Dəhşətlər və bədbəxtliklər.
Ləyaqət və iradə xilaskar rolunda
(Əvvəli ötən bazar sayımızda)
Marşal Jukov Almaniyadan qarət edilmiş külli
miqdarda qiymətli ev əşyalarını vaqonla Moskvaya gətirdikdə,
bunun üstü açılmışdı.
Əşyaların içində royal, 46 ədəd İran
xalçası, qiymətli mebel olmuşdu. Stalinin bunlar hiddətli
təəccübünə səbəb olduğuna görə,
Jukovdan birbaşa soruşmuşdu ki,
bu cər-cındır onun nəyinə lazım idi.
O, olduqca sadə paltar geyinməyə
üstünlük verirdi, əsgər şinelində
olmağı da onu razı salırdı. Siyasi Büro üzvləri ilə
öz hökumət bağında şam yeməyi yeyərkən
ona heç kəs xidmət etmirdi, düzülmüş
qazanlardan öz istədiyi xörəyi boşqabına çəkib,
süfrənin üstünə qoyurdu.
O, var-dövlətə tamamilə laqeyd idi. Öləndə
də, onu tabutda uzandırmaq üçün təzə
paltar tapmamışdılar. Çörçill 1942-ci ilin
avqustunda Moskvada səfərdə olarkən, müharibə
aparan ölkədə səhər yeməyi, nahar və
şam yeməyi vaxtı bol-bol xörəklərin
olduğundan təəccüblənmişdi və təəssüratını
"İkinci Dünya müharibəsi" kitabında təsvir
etmişdi. Həm də o, Stalinin Kremldəki sadə mənzilində
olarkən, şəraitin kasıblığına məəttəl
qalmışdı. Stalinə burada qoca bir rus qadını
qulluq edirdi.
Stalinə qarşı çoxlu ittihamlar irəli
sürülsə də, bunların həqiqət və saxta
olmalarından asılı olmayaraq, onun dövlətə rəhbərliyi
dövründə olduqca sadə yaşayış sürməsini,
hər cür dəbdəbədən olduqca uzaq olan həyat tərzini
heç kəs inkar etməyə cəsarət etməmişdi.
Stalinin vəfatından üç il sonra, 1956-cı
ildə keçirilən XX qurultayda partiyanın yeni rəhbəri
N.S.Xruşşov Stalinin şəxsiyyətinə pərəstiş
barədə xüsusi məruzə ilə
çıxış etdi və məruzənin mətni tezliklə
Qərb mətbuatına məlum oldu. Əlbəttə,
ölkəyə rəhbərlikdə, xüsusən
repressiyalar vaxtı Stalinin səhvləri olmuşdu. Lakin
bütün günahları onun üstünə yıxmaq da
düzgün deyildi, axı heç kəs vaxtında ona
heç bir etiraz bildirməmişdi.
Xruşşovun mərhum Stalinlə amansız və əslində
nəticəsi olmayan bir mübarizə aparmasını
U.Çörçill ölümünə yaxın bir vaxtda
daha uğurlu ifadə etmişdi: "Xruşşov tarixdə
ilk dəfə olaraq ölüyə qarşı müharibəyə
başlamış, ağlının ucbatından həm də
bu müharibəni uduzmuşdu".
Stalinin Leninlə münasibətlərinə gəldikdə,
Lenin daim ona yaxşı münasibət bəsləmişdi,
onu milli münasibətlərdən yaxşı baş
çıxaran hesab edirdi. Ona görə də 1913-cü ildə
Stalinin çox millətliliyi ilə fərqlənən
Avstriya-Macarıstan imperiyasının paytaxtı Vyanaya gedib,
orada milli münasibətlər təcrübəsini öyrənməyi
məsləhət görmüşdü. Lenin onu xalq
komissarı kimi hökumətin tərkibinə daxil etmişdi,
hətta ona eyni vaxtda üç vəzifə də
tapşırmışdı. Buna görə onu partiyanın X
qurultayında (1921-ci il) tənqid edən Həmkarlar
ittifaqı lideri A.Q.Şlyapnikova cavab verərək, demişdi
ki, çox vəzifənin həvalə olunması yalnız
onun bacarığı ilə əlaqədardır.
Stalin özünü Lenin işinin
davamçısı hesab edirdi, onun idarə etmə ənənəsinə
sədaqətsizlik edə bilməzdi. Qədim Romanın nəcib
imperatoru olan, böyük filosof Mark Avreli, öz gözəl
arvadı Faustinanı, əxlaqsızlığına
görə boşamaq barədəki
ətrafının israrlı təkliflərinə cavab verirdi
ki, onda, cehizi də qaytarmaq lazım gələcəkdir. Cehiz
isə imperator kürsüsü idi, onu, Faustinanın
atası, imperator Antonin Piy ona vermişdi. Belə qiymətli
cehizdən imtina etmək mümkün deyildi. Stalin də irs
kimi Lenindən aldığını, özünün göz
bəbəyi tək qoruyacağına and şəklində
söz vermişdi, bu irsə əməl edilməli idi və
onu kiməsə etibar etmək olmazdi. Ona görə də
daxili və xarici siyasətdə Lenin xəttindən, qurbanlar
hesabına da olsa, kənara çıxmaq mümkün deyildi.
Terror miqyasına və dəhşətlərinə
görə Stalin Robespyer Terrorunu da
geridə qoymuşdu. Ölkədə əsasən
hamı bu sahədə aparılan siyasəti və onun nəticəsi
kimi terroru dəstəkləyirdi, hətta yerli rəhbər
işçilər arasında bu məsələ üzrə
elan olunmamış yarış gedirdi. Respublika rəhbərlərindən
bəziləri güllələnmə
kvotasını artırmaq barədə Stalinə acizanə
xahiş edirdi. Xruşşovun bu məzmundakı
teleqramının üstünə Stalin: "Uymis, durak!" - "Sakitləş,
axmaq!" dərkənarını qoymuşdu.
Qəssabxanada faydalı iş əmsalı, digər
müəssisələrdə olduğu kimi mühüm əhəmiyyət
kəsb edir. Xruşşov kimi qəssablar isə burada da
Staxanovçuya çevrilib, zərbəçi olmaq istəyirdilər.
Ona görə də onlar güllələnməli
olanların siyahısının daha da böyüdülməsini
istəyirdilər. Yuxarıdan guya dəqiq müəyyən
edilmiş norma həddini ötüb keçmək isə, bu
"böyük işin" ləyaqətinə xətər
toxundura bilərdi. Bu sahədəki özfəaliyyət vahid
rəhbərə olan inamı sarsıdardı, ona görə
də onun hiddətinə səbəb olurdu.
Xruşşov Stalinə
daim sədaqətli olmuşdu, Kuntsevoda onu şənləndirmək
üçün "qopaq" rəqsini oynamağa da hər
dəfə hazır idi. Vaxtilə Xruşşov Sənaye
akademiyasında Stalinin arvadı ilə bir yerdə oxumuşdu
və Moskva şəhər partiya təşkilatında rəhbər
vəzifələrə irəli çəkilmişdi. 1952-ci
ildə keçirilən partiyanın XIX qurultayında
partiyanın Nizamnaməsinə dəyişikliklər barədə
məruzə ilə çıxış etmək də ona
etibar edilmişdi.
1961-ci ildə isə yenə Xruşşovun təklifi
ilə Stalinin adı hər yerdən götürüldü,
hətta orada gedən məşhur
döyüş və kütləvi fədəkarlıq,
ağılasığmayan qalibiyyət nümunəsi
hesabına tarixə düşmüş Stalinqrad şəhərinin
adı da dəyişdirilib, Volqoqrad oldu. Stalinqrad cəbhəsini
yeni ada uyğun olaraq dəyişilmiş qaydada
xatırlamaq, birbaşa tarixə
ünvanlanan istehza olardı. Parisdə Stalinqrad adını
daşıyan meydan qaldığı halda, SSRİ-də bu
tarixi şəxsiyyətin adı bütünlüklə
anafemaya uğradı. Stalinin cəsədi Mavzoleydən
çıxarılıb, Qızıl Meydanda dəfn edildi.
Stalinqradın adının dəyişdirilməsi
Stalinin barədəki xatirələrin bütünlüklə
yaddaşlardan silinməsinə xidmət edirdi və bu, əslində
cinayətdən betər bir səhv idi. Axı Stalinqrad,
yaşadığı faciə və qəhrəmanlıqlarla
müqəddəs məkan adını qazanmışdı.
Hitler Almaniyasına nifrət edən dünya, misilsiz
mübarizə rəmzi kimi onunla fəxr edirdi. Xarabazara
çevrilən şəhər apokalipsis mənzərəsini
yada salırdı. Almanlar şəhəri tutduqlarına əmin
idilər, lakin sovet əsgərləri və zabitləri
misilsiz fədəkarlıq göstərib, şəhəri
düşməndən azad etdi və feldmarşal Paulyus
başda olmaqla xeyli əsir götürdü. Sovet ordusunun əks-hücumu
almanların böyük məğlubiyyəti ilə nəticələndi.
Hitler öz ölkəsində üç günlük matəm
elan etdi. Stalinqradın müdafiəsi II Dünya müharibəsinin
zəfər simvoluna çevrildi. Çünki Stalinqrad
döyüşü reallıqdan çox mifə bənzəyirdi.
Stalinin SSRİ-nin iqtisadi və hərbi
inkişafında xidmətləri böyükdür və
onların üstündən xətt çəkmək
mümkün deyildir. Ölkəsinin hücumlardan müdafiəsi
üçün qalxana malik olması naminə 1949-cu ildə
SSRİ-də ilk dəfə atom bombası sınaqdan
keçirildi və nüvə silahları müqayisəsində
gələcəkdə paritetin yaranmasının bünövrəsi
qoyuldu. Raket sənayesinə diqqət hesabına 1957-ci ildə
dünyada ilk dəfə sovet süni peykinin kosmosa
uçuşu təmin edildi. 1961-ci ildə isə ilk sovet
kosmonavtı kosmosa uçdu. Bu nailiyyətlər
binasının bünövrəsini məhz Stalin qoymuşdu.
Stalin 5 mart 1953-cü ildə vəfat etdi və ona
sui-qəsd təşkil edilməsi barədə müxtəlif
versiyalar mövcuddur. Onun şəxsiyyətinə pərəstiş
barədə isə görkəmli rus
yazıçısı, Nobel mükafatı laureatı Mixail
Şoloxov yaxşı demişdi: "Şəxsiyyətə
pərəstiş var idi, lakin şəxsiyyət də var
idi". Stalinin çox sayda heykəlləri uçurulsa da, o
yaşayır, çünki onun özü, gözəl bir
monument, tarixin sıradan çıxara bilmədiyi abidə
idi.
Mao Tsze-dun
(1893-1976-cı illər)
40 il ərzində Çin kommunist partiyasının rəhbərlik
etmiş, Çin Xalq Respublikasının ilk sədri olmuş
Mao Tsze-dun ən görkəmli tarixi şəxsiyyətlərdən
biridir. O, gəncliyindən öz müstəqilliyini
qorumuş, ümumi qaydalara əməl etməkdə də fərqli
xüsusiyyətlər göstərmişdi. Bir dəfə
atası onun hansısa bir səhvinə görə cəzalandırmaq
istədikdə, ümumi adətə görə, atası
qarşısında diz çökmək istəməmiş,
atasının haqsız olduğunu nəzərə alıb,
yalnız bir qılçasını əymişdi.
Mao ideyalı kommunist, görkəmli inqilabçı
olmaqla yanaşı, erkən yaşlarından marksizm banilərinin
və Qərb filosoflarının tərcümə olunmuş əsərlərini
dərindən öyrənməyə səy göstərmişdir.
Gənc Mao o dövrdə məşhur olan kitabların
hamısını oxumuşdu. O, geniş biliyə malik olmaqla
yanaşı, fəlsəfi məzmunlu şeirlər yazırdı
və sonralar həm də istedadlı şair kimi
tanınmışdı.
Çin Qızıl Ordusu yaradıldıqdan sonra Mao
strategiya və taktikadan baş çıxaran məharətli
hərbi xadimə çevrilmişdi. Xalq ordusunun
yaradılmasında, formalaşdırılmasında və
güclənməsində onun müstəsna xidmətləri
olmuşdu.
Çin Qızıl Ordusu o vaxtki hökumət
qüvvələri tərəfindən məhv edilmək təhlükəsi
ilə üzləşdikdə, Mao dövrə görə
düzgün qərar qəbul etməklə, ordunu xilas etməyə
müvəffəq olmuşdu. 1934-cı ildə Çin
hökumətinin başçısı, Qolindan
partiyasının Sun Yat Sendən sonra lideri olmuş Çan
Kay-şi ölkənin cənubunda düşərgə
salmış Xalq Ordusuna, özünün 1 milyonluq qoşunu
ilə hücum edib, düşmən saydığı bu
ordunu məhv etmək istəmişdi. Maonun ətrafı geri
çəkilmək deyil, döyüşmək vacib
olduğunu təkid etsə də, o, vəziyyəti
düzgün qiymətləndirib, müqayisədə
kiçik qüvvə ilə hökumətin nəhəng
ordusuna müqavimət göstərməyin ağılsız
bir iş olduğunu anlayaraq, Qızıl Ordunun şimala getməsi
və orada yeni düşərgə salması təklifi ilə
çıxış edib, öz silahdaşlarını bu qərara
inandırmağı bacarmışdı. Həqiqətən
də, döyüş nəticəsində, böyük əziyyətlərlə
yaradılmış Xalq Ordusu əsl faciə ilə üzləşib,
öz mövcudluğuna son qoya bilərdi.
Nəhayət, ordunu Şimala köçürməklə
və hökumət qüvvələri ilə vuruşmaqdan
imtina etməklə, xilas naminə geri çəkilmək
variantı seçilmişdi.
Köç, əzablı olmaqla yanaşı, bir il
davam etdi. 100 minlik ordu yeni düşərgə qurmaq naminə
uzaq şimala üz tutmuşdu. Kommunistlər və onların
silahlı qüvvələri 8 min km. uzunluğundakı məsafəni,
bataqlıqlardan və dağlardan keçməklə,
böyük əzablara və itkilərə düçar
olmaqla qət etmişdi və yeni düşərgə məkanı
olacaq Yunana gəlib çıxmışdı. Səfərə
çıxan 100 min nəfərdən Şimaldakı yeni məntəqəyə
onun üçdə biri - 30 min adam sağ qalmaqla, gəlib
çatmışdı. Lakin Qızıl Ordu qorunub
saxlamışdı, ağır səfərə
çıxmaqla özünü xilas etmişdi.
Yeni düşərgədə ordu öz tərkibini
böyütməyə, güclənməyə
başladı. Ciddi təlimlə yanaşı, düşərgə
sakinləri özlərinin sevincdən kənar olan yoxsul həyat
tərzini axşamlar təşkil edilən, Maonun da iştirak
etdiyi rəqslərlə yüngülləşdirməyə
çalışırdılar. Mao öz xalqının təbiətinə
yaxşı bələd idi, onun iztirablardan və çətinliklərdən
qorxmadığını bilirdi. Məhz bu xüsusiyyəti əsas
götürülərək, hökumətə qarşı
çıxış edən ordu yaradılmışdı.
Sovet Rusiyasında isə Qızıl Ordu Vətəndaş
müharibəsi başlandıqda meydana gəlmişdi,
Amerikadakı kimi inqilab ordusu deyildi, inqilabın qələbəsindən
xeyli əvvəl üzə çıxan bir qüvvə idi.
Çin Qızıl Ordusu Çin inqilabının qələbəsinə
qədər sürətlə böyüməklə və
güclənməklə iki onilliyə bərabər yol
keçmişdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2024.- 24 noyabr(¹215).-S.22.