"Torpağı gözə dərman..."
şəhərin adamının yazdıqları
VAHİD QAZİNİN "İTMİŞ YADDAŞIN
ŞİFRƏSİ" KİTABI HAQQINDA ƏLÜSTÜ
QEYDLƏR
Adamlar var ki, mənimçün
imza şəklindədir. Boy-buxunu, xasiyyəti, geyim-kecimiylə
imzadır mənimçün. Heç üzünü
görmədiyim Murakami, Pelevin, Pol Oster... Bahar Zamanı... Bir də
üzünü bir neçə dəfə görsəm də,
əslində yaddaşımda iz buraxmayan, yalnız sonralar imza
şəklində yaddaşıma daxil olan Vahid Qazi...
Vahid bəyi illər öncə Müsavat
partiyasının əski qərərgahında
görmüşdüm. Onun orada nə etdiyini bilməsəm də,
mən orada mərhum Nəsiman Yaqublu ilə
"Müsavat" dərgisini buraxırdım...
Əksər qələm adamları bizim kiçik
otağımıza ayaq açsa da, Vahid bəy dərginin yerləşdiyi
hücrəyə bircə dəfə də gəlmədi.
Çünki onda hələ imza şəklinə
düşməyibmiş...
Sonralar mən oradan radioya getdim, Vahid bəyi isə
tamam unutdum. Bir də yalnız onun bir yazısını oxudum
və Ukraynadan bəhs edən o yazısında mən də
yazar kimi ukraynalı bir aristokrat qadının havası ilə
neçə gün yatıb-qalxdım... (Təəssüf, o
yazı yalnız havayı həvəs kimi qalıb yaddaşımda...
Bu yazıda YADDAŞ sözünü mən bilərəkdən
çox işlətmirəm, sadəcə, Vahid bəy
özü bir imza olmaqla bərabər, həm də
yaddaşdır, yaddaş adamdır, yaxud yaddaş
adamıdır... Az sonra "itmiş yaddaşların şifrəsini"
qırmağa çalışacağıq... (Red: söhbət
V.Qazinin "Yelena" essesindən gedir)
...Bu yaxınlarda mənə messencerdən
"İtmiş yaddaşın şifrəsi"
kitabının təqdimatı haqqında şəkilli
reklamın altından bunları yazdı: "...Salam. Vaxt
tapıb gələ bilsəniz, şad olaram. Görüş
29 oktyabr saat 16.00-da "Misra Book Kafe"də olacaq. Ünvan:
Lev Tolstoy 156. Səmt: "Torqovı", Nəsimi heykəli
həndəvəri".
Getdim, çıxış da etdim, bu yazıda
yazdıqlarımın bəzisini orada söylədim də.
Amma bu yazıya qədər müəllifin aldığım
kitabını oxumaq vardı...
Vahid bəyin kitabınacan bir sıra kitablar növbədə
olsa da, onu bir az qabağa saldım. Necə olmasa, Vahid Qazi qəribdir...
Vətəndə qərib... Evi, şəhəri - şəhərlər
şəhəri Ağdamı dağıdılan, özü
diyarbadiyar olub düzü-dünyaya üz qoyan, axırda gedib
uzaq İsveçdə hovur alan Vahid Qazi...
...Ağdamı mən də görmüşəm, cəmi
bircə dəfə. 70-lərdə uzaq bir kəndə müəllim
göndərilmişdim, ora isə atla getmək olardı. At
aldım, yəhər tapılmadı. "Olsa, olsa, Ağdamda
olar" dedilər köhnə kişilər. Və
Ağdamdan dəyirman daşı gətirməyə gedən
Hüseynqulu dayıya qoşulub o əfsanəvi şəhərə
getdim. Yəhəri aldım almağına, amma biri ilişdi mənə
ki, qaqa, cücəli toyuq istəməzsən ki?
Dedim, ay qaqa, bizim həyətdə onnan doludu, neynirəm
cücəli toyuğu?
Bu vaxt Hüseynqulu kişi özünü yetirdi ki, bəs
nə işdi?
Dedim, bəs belə, filan...
Dedi, o saa tapança satmaq istiyirmiş. Toyux -
tapançadı, cücələri də güllələri...
Əlim üzümdə qaldı qalmağına, amma
təzə-təzə hekayələri mətbuata ayaq
açan biri üçün Ağdam səfəri göydəndüşmə
olmazmı?!
Yaddaşımın lap dərinliklərində, əl
çatmayan, ünyetməyənində bir qərib bayatı
gizlənib. Hər adamın yanında deyilməz, hər
adamın yanında çağırılmaz, türkəçarə
kimi yalnız ona inananlarçün görünən
bayatı.
Ağdamın yolu fərman...
Torpağı gözə dərman...
Yardan bir namə gəlib,
Yarı dərd, yarı dərman...
Aman allah, bu nədir? Yol da fərmanmı olar?! Pəh!
Bunun heç açması yox ki!..
Lap Vahid Qazinin Ağdamıdı ki var...
"Sübh çağı nənəmin divar
radiosundan gələn aşıq havaları, evimizin alt
qatında yaşayan kirayənişin tələbə
qızların pianoda, skripkada çaldıqları klassik
musiqilər. Bəzən lap körpəlik çağın
belə yaddaşımda diri qalmasına təəccüb edirəm..."
(səh. 16.)
Vahid bəy yazır ki, baletlə (əslində, burada
klassik musiqi anlamındadır, çünki Vahid bəyin
musiqi duyumu bu sferada daha güclüdür)
tanışlığım "Sonalar gölü" ilə
başlayıb. Atasının dayısı İsmayıl
Bekgildə təsadüfən ailənin baletə televizorda
tamaşa etdiyini görüb və...
...Rusiyanın Marinski teatrının İsveçdə
"Sonalar gölü" baletinin tamaşasına baxa-baxa
Ağdamda Bekin evində doqquz yaşında gördüyü
baleti xatırlayır...
Bizim Vahid Qazi ilə tale qohumluğumuz var. O da yurd
itirib, mən də. O da yurd itkisinin nisgilini qələminin
gücü ilə ovudur, mən də... Amma bir fərqimiz var:
mən xaricə getmək şansımı dəyərlədirə
bilmədim, o isə...
...Azadlıq radiosu Almaniyadan Praqaya
köçmüşdü və radionun Praqadakı ofisinə
rusca babat bilən, rəvan nitqi və təbii ki, jurnalistik
bacarığı olan birisini axtarırmışlar. Radionun rəhbərliyində
təmsil olunanların rəğbət bəslədiyi Dost məni
yanına çağırıb belə bir parametrə
uyğun gəldiyimi dedi və əlavə etdi ki, sənin
razılığın olsa, bir həftəyə səni
Praqaya göndər bilərik...
Təbii, bir sıra ailə problemlərim, əsas da məni
tək böyüdən anam (sonralar ona roman həsr etdim) gəldi
durdu gözümün önündə, içimdən gələn
iniltili səslə "yox" dedim...
...Başqa bir "qohumluğumuz" da var. Mən də
Vahid bəy kimi klassik musiqiyə sevgimi (elə baletə də)
nə intelligentlər ailəsində, nə də özəl
məktəbdə əxz etmişəm. Bu şərəfə
bir dostun - mərhum yazıçı Tofiq Qəhrəmanovun
sayəsində nail olmuşam... O, mənə təkcə
yazıçı kimi deyil, həm də bir klassik musiqi
aşiqi kimi təsir etmiş, evindəki val kolleksiyasından
həmişə nadir klassik musiqi nümunələri səsləndirərək
qanıma işlətmişdi. Sonralar onun haqqında
yazacaqdım: "Gördüyüm yazı adamlarının ən
istedadlısıydı o. Təkcə yazısına görəmi?
Deyil. O, bir klassik musiqi aşiqiydi - Şopeni, Bethoveni, Oqinskini,
Qara Qarayevi ilk dəfə onun Yuxarı Dağlıqdakı
balaca otağında dinləmişdim".
Vahid bəy bir demokrat kimi dünyanı gəzərkən
hər yerdə Azərbaycan axtarır, hər yerdə
Ağdam, Qarabağ axtarır və iş ondadır ki, bunu
tapa bilir - spesfik qələmi sayəsində. Bu qələmin
sayəsində "Fellininin "Yol"u Qarabağdan
keçir"... (Səh. 49.) "Sonra əlimi İsa Məsihə
tutub deyəcəm: "Gəl, əlindən tutub, səni
şəhərimə aparım" (Yenə orada).
Kitabda müəllifin aforizmə yaxın deyimləri
var: "...başa düşdüm ki, musiqi azadlıq
duyğusunun səsli izahıdır" (səh. 39.). Yaxud
"Azadlığa qapalı ölkələrin adamlarına
fikir vermisinizmi heç, üzlərində gülüşlərin
belə örtə bilmədiyi qəm kölgəsini necə,
görmüsünüzmü heç?" (Səh. 39.)
Vahid Qazinin ədəbiyyat barədə də
maraqlı yazıları var. Onların bir çox, xüsusən
dostları olan yazıçılar haqqında mübahisə
etmək də olardı, zira nə bu yazı elmi tədqiqat
işidir, nə də Vahid bəy, özünün də
dediyi kimi, bir yazıçılıq, ədəbiyyatşünaslıq
eşqinə düşən birisi deyil...
Bəs bu yazılar, nədir onda?
Məncə, bu yazılar yazıçı ilə
oxucunun, yaxud tənqidçi ilə yazıçının
arasında, eləcə də musiqiçi ilə dinləyicinin,
kinoçu ilə tamaşaçının arasında
özünə möhkəm yer eləmiş bir zadəgan
insanın qeydləridir ki, bu yazılar bizim artıq
tanıdığımız Bekin, yaxud Tofiq Qəhrəmanovun əlindən
su içib...
Vahid bəyin əlimdəki kitabı və digər
kitabları oxucularçün bir böyük qaynaqdır həm
də. Bir məlumatlı adamın, ensiklopedik biliyə sahib
bir ziyalının qeydləri kimi...
Uzaq İsveçin qış soyuğunda Vahid bəyə
Azərbaycanın isti salamını göndərir və
oxuculara da deyirəm ki, sözügedən kitabı tapıb
oxusunlar. İtirməyə çox şey itirmişik,
barı ağlımızı, zəkamızı zənginləşdirməyə
çalışaq...
Azad QARADƏRƏLİ
525-ci qəzet .- 2024.- 26 noyabr(№216).-S.14.