Kəlbəcər
Şəhəri Günü
2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin
erməni işğalından azad edildiyi gün kimi
yazılıb. Prezident cənab İlham Əliyevin 2023-cü
il iyulun 31-də imzaladığı sərəncama əsasən,
bu şanlı tarix Kəlbəcər Şəhəri
Günü kimi qeyd olunur.
25 noyabr Azərbaycanın dilbər guşələrindən
olan Kəlbəcərin işğaldan azad edilməsindən
dörd il ötür. Qırx dörd günlük Vətən
müharibəsində Azərbaycan Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə
Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını
imzalamağa və əraziləri boşaltmağa məcbur
etdi. Beləliklə, Kəlbəcər və Laçın
rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi
bir güllə atılmadan mərhələli şəkildə
Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata
əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər
şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış
məntəqəsi işğaldan azad edildi.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də
işğal olunmuşdu. İşğal nəticəsində
511 dinc sakin öldürülmüş, 321 nəfər əsir
götürülmüş və itkin
düşmüşdü. İşğalçılar
onlarla tarixi-mədəniyyət abidəsini, 97 məktəbi,
9 uşaq bağçasını, 116 kitabxananı, 43 klubu, 42
mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, 9
xəstəxananı, 75 tibb məntəqəsini, 23
ambulatoriyanı, 9 apteki, yüzlərlə inzibati binanı,
minlərlə evi, çoxlu sayda texnikanı talan edib,
dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini
Ermənistana daşıyıblar. Kəlbəcərdə erməni
vəhşiliyinin izləri hər addımda
görünür. Dağıntı və talanlar həm
işğal dövründə, həm də 2020-ci ildə ermənilər
rayondan çıxarkən davam etdirilib. İşğaldan
azad olunan Kəlbəcərə səfər edən Prezident cənab
İlham Əliyev bu barədə danışarkən deyib:
“Baxın, görün, şəhər ermənilər tərəfindən
tamamilə dağıdılmışdır. Vəhşi ermənilər
başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri
də dağıdıblar. Bütün binalar dağıdılıb.
Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar.
Buradan çıxanda o binaları da yandırıb,
sökdülər. Vaxt dəyişir, amma erməni
faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı
illərin əvvəllərində bu torpaqları
işğal edərkən bizim şəhər və kəndlərimizi
dağıtmışdılar. 2020-ci ildə biz bunları
buradan qovanda da gedə-getdə ağacları kəsib,
yandırıb, binaları dağıdıblar”.
İkinci Qarabağ müharibəsinin ilk günlərində
Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı
Qüvvələri tərəfindən azad olunmuşdu. Murov
dağının ərazisində və ətraf yerlərdə
şiddətli döyüşlər nəticəsində
strateji yüksəkliklərin götürülməsi həmin
istiqamətdə erməni silahlı qüvvələrinin hərəkətlərini
böyük dərəcədə məhdudlaşdırmağa
imkan yaratdı. Əks-hücum əməliyyatının tərkib
hissəsi olan bu əməliyyatların gedişində Kəlbəcərin
bir hissəsi döyüş meydanında azad edildi, amma əksər
hissəsi Ermənistan kapitulyasiya aktına imza atandan sonra
azadlığına qovuşdu.
2021-ci il avqustun 16-da Prezident cənab İlham Əliyev
Kəlbəcər şəhərində Dövlət
Bayrağını ucaltdı və
çıxışında bu tarixi hadisənin əhəmiyyətindən
bəhs edərək dedi: “Ermənilər 30 il ərzində
bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri
talayırdı, evləri dağıdırdı,
sökürdü. Sonra da deyirdi ki, bura erməni
torpağıdır. Bura heç vaxt erməni torpağı
olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan
torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların
sahibləri qayıtmışıq. Düşməni
torpağımızdan qovaraq, düşmən ordusunu məhv
edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək
qayıtmışıq”.
Kəlbəcər zəngin təbii sərvətləri
və gözəl təbiəti olan diyardır. Rayonun əlverişli
relyefi, saf dağ iqlimi, mineral suları, o cümlədən
Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi
təsirə malik mineral su yataqları burada turizmin
inkişafı üçün geniş imkanlar yaradır.
Kəlbəcər həm də turistlərdə maraq
yarada biləcək bir çox tarixi abidələrlə zəngindir.
Burada 30 min ildən çox tarixi olan qədim
yaşayış məskənləri, 6 min il yaşı olan
qaya təsvirləri, qədim türk əlifbası nümunələri
aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda
erkən dövr türklüyün, atəşpərəstliyin,
xristianlığın, VII əsrdən isə İslamın
yayıldığı dövrlərin yadigarlarıdır.
Otuz il əvvəl məcburi köçkünə
çevrilərək respublikanın 56 rayonunun 770
yaşayış məntəqəsində müvəqqəti
məskunlaşmış kəlbəcərlilər doğma
yurda qayıdacaqları günü gözləyirlər. Bu məqsədlə
işğaldan azad edilmiş digər ərazilərimizdə
olduğu kimi, Kəlbəcərdə də geniş
miqyaslı bərpa-quruculuq işləri aparılır. Həmin
layihələr sırasında Toğanalı-Kəlbəcər
avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb
edir. Göygöl və Kəlbəcər rayonlarını
birləşdirən bu yolun layihə uzunluğu 80,7 kilometrdir.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
Əliyevanın 2021-ci ilin avqustun 16-da Kəlbəcər
rayonuna səfəri zamanı Toğanalı-Kəlbəcər
avtomobil yolu üzərində - Murovdağda inşa olunacaq
tunelin təməli qoyulub. Səfər çərçivəsində
110/35/10 kilovoltluq “Kəlbəcər”
yarımstansiyasının açılışı olub. Həmçinin
Kəlbəcər-Laçın avtomobil yolu üzərində
3,4 kilometr uzunluğundakı tunelin tikintisinə start verilib.
2022-ci il iyunun 26-da Azərbaycan Prezidenti Kəlbəcər
rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su
Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N”
saylı hərbi hissəsinin açılışlarında
iştirak edib, Kəlbəcər şəhərinin Baş
planı ilə tanış olub. Həmin gün Kəlbəcər
İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər
Rəqəmsal İdarəetmə Mərkəzinin,
rayondakı su istehsalı zavodunun, İstisu
sanatoriyasının təməli qoyulub.
Kəlbəcər rayonuna səfəri çərçivəsində
komando hərbi hissəsinə döyüş bayrağının
verilməsinə həsr olunmuş təntənəli mərasimdə
çıxış edən Müzəffər Ali Baş
Komandan İlham Əliyev bu tədbirin xüsusi məna
daşıdığını vurğulayıb: “Bu gün bu
hərbi hissənin açılması bir daha göstərir
ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və
Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq
bu proses başlamışdır və ilk növbədə,
bu bölgədə - Qarabağda və Şərqi Zəngəzurda
bizim hərbi gücümüz daim möhkəm
olmalıdır. Ona görə bugünkü mərasim
xüsusi məna daşıyır, rəmzi məna
daşıyır”.
Kəlbəcər rayonunda tikintisi gedən
mühüm infrastruktur obyektlərindən biri də
“İstisu” sanatoriyasıdır. Təməlqoyma mərasimində
Azərbaycan Prezidentinin də iştirak etdiyi İstisu qəsəbəsində
yeni gözəl mehmanxana və müalicə mərkəzi
yaradılır.
Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il
mayın 27-də Kəlbəcər rayonuna səfəri
çərçivəsində hərbi hospitalın,
“Qamışlı” və “Meydan” Kiçik Su Elektrik
stansiyalarının açılışlarında,
yaşayış məhəlləsinin və 960 şagird
yerlik məktəbin, həmçinin Yanşaq və Zallar kəndlərinin
təməlqoyma mərasimlərində iştirak edib.
Bu il avqustun 25-də Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna daha
bir səfər ediblər. Səfər çərçivəsində
bir neçə kiçik su elektrik stansiyasının
açılışı olub, Zar kəndinin təməli
qoyulub.
Göründüyü kimi, Kəlbəcər rayonunda
aparılan nəhəng quruculuq işləri bu diyarın
gözəl gələcəyindən, azad olunmuş ərazilərə
“Böyük Qayıdış”ın uğurlu perspektivindən
xəbər verir.
Vətən müharibəsində Azərbaycanın
qazandığı böyük Zəfərlə ərazi
bütövlüyümüzün bərpa olunması,
işğaldan azad edilmiş torpaqlarımızın
iqtisadiyyata reinteqrasiyası ümumilikdə ölkəmizin
inklüziv və dayanıqlı inkişafı
üçün yeni üfüqlər açır.
Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan
məğlub edilmiş ölkədir. Azərbaycan zəfər
çalmış ölkədir. Kəlbəcər bizimdir!
Qarabağ Azərbaycandır!
Adil HƏMİD
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
525-ci qəzet .- 2024.- 23 noyabr(¹214).-S.6.