Qulu Ağsəsin şeirləri: fərqli
bir poeziya
Qulu Ağsəsin şeirləri mətbuatda ilk dəfə
görünəndən bu günə qədər məndə
fərqli bir təəssürat oyatmaqdadır. Onu bir şair,
şeirlərini də başqalarının şeirlərindən
fərqləndirən nədir? Qulu heca şeirinin, sərbəstin
özəlliklərinə yaxşı bələddir, bədii
təsvir ustalığı da diqqəti cəlb edir, bu gün
oxucuları maraqlandıran mövzuları onun şeirlərində
izləyə bilərik. Amma Qulu Ağsəsin şeirləri,
bu şeirlərdəki fərqli mənzərə məni həmin
ifadəni söyləməyə vadar etdi. Qulu Ağsəsin
"Görsən üşüyürsən" ("Təhsil"
nəşriyyatı) kitabındakı şeirlərin əksəriyyətini
mətbuatdan oxumuşdum. Amma şeir kitabı bir şairin
portretini canlandırmaq üçün ən uyğun vasitədir,
necə ki, klassik divan ədəbiyyatı sənə müfəssəl
söz söyləməyə imkan verir.
Qulu Ağsəs bir şair kimi heç də ədəbi
tənqidçilərin və digər yazarların diqqətindən
yayınmır. Kəmalə Umudovanın elmi
araşdırmasını, Təranə Dəmirin
kitabını və Lütviyyə Əsgərzadənin
çox sanbalı bir ədəbi portretini oxumuşam, bu
müəlliflərin hər biri Qulu Ağsəsin şeirlərinə
müasir poeziyamızın uğurları kimi yanaşıblar.
Qulu Ağsəsin fərqli bir poeziya yaratmasını
izah etməyə çalışacağam. İlk növbədə
onu qeyd edim ki, Qulunun əksər şeirlərində sərbəst
improvizasiya məkanı çox genişdir. Elə
düşünülməsin ki, Qulu Ağsəs hər
şeydən yazır, əlbəttə, yanlış olar belə
düşünmək. Onun fərdi, subyektiv düşüncəsi
dinamikdir, daim hərəkətdədir. Qulu hüznlü bir
ovqatda Ağdamı, Şuşanı yad edir, Qarabağ
müharibəsində itkin düşən bir dostunun
ölümündən kədərlənir, "güzgü
qabağında ağlayan gözəlliyin" boyasını
rəsm edir, "hara baxıram, şairlər" deyib,
"mikrafon önündə kəllə atan" şairlərin
ŞEİRSİZ ömrünü təsvir edir, sevgi şeirlərində
təzadlı aşırımlardan keçir, "səni
Qulu kimi sevsəm, bəsindi" deyir, hətta bizim eranın
sonuna qədər "yol gedir", lap Allahın işinə
də əl uzadır ("Yaxşı günün əgər
busa, Yaman günü göstər bizə").
İşğal dövründə Qarabağa,
Ağdama, Şuşaya həsr etdiyi şeirlərə gəlincə...
Mən bu mövzuda yazılan əksər şeirləri
oxumuşam, bir çoxu şikəstə əhval-ruhiyyəli,
ümidsizlik motivləri üzərində qurulub, bir çoxu
isə inam, qələbə ruhu üstündə. Bir-birini təkrar
edən motivlər də var, əsl poetik
axtarışların bəhrəsi olan şeirlər də.
Qulu Ağsəsin işğal illərində
yazdığı şeirlər isə iki mənada mənim
üçün maraqlıdır, birincisi, kədərin poetik
rənglərini rəsm edir, burada hər söz, hər ifadə,
hər misra sərrastlığı ilə seçilir. Məsələn,
Şuşaya və Ağdama həsr etdiyi şeirlərdə
qədimliklə müasir dövrün cizgiləri fonunda
Şuşanın da, Ağdamın da mənzərəsi
canlanır:
Dünyanı bazara çıxaran,
dünya bazarında satılan
Şəhərim!
Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
Bircə əsarətdən qorxan!
Son nəfəsəcən döyüşdün,
Son nəfərəcən şəhid oldun..
Ağam şəhərim!..
Adam şəhərim!..
Ağdam şəhərim!..
Şükür külünə,
Şükür qayıdış gününə!
Müharibənin doğurduğu fəlakətlər
Qulunun öz içindən keçir. Rza Diqqətinin
fotolarından birinə baxır. "Məscid minbərdən,
kəhriz çinardan, qəbir başdaşından
hündürdü" görüntüsü o rəsmdə
həkk olunub. Amma:
Hə, bir də
mat qaldım hər şeyə:
oranın quşları
adam kimi danışır,
adamları
quş kimi oxuyur deyə...
Qulu Ağsəsin fərqli poeziyasının ikinci əlaməti
minillik Azərbaycan şeirinin ənənələri ilə
bağlıdır. Sözlərin, ifadələrin öz
adiliyindən "sıçrayıb" poetik məna
axınına cəlb olunması, bədii təsvir vasitə və
üsullarının təzəliyi (ilk dəfə Qulunun
şeirlərində işlənməsi), şeir mətninə
xalq dilindən, el danışıq tərzindən gələn
ab-havanı gətirmək... Qulu Ağsəsin şeirlərində
bütün bu poetik vasitələr özünəməxsus
şəkildə yenidən canlanır.
Görsən hər tərəfdən əlin
üzülür,
Görsən üşüyürsən, yandır
özünü.
Şeirdə qaranlıq, axşam-səhər-Günəş
təzadları fonunda aləmin sanki Günəşsizləşdiyi,
qaranlığın-axşamın Günəşi və onun
körpəsi səhəri qəhr etdiyi ("Təzədən
qaramat basar dünyanı") sonda qəfil bir ümid
qığılcımı parlayır: "Görsən
üşüyürsən, yandır özünü".
Ümumiyyətlə, Qulu Ağsəsin şeirlərində
təşbih və metaforaların orijinallığı şəxsən
məndə heç bir təəccüb doğurmur,
çünki onun "təbi-rəvan"ı axtarış
üzərində köklənib.
Əkinçinin
havaya atdığı
bir ovuc toxumdu ulduzlar -
bar vermədiyindən qızarar.
...Şeir sirdi, Adam,
Sirri bağırmazlar -
Ulduzlardan utan.
"Dan yeri - gecənin göydə od tutan
bağrıdı", "Başının
ağrısı alnında şırım açan
kotandandı, köçəri quşlara vətən - dəndi",
"Başına axşam düşüb Günəşin -
üfüqlər qanını yalayır", "Dördmərtəbəli
binamız bayatıya oxşayır" və sair misallar
Qulunun şeirlərində təşbih və metafora incəliklərindən
sayıla bilər.
"Gəl təzədən yaşayaq şeiri, Gəl
təzədən yazaq sevgini" - bu misralar Qulu Ağsəsin
poetik andıdımı? Belə andı içmək sözdə
asandı, amma Qulu çətinliyi asan etməyə can atan
şairlərdəndi.
Qulu Ağsəsin şeirləri təmtəraqdan,
misralarına gül ləçəkləri hopan
"üstü bəzək" epitetlərdən uzaqdır.
Təkcə ona görə ki, Qulu onu düşündürən
nə varsa, təbii şəkildə ifadə edir. Təbiiliyin
də şeiriyyəti var. "Qarabağ şikəstəsi"
şeirində Qulu "balamın canına, atamın goruna,
işğal gününə" and içir ki, "səni
çox sevdiyimdən şeir yazmadım şəninə",
"dedim birdən şeirim peşəkar ovçunun öz
adaxlısını gülləylə vurub
qaçırmağına bənzəyər".
Qulunun şeirlərinin bir fərqli xüsusiyyəti də
onun deyim tərzi və intonasiyası ilə
bağlıdır. Bu intonasiyanı şairin hər hansı
hadisəyə özünün reaksiyası və birbaşa
müdaxiləsi şəklində görürük. Qulu
haqqında söz açdığı hər nəsnəyə,
hadisəyə, reaksiyasız keçinmir, MƏN Qulunun bədii
düşüncəsində sanki bir dirijor rolunu ifa edir. Kimsə
Quluya məktub göndərir ki: "Ölürəm". O,
nə desə yaxşıdır?
Nə yaxşı, sevgidən ölən hələ
var.
...Cavab axtarıram nə vaxtdı sənə.
Cavab məktubumda sözlər baş-ayaq,
Bir ucdan yazılır, pozulur elə.
Qorxuram öləsən, sevgin yaşaya,
Qorxuram qalasan, məhəbbət ölə.
Qulunun çoxdan yazdığı "Sənsən hər
yer" adında bir şeiri var və mən o şeirə təkcə
heca şeirinin incəliklərini özündə əks etdirən
bir şeir kimi baxmıram, həm də olum və ölümlə
bağlı həyat fəlsəfəsini ifadə edən
şeir kimi də baxıram. İnsan bütün ləyaqəti,
mənəvi gücü və günahları ilə Allah
qarşısındadır. İnsan nə qədər ləyaqət,
mənəvi qüdrət sahibi olsa da, günahlardan da xali
deyil. Və Allahın böyüklüyünü dərk etməklə
öz kimliyini də dərk edə bilərsən... Bu fikir
bizim poeziyada heç də az səslənməyib. Qulu bəlkə
bu fikrin son akkordlarından birini səsləndirib:
Çoxdandı ki, içimdə bir
yalvarış dolaşmada: -
Gedib tövbə eləməyə
mənə yer ver, İlahi,
Elə yer ki, baxıb görüm
Sənsən hər yer, İlahi!
Ümumiyyətlə, Qulu Ağsəsin şeirlərində
Allahla bağlı, ona müraciətlə səslənən
şeirlər və ayrı-ayrı şeirlərdə zikr
olunan misralar, bəndlər az deyil. Bir Allah bəndəsinin -
Qulu Ağsəsin Allahla "dil tapması" bir xilqətin
Xaliqə yalvarışı deyil, sufi düşüncəsindən
doğan reallıqdır.
Şeirlərində Allaha üz tutan, dərdini o Aliqədrlə
bölüşən, "sənsən hər yer" deyən
Qulu Ağsəs tale-ömür yolunda da öz Allahından
ayrılmazdır.
Qulu Ağsəsin şeirlərində, öncə
qeyd etdiyim kimi, MƏN-ŞAİR obrazı kifayət qədər
önəmlidir. Ancaq bu, özünü ifrat
nağıllandırmağa gətirib çıxarmır,
çünki "nağıl da yalanmış,
nağılçılar da". Bir şeirində Qulu çəkdiyi
dərdlərin sorğu-sualını aparır, bir gün bu dərdlərin
"sərgisi" açılacaq deyir. Başqa bir
şeirində ürəyinin qara qutu olmağından söz
açır. Ölümdən danışır: "Ölmədim,
ölüm deyilən Tələdən qurtarmadım".
Yaxud: "Haradı dünyanın əvvəli, axırı?!
Azanda bir dostu köməyə çağırım".
Qulunun bir şeiri də var ki, o şeir mənim xətrimə
dəyir. Həmin şeirində deyir ki:
Anama: "Sevin!" dedilər,
"Bu, oğlun, evin!" dedilər,
Mən doğulan gün dedilər
Aprelin 20-sinə.
...İstədim öləm, qoymadı,
Lap nahaq yerə qoymadı,
Tanrım bir daşı qıymadı,
Aprelin 20-sinə.
Başa düşürəm ki, Qulu Ağsəs bu
şeirdə öz taleyi ilə bağlı
nigaranlığını ifadə edib. Amma niyə bəyənmirəm
bu şeiri və niyə xətrimə dəyir? Məsələ
burasındadır ki, mən də 20 apreldə
doğulmuşam. Təkcə mən yox, Nəsibə Zeynalova,
Çingiz Hüseynov, Məmməd Rahim, Bədirxan Əhmədli,
Zemfira Nərimanova, Aybəniz Kəngərli, Şahbaz
Şamıoğlu və bu məqamda adlarını daha
neçə-neçə tanınmış sima da. Əlbəttə,
mən Qulunun doğulduğu o günü
alqışlayıram. O gün Ağdamda Qulu adlı, gələcəyin
istedadlı bir şairi dünyaya göz açdı.
Alqış o günə!
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet .- 2024.- 26 noyabr(№216).-S.13.