Heydər Əliyevin akademiklik
seçkisi və Akademiyanın dövlətçilik dərsləri
- Unudulmaz səhifələr
Məlum olduğu kimi, Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyev respublikamıza rəhbərlik
etdiyi tarixi epoxada cəmiyyət həyatının
bütün sahələri ilə bir sırada ölkə
elminin və Elmlər Akademiyasının da
inkişafını yeni mərhələyə
qaldırmışdır. Sovet hakimiyyəti dövründə
Azərbaycanda fundamental və tətbiqi elmlərin inkişaf
etdirilməsinə dövlət səviyyəsində dəstək
verilməsi, Elmlər Akademiyasının "Xalqlar
dostluğu" ordeni ilə təltif olunması, müstəqillik
illərində ali dövlət elmi təşkilatının
Milli Elmlər Akademiyası statusu qazanması, görkəmli
elm xadimlərimizin dövlətimizin ən yüksək
mükafatları və fəxri adları ilə təltif
olunmaları görkəmli dövlət xadimi Heydər
Əliyevin adı və yorulmaz fəaliyyəti ilə üzvi
surətdə əlaqədardır.
Ulu öndər Heydər Əliyevin tərcümeyi-halının
Azərbaycan Elmlər Akademiyası ilə bağlı daha bir
səhifəsi də ölkə rəhbəri kimi onun Elmlər
Akademiyasının həqiqi üzvlüyünə qəbul
edilməsinə dair seçkinin keçirilməsi ilə əlaqədar
indiyə qədər haqqında çox az, epizodik şəkildə
söz açılmış məsələdir. Hesab edirik
ki, həm elm tarixi ilə əlaqədar əhəmiyyətli
fakt olduğu üçün və həm də dahi şəxsiyyət
Heydər Əliyevin əsl dövlət xadimi olaraq xarakter
xüsusiyyətlərinə yaddaqalan səhifələr əlavə
etdiyinə görə bu məsələni də sənədlərin
dili ilə geniş ictimaiyyətə çatdırmaq əhəmiyyətlidir.
Azərbaycan Milli Elmlər Akademiyasının Elmi irs
arxivindən ilk dəfə əldə etdiyimiz sənədlərdən
aydın olur ki, Elmlər Akademiyasının Rəyasət Heyəti
22 may 1998-ci il tarixdə Akademiyanın prezidenti, akademik Fəraməz
Maqsudovun sədrliyi ilə keçirilmiş iclasında Azərbaycan
dövləti və xalqı qarşısındakı müstəsna
xidmətlərini, dünya siyasətindəki xüsusi rolunu və
mövqeyini, həmçinin ölkə elminin
inkişafına göstərdiyi əvəzsiz diqqət və
qayğısını əsas götürərək, Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin siyasi elmlər
üzrə Elmlər Akademiyasının həqiqi üzvü
seçilməsi ilə əlaqədar qərar qəbul
etmişdir. AEA Rəyasət Heyətinin iclasında görkəmli
dövlət xadimi Heydər Əliyevin Akademiyanın həqiqi
üzvü seçilməsi aşağıdakı elmi
müddəalarla əsaslandırılmışdır:
"Azərbaycan Respublikasının beynəlxalq aləmdə
artan nüfuzu, daxili sabitliyə nail olunması,
yürüdülən daxili və xarici siyasət, ölkədə
aparılan demokratik islahatlar məhz böyük siyasətçi
Heydər Əliyevin adı ilə bağlıdır. XX əsr
dünya siyasət tarixinə adı əbədilik həkk
olunmuş Heydər Əliyevin dövlət quruculuğu,
siyasi, iqtisadi, hərbi, elmi-mədəni sahələrdəki
qaynar, səmərəli və məhsuldar fəaliyyəti
fundamental tədqiqat obyektidir. Artıq ölkəmizdə Heydər
Əliyev siyasi məktəbi yaranmışdır və bu məktəbdən
nəinki siyasi elmlər sahəsində çalışan Azərbaycan
alimləri, habelə digər ölkələrin tədqiqatçıları
da bəhrələnirlər".
Azərbaycan Elmlər Akademiyasının Rəyasət
Heyətinin üzvləri Akademiyanın prezidenti, akademik Fəraməz
Maqsudovun təklifini müdafiə edərək, yekdilliklə
Heydər Əlirza oğlu Əliyevin siyasi elmlər
ixtisası üzrə AEA-nın tərkibinə həqiqi
üzv seçilməsini məqsədəuyğun
saymışlar. Bu məqsədlə Akademiyasının Rəyasət
Heyəti 22 may 1998-ci ildə aşağıdakı kimi qərar
qəbul etmişdir: "Bu gün Azərbaycanın müstəqil
dövlət kimi yaşaması, möhkəmlənməsi və
onun təhlükəsizliyinin təmin edilməsi
üçün digər elm sahələrindən daha
çox siyasi elmlərin inkişaf etdirilməsinin vacibliyini nəzərə
alaraq və Heydər Əliyevin AEA-nın tərkibinə
siyasi elmlər ixtisası üzrə həqiqi üzv
seçilməsini məqsədəuyğun hesab edərək,
Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti
qərara alır:
1. 23 may 1998-ci il tarixdə AEA-nın Ümumi
Yığıncağı çağırılsın.
2. Ümumi Yığıncağın gündəliyinə
Heydər Əlirza oğlu Əliyevin AEA-nın həqiqi
üzvlüyünə siyasi elmlər ixtisası üzrə
seçkilərinin keçirilməsi məsələsi daxil
edilsin.
3. Heydər Əlirza oğlu Əliyevin AEA həqiqi
üzvlüyünə siyasi elmlər ixtisası üzrə
namizəd seçilməsi məsələsinə İctimai
Elmlər Bölməsinin Ümumi
Yığıncağında müəyyən olunmuş
qaydada baxılsın".
Görkəmli dövlət xadimi Heydər Əliyevin
Akademiyanın həqiqi üzvlüyünə seçilməsinə
dair seçkinin keçirilməsi üçün Nizamnaməyə
uyğun olaraq 23 may 1998-ci il tarixdə
çağırılan AEA İctimai Elmlər Bölməsinin
iclasında Bölmədə təmsil olunan akademiklər
görkəmli dövlət xadimi Heydər Əliyevin bu
akademik qurumun siyasi elmlər üzrə həqiqi üzv
seçilməsi məsələsini müzakirə edərək,
böyük məmnuniyyətlə təklif edilən qərarın
lehinə səs vermişlər. AEA-nın İctimai Elmlər
Bölməsinin Ümumi Yığıncağının
akademik Cəmil Quliyevin sədrliyi ilə keçirilmiş 23
may 1998-ci il tarixli iclasında çıxış edən
AEA-nın həqiqi üzvləri: Asəf Nadirov, Ziyad Səmədzadə,
Firudin Köçərli, müxbir üzvlər: Səlvər
Aslanov, Mənsumə Məlikova, Məqsəd Səttarov,
İqrar Əliyev, Teymur Bünyadov, Ağasəlim Ələsgərov,
Fuad Qasımzadə kimi tanınmış elm adamları
görkəmli dövlət xadimi Heydər Əliyevin
xalqımız və dövlətimiz
qarşısındakı böyük xidmətlərini
yüksək qiymətləndirdiklərini bildirmiş, onun
geniş siyasi dünyagörüşü və dünya siyasətindəki
yeri və mövqeyi haqqında elmi cəhətdən əsaslandırılmış
fikirlər irəli sürmüşlər. AEA-nın
İctimai Elmlər Bölməsinin 23 may 1998-ci il tarixli 3
saylı protokolundan görünür ki, akademik Firudin
Köçərlinin sədrliyi ilə təşkil olunmuş
və akademik Asəf Nadirovla akademik Ziyad Səmədzadənin
üzv olduqları hesablama komissiyası Heydər Əlirza
oğlu Əliyevin siyasi elmlər üzrə AEA-nın həqiqi
üzvlüyünə seçkidə yüz faiz səs
aldığını elan və təsdiq etdikdən sonra
Bölmə onun AEA-nın həqiqi üzvlüyünə
namizəd seçilmiş hesab olunduğunu nəzərə
almaqla, Akademiyanın Ümumi
Yığıncağının qarşısında bu qərara
baxılması üçün vəsatət
qaldırmışdır.
AEA-nın 23 may 1998-ci il tarixdə, günün ikinci
yarısında keçirilmiş Ümumi
Yığıncağında isə akademiyanın bütün
elmi sahələri üzrə çıxış edən həqiqi
üzvlərinin hamısı Heydər Əlirza oğlu
Əliyevin siyasi elmlər üzrə həqiqi üzv
seçilməsi məsələsini müzakirə edərək,
onun lehinə böyük ruh yüksəkliyi ilə səs verəcəklərini
bildirmişlər. Seçkinin keçirilməsinə dair protokoldan
məlum olur ki, AEA-nın Ümumi
Yığıncağında iştirak edən 26 nəfər
Akademiyanın həqiqi üzvlərinin əksəriyyəti səsvermədən
əvvəl Heydər Əliyevin çoxcəhətli yorulmaz
fəaliyyətini, böyük xidmətlərini müxtəlif
aspektlərdən elmi-siyasi cəhətdən təhlil edərək
yüksək qiymətləndirmişlər. AEA-nın
Ümumi Yığıncağında Heydər Əliyevin
Akademiyanın həqiqi üzvü seçilməsi məsələsinin
akademiyanın çoxsaylı akademiklərinin müraciətləri
əsasında həyata keçirildiyi nəzərə
alınmaqla, akademik düşərgəni təmsil edərək
çıxış edənlər onun fəaliyyətini
dövrlər və problemlər üzrə sistemli şəkildə
təhlil edərək, ümumiləşdirilmiş elmi fikirlər
və mülahizələr irəli sürmüşlər.
Heydər Əliyevin Akademiyaya həqiqi üzv seçilməsi
ilə əlaqədar səsləndirilmiş bu mülahizələr
elm adamlarının siyasi mövqeyi və Azərbaycanda
elmi-siyasi fikrin inkişaf səviyyəsi haqqında da aydın
təsəvvürün yaranmasına xidmət edir. Dünya
şöhrəti qazanmış görkəmli dövlət
xadimi Heydər Əliyevin çoxillik və çoxcəhətli
fəaliyyətini geniş şəkildə təhlil edib dəyərləndirən
AEA-nın prezidenti, akademik Fəraməz Maqsudov Azərbaycan
Respublikasının Prezidentində dünya siyasətçilərinə
və böyük dövlət xadimlərinə xas olan
yüksək dövlətçilik xüsusiyyətlərini
Ümumi Yığıncaq iştirakçılarının
diqqətinə çatdırmışdır: "Heydər
Əliyevin siyasət elmi sahəsindəki işlərini 3
dövrə bölmək olar. 1970-ci illərdə
apardığı işlər. O zaman Azərbaycan
Respublikası Rusiyanın (SSRİ nəzərdə tutulur -
İ.H.) tərkibində idi. Bu dövlətin tərkibində
ola-ola özünə xas olan üsullarla, dəlillərlə
Heydər Əliyev cənabları Azərbaycan
diplomatiyasını ayaq üstə qaldırdı... Azərbaycanı
dünya miqyasında tanıtdı.
Heydər Əliyev siyasətinin ikinci dövrü
Moskvada işləyərkən, Baş nazirin Birinci müavini
olarkən apardığı siyasət idi. Dünyanın
siyasi xadimləri, rəhbərləri Heydər Əliyev cənablarını
əfsanəvi bir şəxsiyyət kimi qiymətləndirirlər.
İstər xarici, istərsə də daxili siyasətdə ən
çətin anlarda belə Heydər Əliyev cənabları
öz işini görməkdə idi.
Heydər Əliyev cənabları siyasət sahəsində
üçüncü dövrdə, bu çətin dövrdə
Azərbaycanı dünyaya yenidən tanıtmaq
üçün çox nəhəng, titanik işlər
görmüşdür... O, dünya siyasətində
aparıcı yerini tutur.
...O, Azərbaycanla nəfəs alır. Bu xüsusiyyət
ona ana südü ilə daxil olub.
...Heydər Əliyev əsl bir alim kimi hər şeyə
öz üsulu ilə yanaşır,.. elmə əsaslanır...
Riyaziyyatçı ilə riyaziyyatçı kimi,
musiqiçi ilə musiqiçi kimi, memarla memar kimi
danışır. O, hər şeyi bilir, tariximizə gəldikdə
isə… bizim bir nömrəli tarixçimiz cənab
Prezidentimizdir".
AEA Ümumi Yığıncağının
protokolunun stenoqramından görünür ki, bu elmi qurumun rəhbərinin
giriş sözündən sonra Nizamnamənin müddəalarına
əməl edilməklə, Akademiyanın İctimai Elmlər
Bölməsinin akademik-katibi, akademik Cəmil Quliyev həmin
Bölmədə Heydər Əliyevin siyasi elmlər üzrə
AEA-nın həqiqi üzvü seçilməsi haqqında qəbul
edilmiş qərar və qaldırılmış vəsatət
haqqında məlumat vermişdir. AEA Ümumi
Yığıncağının iştirakçıları
olan Akademiya üzvləri çıxış edərək
İctimai Elmlər Bölməsinin qərarını və vəsatətini
ürəkdən dəstəklədiklərini bildirməklə
yanaşı, həm də başlanmış müzakirələri
davam etdirərək, Azərbaycan xalqının böyük
oğlu və dünya şöhrətli qüdrətli
dövlət xadimi, mahir siyasətçi Heydər Əliyev
haqqında baxışlarını meydana qoymuşlar. Hesab
edirik ki, Akademiyada keçirilən məsuliyyətli və
şərəfli bir seçki prosesində Heydər Əliyev
barəsində səsləndirilmiş elmi mülahizələr
sadəcə yalnız seçki məsələsi ilə
bağlı olmayıb, ümumiyyətlə bu dahi insanın
şəxsiyyətinin və fəaliyyətinin miqyası,
dövlətçilik sahəsindəki xidmətləri
haqqında Azərbaycan alimlərinin elmi
baxışlarının ifadəsidir. Akademiyanın Ümumi
Yığıncağının 23 may 1998-ci il tarixli
iclasında ölkəmizin görkəmli alimləri tərəfindən
deyilmiş və indiyədək naməlum qalan, heç bir
yerdə çap edilməmiş fikirlər Azərbaycan Heydər
Əliyevşünaslığının əhəmiyyətli
səhifələrindən ibarətdir. Ümumi
Yığıncaqda bəyan edilmiş mülahizələrdən
hər biri həmin fikirlərin sahibləri olan alimlərin Azərbaycan
Respublikasında Heydər Əliyev epoxasında gedən proseslərə,
qazanılmış nailiyyətlərə, baş vermiş
ictimai-siyasi hadisələrə dair elmi
yanaşmalarını, təhlillərini və dəyərləndirmələrini
diqqətə çatdırır.
AEA-nın İctimai Elmlər Bölməsini təmsil
edən akademik Asəf Nadirovun çıxışında
Heydər Əliyevin ölkəni elmi əsaslarla idarə etməsi
diqqət mərkəzinə çəkilmişdir:
"Heç zaman Akademiyanın həyatında akademiyanın
üzvlüyünə seçki mərasiminin bu qədər
ruh yüksəkliyi ilə keçirilməsinin şahidi
olmamışam. Bu şəxsiyyət əsl mənada Azərbaycanın
ən böyük alimidir. Heydər Əliyev cənabları
böyük iqtisadçı, filosof, tarixçidir.
Ancaq bir həqiqət var... 60-cı illərin
axırlarında Azərbaycanın iqtisadiyyatı ağır
vəziyyətdə idi. Lakin az bir müddət ərzində
Azərbaycanın iqtisadiyyatı keçmiş SSRİ-də
yüksək səviyyəyə qalxdı. Bəs bu necə
oldu? Həmin iqlim, həmin adamlar... Bu ondan irəli gəlir
ki, Azərbaycanı idarə edən müdrik rəhbər
var, bu müdrik rəhbər Azərbaycan iqtisadiyyatını
elmi əsaslarla idarə edir.
...Biz müstəqillik deyəndə elə bilirdik ki,
bu, 1991-ci ildə oldu. Doğrudur, bu belə idi. Ancaq gəlin həqiqətlərin
üzünə düz baxaq. Mən Azərbaycan
xalqının müstəqilliyinin ilk ab-havasını 70-80-ci
illərdə görmüşəm. Məhz Heydər
Əliyevin rəhbərliyi sayəsində Azərbaycan o səviyyəyə
qalxmışdı. ...Bəli, biz onunla fəxr edirik".
Akademiyanın həqiqi üzvü Ədilə
Namazova: "Akademik seçəndə, istər SSRİ
dövründə, istərsə də indi, biz onun elmi cəhətdən
necə olduğunu nəzərə alırıq... Biz akademik
seçəndə onun kadr hazırlığını nəzərə
alırıq. Bütün bunlar bizim cənab Prezidentimiz Heydər
Əliyevə məxsusdur.
Azərbaycanda nə qədər tibb elmləri doktoru
varsa, hamısı Heydər Əliyevə borcludur. ...Mən
vaxtaşırı Rusiyada oluram. Doğrudan da, Rusiyanın tibb
alimləri bizə həsəd aparırlar.
Siz Lissabon Sammitini yəqin ki dinləmisiz. Mən sənədləri
oxuyanda, hətta orada çıxan qəzetlərdən deyə
bilərəm ki, orada yazılır ki, "Ne tolko Lissabonskom
Sammite i o nem". Bu, çox fərəhləndirici
haldır. Mən qətiyyətlə deyə bilərəm ki,
Heydər Əliyev cənabları Azərbaycan Elmlər
Akademiyasının üzvü olsa, bizim hörmətimizi daha
da yüksəldər".
Akademik İsmayıl İbrahimov dövlət işlərində
çalışdığı dövrdə Heydər
Əliyevin fəaliyyətində müşahidə etdiyi
yüksək dövlət idarəçiliyi qabiliyyətlərindən
danışmışdır: "O illər, 60-80-ci illər
Azərbaycan tarixinin xüsusi illəridir. Bu dövrdə bizim
sənayemiz, iqtisadiyyatımız çox inkişaf
etmişdir. Bu göstəriciləri əmələ gətirmək
üçün... Büro iclaslarında Heydər Əliyev
bütün məsələləri ətraflı öyrənməmiş,
hiss etməmiş heç bir qərar qəbul etmirdi.
...Demək istəyirəm ki, o, ...hər bir məsələ
üzrə təşkilatçı idi. Apardığı
işlərə görə... ona bütün texniki elmlər
üzrə elmlər doktoru adı vermək olar. Eyni zamanda,
EA-nın həqiqi üzvü seçilməsinə də tam
hüququ var".
AEA-nın 23 may 1998-ci il tarixli iclasında iştirak edənlərdən
hazırda müxtəlif sahələrdə fəaliyyətlərini
davam etdirən akademik Akif Əlizadə, akademik Urxan Ələkbərov
və akademik Ziyad Səmədzadə həmin xüsusi əlamətdar
günün şanlı şahidləridir. Ümumi
Yığıncağın iclasında akademik Akif Əlizadə
və akademik Ziya Səmədzadə çıxış
etmiş, akademik Urxan Ələkbərov isə seçki
üzrə təşkil edilmiş müsabiqə
komissiyasının üzvü kimi üzərinə
düşən şərəfli vəzifəni məsuliyyətlə
yerinə yetirmişdir.
Akademik Ziyad Səmədzadənin çıxışından:
"Bu gün Azərbaycan elmində çox böyük bir
hadisə baş verir. Onun problemlərinin həllində Heydər
Əliyev cənablarının böyük xidmətləri
vardır... Təkcə təşkilatçılıqda
deyil, struktur dəyişikliklərində, Azərbaycanda əmək
məhsuldarlığının surətlə artmasında
Heydər Əliyev elmə əsaslanır və əsaslanmaqdadır.
İlk dəfə olaraq çox cəsarətlə Azərbaycanın
özü-özünü saxlamaq, yaşatmaq
imkanlarını göstərmişdir.
Bu, Azərbaycan elminin tarixində yeni hadisədir. Bu,
Azərbaycan elminin inkişafına, ictimai elmlərin surətli
inkişafına, alimlərin qorunmasına xidmət edəcəkdir".
Akademik Akif Əlizadə: "Çox yaxşı
oldu ki, mən də öz sözümü deyə bildim. Onun
çox gözəl idarəetmə qabiliyyəti vardır...
Bütün qlobal problemlərin, iqtisadi problemlərin həllində
dərin iz buraxmışdır. Kadr hazırlığına
göstərdiyi qayğı hamıya məlumdur...
...Bu gün bizim yaddaşımızda dərin iz
buraxacaqdır".
Ümumi Yığıncaqda çıxış edənlərdən
akademik Kamal Talıbzadə Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin ədəbiyyat və incəsənət
sahəsində dərin biliklərə malik olmasından, azərbaycançılıq
konsepsiyasını meydana qoymasından, akademik Musa Rüstəmov
dahi şəxsiyyətin Akademiyanın həqiqi üzvü
seçilməsini böyük şərəf işi hesab
edilməsindən, akademik Böyükkişi Ağayev "hərtərəfli
inkişaf etmiş siyasi bir alim kimi" gördüyü Heydər
Əliyevin tibb elmi sahəsindəki xidmətlərindən,
akademik Məhərrəm Məmmədyarov regionlarda elmin
inkişafı sahəsindəki səmərəli fəaliyyətindən
danışmaqla, akademik Musa Musayev onun biologiya və kənd təsərrüfatı
sahəsindəki biliklərini və xidmətlərini
xüsusi qeyd etməklə, Xəzər dənizinin dərindən
tədqiq edilməsi üçün Akademiyaya "Elm"
adlı gəminin verilməsindən böyük iftixar
duyğusu ilə söz açmışlar. Akademik Hacıbəy
Sultanov isə Azərbaycan astronomlarının qalaktikadakı
bir ulduza Heydər Əliyevin adını verdiklərini
Ümumi Yığıncağın iştirakçılarının
nəzərinə çatdırmışdır.
Ümumi Yığıncaqda seçkilərin
keçirilməsi üçün Hesablama
Komissiyasının sədri seçilmiş akademik Maqsud
Əliyev səsvermənin nəticələrini elan
etmişdir:
"Hörmətli toplantı
iştirakçıları!
AEA-nın bugünkü yığıncağında
30 nəfər akademiya üzvü iştirak edir, onlardan 26 nəfəri
həqiqi üzvdürlər. Gizli səsvermədə 30 nəfərin
hamısı yekdilliklə Heydər Əliyev cənablarının
AEA-nın həqiqi üzvü seçilməsinin lehinə səs
vermişlər. Əleyhinə, yoxdur.
...Təklif var ki, Heydər Əliyev cənabları
AEA-nın həqiqi üzvü seçilmiş hesab edilsin
(Alqışlar).
...Bu gün Akademiyanın tarixində ən yaddaqalan
tarixi bir gündür. ...Mən fəxr edirəm ki, bu tarixi
iclasın iştirakçısıyam".
Nizamnaməyə uyğun olaraq Elmlər Akademiyası
Ümumi Yığıncağının iclasına
Akademiyanın prezidenti yekun vurmuşdur:
"Möhtərəm yığıncaq
iştirakçıları!
Doğrudan da bugünkü gün bizim
üçün çox əlamətdar gündür. Qeyd etmək
istərdim ki, Heydər Əliyev Rusiyaya ilk rəsmi səfəri
zamanı Rusiya Elmlər Akademiyasının kollektivi ilə
görüşdü. Orada bütün elmlər üzrə
alimlər var idi. ...Heydər Əliyev orada bir akademik kimi
çıxış etdi... Hamı heyran qaldı. Hətta
qeyd etdilər ki, Rusiya Elmlər Akademiyasının
divarları bu günə qədər belə
çıxış eşitməmişdir.
...Fransada Siyasi Elmlər Akademiyası (Sosial EA
olmalıdır - İ.H.) var. Heydər Əliyev orada məruzə
ilə çıxış etmişdi. Yaxşı bilirsiniz
ki, Fransada erməni lobbisi çox güclüdür. O
adamların çoxusu oraya xoş niyyətlə gəlməmişdilər.
Heydər Əliyevin çıxışı
oradakıları mat qoymuşdu. Cənab Prezidentimizi
Akademiyanın həqiqi üzvü seçilməsi münasibətilə
məhəbbətlə, ürəkdən təbrik edirəm".
Ümumi Yığıncaqda gizli səsvermənin nəticələrə
dair hazırlanmış yekun protokolun mətni həm də
Heydər Əliyevin dövlətçilik fəaliyyətini və
xidmətlərini elmi və siyasi cəhətdən əsaslandıran
sənəd kimi də əhəmiyyətlidir. Akademik səviyyədə
yazılmış qərar layihəsinin mətnində Heydər
Əliyevin möhtəşəm siyasi portretinin əsas istiqamətləri
bütün dəqiqliyi ilə mükəmməl surətdə
ifadəsini tapmışdır. Sənəddə
yazılmışdı: "AEA-nın Ümumi
Yığıncağı Azərbaycan Respublikasının
Prezidenti H.Ə.Əliyevin XX əsrdə Azərbaycanda siyasi
elmlərin inkişafındakı rolunu, onun gərgin,
siyasi-diplomatik elmi fəaliyyətini, dövlətçilik təcrübəsini,
Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi,
onun təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq
və regional münaqişələrin həll edilməsi,
yeni və ən yeni dövrün tarixinin və nəzəriyyəsinin,
ümumi siyasi problemlərinin həlli, hüquqi dövlət
quruculuğunun əsaslarının yaradılması sahəsindəki
misilsiz xidmətlərini, Azərbaycan Elmlər
Akademiyasının İctimai Elmlər Bölməsinin təqdimatını
və Azərbaycan EA Ümumi
Yığıncağının gizli səsverməsinin nəticələrini
nəzərə alaraq, Azərbaycan EA Ümumi
Yığıncağı QƏRARA ALIR:
Heydər Əlirza oğlu Əliyev "Siyasi elmlər"
ixtisası üzrə Azərbaycan Elmlər
Akademiyasının həqiqi üzvü (akademiki)
seçilmiş hesab edilsin".
AEA-nın prezidenti, akademik Fəraməz Maqsudov gizli səsvermənin
nəticələri elan olunduqdan və təsdiq edildikdən
sonra Azərbaycan Respublikasının Prezidenti, görkəmli
dövlət xadimi Heydər Əliyevin Siyasi elmlər üzrə
Akademiyanın həqiqi üzvü seçilməsinə dair
diplomu imzalamışdır.
Seçki prosesinin gedişindən, stenoqramdakı
çıxışların məntiqindən belə başa
düşmək olar ki, Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin Elmlər Akademiyasının həqiqi
üzvü seçilməsi məsələsi sanki
Akademiyanın rəhbərliyi tərəfindən onunla əvvəlcədən
razılaşdırılmışdır. Lakin Elmlər
Akademiyasının prezidenti, akademik Fəraməz Maqsudov bu barədə
qabaqcadan ona deyilərsə, cənab Prezidentin razılıq
verməyəcəyini dəqiq bildiyinə görə Azərbaycan
alimlərinin minnətdarlıq və mənəvi borc hisslərini
ifadə etmək üçün bütün məsuliyyəti
öz üzərinə götürərək, seçki
keçirməyə qərar vermişdir. Bu, həqiqətən
də geniş mənada ölkəmizin, müstəqil
dövlətçiliyin xilaskarı və rəhbəri olan
görkəmli şəxsiyyətin keçid dövründə
həm də Elmlər Akademiyasını ləğv edilməkdən
xilas etməsi, çətin şəraitdə qoruyub
saxlaması və inkişaf etdirməsi qarşısında
Akademiya heyətinin gerçək bir dərkolunmuş mənəvi
borcunun ifadəsi idi. Həm də Heydər Əliyev kimi beynəlxalq
miqyasda qəbul edilmiş görkəmli bir dövlət xadiminin
Elmlər Akademiyasının həqiqi üzvü seçilməsini
nəinki Azərbaycanda və keçmiş Sovetlər
İttifaqı məkanında, hətta bütün dünyada
eşidən hər kəsin bu işi təbii və layiqli bir
addım kimi qəbul edəcəyi də əvvəlcədən
məlum idi.
Bütün bunlara baxmayaraq, Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev ölkə
alimlərinin ona göstərdikləri ehtiramı yüksək
qiymətləndirsə də, Elmlər Akademiyasının həqiqi
üzvü seçilməsi haqqındakı qərarı qəbul
etməmişdir. Əslində dövlət
başçısının məsələyə bu cür
münasibəti Elmlər Akademiyası üçün
xoşagəlməz nəticə verə bilərdi.
Lakin Ulu öndər Heydər Əliyev Elmlər
Akademiyasının prezidenti, akademik Fəraməz Maqsudova və
AEA-nın həqiqi üzvlərinə 24 may 1998-ci il tarixdə
məktub ünvanlayaraq, akademiya alimlərinin onun fəaliyyətinə
yüksək münasibətini müsbət dəyərləndirmiş,
ancaq Elmlər Akademiyasının həqiqi üzvü
seçilməsini məqsədəuyğun hesab etməmişdir.
Bu, Azərbaycan Respublikasının Prezidentinin hələ
sovet hakimiyyəti illərindən etibarən rəhbər vəzifəli
şəxslərin elmi dərəcə almalarına
qarşı apardığı mübarizəyə, həmin
istiqamətdə yürütdüyü ardıcıl siyasətə
güzəştsiz mövqedə dayanmasının əyani
göstəricisi idi. Akademiyaya ünvanlanmış məktubda
da Heydər Əliyev onun akademik seçilməsi haqqında qərarı
qəbul etməməsinin səbəbləri kimi,
"heç vaxt Elmlər Akademiyasının üzvü olmaq
arzusunda olmaması", "bu münasibətlə Elmlər
Akademiyasına müraciət etməməsi" ilə bərabər,
xüsusi olaraq "dövlət işləri ilə məşğul
olduğuna görə buna ehtiyac duymaması"nı qeyd etməklə
bir daha dövlət qulluğu sahəsində
çalışanların dissertasiya müdafiə etmələrinə
qarşı birmənalı münasibətini nəzərə
çatdırmışdır. Qeyd etmək lazımdır ki,
bu hadisədən təxminən bir il qabaq, 31 yanvar 1997-ci ildə
Prezident İqamətgahında Elmlər Akademiyasının
geniş tərkibli elmi heyəti ilə görüşərkən
də dövlət başçısı hələ 1969-cu
ildə respublikanın birinci şəxsi seçildiyi vaxtdan
bu məsələ ilə ciddi mübarizə
apardığını alimlərin diqqətinə
çatdıraraq demişdi: "Xatirəmdədir,
...altmışıncı illərdə Azərbaycanda ciddi bir
xəstəlik əmələ gəlmişdi, partiya, dövlət
işində işləyən çox adamlar bununla
yanaşı, özlərinə mütləq elmi dərəcə
almaq istəyirdilər, namizədlik, doktorluq dissertasiyaları
hazırladırdılar. Hesab edirdilər ki, gələcək
üçün lazımdır.
...Sizə məlumdur ki, mən 1969-cu ildə Azərbaycana
rəhbər seçildikdən sonra bu hallarla ciddi mübarizəyə
başladım, partiya, sovet işindəki şəxslərin
belə məsələlərlə məşğul
olmasının qarşısını almağa
çalışdım. Hətta bəzi adamlar gizli şəkildə
belə işlər gördüklərinə görə cəzalandırıldılar...
Çünki o insanlar vəzifələrindən sui-istifadə
edirdilər... Mən o vaxt da bunun əleyhinə olmuşam,
indi də əleyhinəyəm. Bu, mənim mənəvi
prinsipimdir".
Akademiyanın Ümumi Yığıncağında həqiqi
üzv seçilməsi haqqında məlumat aldıqdan sonra
Prezident Heydər Əliyevin Elmlər Akademiyasının rəhbərliyinə
və üzvlərinə şifahi şəkildə müraciət
etməsi də Ümummilli liderin elmə, Akademiyaya, elm xadimlərinə
bəslədiyi yüksək hörmət və ehtiramın
ifadəsi ola bilərdi. Elmlər Akademiyasına
ünvanlandığı 24 may 1998-ci il tarixli məktub isə
Heydər Əliyevin bu ali dövlət elmi təşkilatının
nüfuzunu qorumaq və daha da möhkəmləndirmək sahəsindəki
fəaliyyətinin daha bir nümunəsidir. Bu məqamda
keçmiş SSRİ Elmlər Akademiyasının tarixində
baş vermiş analoji bir hadisə ilə əlaqədar ibrətamiz
bir müqayisəni yada salmaq Heydər Əliyev fenomeninin nə
demək olduğunu bir daha əyani şəkildə
nümayiş etdirir. Təxminən 1960-cı ildə SSRİ
Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr
Nikolayeviç Nesmeyanov o zaman Sovetlər İttifaqının
rəhbəri olan Nikita Xruşovdan bu nəhəng akademik təşkilatın
həqiqi üzvü seçilməsinə razılıq
alır. SSRİ Elmlər Akademiyasının Ümumi
Yığıncağında Nikita Sergeyeviç Xruşovun
Akademiyanın həqiqi üzvlüyünə dair seçki
keçirilərkən Rusiya akademikləri ölkə rəhbərinə
səs vermirlər. Onlardan hər biri belə fikirləşir
ki, Aleksandr Nesmeyanovdan başqa yəqin heç olmasa, 1-2 nəfər
də Nikita Xruşovun lehinə səs verəcəkdir ki,
soruşan olsa, həmin şəxsin özü olduğunu
bildirməklə məsuliyyəti üstündən ata biləcəkdir.
Lakin nəticə gözlənilənlərin əksinə
olur. Səsvermə qutusu açılıb, bülletenlər
hesablanarkən məlum olur ki, Nikita Xruşovun lehinə
yalnız 1 nəfər səs vermişdir. Həmin səs də
yəqin ki, SSRİ Elmlər Akademiyasının prezidenti,
akademik Aleksandr Nesmeyanov imiş.
Doğrudur, Nikita Sergeyeviç bu hadisədən sonra
akademik Aleksandr Nesmeyanovu dərhal cəzalandırmamışdır.
Lakin bir neçə aydan sonra, 1961-ci ildə Akademiyanın
prezidentliyinə növbəti seçkilər zamanı iki dəfə
Sosialist Əməyi Qəhrəmanı, akademik Aleksandr
Nikolayeviç Nesmeyanova yenidən etimad göstərilməmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyev isə qanuni şəkildə keçirilmiş
seçki əsasında yekdilliklə layiq
görüldüyü Akademiya üzvlüyünü qəbul
etməmiş, lakin ona səs vermiş Elmlər
Akademiyasının rəhbərliyinə və üzvlərinə
hörmət və ehtiramını ifadə edən xüsusi
məktub göndərmişdir. Ümumiyyətlə, elm
tariximiz və geniş mənada dövlətçilik
baxımından son dərəcə əhəmiyyətli
olduğunu nəzərə alaraq, Heydər Əliyevin Azərbaycan
Elmlər Akademiyasına göndərdiyi 24 may 1998-ci il tarixli məktubun
mətnini olduğu kimi təqdim edirik:
"Azərbaycan Elmlər Akademiyasının prezidenti
Fərəməz Maqsudov cənablarına
Azərbaycan Elmlər Akademiyasının həqiqi
üzvlərinə
Elmlər Akademiyasının hörmətli prezidenti!
Hörmətli akademiklər!
Dünən axşam mənə məlum olmuşdur
ki, ümumi iclasınızda məni Azərbaycan Elmlər
Akademiyasının həqiqi üzvü seçmişsiniz. Mənə
göstərdiyiniz böyük diqqətə və fəaliyyətimə
verdiyiniz yüksək qiymətə görə hamınıza
təşəkkür edirəm.
Lakin mən heç vaxt Elmlər Akademiyasının
üzvü olmaq arzusunda olmamışam, bu münasibətlə
Elmlər Akademiyasına müraciət etməmişəm və
dövlət işləri ilə məşğul olduğuma
görə buna ehtiyac da duymamışam.
Hesab edirəm ki, qərar qəbul etməkdən
öncə siz mənim fikrimi öyrənməli və bunun
üçün razılığımı almalı idiniz.
Bütün bunları nəzərə alaraq xahiş edirəm
ki, mənim barəmdə qəbul etdiyiniz qərarı ləğv
edəsiniz.
Azərbaycan Elmlər Akademiyasının müstəqil
Azərbaycanın həyatındakı böyük roluna və
onun üzvlərinin Azərbaycan elmi qarşısında
göstərdikləri misilsiz xidmətlərinə görə
bir daha sizə hörmət və ehtiramımı bildirirəm.
SəmimiyyətləHeydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
24 may 1998-ci il".
Həcm etibarilə kiçik olan bu ibrətamiz məktubda
mahiyyətinə və əhəmiyyətinə görə
böyük mətləblər ifadə olunmuşdur. Ulu
öndər Heydər Əliyevi bir daha görkəmli dövlət
başçısı kimi xarakterizə edən, eyni zamanda
onun elmə, Elmlər Akademiyasına, alimlərə yüksək
münasibətini əks etdirən və indiyədək tədqiqata
cəlb olunmamış bu ibrətamiz məktub bir neçə
cəhətdən xüsusi əhəmiyyətə malikdir:
1. Ulu öndər Heydər Əliyev onu Elmlər
Akademiyasının üzvlüyünə seçən alimlərə
bu yüksək elmi adı qəbul etmədiyini məktub vasitəsi
ilə bildirməklə məsələyə ciddi dövlət
işi kimi rəsmi yanaşdığını göstərmişdir;
2. Dövlət qulluğu ilə məşğul olanların
elmi dərəcə almalarına qarşı olduğunu birmənalı
şəkildə ifadə etmişdir;
3. Bununla elmə olan böyük ehtiramını
nümayiş etdirmişdir;
4. Akademiyanı elm məbədi kimi qorumağın əsl
nümunəsini göstərmişdir;
5. Elm adamlarına xüsusi hörmət və
ehtiramını bildirmişdir;
6. Elmi dərəcəni və elmi adı, ümumiyyətlə
alim adını uca tutmağa çağırmış, bu
sahədə vəzifəsindən asılı olmayaraq,
heç kəsə güzəşt etməməyi tələb
etmişdir;
7. Nəhayət, dövlət işləri ilə
ciddi məşğul olmağı, özünü
bütövlükdə bir sahəyə həsr etməyi də
cəmiyyətin diqqət mərkəzinə çəkmişdir;
8. Əsl görkəmli dövlət xadimi olduğunu
bir daha isbat etmişdir.
Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi
Elmlər Akademiyasına ünvanlanmış 24 may 1998-ci il
tarixli məktubun elmi ictimaiyyətə
çatdırılması və mühüm tarixi əhəmiyyətə
malik olan məktubdan irəli gələn vəzifələrin
müəyyən edilməsi məsələsini 26 may 1998-ci
ildə keçirilmiş AEA Rəyasət Heyətinin
iclasının gündəliyinə daxil etmişdir. Rəyasət
Heyətinin 26 may 1998-ci il tarixli iclasının protokolunun əldə
edilmiş stenoqramı Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin ölkə elminə, Elmlər
Akademiyasına, eyni zamanda, ölkəmizin elm xadimlərinin də
dövlət başçısına qarşılıqlı
olaraq yüksək hörmət və ehtiramını bir daha
nümayiş etdirir. Bu, Heydər Əliyevin timsalında
dövlət başçısı ilə ölkəmizin
elmi ictimaiyyəti arasında olan möhkəm birliyin, həmrəyliyin
ifadəsinə konkret bir nümunədir. Geniş mənada
xalqın bütün təbəqələri ilə, o
cümlədən yaradıcı ziyalılarla ölkə rəhbərinin
münasibətlərindəki həmin sarsılmaz birlik
bütövlükdə respublikamızın və eyni zamanda,
Elmlər Akademiyasının inkişafında mühüm rol
oynamışdır. Bütün bunlara görə elm tariximiz
üçün mühüm əhəmiyyətə malik
olduğunu nəzərə alaraq, AEA Rəyasət Heyətinin
26 may 1998-ci il tarixli iclasının stenoqramının mətnini
təqdim etməyi zəruri hesab edirik:
"Azərbaycan Elmlər Akademiyası Rəyasət
Heyətinin 26 may 1998-ci il tarixli iclasının Qərarı
Gündəlik: Azərbaycan Respublikasının
Prezidenti cənab Heydər Əliyevin AEA-nın prezidenti
akademik F.Maqsudova, akademiyanın həqiqi üzvlərinə 24
may 1998-ci il tarixli məktubu haqqında
Dinlənildi: AEA-nın prezidenti, akademik Fəraməz
Maqsudov EA Rəyasət Heyətinin üzvlərini Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev cənablarının
EA prezidentinə və həqiqi üzvlərinə
ünvanladığı 24 may 1998-ci il tarixli məktubu ilə
tanış etdi.
Çıxış etdilər: F.Maqsudov, N.Quliyev,
T.Şahtaxtinski, M.Rüstəmov.
Çıxış edənlər Prezident Heydər
Əliyevin 24 may 1998-ci il tarixli AEA-nın Ümumi
Yığıncağının qərarı ilə
bağlı Akademiyanın prezidentinə və onun həqiqi
üzvlərinə səmimiyyətlə dolu məktubunda
Akademiyaya verdiyi qiymətə görə ürəkdən
minnətdarlıqlarını bildirdilər. Qeyd edildi ki,
EA-nın Ümumi Yığıncağı dünya
elmi-ictimai fikrində çoxdan formalaşmış rəyi
yalnız hüquqi sənəddə təsdiq etdi. Əslində
cənab Heydər Əliyev siyasi elmlərin ustadı kimi
dünyada ən mötəbər elmi mərkəzlər tərəfindən
alim və mütəfəkkir kimi çoxdan qəbul
olunmuşdur.
Eyni zamanda, Akademiyanın Ümumi
Yığıncağının qərarı haqqında cənab
Heydər Əliyevin mövqeyi xalqa, millətə təmənnasız
xidmət göstərən böyük təvazökar
insanın qərarı kimi qiymətləndirildi.
Qərara alındı: Möhtərəm Prezident Heydər
Əliyevin qazandığı mənəvi hüququ
bütün qərar və elmi rütbələrdən
üstün tutaraq, 23 may 1998-ci il tarixli AEA-nın Ümumi
Yığıncağının qərarının icrası
dayandırılsın".
Beləliklə, Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin Elmlər Akademiyasına həqiqi
üzvlüyə seçilməsinə dair seçkilərin
keçirilməsi prosesi geniş mənada çoxəsrlik
elm tarixinin, eyni zamanda, həm də Akademiyanın
inkişafının ibrətamiz tarixi hadisəsidir. Bu, Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin simasında əsl
dövlət xadiminin siyasi-mənəvi
ucalığını bir daha təsdiq edən ibrətamiz
faktdır. Baş vermiş seçki proseslərində gedən
müzakirələr və qəbul edilmiş qərar həmçinin
Azərbaycan alimlərinin, Elmlər Akademiyası rəhbərliyinin
və akademiklərin Prezident Heydər Əliyevə sədaqətini,
dövlət başçısının çoxillik və
çoxcəhətli yorulmaz fəaliyyətinin elm xadimləri
tərəfindən dərindən, hərtərəfli şəkildə
dərk və şərh olunduğunu əyani şəkildə
əks etdirir. Düşünürük ki, Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin siyasi elmlər
üzrə Elmlər Akademiyasının həqiqi
üzvlüyünə seçilməsinə həsr
edilmiş seçki prosesləri ilə əlaqədar təşkil
edilən iclaslar, edilmiş məzmunlu
çıxışlar, aparılmış yazışmalar,
qəbul edilmiş qərarlar, çıxarılan nəticələr
Azərbaycan Milli Elmlər Akademiyasının tarixinin ən
şərəfli, məsuliyyətli və ibrətamiz səhifələridir.
Həmin tarixi seçki prosesində tanınmış elm
xadimlərinin göstərdikləri sədaqət və
nümayiş etdirdikləri intellektual baxış yeni nəsil
elm adamları üçün də əhəmiyyətli bir
dərsdir. Azərbaycan Respublikası Prezidentinin Elmlər
Akademiyasının rəhbərliyinə və
tanınmış alimlərə
razılaşdırılmamış seçkilərə
görə bəslədiyi tolerant münasibət və ifadə
etdiyi hörmət və ehtiram Heydər Əliyev kimi geniş
dünyagörüşünə malik uzaqgörən dövlət
xadiminin əsl müdriklik nümunəsi olan
addımıdır. Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin Elmlər Akademiyasının prezidentinə
və akademiklərinə göndərdiyi 24 may 1998-ci il tarixli
məktub Milli Elmlər Akademiyasının 80 illik tarixi salnaməsinin
ən qiymətli səhifələrindən biridir. Bu tarixi məktub
Azərbaycan Elmlər Akademiyasının prezidentinin və
üzvlərinin fəaliyyətlərini inamla davam etdirmələrinə
dövlət başçısı tərəfindən
verilmiş vəsiqədir. Elmlər Akademiyasının və
alimlərimizin nüfuzunu qorumaq üçün dövlət
başçısının atdığı müdrik
addım nəticə etibarilə Azərbaycan elminin inkişaf
etdirilməsi üçün yeni nəfəs və
üfüqlər açmağa xidmət etmişdir.
Bütün bunlarla bərabər, görkəmli
dövlət xadimi Heydər Əliyevin Elmlər Akademiyasının
həqiqi üzvlüyünə dair seçkilərin
keçirilməsi və dövlət
başçısının 24 may 1998-ci il tarixi məktubu tədqiqat
baxımından Ulu öndərin şərəfli tərcümeyi-halının
diqqətdən kənarda qalmış, öyrənilməmiş
faktları və hadisələri kimi də mühüm əhəmiyyətə
malikdir. Ümid edirik ki, Heydər Əliyev kimi dahi şəxsiyyətin
tərcümeyi-halının naməlum səhifələrini əks
etdirən təqdim olunmuş sənədlər və
faktlardan onun həyatı və fəaliyyətini tədqiq edənlər
mənbə kimi faydalanacaqlar. İnanırıq ki, haqqında
danışılan seçki prosesinin düşünülməsi,
gedişatı, detalları və nəticələri Milli Elmlər
Akademiyasının inkişaf yolunu və ümumiyyətlə
elm tariximizi öyrənənlərin də diqqətini cəlb
edəcəkdir. Bir sözlə, Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin Siyasi elmlər
üzrə Elmlər Akademiyasının həqiqi
üzvlüyünə seçilməsi üçün
seçkilərin keçirilməsi, nəticəsindən
asılı olmayaraq, Akademiyanın və akademiklərin
dövlətçilik dərsləri kimi mühüm tarixi əhəmiyyətə
malik olan ibrətamiz hadisədir. Həmin dövlətçilik
dərslərini dərindən öyrənmək və ondan
lazımi nəticələr çıxarmaq Azərbaycan alimlərinin
və Elmlər Akademiyasının rəhbərliyinin və
akademiklərin, yeni elmi nəsillərin borcu və vəzifəsidir.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin Elmlər Akademiyasının həqiqi üzvlüyünə
seçilməsi məsələsini müzakirə edərək,
EA Ümumi Yığıncağı qarşısında vəsatət
qaldırılan 23 may 1998-ci il tarixli iclasa sədrlik etmiş
Akademiyanın İctimai Elmlər Bölməsinin akademik-katibi
olan akademik Cəmil Quliyevin 2003-cü ildə
yazdığı "Heydər Əliyev siyasət
adamıdır, Heydər Əliyev həmçinin elm
adamıdır" adlı məqaləsində baş
vermiş tarixi seçki hadisəsi haqqında öz əksini
tapmış aşağıdakı fikirlər həmin
münasibətlə yaşanan proseslərə mənalı
bir şəkildə yekun vurur:
"Yeri gəlmişkən, bir faktı yada
salmağı özümə borc bilirəm: 1998-ci ildə
AMEA-nın İctimai Elmlər Bölməsi Heydər
Əliyevin Azərbaycan Elmlər Akademiyasının həqiqi
üzvü seçilməsini irəli sürmüş və
Nizamnaməyə əsasən Heydər Əliyev
Akademiyanın Ümumi iclasında gizli səsvermə yolu ilə
yekdilliklə akademik seçilmişdir. Möhtərəm
Prezident bu təşəbbüsü ehtiramla
qarşıladı, lakin həqiqi üzvlük diplomunu qəbul
etmədi... Amma bu məsələdə Heydər Əliyevin
müdrikliyi təsdiqləndi.
...Heydər Əliyev tarixin ən mürəkkəb və
çətin bir dövründə... XXI əsrin
astanasında elmi-texniki potensiala, zəngin intellektual xəzinəyə
malik Azərbaycan Milli Elmlər Akademiyasını xilas etdi.
Alimin, elmin, ziyalının hörmət və nüfuzuna
vurulan zərbələri dəf etdi.
...Qeyri-iradi ...olaraq sual meydana çıxır:
"Heydər Əliyevdə hansı keyfiyyət
üstünlük təşkil edir - siyasətçilik, yoxsa
alimlik? Bu suala birmənalı cavab vermək çətindir.
Ancaq belə demək olar: "Görkəmli siyasətçi
Heydər Əliyev görkəmli alim Heydər Əliyevi
tamamlayır və əksinə". Bu formulda, düsturda
daxili dialektik məntiq vardır: Heydər Əliyev
özündə görkəmli siyasi xadimi və görkəmli
alimi dərindən təcəssüm etdirir".
P.S. Elmlər Akademiyasının Ümumi
Yığıncağında 23 may 1998-ci ildə
keçirilmiş gizli səsvermənin nəticələri əsasında
Prezident Heydər Əliyevin adına yazılmış və
həmin gündə imzalanmış siyasi elmlər üzrə
01 saylı həqiqi üzvlük diplomu hazırda
Naxçıvan şəhərindəki Heydər Əliyev
Muzeyində qorunub saxlanılan sənədlər
sırasındadır. Ehtimal ki, Elmlər Akademiyasının
prezidenti, akademik Fəraməz Maqsudov vaxtilə Ulu öndərin
verilməsini dayandırdığı həmin diplomu tarixi bir
sənəd kimi Naxçıvandakı Heydər Əliyev
Muzeyinə təqdim etmişdir...
Hazırda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Azərbaycan elminin və Milli Elmlər
Akademiyasının müasir dövr dünya təcrübəsinin
reallıqları, müstəqil dövlətimizin inkişaf
strategiyası və milli prioritetləri əsasında
inkişaf etdirilməsi üçün aydın üfüqlər
açmışdır. Bütövlükdə Azərbaycan
elmi və Milli Elmlər Akademiyası yeni tarixi
dövrün
çağırışlarına layiqincə cavab vermək
üçün bütün imkanlarını səfərbər
etməkdə davam edir.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik,
525-ci qəzet .- 2024.- 24 noyabr(№215).-S.8-9-10;11.