"Aynadakı
adam", yaxud aynalar və adamlar
Şeir oxumaq mənim üçün ehtiyacdır, mənəvi
istirahətdir. Hələ o şeirdə fəlsəfi
düşüncə varsa... Oxuduğum şeir haqqında
düşünmək, şairin duyğularını oxumaq, mənəvi
aləminə yolçuluq etmək cəhdi mənim
üçün bir zövqdür, mənəvi tələbatdır.
Bu günlərdə publisist və şair Rahil
Tahirlinin "Aynadakı adam" şeirlər kitabının
təqdimatı keçirildi. Dəvətlilər arasında mən
də var idim (dəvətə görə Rahil Tahirliyə və
kitabın redaktoru, "Mədəniyyət" qəzetinin
redaktor müavini Fariz Yunisliyə xüsusi təşəkkür
edirəm). Mütəmadi yağışlar səhhətimdəki
problemləri qabartsa da, özümə söz verdim: mütləq
bu imza gününə və təqdimata gedəcəyəm.
Və getdim. Nə yaxşı ki getdim. Rahil Tahirlinin sayəsində
ömrümüzə bayram havasında bir gün
yazıldı. Əlindəki kitabı mənə təqdim
etməsi gözəl hədiyyə oldu. Kitabı vərəqlədim.
"Ön söz"süz nəşr edilməsi diqqətimi
çəkdi. Bu şairin özünə və sözünə
böyük inamından xəbər verirdi. Diqqətimi çəkən
digər bir məqam isə tədbirə alim, aşıq,
şair, sufizm haqqında elmi tədqiqatların müəllifi
Fəxrəddin Salimin aparıcılıq etməsi oldu. Tədbir
boyu şairin anası Gülnaz xanım, qardaşı -
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio
Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri
Sahil Tahirlinin, bacısı - Naxçıvan Dövlət
Universitetinin müəllimi Gülay xanımın təqdimatda
iştirak etməsini, əsl Azərbaycan ailəsinin birliyini,
səmimiyyətini və məhəbbətini izlədikcə:
"Hələ bu dünyada yaşamağa dəyər",
- dedim. Bu tablo həm də gözəl nümunə idi.
Bütün bunlar öncədən təqdimatın hansı
ruhda keçəcəyindən xəbər verirdi. Yüksək
səviyyədə keçən təqdimatdan mənə
müəllifin imzaladığı "Aynadakı adam"
kitabı və xoş təəssürat qaldı.
Neçə gündür, şairin oxuduğum və
təsirindən çıxa bilmədiyim şeirləri
haqqında düşünürəm. Şairin
yaradıcılığı haqqında düşüncələrim,
daha doğrusu, Rahil Tahirlinin fəlsəfi düşüncələri,
Tanrı, insan, dünya, kainat, ölüm haqqındakı
fikirləri məni yazmağa məcbur etdi. Ən çox da diqqətimi çəkən
və məni düşündürən kitabın adı oldu:
"Aynadakı adam".
Ayna və adam... Adam sözünün izahı
açıq ensiklopediyada belə verilir: "Şüurlu
davranmaq, danışmaq və düşünmək qabiliyyəti
olan ictimai varlıq, yəni insan və ya adam". Əsasən,
insanların arasından əxlaqı, təfəkkürü,
davranışı, comərdliyi ilə seçilən şəxslərə
adam deyilir. Ayna isə ta qədimdən bir çox cəmiyyətdə
diqqət çəkmiş bir obyektdir. Bütün dinlərdən
öncə yaranan, türkün düşüncə sistemi
sayılan şamanizmdə, vəhdəti-vücud fəlsəfəsində
aynaların önəmli missiyası var. İnanca görə,
şaman aynaya baxaraq gələcəkdən xəbər verir,
öz ruhunu görə bilir. Folklorumuzda, sehrli aynaların gələcəkdən
xəbər verməsi, uzaq yerləri göstərməsi,
insanlarla danışması haqqında fikirlər var.
Zaman-zaman aynaya dərin və fərqli mənalar yüklənmiş,
ayna ruhlar aləminə açılan pəncərə kimi qəbul
edilmişdir. Aynalar həm də bu dünya ilə o biri
dünya arasında sərhədi simvolizə edir. Vəhdəti-vücud
fəlsəfəsində aləm aynadır. Vəhdəti-vücud
arifləri varlıq və yoxluq arası əlaqələrin
izahında tez-tez sufizmin məşhur ayna metaforuna müraciət
etmişlər. Məsələn, İbn Ərəbiyə
görə, "Aləm Haqqın aynası", M.Şəbüstəriyə
görə, "Ədəm mütləq varlığa
aynadır". Aləm əks etdirdiyi Tanrı surətinin
aynasıdır.
Aynaların tarixi çox qədimdir. İlk aynalar qədim
Şumerlərdə, Hindistanda və Misirdə, ilk
şüşə aynalar isə Murano adasında yaşayan
Venesiya ustaları tərəfindən düzəldilib (XII əsrdə).
Maraqlıdır ki, venesiyalılar 200 il aynaların düzəlməsi
sirrini gizli saxlayıblar. Ayna haqqında fəlsəfi
düşüncə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin
poeziyasında geniş şəkildə əks olunub. Biz isə
burada Rahil Tahirlinin aynalarla həsbi-halını, aynaların
ona, onun aynalara anlatdıqlarına ayna tutmağa
çalışacağıq. Rahilin şeirlərinin təhlilindən
öncə aynanın vəhdəti-vücud fəlsəfəsində
və türkün ən qədim inanc sistemi sayılan
Şamanizmdəki yerindən aynalardan, aləmdən onun sehrindən
bəhs etməyimiz, şairin kitabına "Aynadakı
adam" adını olaraq seçməsi kimi, təsadüf
deyil. Çünki Rahil Tahirli ruh adamıdır, şaman kimi
üzü göylərdədir, anlamaq və anlatmaq istədikləri
mənəvi müstəvidədir. Şeirlərin ruhu, daha
doğrusu, şairin ruhu, düşüncəsi məni XIII əsrdə
yaşamış məşhur sufi mütəfəkkir
Mövlana Cəlaləddin Ruminin dini-mistik fəlsəfi
dünyasına götürdü, düşüncə
sistemini qələmə aldığı "Məsnəvi"ni,
neyi xatırlatdı.
Qeyd edim ki, "Məsnəvi"nin ilk on səkkiz
beytində "Ney" birinci yerdədir. Köhnə təfsirçilərə
görə, bu on səkkiz beytdəki ney "Kamil
insan"dır. Neydən çıxan hər bir səs
Allahın iradəsini bildirir. Axtarışda olan şairin,
"Aynadakı adam"ın şeirləri Tanrı, insan,
dünya, kainat, ölüm haqqındakı düşüncələrinin
poetik ifadəsi, "ney" kimi anlatmaq istədikləridir.
"Bu dünya ilə xırda ilişiyi qalan",
"Aynadakı adam"ın da bizə anlatmaq istədikləri
ruh dünyasında yaşadıqları, aynaya (aləmə)
baxdıqda gördükləri, "Göy üzündə
qalan Xuda"sına pıçıldadıqlarıdır:
Beləcə durub baxıram,
Lap qıraqda dayanmışam.
O mənim evimdir-yanıb,
Mən də içində yanmışam.
Xəbərim yox yer üzündən,
Göy üzündə Xudam qalıb.
İndi hamı çıxıb gedib,
Aynadakı adam qalıb.
Rahilin şeirlərini oxuduqca Rumini xatırlamamaq
mümkün deyil. Onun "Mən də içində
yanmışam", - sözləri Ruminin məşhur
"Xamdım, yandım, bişdim", - sözlərini xatırladır,
şairin dünyagörüşünün hansı mərhələdə
olmasından xəbər verir. Rahilin şeirlərini oxumaq,
onun dünyagörüşünü oxumaq, fəlsəfi
düşüncələrini oxumaqdır. Onun
özünüdərkə qədəm qoyduğunu,
özündən-özünə səyahətini izləməkdir.
Bütövlükdə, Rahil Tahirlinin aynalarla söhbəti,
mənəvi dünyasına səyahəti özündən-özünə
səyahətdir. Və bu səyahət üçün ən
önəmli obyekt aynadır. Şairin aynanı obyekt olaraq
seçməsi təsadüfi deyil. Biz, yəni insan hər
şeyi, yeri-göyü, Ayı, Günəşi,
ulduzları, bütövlükdə təbiətdəki
bütün gözəllikləri görürük. Bizi bizə
göstərən isə aynalardır. Digər tərəfdən,
aləm eyni anda həm ayna, həm də əksdir. Surət,
ayna və əks arası bu incə məqamları nəzərə
alan Türk-İslam fəlsəfəsində xüsusi yer və
dəyərə sahib olan Sədrəddin Konəvinin fikrincə,
ayna özündə əks olunanın həqiqəti
üçün yox, onun bənzəri və
görüntüsü üçün mahaldır. Aləm
vahid varlıq və varlığa sahib yeganə vücudun,
Tanrının aynasıdır. Bu qədər müqəddəs
missiya yüklənən ayna, eyni zamanda, bizə
özümüzü göstərir, özümüzü
xatırladır. Hətta anlayana savablarını,
günahlarını da göstərir. Bir növü
insanın nəzarətçisi rolunu oynayır. Vəhdəti-vücudda
aləm sayılan (aləm həm də aynadır) aynada
özünə baxmaq, özünü görmək, mənfiləri
düzəltmək, özünütərbiyə etməyə
çalışmaq insanın kamilləşmə prosesinin
başlanğıcıdır. Rahili də özündən-özünə
səyahətə götürən, özünü və aləmi
xatırladan aynalardır:
Arzum yolda qalmasa,
Məni fikir almasa.
Aynalar da olmasa,
Unudaram özümü...
Fəlsəfi düşüncə olmayan şeir yavan
şeirdir. Rahil Tahirli təbiəti dərk edir. Onun şeirlərində
yarpaqların budaqdan torpağa düşməsi, torpağa
qarışması ilə, insanın "torpağın
yaxasını açıb geyməsi" eyni məhiyyətdədir.
Rahildə şairliklə mütəfəkkirlik vəhdətdədir.
Yarpağı düşər budağın,
Yolu aşılar bu dağın,
Öpüb, qoxlayıb... torpağın
Yaxasın açıb geyərəm.
Olumla başlayıb
ölümlə sonlanan həyat
adlandırdığımız ömür payını, bu
dünyadakı missiyasını və bu dünya ilə
yanaşı, başqa bir
dünyanın da olduğu qənaətində olan Rahilin
dediyi dünya bu deyil. Ruhumuzun aid olduğu məkan, Tanrı dərgahıdır.
İnsanın mənəvi yüksəlişini
günəşlə paralelləşdirən Rahil Tahirlinin
düşüncəsi maraqlıdır.
Guya başqa nə olur?..
Əcəl və əzəl olur.
Adam da günəş kimi
Üfüqdə gözəl olur.
Günəş yüksəkdədir və
dünyanı işıqlandırır. Bəs insan? İnsan
bu dünyanı tərk edərkən onun ruhu göyə
yüksələcək. Ruhun aid olduğu yerə yüksəlməsini
şair günəşə - üfüqdən gözəl görsənən
günəşə bənzədir.
Hara getsə, əli şamlı
Qəmi izləməkdir ömür.
Var-gəl eyləyə-eyləyə
Ölüm gözləməkdir ömür.
Şairin ölümdən yazması
düşündürücüdür. Ölümün fəlsəfəsini
anlamaq, ölmədən öncə ölmək hər
adamın işi deyil. Dünyaya gəlmək, doğulmaq, həyata
girişsə, ölüm çıxışdır. Eyni
zamanda yeni bir başlanğıcdır. Ölümlə bu
dünyadakı səyahətimiz başa çatır, ruhumuz
aid olduğu yerə, tənimiz yarandığı torpağa
qovuşur.
İnsanın öləcəyini bilməsinə hər
kəsfərqli müstəvidən yanaşır. Kimi dünyadan gedəcəyini bildiyi
üçün üzülür. Kimi də ölümü
Tanrıya qovuşmaq, varlıqda yox olmaq, "bədəndə
əzab çəkən ruhun" aid olduğun yerə
dönməsi kimi qəbul edir. Atasının
ölümünə, ruhun aid olduğu yerə dönməsinə,
şair üzülür, amma üsyan etmir:
Soraq gəldi qəbirdən,
Ürək durdu qəfildən.
Atam, ölüm bir də mən,
Üsyan yoxdur, hüzn var.
Bütövlükdə, min illərdir
insanlığı düşündürən ənənəvi
mövzulara Rahil Tahirlinin yanaşması fərqli,
düşüncələri fəlsəfidir. Bu qədər
ağır suallara cavab axtaran, yoxluğun, və ya
çoxluğun içində yalnız qalan şair,
düşüncələrini "Aynadakı adam"la
bölüşür. "Ruh-vücud hesabatı" verir. Hər
dəfə ayna qabağına keçəndə yalnız
öz varlığını deyil, bu varlığı ona verən
Tanrını görür. Rahil üçün ayna, aləmi
görməkdir. Aləm isə əks etdirdiyi Tanrı surətinin
aynasıdır.
Rahil Tahirlinin "Aynadakı adam" kitabında qələmə
aldığı şeirlər "Bir də məndən bax
özünə" başlığı altında təqdim
olunur. Əgər bəhs
etdiyimiz şeirlərdə şairin Tanrı, insan, dünya,
tale haqqında axtarışları, düşüncələri
ağırlıq təşkil edirsə, "Bir də məndən
bax özünə" şeiri şairin cavabsız
suallarının və yer üzündə yaşananların
Allaha ünvanlanmasıdır. Bu dəfə aynanın
missiyasını üstlənən şair, mütəfəkkircəsinə
Allaha müraciət edir: "Bir də məndən bax
özünə".
Bu zaman onu düşündürən önəmli bir
məsələyə toxunur, "namərd dünya" məsələsinə.
Namərd insanlar dünyanın dəngəsini pozur.
İnsanın namərdliyi dünyaya yüklənir. Bir tərəfdən
də, Allahın yaratdıqlarının əməllərindən
xəbərdar olduğunu, "bezdiyini" ifadə edir:
Nədir bizdə bu ayrılıq,
Adına da dərd deyirlər.
Namərdliyi insan edir,
Dünyaya namərd deyirlər.
"Ol" dedin, oldu adamlar,
Dilin gəlmir dağıtmağa.
Bilirəm, Sən də bezibsən.
Əlin gəlmir dağıtmağa.
Dünya imtahan yeridir fikiri səbəbsiz
formalaşmayıb. İnsanın həyatı və ya
ömrü Tanrının insanlara bəxş etdiyi
düyünləri açmaqla keçir. Bir düyünü
həll edirsən, digər bir problem yaranır. Elə
düyünlər də var ki, açılması
müşküldür. Və elə insanlar da var ki,
ağıl və zəkası ilə ən müşkül
düyünü açmağı bacarır. Məsələn,
Makedoniyalı İsgəndərin "Qordi
düyünü"nü açması kimi. Rahilin
"Düyün" şeiri də bu baxımdan əhəmiyyətlidir.
Şairin fikrincə, "Dünyamız düyündür
göyün üzündə". İnsanın ömrü
düyün altından çıxan düyünləri
açmaqla keçsə də, Allahın açılmasını istəmədiyi,
"düyün üstünə düyün vurduğu
düyünlər" də var.
Yox, biz sıxılmırıq, düyünlər
sıxır,
Dünyamız düyündür göyün
içində.
Hər düyün altından bir düyün
çıxır,
Adam düyün düşür düyün
içində.
Rahil Tahirlinin şeirlərini bir məqalədə
küll halında təhlil etmək, təbii ki, mümkün
deyil. Ancaq "Gəlib sahilinə çatdığım dəniz"
şeirinə da toxunmadan olmaz. Çünki Rahilin "Dəniz"
şeiri onun fəlsəfi düşüncələrini
öyrənməkdə açar rolunu oynayır.
Qədim zamanlardan sonsuz sevginin simvolu olan dənizə
saysız-hesabsız şeirlər yazılıb, nəğmələr
bəstələnib. Rahilin "Gəlib sahilinə
çatdığım dəniz" şeirinə də
mahnı bəstələnib. Təqdimatda mahnını Fəridə
xanım Mirişovanın həzin və gözəl
ifasında dinlədik.
Gözümüzün önündə dəniz intəhasızlığı,
dalğalar maviliyi və gözəlliyi
ilə bütün gözəlliyi ilə canlandı. Şair
mahnıda romantik duyğularından çox fəlsəfi düşüncəsini
pıçıldayır.
Ədəbiyyatda gözəlliyin, ənginliyin,
huzurunu, maviliyin simvolu kimi işlənındəniz, Rahil
Tahirlinin şeirində mistik bir məna kəsb edir. Təsəvvüfdə
mistik əhval-ruhiyyə dəniz metaforası ilə ifadə
olunur. Mistik mənada dəniz birlik, damcılar və
dalğalar çoxluqdur. Rahilin "göz
yaşlarının izinə düşərək gəlib
sahilə çatması" fəna-fillah mahiyyətindədir.
İzahlı dini termlər lüğətində
yazılır: "Fəna-fillah... bəndənin bəşəri
xüsusiyyətlərindən və pis arzulardan
uzaqlaşıb, ilahi vəsflərə qərq olması
halıdır". Füzuli yazır: "Məndə olan
aşikar sənsən / Mən xod yoxam, ol ki var, sənsən".
Rahil isə yazır:
Düşüb göz yaşımın izinə bir
vaxt
Gəlib sahilinə çatdığım dəniz.
Özümə yazdığım məktubu salıb
Şüşənin içinə atdığım
dəniz.
Dənizin sahilinə çatmaq, bədəni bəşəri
xüsusiyyətlərdən arındırmaq və ilahi vəsflərə
qoşmaq üçün öncə birlik və
çoxluğun simvolu olan dənizə baş vurmaq gərəkdir.
Artıq Rahilə şair deməkdə acizlik hiss edirəm.
Rahil mütəfəkkircəsinə mərifət dənizinə
baş vurur, arınır, ilahi vəsflərə qərq olur.
Bu, damlanın dənizə qatılaraq itməsidir. Sahilə
çatan onun bədənidir.
Sənin duyduğundan çoxunu duyub,
Səndəki sevdiyim qoxunu duyub,
Gəlib içindəki qorxunu duyub
Uzanıb yanına yatdığım dəniz.
Poeziya ilhamdır, nəfəsdir, bədənin tərbiyəsidir,
səhrada duadır, mövcud olmayanla ünsiyyətdir,
duadır, peşmanlıqdır, epifaniyadır, fenomendir,
ovsundur, cadudur, magiyadır". Bu baxımdan, Rahil Tahirlinin
"Aynadakı adam"dakı misraları onun fəlsəfi
düşüncəsinin inikası, ney kimi inləyən
könlünün təlatümü, anlatmaq istədikləri,
mövcud olmayanla ünsiyyəti, ruhunun aynasıdır. Rəqəmlər
sonsuz olduğu kimi, təfəkkürün sonu heyrət, heyrətin
sonu vəhdəti-vücuda - Tanrıya yüksəlməkdir!
Yüksəlişin mübarək olsun, Rahil Tahirli!
Lütviyyə ƏSGƏRZADƏ
Filologiya elmləri doktoru, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun baş elmi işçisi
525-ci qəzet .- 2024.- 26 noyabr(¹216).-S.12;13.