Vətəndaş "A"nın missiyası və mesajı  

 

 

2019-cu ildə mənimlə bərabər universitetə girən dostlarım ali təhsili tamamladılar. Həmişə təhsilin keyfiyyətindən, müəllimlərin yaşlı olmasından, ənənəvi tədris üsulundan şikayətlənən bizim nəsil üçün yol açıldı. Müəllim peşəsinə yiyələnən dostlarımdan bəziləri Azərbaycanın ucqar kəndlərindəki balacalara dərs deməyə getdilər. Bakıda görüşüb danışdığımız bütün problemlərin, çatışmazlıqların, hətta ayıbların könüllü olaraq içinə atıldılar. Vaxt keçdikcə onlar da, biz də başa düşdük ki, həmyaşıdlarım sadəcə uşaqlara dərs deməyə getməyiblər. Onlar həm də ucqar kəndləri ağuşuna almış cəhalətə, qaranlığa, xurafata və ən əsası savadsızlığa qarşı döyüşməyə gediblər. Eyni hallar şəhərlərdə müşahidə olunmurmu? Əlbəttə, şəhər yerində daha çoxdur. Sadəcə qələbəlik bu çatışmazlıqları yaxşı maskalaya bilir. Bir az da vaxt keçəndən sonra sosial şəbəkələrdə bəzi gənc müəllimlərin şikayətləri yayıldı. Onlar kənd yerlərindəki ağılalmaz ənənələrin qurbanı olan uşaqlardan danışırdılar. Erkən yaşda evləndirilən, istismar olunan, məktəbə gəlmək üçün ayaqqabısı olmayan, uzaq olduğu üçün gəlməyən, palçıqlı yollarda əzab-əziyyətlə dərs oxumağa niyyət edən, üfiqləri açıq, amma bugünləri qaranlıq yüzlərlə uşağın səsi oldu həmin müəllimlər.

Problemlərin bəziləri həll olundu. Bəziləri həll olunmaq üzrədir. Bəzilərinin hələ də həlli mümkün olmur. Həmin uşaqların problemlərini həll etmək üçün əvvəlcə böyüklərin düşüncəsini dəyişmək lazım gələcək. Təhsil sahəsində yeniliklər baş verirdi. Bu prosesin içində 2015-ci ildə mövcud tədrisdən şikayətlənib müəllim olmağı, bir gün nələrinsə dəyişəcəyinə ümid etməyi seçən bizim nəsil var idi. Və onlar bunu bacarırdı. Sonra universitetlərdə də yeni kadrlar işə başladı. Onlar da vəziyyəti dəyişirdilər. Yeni dünya, yeni elm, yeni sənət onlarla bir yerdə Azərbaycan məktəblərinə və universitetlərinə ayaq açırdı.

"Vətəndaş A" serialı bizim nəslin hansı çətinliklərlə və hansı qaranlığa qarşı döyüşdüyünü göstərir. Və bu serial hansısa video-platformada yox, məhz həmin ucqar kəndlərin evlərinin əbədi qonağına çevirilmiş televiziyada yayımlanır.

Səksən il əvvəlki Almaz...

Problem yeni deyil. Ssenari də. Yüz ildən artıqdır ki, biz qaranlığın içində aydın düşüncələr axtarırıq. Serialın məndəki təəssüratına və təhlilinə keçməzdən qabaq yüz il qabağın ssenarisi haqqında qısaca danışmaq istəyirəm. Cəfər Cabbarlının ölməz (bunu "Vətəndaş A" bir daha sübut etdi) "Almaz" əsərini yadımıza salaq.

"Almaz" dramı, ümumilikdə, insanın həqiqət axtarışını və özünü tapma yolundakı mübarizəsini mövzu edir. Əsərdəki baş qəhrəman Almaz, öz şəxsiyyətini, həyatını və sevgi anlayışını aydınlaşdırmağa çalışan gənc qadındır. Onun həyatı bir çox çətinliklərlə doludur və o, yaşadığı dövrün və mühitin təzyiqləri ilə üzləşir. Almazın mübarizəsi, yalnız şəxsi və ailə həyatında deyil, həm də cəmiyyətin, sosial quruluşun ona göstərdiyi davranışlarla əlaqəlidir. Əsərin qəhrəmanları yalnız fərdi həyatlarında deyil, eyni zamanda cəmiyyətin, ailənin və sosial strukturların təsiri altında formalaşırlar. Cəfər Cabbarlı "Almaz"da şəxsi və ictimai mübarizəni birləşdirərək, insanın öz həyatı üçün mübarizə aparmasını daha geniş bir sosial və mədəni kontekstdə təqdim edir. Almazın mübarizəsi, qadınların hüquqları və azadlıqları məsələlərinə də toxunur. Əsərdə qadın təəssübkeşliyinin və cəmiyyətdəki ədalətsizliyin əks olunduğu yerlər, Cabbarlının dövrünün cəmiyyətinə dair tənqidi baxışını göstərir.

Ağarza Quliyev və Qriqori Braginskinin 1936-cı ildə çəkdikləri "Almaz" filmi Cəfər Cabbarlının dramaturgiyasını kinoya daşıyan ilk əsərdir. Filmin əsas mövzusu, baş qəhrəman Almazın mübarizəsi üzərində qurulmuşdur. Ucqar kəndlərdən birinə müəllim işləməyə gələn Almaz dövrün patriarxal cəmiyyətində, xüsusilə də qadınların azadlıq və şəxsiyyət kimi hüquqlarının təzyiq altında olduğu bir mühitdə öz yerini tapmağa çalışır. O, həyatının müxtəlif mərhələlərində sosial və ailə məsələlərinə qarşı mübarizə apararaq öz şəxsiyyətini tapmağa can atır.

Filmin ideyası da dövrün sosial-siyasi şəraitini əks etdirir. 1930-cu illərdə Sovetlər Birliyində, xüsusilə də Azərbaycan SSR-də sosialist ideologiyasının təbliğatı geniş vüsət almışdı. Bu ideologiya cəmiyyətdə qadınların hüquqlarını artırmaq, onların azadlıqlarını təmin etmək məqsədini güdürdü. Film, bu kontekstdə, qadınların cəmiyyətdəki mövqeyinin yaxşılaşdırılması və onların azadlıq mübarizəsini göstərmək məqsədini güdür. Almazın mübarizəsi təkcə Sovet İttifaqının cəmiyyətin təzələnməsi və sosial ədalətin bərqərar olması ideyasını təbliğ etmir. Həm də Şərqdə ilk dəfə, kağız üzərində də olsa, qadına bütün hüquqi azadlıqları tanıyan Azərbaycan Xalq Cümhuriyyətinin estetik personasını göstərir.

Bu qədər dərin ideya və prinsiplərin carçısı olan film Azərbaycanın sonuncu səssiz kino nümunəsidir. Dialoqların sadəcə titr kimi verilməsi bəlkə ümumi olan mesajların fərdi xarakter daşımamasını dərk etməyimiz üçündür.

"Vətəndaş A" "Almaz" əsərinin təxminən yüz il sonrakı səsi ola bildi.

Subtekst: "Atalar və oğullar", yoxsa "Analar və qızlar" məsələsi?!

Ekran işində üç fərqli nəslin - X, Y və Z nəslinin fikirləri toqquşur. Y nəslinin nümayəndəsi Almaz "X"lərlə "Z"lər arasında körpü qurmağa, ənənələrlə çağdaş düşüncə arasında ortaq yol tapmağa çalışır. "X"lər və "Z"lər arasındakı problem ədəbiyyatın və sosiologiyanın məşhur dilemması "Atalar və oğullar" məsələsidir. Bu məsələ sosiologiya sahəsində cəmiyyətin dəyişən strukturlarını, ənənə ilə yeniliyin qarşıdurmasını, ailə münasibətlərinin və sosial normaların necə formalaşdığını anlamamızda mühüm bir yer tutur. Bu məsələ, cəmiyyətin inkişafını təmin edən dinamikaların, ideoloji mübarizələrin və sosial dəyişikliklərin əsasını təşkil edir. Nəsillərarası qarşıdurmaların öyrənilməsi, yalnız fərdi münasibətləri deyil, həm də geniş miqyasda cəmiyyətin necə transformasiya olduğunu göstərir. Atalar və oğullar arasındakı münasibətlər cəmiyyətin gələcək inkişafına yön verən və sosial dəyişiklikləri stimullaşdıran əhəmiyyətli bir qüvvədir. Belə bir ciddi məsələni televiziya ekranlarından böyük kütlələrə göstərən "Vətəndaş A" serialı ilk bu aspektdən özünə "dost" və "düşmən" qazandı. Hansı dövr olursa olsun, atalar və oğullar mövzusu həmişə yeni və aktual olaraq qalır.

Səksən il sonrakı Almaz...

Azərbaycanda bir əlin barmaq sayını keçməyən yüksək keyfiyyətli seriallar var. Bu sektorda digər mədəniyyət sahələri kimi, təəssüf ki, dünya bazarında hələ ki özümüzə yer edə bilmirik. Bu sentyabrda İTV-də yayım həyatına başlayan serial qısa bir vaxtda ölkənin gündəminə gəlməyi bacardı. Azərbaycanlı izləyicilər uzun müddətdən sonra səbirsizliklə yerli bir serialın növbəti bölümünü gözlədi. Quruluşçu rejissoru Elvin Rüstəmzadə, ssenari müəllifi Asiman Ağa Rövşən olan və Cəfər Cabbarlının "Almaz" pyesi üzərində qurulan dram janrındakı serial milli serial sektorunun son illərdəki ən uğurlu layihəsidir. Təkcə keyfiyyət və mövzu baxımından deyil, həm də izləyici marağı və televiziya reytinqinə görə də bizi sözün yaxşı mənasında təəccübləndirir. Qurban İsmayılov, Şamil Süleymanlı, Nəsibə Eldarova kimi usta sənətkarla bir yerdə yeni nəsil aktyorlarımızın işin öhdəsindən peşəkarcasına gəlməsi və aktyor seçiminin, oyununun üst səviyyədə olması serialın xırda çatışmazlıqlarının üstünü örtür. Daim milli ekran işlərindəki süni dialoqlardan şikayətlənən izləyicilərin bu dəfə "dili bağlanır". Mətn, dialoqlar, monoloqlar təbii və canlıdır. Serialın baş rolunu canlandıran Günəş Tegin isə, əlbəttə, filmotoqrafiyasının "prime" dövrünü bu serialla başladır. Açığı, aktrisamızın ilk performansını izlədim. Həm yaradıcılıq, həm təcrübə baxımından özündən qat-qat böyük sənətkarların yanında dominantlığını hər bölümdə qoruyan aktrisanı təbrik etmək mütləqdir.

Quruluşçu rejissordan qrim üzrə rəssamlara, məktəbli rolunu oynayanlardan əsas rolların ifaçılarına qədər hamının ən yaxşını etməyə çalışdığı komandanın ərsəyə gətirdiyi "Vətəndaş A" cəmiyyətin, xüsusilə kənd təfəkkürünün dəyişməsinə atılan vacib addımdır. Bu, bir missiyadır. Və "Vətəndaş A" missiyanın öhdəsindən gəlib.

Qaranlığın aydınlanmasında vətəndaş "A"lar öz üzərinə düşən işi görüblər, görürlər. Növbə həmin qaranlığın bir parçası olmağa davam edən vətəndaş "B"lərin, "C"lərindir.

 

Rəvan CAVİD

525-ci qəzet .- 2024.- 24 noyabr(№215).-S.20.