Gənclik - şəxsiyyətin
formalaşması və inkişafında həlledici dövr
Milyonlarla il yaşı olan dünyamızda elm və
peşə sahələri üzrə çox şəxsiyyətlər
yetişib. Onlar müəyyən dövrdə
yaşayıb-yaradıblar, öz peşə sahələrində
uğurlar qazanıblar. Vaxt-vədə yetişəndə həmin
şəxsiyyətlər dünyalarını dəyişsələr
belə, tarixdə silinməz izlər qoyub gediblər. Azərbaycan
da dünyaya bəxş etdiyi, bu məkanda doğulan, yüksələn
və tarixdə iz qoyub gedən şəxsiyyətləri ilə
seçilir. Bugünkü gənclərin arasında da gələcəkdə
imzasını və ölkəsini dünyada tanıdacaq, Azərbaycanın
daha yüksək sosial-iqtisadi inkişafını təmin etməyi
bacaracaq şəxsiyyətlər yetişməsinə
böyük ümidlər bəslənir. Şükürlər
olsun ki, xalqımızın indiki və bundan sonrakı
dövrün gənclərinə əsl nümunə olan
parlaq şəxsiyyətləri vardır.
Ümummilli liderimiz Heydər Əliyev dahi şəxsiyyət
idi. Onun mənalı həyat və fəaliyyət yolu
unudulmaz tarixi hadisələrlə doludur. Ulu öndər
dünyada ölkəmizin nüfuzunu artırmaq
üçün böyük qüvvə sərf edib.
Uzaqgörən, zamanı qabaqlayan, müasir dövrün
fövqündə dayanan o dahi şəxsiyyət 1993-cü
ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə
gələrək Azərbaycanı xaosdan, parçalanıb
yad əllərə düşməkdən qorudu. Ölkəmizi
azadlıq, müstəqillik, tərəqqi yoluna
çıxardı. Xalqımıza gələcək
güclü iqtisadi-sosial inkişafın,
firavanlığın yolunu göstərdi. Milli-mənəvi dəyərlərimizin,
mədəniyyətimizin, əxlaqımızın, adət-ənənələrimizin
qorunmasını təmin etdi. Dünyanın ən
böyük şəxsiyyətlərindən olan Heydər
Əliyev vətənini və xalqını hədsiz dərəcədə
sevməklə də gəncliyə misilsiz nümunə
göstərdi.
20 ildən artıqdır ki, Ulu öndər Heydər
Əliyev siyasi məktəbinin ən layiqli və sadiq
davamçısı, bütün dünyada zəmanəmizin ən
görkəmli şəxsiyyətlərindən biri kimi qəbul
edilən Prezident İlham Əliyev Azərbaycana uğurla
başçılıq edir. Müdrik, tədbirli dövlət
rəhbəri, uzaqgörən şəxsiyyət olan cənab
İlham Əliyev dünyanın böhran içərisində
yaşadığı bir vaxtda ölkəmizin sosial-iqtisadi
inkişafını uğurla davam etdirir. Onun rəhbərliyi
ilə dövlətçilik tariximizdə ilk dəfə Azərbaycan
dünyanın ən güclü dövlətləri
sırasında yer alıb. Respublikamızın milli inkişaf
modelini yaradan ölkə iqtisadiyyatının dayanıqlığını
təmin edib. 2020-ci ildə 44 günlük Vətən
müharibəsində böyük qətiyyət göstərən
Müzəffər Ali Baş Komandan iqtidar, ordu və xalqın
sarsılmaz birliyini yaradaraq torpaqlarımızı
işğaldan qurtardı. Vətənimizin ərazi
bütövlüyünü bərpa etməklə Azərbaycan
xalqının qürurunu, şərəfini və ləyaqətini
özünə qaytardı. Bununla da Azərbaycan və
dünya tarixinin xilaskar şəxsiyyətləri
sırasında ali mövqeyə yüksəldi.
Müasir gənclər Azərbaycanın yaxın və
uzaq tarixinə nəzər yetirərək özü
üçün bir çox tanınmış şəxsiyyəti
örnək seçə, onları yada salaraq qürur hissi
keçirə bilər. Təkcə elə 19-20-ci əsrlərə
baxsaq, Azərbaycan mətbuatının banisi Həsən bəy
Zərdabi, türk dünyasının fəxri olan vətənpərvər
ziyalılar Əli bəy Hüseynzadə və Əhməd bəy
Ağaoğlu, görkəmli hərb xadimləri Səməd
bəy Mehmandarov və Əliağa Şıxlinski,
böyük xeyriyyəçi, Azərbaycanda dünyəvi təhsilin
də inkişafına xüsusi töhfələr vermiş
Hacı Zeynalabdin Tağıyev, general Həzi Aslanov,
kimyaçı alimlər Yusif Məmmədəliyev və Xudu
Məmmədov, cərrah Mustafa Topçubaşov və
başqa bu kimi onlarca şəxsiyyətin adını çəkmək
olar.
Tarixən şəxsiyyət anlayışı həmişə
aktuallıq kəsb edib və elm adamları tərəfindən
müxtəlif formalarda izah olunub. Gənclərin şəxsiyyət
kimi formalaşmasında irsiyyət amilinin xüsusi yeri
vardır. Bundan əlavə, formalaşma və inkişaf həm
də təbiət və cəmiyyət hadisələri ilə
bağlıdır. Gənc nəslin fəallığı,
onun həyatda böyük uğurlara, tərəqqiyə nail
ola bilməsi, xüsusi yaradıcılıq imkanlarının
olması da bu prosesə mühüm təkan verir. Bunun
üçün insan həm də zəruri zehni və
psixoloji keyfiyyətlərə malik olmalıdır. Bu mərhələdə
hər bir gənc üçün idrak prosesi, diqqət,
duyğu, nitq, təfəkkür, hafizə, iradə kimi amillər
mühüm rol oynayır.
Şəxsiyyət ümumi cəhətlərindən
başqa, özünün sosial davranışı, mənəvi
keyfiyyətləri ilə digərlərindən seçilir.
O, ümumi və xüsusi əlamətləri ilə
yanaşı, özünün nadir və unikal cəhətləri
ilə də fərqlənir. Şəxsiyyət ictimai-tarixi
dövrdə yaşayan və yaradıcı fəaliyyət
göstərən, yaşadığı mühiti
özünə münasib formada dəyişməyə qadir
olan, olduqca şüurlu bir varlıqdır. Psixoloqların
fikrincə, insan fərd kimi doğulur, ailədə, məktəbdə
və cəmiyyətdə hərtərəfli sosial keyfiyyətlərə
yiyələnərək şəxsiyyətə çevrilir.
Psixoloji xüsusiyyətinə görə şəxsiyyəti
təkrarı mümkün olmayan bir fərdiyyət hesab etmək
olar. Ailə daxilində, məktəbdə, sosial qruplar
arasında dürüst ünsiyyət və normal münasibətlər
şəxsiyyətin formalaşmasına və
inkişafına həlledici təsir göstərir. Müasir
şəxsiyyət dedikdə savadlı, hazırcavab, fitri
istedada, iti yaddaşa, xüsusi bilik və bacarıqlara malik
insan göz önünə gəlir. Gəncliyin məhz belə
şəxsiyyət kimi formalaşmasına ehtiyac var. Onun
müxtəlif xarakterli peşə sahibləri ilə əla
ünsiyyət qurmaq qabiliyyəti olur. Düzgün
danışıq mədəniyyətinə, zəngin söz
xəzinəsinə, dolğun nitq qabiliyyətinə malik,
haqq-ədaləti və qanunları sevir, insanlara qarşı
hörmətcil, diqqətli və qayğıkeş insan kimi
tanınır.
Şəxsiyyət kimi formalaşmağa
çalışan gəncin hərtərəfli inkişaf
yolu keçməsi vacibdir. Qeyd etdiyimiz kimi, hansısa gəncin
şəxsiyyət olaraq formalaşmasına və
inkişafına təsir edən amillər çoxdur. Buraya əsasən
insanın şəxsi istək və arzusu, əqidəsi,
dünyagörüşü, bilik və bacarığı,
qabiliyyəti, fitri istedadı, peşə fəaliyyəti
daxildir.
Şəxsiyyətin formalaşmasında cəmiyyətin
də rolunu inkar etmək olmaz. Cəmiyyətin etimadını
qazanan, qayğıkeş olan zəhmətsevər gənclər
iradə, əzm nümayiş etdirərək şəxsiyyət
mövqeyinə yüksələ bilər.
Şəxsiyyət daim özünü təkmilləşdirməyə
meyillidir. Sağlam həyat tərzi keçirmək, səmərəli
işləmək üçün bütün həyat boyu
özünütərbiyə, özünənəzarət və
sair şərtlərə riayət etmək tələb
edilir. Dahi ingilis dramaturqu Vilyam Şekspir şəxsiyyət
haqqında fikir yürüdərkən onu belə dəyərləndirib:
"Şəxsiyyət bizim bağımızdır, iradə
isə onun bağbanıdır".
Əslində şəxsiyyətin formalaşması
zamanı tələb olunan xüsusi şərtlərdən
biri də ailədə uşağın böyüklərin
himayəsi və nəzarəti altında təlim-tərbiyə
almasıdır. Çünki bu halda
təhsil və tərbiyə alan şəxsin gələcəkdə
yetkin şəxsiyyət kimi formalaşması mümkün olur.
Şəxsi istək və arzu olmasa, öz qabiliyyət
və bacarığını artırmaq üçün
maksimum fayda verəcək yollar axtarmasa, həmin gəncdən
kamil şəxsiyyət ola bilməz. Pedaqoqlar belə bir fikir
söyləyirlər ki, uşağın ailədəki təhsilinə
4 yaşa qədər başlandıqda görülən
işin faydası uşaq yetkinlik yaşına çatanda daha
yüksək nəticə verir. Ata və ana birinci növbədə
uşaqlarının fiziki və psixoloji
sağlamlığına ciddi diqqət yetirməli, heç
vaxt ailədə özlərini uşaqlarından, xüsusilə
gənc övladlarından yüksəkdə tutmamalıdır.
Qəbul etməliyik ki, şəxsiyyətin formalaşması
insanın hələ körpə yaşlarından
başlayır və onun ömrünün sonuna kimi davam edir.
Formalaşma prosesinin ən çətin dövrü gənclik
çağına təsadüf edir. Gəncdə cəsarət,
mərdlik, işgüzarlıq, müstəqillik, qətiyyətlilik,
təkidlilik, soyuqqanlılıq, təşəbbüskarlıq,
mütəşəkkillik kimi keyfiyyətlər olarsa, onun
şəxsiyyət kimi formalaşması xeyli asan başa gələr.
Dözümlülük, intizamlılıq, inadkarlıq, məsuliyyətlilik,
prinsipallıq, özünəinam, özünüidarə
kimi cəhətlər olmasa, hansısa gəncin şəxsiyyətə
çevrilməsinə ümid etmək çətindir.
Şəxsiyyətin formalaşması sosial zəmin tələb
edir. Bu formalaşmanın və inkişafın bir tərəfini
də ailə və iş kollektivinin üzvləri arasında
yaradılan mehriban, səmimi və işgüzar münasibətlər
təşkil edir. Cəmiyyətin özəyi sayılan ailənin
bu sahədə çox böyük rolu vardır. Şəxsiyyətin
formalaşdığı çətin yolla irəli getmək
istəyən hər bir insan üçün ailə uyğun
şəraiti yaradan isti ocaqdır. Ailə ilə
yanaşı, iş kollektivlərinin də şəxsiyyətin
yetişməsində və kamilləşməsində əməyi
böyükdür. Lakin bəzi hallarda pis vərdişlərə
aludəçilik, tamah və acgözlük, əsəbləri
cilovlaya bilməmək, kobud rəftar, özünənəzarəti
tamam itirib emosiyaları idarə edə bilməmək kimi mənfi
hallar üzə çıxır. Belə cəhətlər
şəxsiyyətin hörmət və nüfuzunu zəiflədir.
Onu ailədə, işdə və cəmiyyətdə
gözdən salır. Bütün bu mənfi əlamətlər
təcili aradan qaldırılmalıdır ki, xasiyyətə,
xarakterə çevrilməsin, gəncin şəxsiyyət
olmasına əngəl törətməsin.
Əlbəttə ki, güclü özünəinam
olmadan heç bir gənc şəxsiyyət kimi yetişə,
hər hansı sahədə lazımi qədər irəliləyişə
və uğura nail ola bilməz. Şəxsiyyətin
formalaşması dövrü insanın həyatının
böyük bir dövrlərini əhatə etsə də, əsas
gərgin vaxt gənclik illərinə təsadüf edir.
Çünki bu məqamda gənclər hələ həyatda
çoxlu təcrübəyə malik olmadıqları
üçün xətalara yol verə bilərlər.
Ağıllı və ehtiyatlı olmaq öz yerində, amma həyatda
risk etmədən yüksəlmək çox çətindir.
Bu isə hər bir gəncdən cəsarət tələb
edir. Deməli, şəxsiyyət həm də cəsarətli
olmalıdır.
Şəxsiyyət bütün ömrü boyu
oxumalı, öyrənməli və öyrətməlidir. Vətənini,
torpağını və xalqını ürəkdən sevməli,
onlara sadiq olmalıdır. Dövlətə və dövlətçiliyə,
dövlət rəmzlərinə, qanunlara hörmət etməlidir.
Şəxsiyyət həmçinin öz ailəsini və
özünü də sevməlidir.
Dövlətimiz gənclərimizin kamil şəxsiyyət
kimi yetişməsi üçün əlindən gələn
köməyi əsirgəmir. Azərbaycan gənclərinin
fiziki sağlamlığına, təlim-tərbiyəsinə,
peşə hazırlığına, təhsil kreditləri ilə
təmin olunmasına, xaricdə təhsil alanlar
üçün dövlət dəstəyi verilməsinə,
gənclərin işlə təmin olunmasına, onların həyat
səviyyəsinin yaxşılaşdırılmasına
yönələn qərarlar dövlətin bu sahədəki
düzgün siyasətindən xəbər verir. Bütün
bunlar ölkə gəncliyinin əsl şəxsiyyət kimi
yetişməsi üçün atılan zəruri addımlardır.
Zakir BAYRAMLI
Şair-publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin
üzvü
525-ci qəzet .- 2024.- 24 noyabr(№215).-S.23.