ÖMƏR FAİQ
ANDI
Abidələr
insanlara adətən ömürlərindən sonra, onları
həyatlarından da uzun yaşatmaqçün qoyulur. O da hər
abidəyə layiqə qismət ola-olmaya. Onasa İlahi Abidəni
elə cavankən, hələ yolunun
başlanğıcında nəsib etmişdi. O bizik ki, hadisələrin,
ömürlərin bütöv mənzərəsini yalnız
onların tamamlanmasından sonra görürük. Pərvərdigarın
Pəncərəsi isə çox genişdir, O, olacaqları
hələ olmamışdan Biləndir, Yazı Yazan Odursa,
başqa necə olmalıdır ki!
Bir
ömür uzunu millətə və yurda gərək olan
xeyirli amallar yolunda çalışan, bu keşməkeşli
mübarizələrdə çox şeyini, son olaraq həyatını
da qurban verən, elə məsləkinə sadiqliyi
ucbatından özünün məhv edilməsindən
savayı, ona dünyada ən əziz olan insanlara - ailəsinə
də düçar olacaqları sıxıntıları miras
qoyub gedən bir şəxsiyyət üçün qəddardan-qəddar
düşmənlərin də verə bilməyəcəyi cəza
unudulmaqdır. Uğrunda qurban getməyə hazır
olduqlarının səni yaddan çıxarmasından
müdhiş cəza yoxdur. Ona görə də nəcib məqsədlərlə
uzaqları görmək qabiliyyətindən məhrum, amma məkrdə
ən dəringedən fəndgirliyə alışqan olan
iblislərin bir rəzaləti də bu olub ki, safları,
pakları, yaşamalıları yalnız cismən yox etməklə
dayanmayıblar, onları öldürəndən sonra da təkrarən
öldürməyə, yaddaşlardan silməyə cəhdlər
ediblər.
Qoca
dünyanı belibükük edən onun miqdarı bilinməyən
yaşı deyil, elə çəkməyə mübtəla
olduğu belə-belə dərdlərdir.
Millət
fədaisi Ömər Faiq Nemanzadəni Allah da
tanıyırdı, bəndə də. Onun kimliyini, necəliyini
öncədən bildiyindən Tanrı Ömər Faiqi
sağkən Abidəli etdi - onu ipək təbiətli, vəfalı,
onunla həyatın hər imtahanından keçməyə
hazır olan bir ömür-gün yoldaşı ilə
qovuşdurdu ki, elə adıca Abidə idi. Ancaq 1872-ci ildə
doğulmuş, həyatının son nöqtəsi 1937-ci ildə
qurğuşunla qoyulmuş Ömər Faiqə insanların
yaratmağa borclu olduqları abidə isə 2024-cü ildə,
onun daha heç vaxt bitməyəcək ömrünün
152-ci ilində qismət oldu.
O
gün sıradan olan gün deyildi. Həmin gün millətin ən
sevimli övladlarından biri heykəlləşərək
xalqa yenidən qayıdırdı və ona görə də
Azərbaycanın Söz Məbədində -- Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində
baş verəcək bu tarixi hadisəyə şahidlik etməkçün
Ömər Faiqin nəvə-nəticələrini,
yaxın-uzaq qohumlarını, onun şəxsiyyəti və
irsini sevən, araşdıran, əziz tutan insanları dəvət
etmişdik. Bu, Ömər Faiq Nemanzadənin xoşbəxt
olduğu gün idi. Elə gün idi ki, gərək ona həqiqi
məhəbbət bəsləyənlər birgə
olaydılar.
Ömər
Faiq dünyaya xalqını bəxtiyar etməkçün
ezam edilənlərdən olsa da, həyatı içərisində
barmaqla sayılacaq qədər az xoşbəxt günlər
gördü. Belə məsud ömür parçalarından
biri 1906-cı ilin 7 aprelinə təsadüf edirdi ki, həmin
gün əslində hələ bunu bilməyən
bütün Azərbaycan xoşbəxt idi. Çünki Azərbaycan
ilk dəfə "Molla Nəsrəddin"lə
görüşürdü və bunun hansı səadət
olduğunu onillər keçəndən, əsrlər və
minillər dəyişəndən sonra, vaxtın
hündürlüyündən baxarkən daha aydın
duyacağıq.
Və
"Molla Nəsrəddin"in ilk sayında dərginin
bünövrəsini qoyanlar - Cəlil Məmmədquluzadə
ilə Ömər Faiq Nemanzadə millətə üz tutaraq:
"Sizi deyib gəlmişəm, ey mənim müsəlman
qardaşlarım", - söyləyirdilər.
Millətin
layiq olduğu dəyərlərə sahibliyi naminə
mübarizələr onu həyatı boyu müşayiət
etdi. Vicdanla, sədaqətlə bir millət övladı
olaraq Ömər Faiq Nemanzadə millət qarşısında
həmin borcunu sonacan bir an belə tərəddüd etmədən
yerinə yetirdi. Bütün Azərbaycanın və azərbaycanlıların
Ömər Faiqə və Ömər Faiqlərə borcu var.
Heç vaxt da bu borcdan sonacan çıxmaq mümkün
olmayacaq. Çünki Ömər Faiq millətə nəyi
verə bilərdisə, hamısını verdi və son olaraq
da fəda edə biləcəyi axırıncı
varı-dövləti canı idi ki, ondan da keçdi.
2024-cü
ilin 14 mayı ona görə tarixi bir gün idi ki, həmin
gün Ömər Faiq artıq daimilik qərar tutacağı
Nizamu muzeyində möhtəşəm abidəyə
çevrilərək insanlarla ilk dəfə
görüşürdü.
Yolunun
lap başlanğıcında Ömər Faiq and içirdi və
bunu bir otağın səssizliyində, tənhalıqda -
öz içərisi ilə söhbət əsnasında
deyil, 2-3 dostun arasında yox, hamının görüb-biləcəyi
qəzet səhifələrindən bəyan edirdi və həmin
əhdi "Şərq-i rus" qəzetində dərc
edilmişdi.
Ədl,
həqq, hürriyyət-i əfkar, təfrih-i bəşər
Ta
ölüncə dildən ayrılmaz məzayadır mənə!
Vəd
edirdi ki, ədalət, düşüncə
azadlığı, insanların rifahı nəfəsi gedib-gələnə
qədər, ömrünün sonunacan onun üçün ən
vacib keyfiyyət, dilindən düşməyən şüar
və məslək olacaq.
Bu
andına sadiqliyini sübut etməkçün oxudu, öyrəndi,
çalışdı, mübarizələr apardı, məhrumiyyətləri
daddı, həbslərə düşdü, saysız təzyiqlərə,
təqiblərə, hətta işgəncələrə də
məruz qaldı, ancaq yolundan sapmadı, amalından dönmədi.
İndi,
aradan xeyli vaxt keçərkən köhnə illərin sənədlərini
qaldıranda, tarixi vərəqləyəndə, əski mətbuatı
izləyəndə şahid oluruq ki, "Molla Nəsrəddin"də
fəaliyyət göstərəndə də, o dövrün
digər mətbuat orqanlarına yazılar yazanda da, millətin
taleyi ilə bağlı hansısa həlledici qərarın qəbul
edilməsinə səy göstərəndə də Ömər
Faiq həmişə başqalarından, hətta öz
etibarlı məsləkdaşlarından belə daha cəsarətlidir.
Hətta ən cəsarətli silahdaşlardan
hansılarısa müəyyən anlarda işin xatirinə bəzi
güzəştlərə getməyi məsləhət bilsə
də, Ömər Faiq daim barışmazdır, ötkəmdir,
sözünü sona qədər deyəndir.
İşığı
görmək və o nuru artırmaq yolunda
çarpışmaq Ömər Faiqə fitrətən nəsib
olmuş bir istedad idi və nə qədər ki canında can
vardı, millətin işığını artırmaq
yolunda çalışdı. Və bu mübarizələrdə
ardıcıl olmasının, ruhdan düşərək
soyumamasının bir mühüm səbəbi də bu idi ki,
o, tək deyildi, mübarizə meydanında heç vaxt
yalqızlıq hiss etmədi, müdam ona yardım olan, dayaq
duran, səsinə səs verən məslək
qardaşları vardı. Ömər Faiqi də, Ömər
Faiqləri də vaxt özü yaratmışdı. XIX
yüzil bitir, XX əsr başlanırdı. Dövr inqilablara
hamilə idi, yeniliklərə səmtlənmişdi və
zaman bu yenilikləri yaradacaq, inqilabi dəyişiklikləri həyata
keçirəcək insanları da özü yetirirdi ki,
Ömər Faiq onların ən parlaqlarındandı.
Sadə ailədən
çıxmışdı, bir Axısqa türkü idi. Olsun
ki, gedişat artıq baş verdiyi kimi yox, ayrı cür cərəyan
etsəydi, o da digər yaşıdları kimi, ya öz şəcərəsindən
olan başqa əqrəbası sayaq adi həyat
yaşayardı, ortabab bir ömür sürüb dünyadan
gedərdi. Amma tale və tarix onun boynuna vəzifə
qoymuşdu. Həvalə etmişdi ki, sən bu milləti dəyişdirmək
və yüksəltmək yolunda çalışmalısan.
Ömər
Faiq kimi insanların millət müəllimi olmasını
sübut edən başqalarının onlara verdiyi qiymətdən
əvvəl onların öz görmüş olduqları
işlər, əməlləri, qalan izləri,
yaşadıqları ömürdür.
Hər
böyük ədib adətən
yaradıcılığında bu sualı qoyur və ona cavab
da tapmağa çalışır ki, "mən kiməm".
Günlərin
birində bu sualı sərlövhəyə çıxararaq
Ömər Faiq də ayrıca məqalə qələmə
aldı və o yazının məntiqi bu idi ki, istər bir nəfər
olsun, istər bütöv millət, istərsə də
hansısa fikir, amal, ona candan bağlanmaq, aşiq olmaq
üçün gərək ən əvvəl tanıyasan.
Ömər
Faiqin də ömrü boyu əsas vəzifələrindən
biri bu oldu ki, milləti ilk növbədə özünə tanıtsın.
Nöqsanlarını deyə-deyə, qüsurlarını
qamçılaya-qamçılaya, tənqid edə-edə,
millətə böyüklüyünü anlatsın,
xalqı öz içərisindən yüksəltsin.
Ömər
Faiqin özünü də yaşatmaq, bu gün və sabah
xalqa daha yaxın etməyin yolu eyni şəkildə - o
böyük şəxsiyyəti bu millətə əsl
ucalığı ilə tanıtmaqdan ibarətdir.
Çünki Ömər Faiq 1937-ci ildə sovet siyasi
repressiyalarının şikarı kimi həbs ediləndən
sonra uzun zaman boyunca onun adı yasaq oldu. Bəzən irad tutulur
ki, niyə bizim ədəbiyyatşünaslar, elm adamları
vaxtında Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin"dəki
fəaliyyətlərindən bəhs edərək onu daim
önə çəkdikləri halda Ömər Faiq
qıraqda qalıb. Bu adçəkməməklik nə diqqətsizlikdən
baş verib, nə də o müəlliflərin Mirzə Cəlilə
məxsusi rəğbətindən. 1937-dən ta 1958-dək -
bəraəti verilənəcən Ömər Faiqin adı rəsmi
siyasətin hökmü ilə "xalq düşmənləri"
cərgəsində idi və onun haqqında nəinki müsbət,
ya mənfi nəsə yazmaq, hətta qaralanmış
adını çəkmək belə qadağan idi. Bu yerdə
"qaralanmış" kəlməsini də təsadüfən
işlətmirəm. Siyasi repressiyaların davam etdiyi illərin
kitablarını, qəzet-jurnallarını açsanız,
arxivlərdə qalan bir çox fotoları qaldırsanız,
bunu da ürək ağrısı ilə seyr etməli
olacaqsınız ki, hansısa adların, soyadların
üstündən qara tuşla qalın xətt çəkilib
ki, oxunmaz olsun, hansısa adları kəsiblər, şəkillərdəki
ayrı-ayrı üzləri qaralayıblar ki, "düşmən"
çöhrələr görünməsin. İrticanın məqsədi
bu surətləri tarixdən biryolluq silmək idi və 1950-ci
illərin ikinci yarısında bəraətlər
mövsümü minlərlə yasaq adın qapısını
açsa, unutdurulmağa çalışılanların
haqqında yenidən yazılmağa, əsərləri nəşr
edilməyə başlansa da, onların bir qisminə
yanaşmada yetərincə ehtiyatlı, mühafizəkar
münasibət 1960-cı illərdə də davam etdi, hətta
sonrakı illərə də keçdi, ən bariz nümunəsi
də Caviddir ki, tam bəraətinə, xalqa irsinin
bütöv qayıdışına yalnız 1980-ci illərdə,
100 yaşı tamam olandan sonra çatıldı. Ömər
Faiq də kağız üzərində rəsmiləşdirilsə
də, gerçəklikdə bəraətinin və
qayıdışının vaxtı çox
uzanmışlardan oldu.
Ömər
Faiqin adını, irsini unuduluşdan xilas etmək istiqamətində
çalışanların ilklərindən biri unudulmaz
Şirməmməd Hüseynov idi. O, artıq 1950-1960-cı illərdə
çıxışlarında, məqalələrində, dərs
dediyi auditoriyalarda tələbələrə müraciətlərində
həmişə Ömər Faiqdən bəhs edər, ədibin
adi oxucunun əli çatmayan məqalələrindən
parçaları iqtibas edərdi. Odur ki, Ömər Faiqin abidəsi
açılan gün qurduğumuz məclisə Şirməmməd
müəllimin ömür həmdəmi Ülkər
xanımı dəvət etməyi özümə borc bildim.
Ülkər xanım o axşam həm özünün, həm
də elə Şirməmməd müəllimin
sözünü deyərək Ömər Faiqin 1906-cı ildə
yazdığı, o vaxt "İrşad" qəzetində
çıxmış "Nə etməliyik?" adlı məqaləsindən
başladı.
Bu məqalə
böyük ədibin, o zamansa xeyli gənc olan, mübarizlər
meydanına təzəcə atılmış bir
çılğın cavanın hayqırışıdır
ki, hələ ermənilərin azərbaycanlılara
qarşı törətdiyi 1918-ci il soyqırımından,
1930-cu illərin ortalarında soxulduqları NKVD divarları
arasında gerçəkləşdirdikləri
qırğınlardan, 1948 və 1988-ci illərdə
apardıqları genişmiqyaslı etnik təmizləmələr
və deportasiyalardan qabaq yüksəlmişdi və heyrətli
fəhmlə çox uzaqları görərək nə etməli
olduğunuzun şərtlərini sadalayırdı və
hamını oyatmağa çalışırdı:
Qonşumuzu, ermənini tanımalıyıq! Bu bəladan
qorunmaqçün mümkün sipəri də təklif
edirdi: özümüzü müdafiəni təşkil edəcək
bir partiya yaratmalıyıq. Çünki Ömər Faiq ermənilərin
kimliyini artıq 1905-ci ildə görmüşdü və
türkə qarşı bu amansızlığın vaxt
ötdükcə səngiməyib əksinə, daha da şiddətlənəcəyini
öncədən təxmin də etmişdi. İllər sonra
xatirələrində 1905-ci ildə Tiflisdə ermənilərin
türk-müsəlman əhaliyə qarşı qaniçənliyinin
qəddar mənzərələrini təsvir edirdi - Tiflisdə
Vorontsov körpüsündən keçən türk
hamballarını - o taylı azərbaycanlıları erməni
yaraqlıları sürüyərək körpünün
yanına gətirir, buradan çaya tullayırmışlar,
qaçıb gizlənmiş türk fəhlələrini
ayrı-ayrı məhəllələrdən taparaq xəncərləyir,
yaralı halda yenə Kür qırağına sürükləyir,
onları da boğulmaqçün çaya
atırmışlar, suda çapalayaraq qırağa
çıxmağa cəhd edənləri isə yuxarıdan
yağdırdıqları güllə atəşləri ilə
qırırmışlar. Yəni sadəcə öldürməklə
ürəkləri soyumur, bu vəhşiliklərini
öldürməkdən ləzzət ala-ala yerinə
yetirirmişlər.
Bütün
bunları görmüş bir millətsevər milləti
qoruyacaq "Difai"ni necə arzulamayaydı?!
...Ömər
Faiqin ilk həbsi ilə son tutulmasının arasında 30
illik məsafə var. İlk həbsindən sonra ona
ağıl verən də olmuşdu və hətta həbsindən
əvvəl də nəsihət edənlər
tapılmışdı ki, özünü yorma, axırda quru
yerdə qalacaqsan. Öyüd verənlərdən biri elə
Mirzə Ələkbər Sabir. Ömər Faiq 1907-ci ildə
zindana atılanda Sabir kinayə ilə onu məzəmmət
edirdi ki, axı sənə söyləmişdim, bir gün
zindana atılacaqsan, millər dərdi çəkmə,
öz ömrünü yaşa, arada haqq-sayın itəcək,
peşman olacaqsan.
Söyləmədimmi
sənə, rahat otur, heyfsən,
Çəkmə
bu millət qəmin, çək özünə keyf sən.
"Sənə
elə yaxşı oldu bu kökə düşdün"
kimi tikanlı sözləri Sabir Ömər Faiqdən daha əvvəl
xalqa deyirdi ki, belə vəfasız olmayın, səsinizi
çıxarın, axı indi zindan küncündəki bu
adam sizdən ötrü belə vəziyyətdədir:
Eyləmədin
etina, qissə haman oldumu?
Şimdi
sənə mən deyən mətləb əyan oldumu?
Amma
Ömər Faiqi, Mirzə Ələkbər Sabiri, Mirzə Cəlili,
o yolun başqa mətin davamçılarını
"guşe-yi-zindan" qorxusu dayandırmaq gücündə
deyildi.
Elə
yol seçmişdilər ki, hətta ölüm belə
onları daha heç vaxt bu xətdən ayıra bilməzdi.
...1992-ci
il idi, Ömər Faiqin bəxtsiz yadigarı, qızı Bəxtli
xanımla bir yay günündə eyvanda oturmuşduq, o vaxt Azərbaycantelefilm
xətti ilə Hüseyn Cavid haqqındakı publisistik filmimi
çəkirdim və Sabirin həmin şeirini yada
salmışdım. Bəxtli xanım Nemanzadə demişdi
ki, Cavid əfəndi bizə tez-tez gəlib-gedirdi. Atamla
uzun-uzadı söhbətlər edirdi. Əlbəttə, biz
uşaqdıq o vaxt. O qədər söhbətlərinə
qulaq asmırdıq. Ancaq təsadüfən bir dəfə mən
eşitdim ki, babam Cavid əfəndiyə dedi ki, sən niyə
son vaxtlar yazmırsan? O da dedi ki, mən sifarişlə olan
heç nəyi yaza bilmərəm. Gərək ürəyimdən
gələn söhbətlər olsun ki, yazılsın.
"1936-cı
ildə mənim böyük bacım Kamilənin toyu olanda həmin
məclisdə Cavid əfəndi tamada idi. O toyda Səməd
Vurğundu, Abdulla Şaiqdi, digər şairlər,
yazıçılar. Cavid əfəndini mən
axırıncı dəfə 36-cı ildə, həmin toyda,
bizim evimizdə görmüşəm.
Fayidə
verməz, dedim, etdiyin əfğan sənə,
Halına
yandıqların eyləməz ehsan sənə,
Məskən
olur aqibət guşe-yi zindan sənə,
Guşe-yi
zindan sənə iştə məkan oldumu?
Şimdi
sənə mən deyən mətləb hasil oldumu?
Doğrudan
da, elə zindan guşəsi onun axırıncı evi oldu.
Guşe-yi-zindan!.."
İnsanlar
fəaliyyətlərini göstərirlər, gedirlər və
biz tarixin indisindən - XXI əsrin yüksəkliyindən
baxanda, təbii ki, bir çox həqiqətləri daha
aydın görürük. Zaman gedişində
ayrı-ayrı siyasətlərin, ayrı-ayrı məfkurələrin,
hətta bəzən şəxsi münasibətlərin təsiri
ilə ayrı-ayrı şəxsiyyətlərə bəzən
haqq etdikləri qiymət verilmir. Onların tarixdəki yeri
haqqında düşüncələr kifayət qədər
dürüst olmur. Ancaq ən ədalətli münsif tarixin
özüdür. Bugünəcən nə qədər
yazılıbsa, deyilibsə də, yazılmalı və deyilməli
olanlar hələ az deyil - Ömər Faiq Nemanzadəni biz bu
gün yetərincə bütövlüyü ilə
tanımırıq. Yorulmaz ictimai xadim olub. Ancaq heyiflər ki,
hələ də onun bu yöndəki geniş
çalışmalarının yalnız müəyyən
hissəsindən xəbərdarıq. Mətbuatda onillərcə
qələm çalıb. "Molla Nəsrəddin"dəki
işləri qalsın bir yanda, axı "İrşad"da,
"Tərəqqi"də, "Açıq söz"də,
"Azərbaycan"da, digər qəzetlərdə 40-a
yaxın örtülü imza ilə çıxış
edib. O yazıların hamısını hələ bir yerə
cəm edərək ayrıca kitaba çevirməmişik. Bir
qələm adamının yazmış olduqlarının
hamısını bilmədən onun özünü
tamlığı ilə nə təhər görmək olar
ki!
İçərisi
sabahlara inam dolu məşhur yazılarından birinə Ömər
Faiq "İşığımız sönməyəcək"
adı vermişdi. Bu millətin işığının daim
parlayacağının səbəbkarlarından biri elə
Ömər Faiqin özü idi!
Azərbaycançılıq
düşüncəsi bu millətin mənəviyyat
yükünü daşıyanların ürəyində,
zehnində, qələmində həmişə
dolaşıb. Ancaq bütöv Azərbaycan, bütöv millət
və onun öz adıyla çağırılacaq dövləti
haqqında həm siyasi, həm elmi baxımdan daha cilalı və
dürüst qənaətlər XX yüzilin əvvəllərindən
ziyalılığımızın, maarifçiliyimizin, vətənçiliyimizin
fikir gündəmində dayanıqlı yerini tutur. Bu qatarda
Ömər Faiqin yeri ardıcıllığı və qətiyyəti
ilə seçiləndir. Həm də məhz XX əsrin
başlanğıcından etibarən bu düşüncələrin
bir axına çevrilməsinin səbəbi o idi ki, daha tək
əldən səs çıxmaz hürküsü yox idi.
Ömər Faiqin çoxşaxəli səylərinin cövhəri
də bu məfkurədən ibarətdi və onun
apardığı mübarizələr aşiqi olduğu
bütöv millət və Azərbaycan yolundaydı. Amma o, həm
də Axısqa türkü idi, öz əslinə,
kökünə də çox bağlı idi və
onların müqəddəratı ilə əlaqədar təhlükəli
məqam yarananda, bu təhlükə mahiyyətcə
bütün türklüyə qarşı dönəndə,
təbii ki, biganə qala bilməzdi. Ömər Faiq millət,
onun heysiyyəti ilə əlaqədar məsələlərdə
həmişə ifrat güzəştsiz olub.
Azərbaycanlılara
qarşı tarixin müxtəlif dönəmlərində təhlükələr
yalnız erməni səmtdən olmayıb. Bizə sarı
dikilən tamahkar, qəsbkar gözlərin çox rəngi
var. Ömər Faiq kimi ayıq insanların bir
üstünlüyü də ondan ibarətdir ki, gələcəkdə
selə çevrilə biləcək təhlükələri
hiss edincə dərhal ona qarşı çıxıblar,
bununla da nə qədər fəsadın qarşısı
ortaya çıxmadan alınıb.
...Arxada
qalan onillər boyu mən Ömərbəyovlar nəslinin,
Pepinovlar ocağının, Nemanzadələr soyunun çox
insanlarıyla ünsiyyətdə olmuşam, təmas illəri
ərzində yəqinlik hasil etmişəm ki, onların
hamısına xeyirxahlıq, əzmkarlıq, millətə
ürəkdən xidmət etmək şövqü xasdır.
Ancaq bu nəslin təmsilçiləri arasında mənim ən
erkən tanıdığım Çingiz Nemanzadə olub.
Onda hələ tələbə idim, hələ yeganə olan
Azərbaycan Dövlət Universitetində (indi BDU) oxuyurdum və
Azərbaycan televiziyasında verilişlər
hazırlayırdım ki, onlardan biri də "Yeddinci qitə"
adlanırdı. Həmin proqramda Bakıda yaşayıb təhsil
alan xarici tələbələr, paytaxtımıza gələn
xarici qonaqlar, əcnəbi sənətçilərin buralara
qastrolları haqda söz açırdıq. Qapalı sistem
içindəydik, bu verilişi də düzəltmişdik
ki, gəncliyin gözlərini dünyaya açmaq
üçün kiçicik də olsa körpüyə
çevrilsin. Xalq arasında "AZİ" deyilən Neft-Kimya
İnstitutunda Çingiz Nemanzadə xarici tələbələrlə
işləyirdi. Çingizin həyatı boyu maraq göstərdiyi
əsas dəyərlərdən biri musiqidir ki, cavanlıq illərində
bu sahəyə daha sıx bağlı idi, o dövrdə həmin
ali məktəbdə əcnəbi tələbələrdən
ibarət sanballı musiqi birliyi də düzəltmişdi ki,
zamanında bizim verilişdə çıxış etdilər,
izləri kinolentdə də qalmaqdadır. Ancaq mütəmadi
söhbətlərimizdən bunu da bilirəm ki, elə
Çingizin özünün də hafizəsində nəslin
tarixi, taleyi ilə bağlı çox xatirələr elə
kino lentinə yazılıbmış kimi dəqiqlikdə
yaşamaqdadı. Ona görə də Ömər Faiqin Nizami
muzeyindəki abidəsinin açılış mərasiminə
onu da dəvət etmişdim ki, həm babalarından olan
Ömər Faiqin qayıdışına birgə sevinək, həm
də xatirələri ilə məclisimizi daha da məhrəmləşdirsin.
Çingiz Nemanzadənin o gün sözünü başlayarkən
dedikləri hər kəsə ən əvvəl bu həqiqəti
bir daha yada salmış oldu ki, Ömər Faiqə tam layiq
olduqlarının qayıtması həmişə çətinliklərdən
aşaraq mümkünləşib. Bununla bir daha onu
vurğuladı ki, əgər Ömər Faiq bu gün bir abidəyə
dönərək Azərbaycanın aparıcı muzeylərindən
birində daimi yerini tutursa, bu, əsla sıradan olan hadisə,
hansısa başqa bir ədibin, ictimai xadimin, alimin, ya sənət
adamının heykəlinin düzəldilərək xalqa təqdim
edilməsi qədər sadə iş deyil.
Çingiz
danışırdı, həmin məclisdə ailənin
tarixçəsini, nələrdən keçmiş
olduğunu təfərrüatları ilə bilən sinli
insanlar çox idi, dinlədikcə kövrəlirdilər,
çünki ötən günlərin nisgilləri bir-bir
göz önündən keçirdi: "Ömər Faiqin həyat
yolu və fəaliyyətinin layiqli qiymətləndirilməsi
üçün onun qızı Kamilə xanım çox
böyük səylər göstərirdi. Ancaq təəssüflər
olsun ki, tez-tez məyus qalırdı. Çünki lazımi
reaksiya görmürdü. Çünki Ömər Faiqin
adı qapalı siyahıdaydı. Ömər Faiq türklərin,
azərbaycanlıların, ümumiyyətlə, türk
xalqlarının tərəqqisi, maarifçilik, milli
dirçəliş sahəsində
çalışmışdı və bu da, təbii ki,
bolşeviklərin arzuladığına uyğun deyildi.
Onların əksinə, istəyi bu idi ki, bütün türk
xalqları ruslaşsınlar, öz mədəniyyətlərini
itirsinlər. Kamilə xanımla qonşu idik, eyni küçədə
yaşayırdıq və bizim evimizdən onlara beş dəqiqəlik
yol idi. Mən də uşaqdım, Kamilə xanımı
çox sevirdim, onlara tez-tez gedib-gəlirdim, o da mənə
çox mehriban münasibət göstərirdi. İndiyə
kimi gözümün qabağındadır: Kamilə
xanımın iri, qalın bir dəftəri vardı. Hər
gün o dəftərə nəsə yazardı.
Baxmışdım da, ancaq nə yazdığını
bilmirdim, çünki Azərbaycan dilində ərəb əlifbası
ilə yazardı. Danışanda birdən nəsə
yadına düşürdü, tez dəftərini
açırdı, ora əlavə edirdi. O zaman Mesxetiyada
yaşayan bir sıra qohumlarımız,
tanışlarımız vardı. Hərdən gəlib
xahiş edirdilər, mən onları Kamilə xanımın
yanına aparardım. Bir qohumumuz vardı - xalamın
yoldaşı, riyaziyyatçı idi. Yaddaşı çox
gözəl idi. O, Kamilə xanıma söyləyərdi ki,
filan ildə Andronik filan kəndə girdi, filan işləri
törətdi, Kamilə xanım da dərhal qeydə
alardı. Günlərin bir günündə Şamil müəllim
Qurbanov Kamilə xanımın evinə gəldi. Kamilə
xanım onda olan bütün yazıları, sənədləri,
öz xatirələrini, qeydlərini Şamil müəllimə
təqdim etdi. Əslində bu, bir xəzinə idi.
Çünki Kamilə xanım bunların hamısını
illər boyu göz bəbəyi kimi qoruyub-saxlaya, toplaya
bilmişdi. O dövrdə isə bu, heç də asan iş
deyildi. Üstəlik, çox təhlükəli idi. Onlar
üstündə "xalq düşməni"
damğası olan ailə idilər. İstənilən gün
mənzillərində axtarış aparıla bilərdi,
bütün bu qiymətli yadigarlar biryolluq yoxa
çıxardı. Şamil müəllim Kamilə
xanımın təqdim etdiyi materiallar və öz tədqiqatları
əsasında sanballı monoqrafiya yazdı, Ömər Faiqin əsərlərinin
toplusunu nəşr etdirdi. O vaxtdan ictimaiyyət Ömər
Faiqin adını artıq yaxından tanıdı, bildi ki, Azərbaycanın
və Axısqa türklərinin belə bir görkəmli
nümayəndəsi olub.
Bu
gün sırf Rafael müəllimin şəxsi təşəbbüsü
və səyləri ilə, rəsmən heç bir maliyyə
ayrılmadan bu işin başa çatdırılması,
Ömər Faiqin abidəsinin bu panteonda yer alması Ömər
Faiqin həyatında həmin başlanğıcdan sonrakı
ikinci ən əlamətdar məqamdır. Bu gündən
etibarən Ömər Faiq gözəl bir heykələ
çevrilərək burada hər gün insanları
salamlayacaq, mən varam deyəcək, söz yox ki, bu abidə
onun şəxsiyyətinə də,
yaradıcılığına da yeni-yeni insanları cəlb
edəcək".
...Ömər
Faiqdən sayca az fotolar qalıb. Bir tərəfdən o
dövrdə sən deyən çox şəkil də
çəkdirilmirmiş, digər yandan da onların da
çoxunu onu gedər-gəlməzə aparanda NKVD
bayquşları müsadirə edib yoxa çıxarıblar.
Gərək
rəssamlarımız da bu insanın surətini, dramatik
ömrünün hadisələrini əlvan lövhələrə
çevirmək səmtində əmək sərf edə. O
lövhələrdən birini vaxtilə Axısqa türklərinin
düyünlü taleyi ilə bağlı müşkülləri
həll etməkçün kənd-kənd dolaşan Ömər
Faiqi xəyala gətirirkən aydınca təsəvvür
edirəm: at belində, təkcə, köməksiz,
qorumasız-filan düşübmüş yollara.
Gürcüstanda İnqilab Şurasının üzvü
imiş. Gürcüstanda yaşayan azərbaycanlıların
və Axısqa türklərinin vəziyyətini öyrənmək
üçün Borçalı mahalının bu
başından vurub, o başından
çıxırmış. Gördüklərinin
hamısını sənədləşdirir,
protokollaşdırır, hökumətə təqdim edir, məsələlər
qaldırırmış. O sənədlərdə kəndlərdə
azərbaycanlıların, Axısqa türklərinin ona verdiyi
narahat suallar da qalıb. Əhali xəbər
alırmış ki, Ömər Faiq bəy, bu hökumət
sovet hökumətidir, ya erməni hökuməti? Sualı səbəbsiz
də vermirlərmiş, çünki ayrı-ayrı vəzifələrə
təyin edilənlərin əksəri ermənilərmiş və
bura Gürcüstan olmağına baxmayaraq, ermənilər at
oynadırmışlar, müsəlman, türk əhalini də
çox incidirmişlər.
Siyasətcil
Ömər Faiq də dinməz-söyləməz bunların
hamısını sənədləşdirir, rəhbərliyə
təqdim edir, tədbirlər görməyə
çağırırmış. Təbii, onun bu təəssübkeşliyindən
və erməniyəzidd addımlarından daşnaklar da
anındaca duyuq düşürdülər və Ömər
Faiqə qarşı cürbəcür təxribatlara əl
atırdılar. Ömər Faiq də kəndlərə
çıxanda özü ilə mühafizəçilər
götürməməsini sonralar xısın ailə söhbətlərində
belə izah edibmiş ki, mən özüm tək olanda hər
dəfə gedəcəyim yerə fərqli
cığırlarla, dəqiq vaxtı irəlicədən kimsəyə
bildirmədən yollanardım. Ehtiyat edirdim ki, elə ermənilərlə
əlbir olanları mənə müşayiətçi kimi
qoşar, hansısa yollardan keçəndə mənə
gizli pusqu qurub qətlə yetirərlər.
Ömər
Faiqin haçansa yaradılacaq surətlərindən birini məhz
bu cür də görürəm - şax qaməti ilə, məğrurluq
yağan görkəmi ilə at belində, kimsəsiz bir kənd
yolu ilə irəliləyən...
O
vaxt - 1920-ci illərdə bolşevik cildli erməni
daşnakları Ömər Faiqə qəsd təşkil etməyə,
onu aradan götürməyə girəvə tapa bilməmişdilər.
Ancaq Ömər Faiqin 1937-ci ildəki həbsinə aparan
bütün tələlərin ardında onu özlərinə
ən qəddar düşmənlərdən sayan ermənilərin
birbaşa əli vardı. Bunlar da sadəcə ehtimallar deyil.
Rəhmətlik Şamil müəllim Ömər Faiqin
Gürcüstan Dövlət Təhlükəsizlik Komitəsinin
arxivindəki cinayət işi ilə qismən tanış ola
bilmişdi. Söyləyirdi ki, ona qovluqdakı bir sıra
materialları, ayrı-ayrı şahidlərin ifadələrini,
həbs üçün hazırlıq əsnasında
yığılmış guya sübutedici rəyləri verməkdən
imtina etmişdilər. Danışırdı ki, orada arxiv idarəsində
işləyən də bir Gürcüstan ermənisi idi.
O illərdə
ki unudulmaz professor Şamil Qurbanova Ömər Faiqin "Cinayət
işi" ilə tanışlıq və bəzi hissələri
köçürmək nəsib olmuşdu, artıq sovet
dağılmışdı, KQB arxivləri yeni-yeni
açılırdı. Həmin dövrdə mənə də,
digər araşdırıcılara da bizdə yüzlərlə
keçmiş siyasi məhbusun, repressiya qurbanının
qovluqları ilə asudəcə tanış olmaq imkanı
yaradılmışdı. Gürcüstan ümumən arxivlə
tanış olmaq məsələlərində bizlərə
münasibətdə xeyli xəsisdir, ancaq Şamil müəllimin
bəxti ikiqat gətirməyibmiş ki, üstəlik
qarşısına həm də bir erməni
çıxıbmış.
...Ömər
Faiq və Ömər Faiq bənzəri insanlar o şəxsiyyətlərdir
ki, gərək onların surəti həmişə
insanların gözünün qabağında ola.
Gözünün qabağında ola və istər-istəməz
ona doğru getməyə can atasan.
Ömər
Faiq də Azərbaycan düşüncəsinin, Azərbaycan
mənəviyyatının o şəxsiyyətidir ki, gərək
yada yalnız yubileydən-yubileyə, hər hansı bir
uyğun mövzu və tədbirlə əlaqədar
düşməsin. Belə şəhidlərimiz gərək
hər gün xatırlansın, adları daim dildə olsun,
sayğıları həmişə bizimlə qalsın.
Çünki Ömər Faiq kimi seçilmişlərimizin
xidməti əslində Azərbaycanın hər günündə
var. İstiqlal içərisindəyiksə, hər gün bu
müstəqilliyin xoşbəxtliyini dadırıqsa, bu
gün Azərbaycan hansısa bir-birinin ardınca zəfərlərə
çatırsa, hamısında Ömər Faiqin də
payı var.
...Ömər
Faiqin təbib nəvəsi, uzun illər Tibb İnstitutunda
kafedra müdiri olmuş Nigar xanım anası Adilə
xanımın dilindən danışırmış ki,
köklü-köməcli Abaşidzelər nəslindən
olan nənəsi Abidə xanım uşaqlarını Ömər
Faiqin vəsiyyətləri ruhunda tərbiyə edib
böyüdürdü. Əslində Ömər Faiq vəsiyyət
etməyə macal tapmamışdı. Onun bütün nəsihətləri
də, vəsiyyətləri də yaşadığı
ömür, yazdığı əsərlər idi. Ailədə
də daim ona çalışılıb ki, Ömər Faiqin
nigaran ruhu şad olsun deyə onun umduğu ruh,
arzuladığı yeni nəsil tərbiyəsi ilk növbədə
öz ailəsinin içərisində var olsun, balalarında
davam etsin.
Mərd
ataların amallarını yaşatmış, ən
müdhiş əyyamlarda ailənin şərəfini uca
tutmağa qadir olmuş, analığın,
qadınlığın müqəddəs heykəlləri
olan bu mələklər - Ömər Faiqin Abidə
xanımı, Hüseyn Cavidin Mişkinaz xanımı, Əhməd
Cavadın Şükriyyə xanımı, Seyid Hüseynin
Umgülsüm xanımı və neçə-neçə
belə dəyanətli qadınlarımız gərək həmişə
rəhmətlərlə, sevgilərlə anıla, yeni nəsillərə
görk ola!
Bir
ailənin, bir nəslin dayağı olmuş bu mərd
qadınların hər biri əslində millətin ləyaqət
sütunlarıdır!
...Ömər
Faiq abidəsini görkəmli sənətkar, xalq rəssamı,
unudlmaz dostumuz Akif Əsgərovun tələbəsi olmuş gənc,
istedadlı heykəltəraşımız, elə Rəssamlıq
Akademiyasını bitirincə Nizami muzeyində işə
götürdüyüm Leyla Məmmədova yaratdı. Abidənin
açılış günündə, həmin həyəcan
və qürur dolu axşamda
Leyla da danışdı və belə təsirli sözlər
söylədi ki, "Ömər Faiqi tanıdıqca onun əsr
yarım əvvəl dediklərinin bu gün gerçəkləşdiyini
başa düşdüm. Ömər Faiqin o vaxt
qadınların təhsili üçün apardığı
mübarizənin fonunda onun heykəlini 150 ildən sonra bir
qadın hazırladı. Ömər Faiq mənim
gördüyüm qədər əslində iki fərqli
xarakterli insandır: bir tərəfdən o, balaca
uşaqların əlindən tutub onlara bilik verən müəllim,
digər tərəfdən də Axısqa Türk Cümhuriyyətinin
ilk qurucusu, Azərbaycan uğrunda mübarizə aparmış
qəhrəmandır. Ona görə mən hər iki xarakteri
- həm müəllimi, həm də o lideri bu abidədə
göstərməyə çalışdım.
2024-cü
il mayın 14-də, tarixə çevrilən həmin əlamətdar
gündə Ömər Faiq abidəsi üzərindən
örtüyü çəkməzdən öncə bunu da
söylədim ki, bu, sadəcə muzeydəki növbəti fərəhli
açılış deyil. Təkcə Ömər Faiq
Nemanzadəyə yaxın, qohum olan insanların da şad
günü deyil. Bu, bir millət hadisəsidir. Xalqın əbədi
yaşamaq haqqı olan bir övladı bu möhtəşəmliklə
yenidən qayıdırsa, bundan belə daim gözlər
qarşısında olacaqsa, bu, haqqın zəfəri, ədalətin
təntənəsi deməkdir.
Ömər
Faiq Nemanzadə böyük yolunu millət
qarşısında içdiyi andla başlamışdı.
1904-cü ildə yazdığı və "Şərq-i
rus"da dərc edilmiş "İqba-yi hissiyyat"
şeirindəki bu misralar onun məramnaməsi, gələcək
illər üçün müəyyənləşdirdiyi
proqramı, millət qarşısında öhdəliyi idi:
Könlümün
məqsudi qırmaqdır əsarət qeydini,
Meyl-i
təmim-i həqaiq meyl-i baladır bana.
Əsarət
zəncirlərini qırmaq yolunda
çalışmağı, həqiqətləri müdam car
çəkməyi bütün istəklərindən
üstün tutmağın
çağırışlarının son nəfəsədək
dilindən düşməyəcək ən ali dəyərlər
olacağını bəyan edən Ömər Faiq axıradək
də andına sadiq qaldı. Mühərrirlik etdi, müəllimlik
etdi, gərəkli saydığı kitabları millətin
bilik üfüqlərini genişləndirmək
üçün dilimizə çevirdi. Mirzə Cəlillə
birgə "Molla Nəsrəddin" kimi müstəsna mizah
toplusunu doğurdu.
Millət
quruculuğu, xalqının yüksəlişləri naminə
hər nəyi var - biliyini, vaxtını,
rahatlığını, sevgisini fəda etdi. Axıra bir
canı qalırdı. Onu da fəda edib əbədiyyətə
uçdu. Abidəyə çevrilib yalnız bir muzey
otağında deyil, küçələrdən, xiyabanlardan
sevimli millətini hər gün salamlaya bilmək onun ana
südü kimi halal haqqı deyilmi?!
17
noyabr 2024
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 24 noyabr(№215).-S.18-19.