"Ruhun zülmət gecəsi"ndən
aydınlığa...
Esse
Zamanla özümüz arasındakı labirintdə
dolaşdıqca o sirli qarışıqlıqda gec-tez
şüurun altının da, üstünün də bizi
aparıb çıxardığı son xilas nöqtə
ruhun aydınlığıdır. Amma bəzən
şüurun altının üstünə çevrildiyi
qaranlıq dövrlərdə ruhun da müvəqqəti olaraq
zülmətə gömüldüyü dönəmlər
olur. Məhz o dönəm "ruhun zülmət gecəsi"dir.
Bu, öz qaranlıq tərəfləri ilə üzləşməyə
cəsarət edənlərin son dərəcə ziddiyyətli
yolçuluğudur. İnsanın özünü itirmə və
ya həyatın mənasız olduğu hissiyyatını ən
dərindən, ən dibdən yaşadığı məqamdır.
"Ruhun zülmət gecəsi" ifadəsi müqəddəs
dini mətnlərdə də qeyd olunub, lakin zamanla bu ifadə
psixoloji və fəlsəfi bir müstəviyə
daşınaraq daha geniş anlam kəsb etməyə
başlayıb. Bəşəri şüurun yüksəldiyi
çağdaş dövrdə "ruhun zülmət gecəsi"
ifadəsi indi daha tez-tez anılır. Çünki həqiqət
yolçuluğundakı insanlar bu müvəqqəti zülmətin
girdabına batanda nəylə
qarşılaşdıqlarını bəzən
anlamırlar. Bu, insanın daxili dünyasında
yaşadığı mənəvi-ruhani
qarışıqlığın,
çaşqınlığın, tənhalığın ən
qaranlıq anıdır. "Ruhun zülmət gecəsi"nin
başlanğıcı, adətən, rutin həyatı
"normallıq" çərçivəsindən
çıxaran dəyişikliklərlə başlayır. Bəzən
bu, hansısa itki və ya ölüm, böyük bir travma,
sevgisizlik, yaxud həyatda kəskin bir mənəvi təlatümün
başlanması ilə ortaya çıxır. Birdən-birə
hər şeyin anlamsızlaşması, "ipin ucunun
qırılıb əldən getməsi" hissi, insanın
yaradılışın və özünün
mövcudluğunun mənasını axtarmağa
başlaması bu dövrün əsas cəhətləridir.
Onacan həyatını müəyyən bir ssenari ilə
yaşayan insan üçün "ruhun zülmət gecəsi"
onun bu ssenarini təkrarlamaqdan yorulması ilə
başlayır və həyatında bir dönüş
nöqtəsi olur. Bu dövrə, çox zaman, ruhi və
psixoloji olaraq tükənmə sindromunun yaşanması ilə
start verilir. İnsan həyatını rutin bir düzəndə,
müəyyənləşdirilmiş qayda ilə
yaşadığı zaman bu nizam pozulduqda özünü
"yolu itirmiş" kimi hiss etməyə başlayır. Həyatın
balansının pozulması insanın dünyaya və
özünə olan münasibətini tamamilə dəyişdirə
bilər. Gözəlliklərin rəngini itirilmiş və ya
solmuş kimi görən insan anidən özünü bir boşluğa
düşmüş bilir. Metaforik dillə təsvir etsək,
ömür simfoniyası səslənir, amma melodiya
anlaşılmır... Kamyunun təbirincə, insanın
özünə yadlaşması başlayır. Həyatın
müsbət tərəfləri bir anda pozulur, mənasızlıq
duyğusu hər şeyi bürüyür və insan sanki bir
məqsədin, yolun olmadığı intəhasız
boşluqda çırpınaraq özünü tapmağa
çalışır. Bu, bəzən "sıfırdan
başlamaq" ehtiyacı ilə birgə meydana
çıxır: çünki keçmişin səhvləri,
yanlışları ilə yaşamaq artıq mümkün
olmur...
lll
"Ruhun zülmət gecəsi"nin ən aşkar əlamətləri
özünə qarşı şübhə, ittiham, mənasızlıq
və tənhalıq (təklənmə) hissləridir.
İnsan özünü dünyadan kənar, yoxluq içində
hiss etməyə başlayır. Hər şeyin bir-biri ilə
əlaqəli və hər şeyin bir məqsədi
olduğunu hiss etməyən şəxs öz
varlığının boşluq içində itmiş
olduğunu düşünə bilər (Halbuki ilahi nizam burada
da mükəmməl şəkildə
çalışır.) Bəzən bu dövr bir neçə
həftə və ya ay sürür, bəzən də illərlə
davam edən bir prosesə çevrilir. Bu müddət ərzində
insan özünə və həyatına olan inamını
itirir, həm də ətrafdakı insanların
"anlayışsızlığına" görə tənhalığını
daha da dərindən hiss edir. Və bu tənhalıq adi məişət
tənhalığı deyil, Markesin dediyi kimi, "yüz ilin
tənhalığı"na bənzəyən ruhani
yalqızlaşmadır. Hiss edilən mübhəm
narahatlıq, dərin stress və hətta ağır iztirab səviyyəsində
yaşantılar bu dönəmin əsas əlamətlərindəndir.
Vücud da ruhun zülmət gecəsindən nəsibini
alır: yuxusuzluq, iştahasızlıq, bəzən isə
reallıqdan qaçış yolu kimi yuxuculluq "ruhun
zülmət gecəsi"ndə bədənə hakim kəsilir.
Duyğu sferasında qeyri-sabitlik, həyatın heç bir tərəfinin
maraqlı və ya arzuolunan görünməməsi, hətta
gündəlik məişət fəaliyyətlərinin belə
dəyərsizləşdiyi ağır dönəmdir bu.
"Ruhun zülmət gecəsi"nin əlamətləri, bəzən
yavaş-yavaş meydana gələ bilər, bəzən isə
birdən-birə üzə çıxar. İlk növbədə,
insanın daxili dünyasında bir dəyişiklik baş
verir. İnsan təkcə başqalarını deyil,
özünü özünə də "yad" hiss etməyə
başlayır. Həyatındakı ən adi hadisələr
belə əvvəlki zövqü vermir, əksinə,
daşınmayan bir yükə çevrilir. Bu bu dönəmdə
insan ən bəsit narahatlıqları belə çətinliklə
adlayır. Həmçinin bu proses insanın sosial əlaqələrinə
də təsir göstərir: ətrafındakı insanlarla əlaqələr
ya mənasızlaşır, ya ünsiyyət birdəfəlik
qopur, insan sanki bilərəkdən öz
"qabığına çəkilir". Bütün bunların
arxasında isə daxili bir təlatüm dayanır: insanın
özünün varlığı və həyatın məqsədi
ilə bağlı sualları dağ kimi uçub
üstünə çökür... Bir müddət əvvəl
çox mühüm olan şeylər, indi xırda, bəsit və
anlamsız görünməyə başlayır. İnsan həyatını
və özünü ciddi şəkildə sorğulamağa
başlayır. "Mən kiməm, həyatımın mənası
və missiyası nədir?" sualları ilə ruhun öz həqiqətini
xatırlamağa çalışması bədəni də
sıxma-boğmaya salır... Bu qaranlıq labirintdən birdəfəlik
çıxış isə ancaq o suallara cavabların
tapılması ilə mümkündür...
Ruhani varoluş böhranı,
yoxsa depressiya?
Bəzən "Ruhun zülmət gecəsi"ni
tibbin depressiya diaqnozu ilə qarışdırırlar.
Çünki oxşar əlamətlərə malikdirlər.
Ancaq ruhun zülmət gecəsi ilə depressiya arasında incə
bir xətt var. Bu iki vəziyyətin fərqləri də
olduqca aydındır. Depressiya tibbi ədəbiyyatlarda
yazıldığı kimi, psixoloji bir
rahatsızlıqdır. Bu zaman insanlar özlərini
ümumiyyətlə üzgün və ümidsiz hiss edirlər,
lakin bu vəziyyət daha çox bədənin və beynin
kimyəvi, hormonal balansının pozulmasından
qaynaqlanır. Depressiyada olan bir insan ətraf mühitin mənfi
təsirlərinə qarşı həssasdır, lakin bu, bir
çox hallarda bioloji və ya kimyəvi bir disbalansın nəticəsidir.
"Ruhun zülmət gecəsi" isə
aydınlanma və ruhi oyanış yolçuluğuna
çıxan şəxsiyyətin dərin bir reaksiyası və
özünü kəşf etməsi ilə əlaqəlidir.
Bu dövr, həyatı anlamamaq və yaxud mənasızlıq
hissi ilə müşahidə olunsa da, depressiyadan fərqli
olaraq hər zaman xəstəliklə - kimyəvi və hormonal
çatışmazlıqlarla əlaqəli olmur. "Ruhun
zülmət gecəsi" - insanın mövcudiyyətin məqsədini
və özünün kim olduğunu dərk etmə, ruhi
aydınlıq əldə etmə cəhdidir. Bu dövr,
özünü tapmaq və dəyişmək
üçün bir fasilə deyil, əksinə, insanın
köhnə inanc və dəyərlərini sındıraraq,
o vaxtacan formalaşan miflərini dağıdaraq daha dərin
şəkildə özünü anlamağa doğru, ruhi təkamülə
sarı atdığı ciddi addımdır. Gerçək
ÖZüylə həqiqi tanışlıq məqamıdır...
"Ruhun zülmət gecəsi" gec-tez keçir,
lakin güclü transformasiyaedici xarakterə malikdir. Depressiya,
uzun müddətli və çox zaman müalicə tələb
edən bir vəziyyətdir. Depressiyanın simptomları
davamlıdır, insanın psixoloji və fiziki vəziyyətinə
ciddi təsir edir. Depressiya adətən daxili dünyada bir
boşluq yaratmır; əksinə, insanın həyatdan, hətta
öz varlığından belə ümidsizliyin dərinliyinə
sürüklənməsinə səbəb olur. Depressiyada
ümumiyyətlə həyatın heç bir cəhəti
maraqlı olmur və insan özünü
"dondurulmuş" hiss edir. "Ruhun zülmət gecəsi"
isə, əksinə, daxili aydınlıq axtarışı
ilə xarakterizə olunur. Bu dövr insanın həyatını
dəyişdirməsi üçün bir "vacib an"
olaraq qəbul edilə bilər. "Ruhun zülmət gecəsi"
özü ilə yeni bir mənəvi yüksəliş və
şüur aydınlanması gətirir. Depressiya,
qaranlığın dərinliyində həbs olmaqdır, amma
"ruhun zülmət gecəsi" zülmət içində
öz işığını tapma prosesidir. Depressiya tibbi
müdaxilə tələb edən bir
çöküşdür, "ruhun zülmət gecəsi"
isə nə qədər iztirablı olsa da bir yüksəlişin
başlanğıcıdır..
Hər zülmət gecənin
bir aydın sabahı var...
"Ruhun zülmət gecəsi" bəzən
çox uzun çəkə, bəzən isə gözlənilmədən
bitə bilər. Bu dövr adətən "tunelin
sonundakı işığın görünməsi" ilə
sonlanır. İnsan zülmət gecənin dərinliklərində
yaşadığı əzab və itki hisslərindən
sonra, bir növ mənəvi təmizlənmə və yenilənmə
ələyindən keçir. Bu prosesdə insan, öz daxili
işığını, zülmət gecənin sonunda həyatın
mənası və məqsədi haqqında yeni
düşüncə qaynağını tapır. Daha
güclü və daha aydın bir özünüdərk
prosesinin nəticəsi kimi maddi olanın faniliyini və ruhun əbədiliyini
dərindən idrak edərək təzə bir
başlanğıcla bu dəfə özünün, ruhunun
ağrılarından yenidən doğulur... İnsan
özünü yenidən kəşf etdikcə bu gecə sona
çatmağa başlayır. Amma bu bitmə sadəcə
qaranlığın çəkilməsindən ibarət
deyil; əksinə, insan özünü, həyatını və
bu dünyadakı yerini yeni bir perspektivdən görməyə
başlayır. Bu gecənin sonunda insan yalnız
özünütapma yaşamır, həm də daha
böyük bir varlıq planının mənasının fərqinə
varır, ülvi ilahi məqsədin ayrılmaz, təkrarsız
bir parçası olmanın fərəhinə qərq olur...
Bütün bu transformasiya və dəyişikliklər insana həyatın
həqiqi qiymətini və hər anın dəyərini bilməyi
öyrədir. İnsan "ruhun zülmət gecəsi"ndən
sonra Allahın hər şərtdə, hər zaman onu necə
təmənnasız bir sevgiylə
sarıb-sarmaladığının, o qüdsi, qoruyucu ilahi
eşqin sözlə izaholunmaz tamını dadmağa,
yaşamağa başlayır. Sözün həqiqi mənasında
yaşamağa...
"Ruhun zülmət gecəsi" bitdikdən sonra
insanın həyatında ciddi dəyişikliklər baş
verir. Bu dövr yalnız təslimiyyətə keçmə
dövrü deyil, həm də o ilahi təslimiyyət
içində özünü və həyatını yenidən
qurma cəhdidir. Bədən olaraq keçəri, ruh olaraq əbədi
olduğunu dərk edərək... Bu zülmət gecədən
çıxandan sonra insan həyatın qiymətini, mənasını
və hər anın dəyərini daha yaxşı başa
düşür. Həmçinin bu dövr insanı adətən
daha empatik, anlayışlı və güclü bir fərd
halına gətirir. Zülmət gecədən keçən
ruhun işığı bədənin aurasına dolur,
keçmişin əzabları və itkiləri ilə,
özü ilə barışıq yaranır və insan
özünü tamamlamağa başlayır. Bütün bu dəyişikliklər,
insanın daha dərin bir ruhi anlam tapmasına, daha yüksək
bir şüur səviyyəsinə keçməsinə səbəb
olur. Özüylə də, dünyayla da bir
"barışıq müqaviləsi" imzalanır..
"Ruhun zülmət gecəsi"ndən sonra həm
özü, həm başqaları ilə daxili bir əfvetmə,
halallaşma, bağışlama, şükranlıq
dövrü başlayır. Anlayırsan ki, olan nə varsa, sən
"dərsi" öyrənənə qədər olmalı
imiş, nə zamansa düşmən gördüyün kimsə
də əslində "ustad" imiş, həyatına nələrisə
öyrətməyə gəlib, daha doğrusu, ilahi sistemdən
göndərilibmiş... Bütün qəlbinlə
anlamağa başlayırsan ki, qaranlığın içində
tapdığın o işıq, bəlkə də ən
böyük mükafatdır... "Ruhun zülmət gecəsi"
nə qədər çətin olsa da, bu mənəvi-ruhani
böhranın sonunda gələn aydınlıq həyatın
ən qiymətli tapıntılarından biridir.
Və sonda ənənəvi xatırlatma: əgər
indi zülmətdə qaldığını hiss edib təntiyirsənsə,
tıncıxırsansa, bir tutam aydın(lıq) ümiddən
yapış... Ki, hansı zülmətdən keçməyindən
asılı olmayaraq, onunla mütləq sonda
işıqlığa, aydınlığa
çıxa(caq)san...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2024.-
24 noyabr(№215).-S.21.