Azərbaycan mediasının
COP29 sınağı
Çağdaş tarixi bir-birindən əlamətdar
və yaddaqalan hadisələrlə zəngin olan müstəqil
Azərbaycan bu dəfə BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edərək
dünyanın diqqətini özünə çəkdi. Bu
möhtəşəm tədbirdə iştirak
üçün xaricdən Bakıya on minlərlə insan gəlmişdi.
Təkcə nüfuzlu media qurumlarını təmsil edən
jurnalistlərin sayı 3600 nəfərdən çox idi.
Əcnəbi medianın diqqət mərkəzində
olan belə bir möhtəşəm tədbir təbii ki, Azərbaycan
mediasının da üzərinə böyük məsuliyyət
qoyurdu və həmkarlarımızın bu işin öhdəsindən
peşəkarlıqla gəldiklərini, mötəbər
toplantını yüksək səviyyədə
işıqlandırmağı bacardıqlarını əminliklə
söyləyə bilərik. COP29-un birinci günündən
son gününə qədər keçirilən
çoxsaylı tədbirlərin yaddaqalan epizod və
nüanslarının təhlili də qənaətimizi
möhkəmləndirir. Əlbəttə, bu mənzərə
sevindirici, eyni zamanda, qürurvericidir. Belə böyük
miqyaslı tədbirin özü isə mediamız
üçün bir təcrübədir.
Əvvəla, tədbirin
iştirakçılarının sayının
çoxluğu və onlarla fəal ünsiyyət, ilk növbədə,
media təmsilçilərimizin kommunikabelliyinin güclənməsinə
ciddi təsir göstərdi. Bundan əlavə,
bütövlükdə sessiyanın və onun tərkib hissəsi
olan panel müzakirələrin
işıqlandırılması, müxtəlif ölkələrdən
gələn yüksək çinli iştirakçılarla,
ictimai-siyasi xadimlərlə müsahibələrin
aparılması zamanı jurnalistlərimizin xarici dil biliklərini
nümayiş etdirmələri çox təqdirəlayiq hal
idi. Ayrı-ayrı media qurumlarımızın əməkdaşları
qonaqlarla birbaşa ünsiyyət saxlayır, onların fikir və
düşüncələrini bölüşmələrini təmin
edirdilər.
O ki qaldı COP29-un başlıca mövzusuna, iqlim dəyişmələri,
ekoloji vəziyyət və onun təzahürlərinə dair
qlobal məsələləri öyrənmək özü
ayrıca təcrübədir. Bakının bu məsələlərin
geniş miqyasda müzakirə meydanına çevrilməsi,
istər-istəməz, mediamızın da mövcud istiqamətdə
yeni biliklərə yiyələnməsinə, peşəkarlığının
artmasına şərait yaratdı. Nəzərə alaq ki,
kommunikabellik və xarici qonaqlarla yüksək səviyyəli
ünsiyyət həm də mövzuya yaxşı bələdçilik
tələb edir. Bunun üçün isə məlumatlanmaq,
maariflənmək əsas şərtdir. Hesab edirəm ki, COP29
jurnalistlərimizin yeniliklərlə tanış olmaları
üçün, bir növ, katalizator rolunu oynadı.
Daha bir vacib məqam ondan ibarət idi ki, Azərbaycan
mediası COP29-la bağlı məsələlərin
işıqlandırılmasında xarici media üçün
istinad mənbəyi oldu. İstinad, təbii ki, etimad və
etibarlılıq mövcud olduğu təqdirdə yaranır.
Hesab edirəm ki, jurnalistlərimiz COP29 çərçivəsində
reallaşmış ayrı-ayrı tədbirlərin mahiyyətini
düzgün formada, yüksək peşəkarlıqla
çatdırdıqlarından, verilən mesajları səlist
şəkildə işıqlandırdıqlarından onlara
ciddi inam yarandı. Heç şübhəsiz, bu inam gələcəkdə
digər fəaliyyət istiqamətlərinə də öz
müsbət təsirini göstərəcək.
Azərbaycan mediası bu günlərdə həm də
cəmiyyətdə COP29 aktivliyinin təmin edilməsinə
nail oldu. Burada yalnız ayrı-ayrı tədbirlərin
işıqlandırılması yox, eyni zamanda, həmin tədbirlər
ətrafında müzakirələrin təşkili, ekspert və
mütəxəssislərin mövqelərinin
çatdırılması da zəruri və əhəmiyyətli
idi. Jurnalistlərimiz bu vəzifənin öhdəsindən də
layiqli şəkildə gəldilər və belə demək
mümkünsə, cəmiyyətimizin COP fəallığının
formalaşmasına töhfələrini verdilər. Fəallıq
isə ətraf mühit məsələlərinə həssas
yanaşma baxımından şərtdir.
Daha bir sevindirici hal Azərbaycan mediasının
COP29-un işıqlandırılmasında yeni texnologiyalar və
innovativ metodlardan istifadəsi idi. Bu, tədbirin verdiyi
mesajların cəmiyyət tərəfindən mənimsənilməsinə
dəstək deməkdir. Nəzərə alaq ki,
insanlarımız canlı yayımlara, sosial media
kampaniyalarına, habelə interaktiv məzmuna daha çox
üstünlük verirlər.
Bundan başqa, COP29-un miqyasının
böyüklüyü və bunun nəticəsi olaraq ölkəmizə
jurnalist axının güclənməsi yerli media təmsilçilərimizin
xarici həmkarları ilə birbaşa əlaqələrinin
möhkəmlənməsinə də təkan verdi. Bunun
özü kifayət qədər ciddi dividend sayıla bilər.
O baxımdan ki, xaricdəki həmkarlarla şəxsi
tanışlıq dünya təcrübəsinin mənimsənilməsində,
informasiya mübadiləsinin güclənməsində
mühüm amildir.
Nəhayət, ümumən, ölkəmizin təbliğatı
və Azərbaycan həqiqətlərinin çatdırılması
amilini də unutmaq olmaz. Nəzərə alaq ki, COP29-da
dünyanın müxtəlif yerlərindən 70 mindən
çox insan iştirak etdi. Onların arasında yüksək
ranqlı, nüfuzlu şəxslər vardı. Yeri gəlmişkən,
qeyd edim ki, jurnalistlərimiz prezidentlərlə, baş nazirlərlə
müsahibələrə can atırdılar, kifayət qədər
sərbəst davranmağı bacarırdılar. Nəticədə
ölkəmizin təbliğatı baxımından da xeyli əlverişli
mühit formalaşdı. Yəni, jurnalistlərimiz fürsətdən
lazımınca bəhrələndilər. Onlar qonaqların Azərbaycan
tarixi, mədəniyyəti, məişəti, mətbəxi,
həmçinin COP29-un təşkili barədə təəssüratlarını
bölüşmələri istiqamətində
çalışdılar və mövcud xüsusda
hazırladıqları materialları xaricdə də yaymaqla
son dərəcə vacib təbliğat işinin öhdəsindən
ustalıqla gəldilər. Bütün bunlar isə COP29-la
bağlı dünyadakı bəzi qüvvələrin, o
cümlədən, ermənipərəst dairələrin
antiazərbaycan mahiyyətli ritorikalarına layiqli cavab idi.
Ayrıca COP29 ərəfəsində ölkəmizdə
ingilisdilli telekanalın fəaliyyətə başlaması
ümumi media mənzərəsinin tamamlanması baxımından,
bir növ, yerinə düşdü. Telekanalın əməkdaşlarının
fəallıqları, peşəkar yayımları diqqətimdən
yayınmadı. Habelə, onların ayrı-ayrı yüksək
vəzifəli xaricilərlə ünsiyyət ahəngdarlığını
hiss etdim. O cümlədən, səmimi və nəzakətli
davranışlarını da. Bunlar jurnalistikada son dərəcə
önəmli məqamlardır. Fikrimcə, jurnalist, media təmsilçisi
əlaqə saxladığı müsahibin yalnız dilində
danışmalı deyil, eyni zamanda, ünsiyyəti də həmin
şəxsin mental xüsusiyyətlərdən irəli gələn
anlayış tərzinə uyğun qurmalı, mimika və
jestikulyasiyaları yerində etməyi bacarmalıdır. Bunu
görmək, həqiqətən, çox sevindirici idi.
Azərbaycan mediasının COP29-un
işıqlandırılmasında mühüm rol
oynadığını beynəlxaq tədqiqat mərkəzlərinin
təhlilləri də təsdiqlədi. Dəyərləndirmələrin
dəqiq müəyyənləşdirilmiş
ölçülərə və meyarlara əsasən
aparıldığını nəzərə alsaq, deyə
bilərik ki, bu qiymət obyektiv idi, heç də ölkəmizin
nüfuzlu beynəlxalq tədbirə ev sahibliyini gerçəkləşdirməsindən
irəli gəlmirdi.
COP29-da mediaya yaradılmış şərait üzərində
də dayanmaq istərdim. Media mərkəzi ilə şəxsən
tanış olduğumdan deyə bilərəm ki, istər yerli, istərsə də
xarici jurnalistlərin dinamik fəliyyət göstərmələrində
şərait amili də öz sözünü dedi. COP29-un
media koordinatoru Aleksandr Sayerin açıqlaması da pozitiv mənzərəyə
aydınlıq gətirdi. Cənab Sayer konkret statistika üzərində
dayandı və bildirdi ki, Olimpiya Stadionunda yazılı mətbuat
üçün təxminən 300 yerlik sahə var, beynəlxalq
media üçün isə 60-a yaxın otaq ayrılıb:
"Hər şey müzakirə olunaraq, planlaşdırılaraq
yüksək səviyyədə təşkil edilib. Təkcə
media mərkəzi deyil, bütün məkanda hər şey
yaxşı hazırlanıb".
Bir sözlə, bu gün hər anlamda demək olar ki,
Azərbaycan dövləti kimi, ölkəmizin jurnalistikası
da COP29 sınağından üzüağ və
alnıaçıq çıxdı. Bu münasibətlə
həmkarlarımı təbrik edir, onlara uğurlar, Vətənimizi
ucalarda tutacaq daha böyük tədbirləri
işıqlandırmalarını arzulayıram.
Rəşad Məcid
Mətbuat Şurasının sədri
525-ci qəzet .- 2024.- 23 noyabr(№214).-S.7.