"Məktəblinin dostu": faydalı təşəbbüs uğurla davam edir

 

Növbəti il üzrə "Məktəblinin dostu" layihəsinə 7 milyon manat vəsait ayrılacaq. Bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub. Büdcə zərfində qeyd olunub ki, həmin məbləğ məktəbdə təhlükəsiz mühit yaratmaq, şagird davranış qaydalarına nəzarət etmək, fövqəladə hal baş verdikdə uşaqlara ilkin tibbi və psixoloji yardım göstərmək və "Məktəblinin dostu" layihəsinin 2025-ci ildən etibarən əhatə dairəsinin mərhələlərlə 1000 məktəbə çatdırılması və ölkə üzrə təhsilalanların 70 faizini əhatə etmək üçün ayrılacaq.

Elm və Təhsil Nazirliyinin "Məktəblinin dostu" layihəsi 2016-cı ildən fəaliyyətə başlayıb və elə həmin ildən ən uğurlu layihələrdən birinə çevrilib. Əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdən ibarət olan layihə 30 məktəbdə pilot olaraq tətbiq olunub. Əməkdaşları məktəblilərin qəhrəmanlarına, valideynlərin güvən yerinə, məktəbin isə görən gözünə, eşidən qulağına çevrilib. Bu il də onlar eyni temp, dəyişməyən fədakarlıq, daha çevik münasibət nümayiş etdirərək qazandığı nüfuzu artırmaqdadır. Artıq məktəblinin dostlarına olan maraq ayrı-ayrı hadisələrin fonunda tələbə çevrilir. Bu səbəbdəndir ki, məktəblərə uşaq gətirən valideynlərin gözü məhz boz geyimli, gülərüz, çevik gənc dostlarını axtarır, onları məktəbdə görəndə güvən hissi daha da çoxalır.

Məlumat üçün bildirək ki, Azərbaycan təhsil sistemində gerçəkləşdirilən "Məktəblinin dostu" layihəsi dünyanın müxtəlif ölkələrində müxtəlif adlarla uğurla sınaqdan çıxarılıb. Burada əsas hədəf məktəb-təhsilalan-valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsilalana özünü ahəngdar gerçəkləşdirmə imkanları yaratmaqdır. "Məktəblinin dostu" seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

"Məktəblinin dostu" layihəsi çərçivəsində tədris ili ərzində şagirdlər arasında breyn-rinq, bilik yarışları, futbol çempionatı və ekskursiyalar təşkil olunur, "Mühafizə və təhlükəsizlik qaydaları", "Uğurlu peşə seçimi", "Məktəblinin sağlam qidası", "Fövqəladə hallar zamanı davranış qaydaları", "Zərərli vərdişlərə son", "Tütündən istifadənin zərərləri", "İlk yardım və ilkin psixoloji yardım", "Narkomaniya ilə mübarizə", "İnsan hüquqları", "Sosial şəbəkələrdən faydalı istifadə", "Məqsədli karyera" və digər mövzularda təlimlər keçirilir.

Elm və təhsil naziri Emin Əmrullayev layihənin uğurlu təşəbbüslərdən biri olduğunu bildirib. Nazirin sözlərinə görə, təhsil müəssisələrində təhlükəsiz mühitin daha da təkmilləşdirilməsində məktəblinin dostlarının dəstəkləyici rolu təqdirəlayiqdir. Ölkənin bütün ümumi təhsil müəssisələrində bu layihənin tətbiqinin arzu edilən olduğunu vurğulayan Emin Əmrullayev diqqətə çatdırıb ki, layihə gənclərin məşğulluğuna da müsbət təsir göstərir: "Xüsusilə pedaqoji ixtisasları bitirən məzunlar üçün bu layihədə işləmək onların məktəb mühitində yaxşı təcrübə toplamaları və təhsil sahəsində karyeralarını qurmalarına şərait yaradır. "Məktəblinin dostu" layihəsinin bütün məktəblərdə olmasını arzu edirik. Artıq 8 ilə yaxındır ki, layihə həyata keçirilir. İlk növbədə, hər gün 4400-ə qədər məktəbdə milyonlarla insan üz-üzə gəlir. Ayrı-ayrı ailələrdən gələn uşaqların davranışı digər uşaqların həyatına təsir edir. 1 milyon 500 min uşaq olan mühitdə hansısa bədbəxt hadisə baş verə bilər. Sual oluna bilər ki, niyə məktəb özü etmir, "Məktəblinin dostu" layihəsinə ehtiyac yaranır? Formalaşmış məktəb mədəniyyəti var. Burada problemləri kənara çıxarmamağa, o cümlədən, heç Elm və Təhsil Nazirliyinə bildirməməyə və məktəb daxilində həll etməyə çalışılır. Bu tip hadisələrin həllini tapması üçün ört-basdır edilməsi yox, müzakirə edilməsi tərəfdarıyıq".

Nazirin sözlərinə əsasən, bu layihə sadəcə bir alətdir: "Məktəb daxilində hansısa boşluqları sistemli şəkildə qarşılaya bilmiriksə, o zaman müvəqqəti həll yolu tapırıq. Proqnozlara görə, ümumi təhsil müəssisələrində hələ uzun müddət "Məktəblinin dostu"na ehtiyac olacaq. İndiki məktəb modeli köhnədir. Valideynlər işə gedir, bu müddətdə məktəb uşağın qeydinə qalır, ona təhsil verir. Təhsil o qədər müqavimət göstərən sahədir ki, onun dəyişməsi elə də asan deyil. Hər dəfə təhsil məzmununu dəyişmək müəllimlərin əməkhaqlarına dəyişiklik edilməsi deməkdir".

Elm və Təhsil Nazirliyinin "Məktəblinin dostu" layihəsinin PR meneceri Nərgiz Kərimova bildirib ki, 2016-cı ildən etibarən ölkənin təhsil sistemində yeni, çox ciddi əhəmiyyət kəsb edən "Məktəblinin dostu" adlı layihə tətbiq olunur. Məqsəd müəllim və şagirdlər üçün məktəbdə daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Həmçinin, yetişməkdə olan gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin aşılanması da məqsədlərdən biridir. Yetişməkdə olan gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanması olduqca vacibdir. Çünki vətənpərvər ruhda böyüdülən, tərbiyə edilən hər bir uşaqda mərhəmət, vicdan hissi olur. Vətənini sevirsə, o, ailəsini də sevəcək, heyvanlara, insanlara, ətrafında olan hər kəsə insani münasibət bəsləyəcək: "Layihə çərçivəsində bu istiqamətdə həyata keçirdiyimiz işlər çoxdur. Məktəblərdə ilboyu kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə yönələn tədbirlər, məktəblərarası bilik yarışları mütəmadi təşkil olunur".

O qeyd edib ki, adıçəkilən layihə əhatə dairəsini genişləndirməkdə davam edir və bu tədris ilindən Gəncə, Lənkəran, Masallı və Cəlilabad şəhərlərində ümumilikdə 12 məktəbdə də tətbiq olunmağa başlanılıb. Beləliklə, "Məktəblinin dostu" layihəsi Bakı, Sumqayıt, Abşeron da daxil olmaqla hazırda ölkə üzrə ümumilikdə 238 məktəbi əhatə edir.

Layihə Bakıda 191, Abşeronda 12, Sumqayıtda 23, Gəncədə 6, Lənkəranda 2, Masallıda 2, Cəlilabadda 2 təhsil müəssisəsi olmaqla, ümumilikdə 238 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir. 420 minə yaxın şagirdi əhatə edən "Məktəblinin dostu" layihəsi üzrə hazırda 300 əməkdaş-məktəblinin dostu çalışır.

Onun sözlərinə görə, "Məktəblinin dostunun fəalları, sözün əsl mənasında, şagirdlərin dostudurlar. Onlar öz işlərini böyük həvəslə, canla-başla yerinə yetirirlər. "Məktəblinin dostları"ndan biri daim monitor vasitəsilə kameraların göstərdiyi nöqtələri nəzarətdə saxlayır. Bir an belə gözlərini monitordan çəkmir. Digər iki nəfər isə dəhlizlərdə, məktəbin həyətində dolaşır, şagirdləri uzaqdan müşahidə edirlər. Müəllimin gözündən yayınıb dəhlizdə qaçan, tullanıb düşən ibtidailəri sakitləşdirir, dərsdən yayınmağa çalışan şagirdlərə dost məsləhəti verirlər. Səhər saat 7:30-dan axşam saat 7:00-a, məktəbdən ən son şagird çıxana kimi.

Təhsil eksperti Kamran Əsədov deyir ki, "Məktəblinin dostu" layihəsi tətbiq olunandan Azərbaycanda təhsil müəssisələri ənənəvi idarəetmədən yeni idarəetməyə keçib: "Adətən məktəb idarəçiliyi direktor, direktor müavini, sinif rəhbərləri vasitəsilə həyata keçirilir. Amma bu sadaladığımız şəxslər birbaşa tədris prosesinin iştirakçısı olduğu üçün şagirdlərlə geniş şəkildə fəaliyyət göstərmək imkanına malik deyillər. Yəni sinif rəhbəri və yaxud da direktor müavini aktiv tədris prosesinin iştirakçısı olduğuna görə şagirdlərin bu və ya digər ehtiyacları, asudə vaxtlarının dəyərləndirilməsi ilə bağlı fəaliyyət göstərə bilmirlər. Orta məktəblərdə hər bir məktəbli ilə ayrı-ayrılıqda onların problemləri, sıxıntıları ilə bağlı işlər güclü şəkildə həyata keçirilə bilmirdi. Amma "Məktəblinin dostu" vəzifəsini yerinə yetirən şəxs tədris prosesinin iştirakçısı olmadığı üçün birbaşa məktəbdə sosial fəaliyyəti həyata keçirirlər. Məsələn, məktəblər arasında yarışlar keçirilir və yaxud məktəbdə neqativ halların aradan qaldırılmasında onlar müstəsna rola malikdirlər. Apardığım araşdırmalara görə, məhz "Məktəblini dostu" layihəsi tətbiq olunan məktəblərdə şagirdlər arasında siqaret çəkmə halları 80 faizədək azalıb. Həmçinin, məktəbə kənar şəxslərin daxil olmasının qarşısı alınıb. Seçilmiş şəxslər, yəni "Məktəblinin dostları" həm əlavə iş yeri, həm də kifayət qədər təhsilli, aktiv gənclərin təhsilə cəlb olunması deməkdir. Bu, olduqca uğurlu bir layihədir".

K.Əsədovun sözlərinə görə, bu layihə bir çox ölkələrdə tətbiq edilir. Məsələn, qardaş Türkiyədə, Gürcüstanda isə uzun müddətdir ki, fəaliyyət göstərir. Ölkəmizdə tətbiq olunması isə olduqca müsbət haldır: "Hesab edirəm ki, "Məktəblinin dostu" Azərbaycanda fəaliyyət göstərən bütün orta ümumtəhsil məktəbinin hər birində tətbiq olunmalıdır. Çünki "Məktəblinin dostu", həqiqətən də Azərbaycan təhsilinin, müəllim və şagirdinin, hətta valideynin də dostudur. Bəzən olur ki, valideynlər uşaqlarını gec götürürlər və həmin vaxt "Məktəblinin dostu" şagirdin təhlükəsizliyini təmin edir".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.- 26 noyabr(№216).-S.15.