COP29-un gözəgörünməz qəhrəmanları  

 

Nigar Köçərli, "Ali və Nino"nun təsisçisi və direktoru:

- "Vətəndaş A" serialına baxıram. Daha doğrusu, 5-ci seriyada mafiya epizodu məyus etdi məni, ona görə  əmin deyiləm ki, bitirə biləcəm. Klişelər çoxdur, arabir rejissora demək istədiyim "axı biz də kinolara baxırıq, bu səhnə nəsə çox tanış gəlir". Aktyorların Polad Alemdarı intonasiyası ilə danışmaqları isə ayrıca dərddir.

Amma ümumən serial yaxşıdır. Birincisi, bir kitabçı kimi deyim ki, kitab üzərində çəkilən filmlər hər zaman maraqlıdır. Bilməyənlər üçün - serial Cəfər Cabbarlının "Almaz" pyesin motivləri əsasında çəkilib. Klassika hər zaman aktualdır!

Serialın insaların rəğbətini qazanması ilk öncə sosial mövzulara toxunmağı ilə bağlıdır. Ətrafda, mətbuatda o qədər yalanlar deyilir ki, korrupsiya, ədalətsizlik, erkən nigahlar mövzusuna toxunmaq cəsarət tələb edir, diqqəti cəlb edir.

Adətən müasir kinolarımızda, ədəbiyyatımızda qadın ya məşuqə, ya xidmətçi, ya da bədbəxt ana kimi verilir, ilk dəfə bir serialda qadını fəal və mübariz görürük.

Amma təəssüf hissi yaradan odur ki,  ötən yüz ildə heç nə dəyişməyib - haqları, ədaləti tələb edən qadınlara "demaqoq", "şüvən", "qeyri-adekvat", daha da pis sözlər deyilir.

Baxmağa dəyərmi? Birmənalı şəkildə, hə.

Fəridə Aslanova-Rüstəmova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi:

- Bircə onu bilirəm ki, COP29 günlərində "Ulduz"un ulduzu parladı. Metronu deyirəm.

COP29-da qaynar məkanlardan biri də "Ulduz" oldu. "Koroğlu"nun nəqliyyat yükünü də çəkə bildi.  Çətin də olsa, bacardı. Amma  beynəlxalq tədbirəcən sərnişinlər  həmişə zarafatla bu stansiyanı "Ölü zona" adlandırırlar.

Avtobusdayam. Müşahidə edirəm.

Düşünürəm ki, bəzi şeylər elə indiki kimi qalsa, yaxşı olar. Məsələn, COP29-dan qabaq sərnişinlər "Koroğlu" metrosunun uzun yeraltı  keçidindən çıxıb, yenə də uzun-uzadı gedib avtobus dayanacağına çatırdılar. Yəqin sabahdan yenə də elə olacaq.

Amma indi gözəldir. "Ulduz" metrosundan çıxan avtobuslar "Koroğlu"nun şüşə piramida tərəfinə yaxın dayanacaqdan keçir. Camaat da sevinir.

Belə davam etsə, əla olar.

Yollardakı nizam-intizam zövq verir. Deməli, biz istəsək, çox şeyi bacararıq. İstəsək!

Azər Həsrət, jurnalist:

- Gündəm dışı olsa da, yazıram. Az öncə digər sosial media hesabımda qarşıma bir video çıxdı. Qardaş Türkiyədə qara çadralı (qapqara) bir qadın ticarət mərkəzindəki yeni il yolkasına hücum çəkirdi. Özü də deyirdi ki, "ben bunu yıkarım"...

İndi deyim, bilin. Biz evimizdə illərdir yolka bəzəmirik. Yeni il sadəcə il dəyişməsidir. Ondan bir gün öncə isə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür, əslində o günü qeyd edirik. Yolka bəzəmək, elə yeni ilin özünü də bayram etmək, bizə görə deyil. Çünki bu "bayram" İsa peyğəmbərin doğum günü ilə əlaqəli olması baxımından xristian bayramıdır. Biz isə xristian deyilik. Amma sovet dönəmindən yeni il həm də yolka bəzəməklə bayram edilir. İndi biz də o təqvimdə olduğumuz üçün sadəcə il dəyişməsini bayram edirik, amma xristian atributu olmadan.

Bununla bərabər, kiminsə yolka bəzəməsinə də qarışmırıq. Çünki belə şeyləri şəxsi seçimdən sayırıq, hörmətlə yanaşırıq. Hətta kimsə bunu bir xristian kimi bayram etsə belə, biz qarışmarıq. Ona görə də qardaş Türkiyədəki qadının durub yolkaya hücum çəkməsi heç də xoş mənzərə deyil.

Tolerant olmaq lazımdır. Əlbəttə, bir yerə qədər o da...

Şamil Paşayev, hüquqşünas:

- Üzeyir bəy ölkə üçün çox şeydir!

Bizdə yenə Üzeyirlər var, yetişir və yetişəcək.

Yoxsa, çadırda da, körpələr evində də, komfortlu villalarda da Üzeyir yetişə bilər.

Təməl sorun burada Üzeyirin harada və ya yetişib-yetişməməsində deyil, sorun ondadır ki, XlX əsrin sonunda da, XX əsrdə də, indi də Üzeyir bəy Hacıbəylikimilər bireyin, fərdin istedadı hesabına çıxır.

Sistematiklik nəticəsində Üzeyirlərimiz olanda toplum gəlişmiş sayılır.

Anmaqdan qürur duyuruq!

İradə Tuncay, Əməkdar jurnalist:

- Havalar soyuduqca özünüz hiss edirsiz yəqin ovqatımız da soyuyur - belə demək mümkündüsə. Bunu belə izah edirlər ki, fəsil dəyişəndə orqanizmin ürətdiyi bəzi maddələrin faizi aşağı düşür. İnsan orqanizmində maraqlı bir maddə var - serotonin. Loru dildə desək -xoşbəxtlik hormonu. Bizim necə  olmağımız  o  maddədən çox  asılıdı. Hətta arzulamaq hisslərimiz, həvəsimiz də... Kefiniz yoxdursa, deməli, serotonin çatışmır... Bol-bol serotonin sizlərə - şokoladı əskik eləməyin stolunuzdan. Feysbukda da hava çöldəki kimidi... Tutqun...

Fərid Pərdəşünas, texnobloger:

- Vətəndaşlar tərəfindən çoxsaylı yeni piramida sistemləri ilə bağlı müraciətlər alıram. Çox təəssüf ki, dağılan sistemlərin yaradıcıları müxtəlif adlar altında yeni piramida sistemləri yaradırlar.

Vətəndaşlar yenə də bu sistemlərə yatırım edir, "yeni yaranıb, hələ dağılmaz" məntiqi ilə külli miqdarda vəsait qazanmağa çalışırlar.

Bildirmək istəyirəm ki, bu sistemlər hansısa iqtisadi dəyər əsasında çalışmır. Sistemin vahid məntiqi yeni zəncirləri (oyunçuları) qoşmaqla və vəsaiti adamdan adama ötürməyə söykənir.

Bir daha işbazların oyununa qoşulmamağı və pulunuzu asan qazanc vəd edən sistemlərə yatırmamağı tövsiyə edirəm.

İlkin Rüstəmzadə, "Nida" hərəkatının üzvü:

- 21-ci əsrdə cəhalət taleh deyil, seçimdir. Birmənalı.

Əvvəllər tez-tez adamlarla müzakirələrə girirdim, mübahisə edirdim. Artıq eləmirəm.

Başa düşmüşəm ki, mənasızdır. İnternet dövründə adam cahildirsə, bu, onun seçimidir.

10 min il əvvəlki insanı başa düşdük, bilgi yox, texnologiya yox, tibb yox. O adam aya, günəşə, ulduza inana bilər.

Gələcəyi müəmma. 100 km kənarda nə var, bilmir. Tısbağa belindəki quruda yaşadığını düşünür.

Taleyini bilmək istəyir də adam. Ona görə də münəccimə inanır. Normaldır.

Amma 21-ci əsrdə, elm bar-bar bağırırsa ki, astrologiya fırıldaqdı, buna baxmayaraq, yekə adamlar yüksələn zad söhbəti edirlər, heç bir mübahisəyə girmədən başını buraxmaq lazımdır.

Ay maarifləndirmə zad, boş şeydir. Maariflənməyəcəklər. Necə varlar, elə də gedəcəklər.

Başını buraxın.

Mehriban Zeynalova, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri:

- COP29 Azerbaijan kimi möhtəşəm bir tədbirlə bağlı bütün uğurlardan danışılır, danışılacaq. Çünki həqiqətən də tədbir yüksək səviyyədə keçirildi. Amma heç kim, tədbirin təhlükəsizliyi, şəhərdə sabitlik və rahatlıqla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin fəaliyyətini xatırlamadı. Bəlkə də əsl xidmət budur. Ölkəsinə, onun keçirdikləri tədbirdə gözəgörünmədən Vətənə xidmət etmək. Xatırlayırsınızsa hamımızın dualarında bir söz də vardı - xəta-bəlasız keçsin. Qurumun bütün əməkdaşlarına təşəkkür düşür.

Rumiyyə Miraslan, jurnalist:

- Kim nə deyir desin, təcili yardımda çalışan həkimlər kimi savadlı, mərhəmətli, insaflı həkim tanımıram. Hər dəfə də şahid oluram buna. İki gün əvvəl axşam anidən ağır vəziyyətə düşdüm, boğulurdum rəsmən, stress ağır allergiya vermişdi, nəfəs ala bilmirdim, elə bildim ki, artıq sondu. Nə haldaydımsa, qardaşım təcili yardımın arxasıyca özü qaçmışdı. Bir də baxdım ki, cavan bir uşaq gəlib həkim kimi. Əlim hər yerdən üzüldü, bu cavan uşaq nə edə biləcəkdi mənə. Sən demə, onun cavan canında necə böyük bacarıq, hünər, bilik varmış. Dərhal tibbi müdaxiləyə başladı, ardınca da xəstəxanaya qaldırdı, "bu halda evdə qoya bilmərəm" - dedi. Yolboyu da tibbi yardımı davam elədi. Xəstəxanaya çatanda artıq düzəlirdim, həkimlər də bildirdi ki, nə lazımdısa, hamısı olunub, başqa müdaxiləyə gərək yoxdur. Bu gün öyrəndim ki, həmin o cavan, bəstəboy həkim Ayxan Səfərov imiş. Suraxanı rayonu 11 saylı KYS-nin səyyar həkimi. O gün təşəkkür edə bilməmişdim, istədim buradan yazıb sonsuz təşəkkür edəm ona. Var olun, doktor! Allah sizin kimi həkimləri çox görməsin bizə.

Asif Nərimanlı, jurnalist:

- İqlim maliyyəsi COP tədbirlərində əsas müzakirə edilən, razılaşdırılması müşkülə çevrilən məsələdir. Və belə görünür ki, Bakıda da istənilən nəticə əldə edilmədi: 1 trilyon dolların ayrılmasından bəhs edilsə də, 250-300 milyard dollarlıq vəsait irəli sürülüb;

Bu məsələ - iqlim problemlərinin həlli məqsədilə inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə maliyyə ayırması ilk dəfə 2009-cu ildə Kopenhagendə keçirilən COP15 çərçivəsində razılaşdırılıb. Razılaşmaya görə, iqlim sazişinin tərəfləri hər il 100 milyard dollar olmaqla 2020-ci ilə qədər iqlim problemlərinin həllinə vəsait ayırmalı idi. 2015-ci ildə COP29-un keçirildiyi Parisdə razılaşmaya yenidən baxıldı və qərar qəbul edildi ki, hər il 100 milyard dollar maliyyənin ayrılması 2025-ci ilə qədər davam etsin.

BMT-nin Çərçivə Konvensiyasına əsasən iqlim maliyyəsi 24 ölkə tərəfindən - ABŞ, Avstraliya, Kanada, Avropa İttifaqına üzv ölkələr, Finlandiya, İrlandiya, Böyük Britaniya, İsveç, İsveçrə, İslandiya, Yaponiya, Yeni Zelandiya - ödənməlidir. Bu, Kopenhagen razılaşmasına uyğun müəyyən edilən ölkələrdir, lakin həmin vaxtdan sonra bir çox ölkə - Çin, Hindistan, Səudiyyə Ərəbistanı və s. iqlim maliyyəsinə qoşula biləcək səviyyədə inkişaf edib.

Maliyyə öhdəliyi inkişaf etmiş ölkələrin üzərinə təkcə iqtisadi imkanlarına görə yox, həm də bu iqtisadi imkanları iqlimin korlanması hesabına əldə etdiklərinə görə qoyulub. Bu ölkələr bir növ vurduqları zərəri kompensasiya etməlidir. Lakin indiyə qədər nəzərdə tutulan maliyyənin ayrılması praktiki müstəvidə reallaşmayıb. Öhdəlik götürən ölkələr müxtəlif səbəblərlə maliyyənin təmin edilməsindən yayınır. Misal üçün, Kopenhagen razılaşmasında hər il 100 milyard dolların ödənməsi nəzərdə tutulsa da, öhdəlik götürən ölkələr konfransdan sonra "bu məbləğ 5 illik müddətində ödənilməlidir" kimi iddialarla praktiki addımdan yayındılar. Sonrakı müddətdə də müəyyən məbləğdə vəsaitlər ayrılsa da, heç vaxt öhdəliyin tam yerinə yetirilməsi baş tutmadı.

COP29 maliyyə məsələsində razılaşmanın əldə edilməsi və Paris anlaşmasının 10 illiyinə - COP30-a böyük ümidlərin yaranacağı platforması kimi qəbul edilirdi, lakin arzuedilən nəticə əldə edilmədi. Maraqlıdır ki, bu nəticəyə görə məsuliyyəti Azərbaycanın üzərinə qoymaq cəhdləri müşahidə edilir. Misal üçün, Almaniyanın xarici işlər naziri Annalena Berbok "Biz imkan verməyəcəyik ki, yeni zəngin karbon qaz yayıcıları olan ölkələr COP29 prezidentliyinin dəstəyi ilə kasıb ölkələri soysun" deyib və bununla "maliyyənin ayrılması neft-qaz istehsalının azaldılacağı şərti ilə olacaq" mesajını verib. Qərb mediasında da kasıb ölkələrin narazı qaldığı maliyyə mətninin sanki Azərbaycanın ambisiyalarına uyğun hazırlandığı rəyinin yaradılması cəhdləri görünür.

Halbuki maliyyə öhdəliklərini yerinə yetirməyən inkişaf etmiş Qərb ölkələridir. Və COP29 üzərindən Azərbaycana qarşı tədbirdən öncə və tədbir zamanı aparılan kampaniyada da hədəflərdən biri diqqəti fərqli istiqamətlərə yönəltmək, maliyyə öhdəliklərini arxa plana keçirmək idi. Bir sıra Qərb ölkəsi müxtəlif səbəblərlə Bakıya gəlməkdən imtina etdi, Azərbaycanın "neft-qaz ölkəsi" olması (sanki bunu ilk dəfə bilirdilər) irəli sürüldü, iqlim problemlərinə aidiyyəti olmasa da, "insan haqları" məsələsi xüsusilə gündəmdə saxlanıldı və s.

İndi də istənilən maliyyənin razılaşdırılmamasına görə Azərbaycanı günahlandırmağa çalışırlar. Hərçənd, Bakı ev sahibi kimi üzərinə düşən hər şeyi etdi və COP-un tarixinə iqlim problemləri ilə bağlı bir sıra razılaşmanın əldə edildiyi platforma kimi düşdü.

 

525-ci qəzet .- 2024.- 26 noyabr(¹216).-S.10.