəticədə də
qloblar istiləşmə get-gedə özünü daha
çox büruzə verməyə başlayır. Son on ildə
temperatur 1,5 dərəcə artıb. Heç olmasa, temperaturu
bu səviyyədə saxlamaq lazımdır ki, daha da
artmasın. Buna görə də dövlətlər beynəlxalq
tədbirlərdə yığışıb öhdəlik
götürüblər ki, öz ölkələrində sənayedə
atmosferə buraxılan qazları tələb olunan miqdarda
azaltsınlar. Bu dəyişmələrin də sürəti
və hüdudu azalsın.
İqlimşünas Qorxmaz İbrahimlinin dediyinə
görə, dünyada müxtəlif atmosfer və digər
proseslər əsasən 19-cu yüz ildən başlayaraq
qlobal qeydiyyata alındığından bu dəyişikliklər
haqqında bilgilərin də yaşı çox qədim
deyil. Sadəcə dağıdıcı zəlzələlər,
vulkanlar arxivləşdirilmişdir. Leysan və digər
atmosfer hadisələri də ayrı-ayrılıqda haralardasa
baş verərkən not alınmış ola bilər. Demək,
söhbət qlobal istiləşmə və ona səbəb
olan amillərdən gedə bilər. Qlobal istiləşmə
isə 1800-cü illərdə qeydə alınmış orta
hərarətdən bir dərəcə üstündə
yüksək olduğu alimlər tərəfindən
isbatlanıb: "Əgər qlobal istiləşməni
gözə alsaq, deyə bilərik ki, son yüz ildə
atmosfer qatında ciddi dəyişikliklər olub. Əlbəttə,
bu dəyişikliklər biomüxtəlifliyə də təsirsiz
ötüşmür. Dəyişikliklərin səbəbi isə
birinci növbədə atmosferdə karbon missiyasının
xüsusi çəkisinin artması ilə
bağlıdır. Karbon dioksidin artma səbəbi isə sənayenin
plansız inkişafı, tullantıların çəkisinin
artması və s.-dir. Bununla bağlı çoxlu səbəblər
göstərmək olar. O cümlədən müharibələri
də əlavə edə bilərik ki, 20-ci əsrdə iki
Cahan savaşı olub. Atmosferdə baş verən dəyişikliklər
insanın təsiri olmazsa, heç bir təhlükə
yaratmır. Dərd insanın sayəsində baş verən dəyişikliklərdir
ki, onu durdurmaq çox çətindir. Buna baxmayaraq,
böyük dövlətlər və BMT təbiətin
qorunmasını maksimum təmin edə bilmək
üçün müxtəlif beynəlxalq sənədlər
imzalayıblar. Kioto protokolu, Paris anlaşması bunlara misal ola
bilər. Lakin elə atmosferə zərərli maddələrin
daha çox atılması da dediyimiz böyük, inkişaf
etmiş dövlətlərdən olur.
Bir kərə atmosferdə gedən proseslərin
qarşısını heç bir güclə almaq olmaz. Lakin
insanın təsərrüfat fəaliyyəti sayəsində
Yer kürəsində gedən proseslər atmosferdə dəyişikliklərə
səbəb olmaqdadır. Qarşısını almaq deyil,
prosesi qismən zəiflətmək üçün ən
azından karbon emissiyasının azaldılması ilə
istiləşməni qismən azaltmaq olar. Onun da sayəsində
quraqlıq və ya anomal yağıntıların düşməsi
kimi məsələlərdə cüzi dəyişikliklər
ola bilər. Hər şeydən öncə insan oğlu
Tanrının verdiyi bu gözəllik və ehtiyatların bir
gün bitmə ehtimalı olduğunu bilməlidir. Bu isə
çağımızda olmasa da, min il sonra baş verə bilər.
Olmaması üçün əllərimizdən gələnləri
etməliyik. Birinci növbədə insanlar çevrəni
çirkləndirməkdən çəkinməlidirlər.
İsrafçılıqdan qaçmalıdırlar. Su öndə
olmaqla bütün istehlak məhsullarını qənaətlə
tükətməlidirlər. Ayrıca götürsək,
ölkəmizdə qlobal istiləşmə, qıtlıq, səhralaşma
və s. kimi problemlərin qismən önlənməsi
üçün qərarlar alınmaqdadır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 23 noyabr(№214).-S.10.