Xaricdə təhsilə
dair Dövlət Proqramı: Azərbaycanın davamlı
inkişafına böyük təkan
"Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2028-ci illər üçün Dövlət
Proqramı" çərçivəsində 2024-2025-ci tədris
ili üzrə qəbul yekunlaşıb.
Elm və Təhsil Nazirliyindən verilən məlumata
görə, avqustun 13-də elan olunmuş və 2024-2025-ci tədris
ilində Dövlət Proqramı çərçivəsində
təqaüd almaq hüququ qazanan 500 nəfərə dair yekun
siyahıda yer alan və magistratura səviyyəsi üzrə
müxtəlif səbəblərdən iştirakı
mümkün olmayan (şəxsi səbəblər, viza səbəbi
və s.) 23 nəfər təqaüdçü proqramdan imtina
edib, əvəzinə ehtiyat siyahısından namizədlər
seçilib. Bakalavriat səviyyəsi üzrə 125,
magistratura səviyyəsi üzrə isə 375 nəfər
olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü
adını qazanıb.
Qeyd edək ki, hər il 500 nəfərədək Azərbaycan
vətəndaşının Dövlət Proqramı çərçivəsində
xaricdə nüfuzlu ali təhsil müəssisələrində
ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində
təhsil alması təmin olunacaq.
2022-ci ildən başlayan qəbul nəzərə
alınmaqla indiyədək 1252 nəfər proqram çərçivəsində
təhsil almaq hüququ qazanıb. Hazırda proqram çərçivəsində
dünyanın 21 ölkəsinə aid 140 ali təhsil müəssisəsində
981 tələbə təhsil alır. Bugünədək 156 nəfər
Dövlət Proqramı məzunu adı qazanıb.
Son dövrdə Azərbaycan gənclərinin xarici
ölkələrin aparıcı universitetlərində təhsil
alması dövlət siyasətində prioritetlərdən
birinə çevrilib. "Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2026-cı illər üçün
Dövlət Proqramı"nın əsas məqsədi gənclərə
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan
Respublikasının gələcək inkişafını təmin
edəcək və qlobal çağırışlara cavab
verəcək müasir texnologiyaları çevik mənimsəyən,
praktiki bilik və bacarıqlara yiyələnən, müasir və
gələcək əmək bazarının tələblərinə
cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı
peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.
Proqramın icrası müddətində hər il 500 nəfər
olmaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan
vətəndaşının xaricdəki nüfuzlu ali təhsil
müəssisələrində bakalavriat və magistratura səviyyələrində
təhsil alması nəzərdə tutulub. Ümumilikdə,
"2022-2026 Dövlət Proqramı" çərçivəsində
dünyanın 21 ölkəsinə aid 139 ali təhsil müəssisəsində
752 nəfər tələbə təqaüd almaq hüququ
qazanıb.
Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri
Turan Topalovanın sözlərinə görə, "Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022-2026-cı illər
üçün Dövlət Proqramı"nın hədəf
göstəricisi 2022-2026-cı illərdə, hər il 400 nəfərdən
çox olmamaqla, ümumilikdə 2000 nəfərədək
Azərbaycan vətəndaşının xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsili
təmin edilib. Dövlət Proqramı çərçivəsində
xarici ali təhsil müəssisələrində təhsil
yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini
əhatə edir. Dövlət Proqramının əsas məqsədi
gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsilalma imkanları
yaratmaqla, onların Azərbaycanın gələcək
inkişafını təmin edəcək və qlobal
çağırışlara cavab verəcək müasir
texnologiyaları çevik mənimsəyən, praktiki bilik və
bacarıqlara yiyələnən, müasir, gələcək əmək
bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli
və yüksəkixtisaslı peşəkar kadrlar kimi
hazırlanmasını təmin etməkdir: "Proqramın
icrası ilə ölkədə daha keyfiyyətli insan
kapitalının formalaşmasına və Azərbaycanın
beynəlxalq reytinqlərdə mövqelərinin əhəmiyyətli
şəkildə yaxşılaşmasına şərait
yaranacaq, əmək bazarında tələb olunan ixtisas sahələri
üzrə peşəkar kadrlar hazırlanacaq. Ölkəyə
qayıdan məzunların ən müasir təcrübə və
biliklərdən istifadə edərək göstərəcəkləri
fəaliyyət daha da güclənəcək.
Xatırladım ki, bu proqram məzunların məşğulluğunun
təmin edilməsini və karyera inkişafının
stimullaşdırılması mexanizmlərinin
yaradılmasını da şərtləndirəcək. Neft gəlirlərinin
insan kapitalına çevrilməsi strategiyasına uyğun
olaraq, proqram Dövlət Neft Fondunun vəsaiti, eləcə də
beynəlxalq təşkilatların texniki-maliyyə
yardımları, kredit və qrantlar, mülkiyyət
formasından asılı olmayaraq xarici və yerli hüquqi
şəxslərin, habelə fiziki şəxslərin ianələri
hesabına maliyyələşdirilir".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov
deyir ki, hər bir ölkənin sosial-iqtisadi inkişafı
insan kapitalının inkişaf səviyyəsindən
asılıdır. Son dövrdə dünya iqtisadiyyatında
müşahidə olunan texnoloji dəyişikliklər şəraitində
rəqəmsal bacarıqlara malik, yeni texnologiyaları aktiv tətbiq
edə bilən, öncəki illərdə dünyada artan rəqabətə
hazır olan yüksəkixtisaslı insan kapitalının
formalaşdırılması mühüm önəm
daşıyır. Bu məsələdə innovasiyaların
rolu xüsusi diqqət çəkir. İnkişaf etmiş
ölkələrdə ÜDM-in artımının 80-95 faizi
məhz innovasiyaların - yeni texnologiyaların
yaratdığı məhsullar, işlər və xidmətlər
hesabına gerçəkləşir. Bu məsələdə
rəqəmsallaşmanın tətbiqinin böyük əhəmiyyəti
var. Yeni strateji dövrün
çağırışları, həmçinin, inkişaf
məqsədləri nəzərə alınmaqla ölkənin
rəqabət və inkişaf sahəsində sürətlə
irəliləməsi üçün yüksək intellekt cəmiyyətin
əsas güc mənbəyinə çevrilməli,
yaradıcı və innovativ düşüncəli gənclərin
iqtisadi fəallığı və idarəçilikdə
rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan
gənclərinin ölkənin gələcək inkişaf
prioritetləri çərçivəsində tələb
olunan ixtisas istiqamətləri üzrə qabaqcıl xarici ali
təhsil müəssisələrində magistratura və
bakalavriat səviyyəsində təhsili üçün Azərbaycan
dövləti davamlı olaraq bu sahəyə dəstək
göstərir.
Təhsil eksperti Kamran Əsədovun dediyinə görə,
"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsil almalarına dair
2022-2026-cı illər üçün Dövlət
Proqramı"nın icrası zamanı yeni dövrün
prioritet ixtisas sahələrinə üstünlük verilir. Məsələn,
informasiya texnologiyaları, mühəndislik, statistika və
verilənlərin təhlili, təhsil, dövlət idarəetməsi,
ictimai səhiyyə, iqtisadiyyat və sair. Nəzərdə
tutulan müddətdə, hər il 400 nəfərdən
çox olmamaqla, ümumilikdə 2000 nəfərədək
Azərbaycan vətəndaşının xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsili
təmin edilir. Dövlət Proqramı çərçivəsində
xarici ali təhsil müəssisələrində təhsil
yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini
əhatə edir: "Qeyd edim ki, xaricdə təhsil alacaq gənclərin
seçilməsi meyarları və prosedurları üzrə
qayda hazırlanacaq. Beynəlxalq fənn olimpiadalarının,
beynəlxalq müsabiqələrin və yarışların
qaliblərinə nüfuzlu xarici ali təhsil müəssisələrində
ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil
almaq istiqamətində, bakalavriat səviyyəsini yüksək
nəticələrlə başa vurmuş, intellektual səviyyəsi
və idarəçilik keyfiyyətləri yüksək olan
perspektivli gənclərə isə magistratura səviyyəsində
üstünlük verilir. Sənəddə o da qeyd olunub ki,
xarici ali təhsil müəssisələrində təhsilin
maliyyələşdirilməsi qaydasında müəyyən
ediləcək maliyyələşdirmə mexanizmləri
qarşılıqlı məsuliyyət və etimad prinsipinə
əsaslanacaq və tərəflərin öhdəlikləri dəqiq
müəyyən edilir. Qaydada akademik müvəffəqiyyətsizlik
və ölkəyə qayıtmamaq riskləri düzgün
qiymətləndiriləcək, bu risklərin
qarşısının alınması məqsədilə qabaqlayıcı
şərtlər müəyyən edilir. Bu da gənclərin
dövlət hesabına nüfuzlu xarici ali təhsil müəssisələrində
təhsil almalarına və məzun olduqdan sonra ölkəyə
qayıdaraq yüksəkixtisaslı kadr kimi Azərbaycanın
dayanıqlı inkişafına töhfə vermələrinə
imkan yaradacaq. Təsadüfi deyil ki, ötən illər ərzində
respublikamızda insan kapitalının inkişafı ilə
bağlı bir sıra dövlət strategiyaları və
proqramları reallaşdırılıb".
O qeyd edib ki, dövlət dəstəyi ilə təhsil
almağa göndərilən tələbələrin sayı
ildən ilə artır: "Bu Prezidentin insan
kapitalının formalaşmasına verdiyi önəmdən
irəli gəlir. Prezident İlham Əliyev Azərbaycanın
davamlı inkişafını peşəkar kadrlarla
reallaşdırır, gələcəkdə ölkəmizin
inkişafı ilə bağlı işləri həyata
keçirəm biləcək, o yükün altına girə
biləcək insanları bu gündən
formalaşdırır. Ölkəmiz Prezident İlham
Əliyevin rəhbərliyi dövründə bütün mənalarda
inkişaf edib. Biz torpaqlarımızın işğalına
ölkə başçımızın dəmir yumruğu ilə
son qoymuşuq. İndi o torpaqlarda bərpa olunması,
infrastrukturun yenilənməsi prosesi gedir. Bu prosesi həyata
keçirən insanlar olaraq peşəkar kadrlara ehtiyac duyuruq.
Gələcəkdə də peşəkar kadrlara ehtiyac
olacaq. Həmin kadrların təminatı bu gün həyata
keçirilir. Xatırlayıram ki, ölkə
başçımızın qara qızılı insan
kapitalına çevirməklə bağlı yanaşması
vardı. Bu yanaşma əməli işlərlə öz təsdiqini
tapır. Əminəm ki, bizim peşəkar, savadlı
kadrlarımız, dünyanın ən nüfuzlu universitetlərində
təhsil almağa göndərilən gənclərimiz gəlib
Azərbaycanda dövlətimizin inişafına öz dəstəklərini
verəcəklər. Azərbaycan bütün mənalarda
inkişaf edəcək və dünyanın ən qüdrətli
dövlətlərindən birinə çevriləcək.
Bütün bunlar Azərbaycan gəncinin təhsil almaqla
bağlı arzularının reallaşmasına dövlət
başçımızın dəstəyinin ifadəsidir.
Dünyanın fərqli ölkələrində gənclərin
nüfuzlu universitetlərdə təhsil alamq arzuları var.
Amma bu arzular gerçəkləşə bilmir. Çünki
bu universitetlərdə təhsil haqları çox yüksəkdir.
Tələbə sosial baxımdan ən həssas və
qayğıya ehtiyacı olan təbəqədir. O tələbənin
qayğılarını, xərclərini dövlət
qarşılayır. Bundan böyük dəstək ola bilərmi?
Ona görə də bu dünyada analoqu olmayan işlərdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz
gənclərə bu böyük şansı yaradır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 27 noyabr(№217).-S.15.