Media savadlılığı orta məktəblərin
tədris proqramına salına bilərmi?
Ekspertlərin fikrincə, media
savadlılığının tədrisinin orta məktəblərin
təhsil proqramına əlavə edilməsinə ciddi ehtiyac
var
Media savadlılığı məsələsi təkcə
ali məktəblərdə jurnalistika üzrə təhsil
alan tələbələrin yox, vəzifəsindən və
yiyələndəyi ixtisasdan asılı olmayaraq hər kəsin
bilməsi zəruri mövzulardandır. Texnoloji inqilabdan
dolayı cəmiyyətin bir fərdi kimi hər birimiz hər
gün informasiya axını ilə üz-üzə
qalırıq. Məlumatların doğru və ya
yanlış olduğunu bilmədən asanlıqla fikir
yürüdür, hətta bəzən media və sosial şəbəkələr
üzərindən bilmədiyimiz faktlardan dolayı mübahisələrə
belə qoşuluruq. Fövqəladə hallar zamanı isə
belə situasiyalarla qarşılaşmaq həyati təhlükələrə
hətta gətirib çıxara bilir. Vətəndaşın
ötürülən bu mesajların düzgün
olub-olmadığını analiz edərək süzgəcdən
keçirib faktlarla əsaslandırması media
savadlılığının əsas şərtlərindən
sayılır. Demokratiya, vətəndaşlıq şüuru
və siyasi iştirakı təşviq etmək, irqi
ayrı-seçkiliyi və gender bərabərsizliyini minimuma
endirmək, narkotik istifadəsinin, şiddətin,
zorakılığın qarşısını almaq, təhsil
səviyyəsini yaxşılaşdırmaq, qadağalardan
daha çox bilgiləndirmək kimi vəzifələri olan
media savadlılığı hər bir vətəndaşın
həyatında xüsusi rol oynayır. Bəs bu gün Azərbaycanda
media savadlılığı ilə bağlı tədrisin səviyyəsi
qənaətbəxşdirmi?
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin
Yeni media və kommunikasiya nəzəriyyəsi
kafedrasının dosenti Könül Niftəliyevanın
sözlərinə görə, Azərbaycanda media
savadlılığı anlayışının daha geniş
yayılması və ictimai şüur səviyyəsinə
qalxması üçün ibtidai və orta təhsil
proqramlarına bu mövzunun daxil edilməsi çox əhəmiyyətlidir:
"Azərbaycanda universitetlərdə media
savadlılığı üzrə dərslər
keçirilir, seminarlar və maarifləndirici tədbirlər təşkil
olunur. Lakin bu təşəbbüslər hələ geniş
kütlələrə çatmaqda kifayət qədər
effektiv deyil. Azərbaycanda media savadlılığı
anlayışının daha geniş yayılması və
ictimai şüur səviyyəsinə qalxması
üçün ibtidai və orta təhsil proqramlarına bu
mövzunun daxil edilməsi çox əhəmiyyətlidir. Erkən
yaşlardan media savadlılığı bacarıqlarını
mənimsəyən uşaqlar müxtəlif media məzmunlarına
tənqidi yanaşaraq daha şüurlu fərdlər kimi
yetişəcəklər. Bu təhsilin effektiv olması
üçün müəllimlərin media
savadlılığı mövzusunda xüsusi təlim
alması və fəal şəkildə bu tədris prosesində
iştirak etməsi vacibdir. Bununla yanaşı, ailələrin
də media savadlılığı prosesinə cəlb edilməsi
ilə cəmiyyət miqyasında daha şüurlu və tənqidi
bir media istehlakı təşviq edilə bilər".
K.Niftəliyevanın fikrincə, Azərbaycanda media
savadlılığının genişlənməsi və cəmiyyətin
bütün təbəqələrinə çatması
üçün təhsil siyasəti yenidən nəzərdən
keçirilməlidir. Media savadlılığını
yalnız istehlakçı təhsili kimi görmək onun əhatəsini
məhdudlaşdırmaqdır: "Media
savadlılığı, cəmiyyətin və jurnalistlərin
media ilə münasibətlərini şüurlu və tənqidi
bir düşüncə səviyyəsində yenidən
formalaşdıran mühüm bacarıqlar toplusudur. Media
savadlılığı cəmiyyətin mediada
qarşılaşılan məzmunların doğruluğunu
sorğulamaq, müxtəlif mənbələrdən gələn
məlumatlara tənqidi yanaşmaq və manipulyativ mesajlara
qarşı şüurlu mövqe sərgiləmək
bacarığını inkişaf etdirir. Media
savadlılığına malik cəmiyyət
yanıltıcı və ya sensasiya məqsədli məzmunlara
qarşı daha dayanıqlı olur. Bu bacarıq fərdlərin
özlərini sərbəst ifadə etmə hüququnu istifadə
etmələrini və ictimai həyata daha məlumatlı bir
şəkildə qatılmalarını dəstəkləyir.
Jurnalistlər üçün isə media
savadlılığı yalnız məlumatı əldə
etmə və qiymətləndirmə bacarığı deyil,
həm də güclü bir etik mövqe
nümayişidir".
Media savadlılığının sadalanan vəzifələrin
öhdəsindən tam şəkildə gəlib-gəlməməsinə
gəlincə, ekspertin fikrincə, media
savadlılığının əsas məqsədi fərdlərin
media mühitində daha şüurlu və tənqidi
düşünən iştirakçıya çevrilməsini
təmin etməkdir: "Fərdlər media məzmunlarını
yalnız istehlak etmir, eyni zamanda bu məzmunları dəyərləndirərək
obyektivliyini, doğruluğunu və məqsədini təhlil
edirlər. Media savadlılığı, fərdlərin
demokratiya və vətəndaş şüuru ilə
bağlı daha şüurlu davranmasını təşviq
edir. Bu bacarıq fərdlərin manipulyasiya edilmiş və təhrif
olunmuş məlumatlara qarşı daha diqqətli
olmasını təmin edir, demokratik hüquqlarını
qorumağa və siyasi proseslərdə daha məlumatlı
şəkildə iştirak etməyə imkan verir. Media
savadlılığı həm də cəmiyyətdəki
sosial ədalətsizliklərə, xüsusilə irqi və
gender bərabərsizliyinə qarşı mübarizə
aparmaqda mühüm rol oynayır. Fərdlər mediada bu
mövzularda təqdim olunan təsvirləri tənqidi şəkildə
təhlil etməyi öyrənir və bu təsvirlərin nə
dərəcədə obyektiv olduğunu anlamalarına kömək
edir. Cəmiyyətdə həm də ictimai-siyasi iştirakı
təşviq edən media savadlılığı fərdlərin
sosial və siyasi proseslərdə daha fəal
iştirakını təmin edir. Media
savadlılığının əsas məqsədləri cəmiyyətdə
demokratiyanın gücləndirilməsi, irqi və gender bərabərsizliyinin
azaldılması, sosial problemlərə qarşı
mübarizə aparmaq, təhsil səviyyəsinin yüksəldilməsi
və fərdlərin ictimai-siyasi iştirakını
artırmaqdır. Bu məqsədlər bir-biri ilə sıx
bağlıdır və hamısı birlikdə cəmiyyətdə
daha məlumatlı, tənqidi düşünən və məsuliyyətli
fərdlərdən ibarət güclü bir cəmiyyət
qurulmasına xidmət göstərir".
Bakı Dövlət Universitetini Jurnalistika fakültəsinin
dekanı Vüqar Zifəroğlu bildirib ki, media
savadlılığı insanlar üçün gündəlik
həyatlarında medianın və məlumatın rolunu anlamaq
və ondan faydalı şəkildə istifadə etmək
üçün vacibdir: "Ölkəmizdə media savadlılığına
diqqət son illərdə artır. Bildiyiniz kimi, "Media
haqqında" qanunda da bu məsələ ayrı maddə
olaraq qoyulur. Media savadlılığı insanların mediada təqdim
olunan məlumatları analiz edə bilmək, faktları fərqləndirə
bilmək və media vasitələrindən düzgün
istifadə etmək bacarıqlarını əhatə edir.
İnternetin sürətli yayılması və sosial
medianın təsiri nəticəsində bu sahədə məlumatlılığın
artırılması mühüm əhəmiyyət kəsb
edir. Ümumiyyətlə 21-ci əsr insanı mediatik və
mediasavadlı olmalıdır.
Azərbaycanda bu istiqamətdə müxtəlif layihələr
həyata keçirilir. Lakin ümumilikdə media
savadlılığı hələ də geniş
yayılmayıb. Bir çox insanlar xüsusilə sosial mediada
yayılan məlumatlara tənqidi yanaşmadan inanmağa
meyillidir. Bu, bir sıra hallarda təəssüf ki, informasiya
manipulyasiyasının və yalan məlumatların
yayılmasına səbəb olur.
Media savadlılığının tədrisinin orta məktəblərin
yuxarı sinif təhsil proqramına əlavə edilməsi bu
istiqamətdə müsbətə doğru ciddi
dönüş yarada bilər. Xatırlatmaq istərdim ki,
bununla əlaqədar qardaş Türkiyənin müvafiq təcrübəsini
öyrənməkdə fayda var".
V.Zifəroğlu daha sonra qeyd edib ki, media
savadlığı cəmiyyətin bu istiqamətdə maariflənməsini
nəzərdə tutan anlayışdır. Jurnalistlər
üçün isə əsas olan informasiya
savadlılığıdır. İnformasiya
savadlılığı jurnalistlərin informasiya ilə
işləmək qabiliyyətini, bu prosesin müxtəlif
istiqamətlərini özündə ehtiva edir və müxtəlif
informasiya mənbələrini tapmaq, əldə etmək, qiymətləndirmək,
effektiv istifadə etmək bacarığıdır.
İnformasiya savadlılığı, xüsusilə sürətlə
dəyişən rəqəmsal dünyada vacibdir,
çünki sosial media və internetdə yayılan məlumatlar
arasında yalan məlumatları və manipulyasiya olunmuş məzmunları
anlamaq üçün kritik bir bacarıq kimi ortaya
çıxır".
Ləman İLKİN
525-ci qəzet .- 2024.- 26 noyabr(№216).-S.11.