Cinayət və cəza  

Nəsr

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Bütün dustaqlar üç kateqoriyaya bölünür və onların hansı sistemə aid olan dustaqxanada saxlanması bununla müəyyən olunur.

Maksimum təhlükəsizlik şəraitində saxlanan dustağın oradan qaçmaq imkanı olduqca məhduddur və bu qaçmaya cəhdin baş tutması çətin olaraq qalır. Dustaqxana, penitensiar, həbs mərkəzi olmaqla, orada adamlar dövlət hakimiyyəti altında, həm də öz iradəsi əleyhinə və vətəndaşlıq borcunu inkar etmək qaydasındakı müxtəlif cinayətlərə görə dustaq kimi saxlandığı yerdir. Mühakimədən əvvəl ittiham edilən şəxslər də, ittiham daha ciddi xarakter daşıyanda, dustaqxanada saxlana bilər.

Dustaqxananın istifadəsi dövlətin yüksəlişi ilə əlaqədar olan bir sosial təşkilat forması kimi özünü göstərir. Bəzi qədim filosoflara görə, dustaqxanalar dustağı islah etmək üçün deyil, ittiham edilənləri cəzalandırmaq üçün istifadə olunur.

Cəriməni ödəyə bilməyənlərin də cəza növü kimi dustaq edilmə qaydasında saxlanması tətbiq olunurdu. Bu praktika Böyük Britaniyada geniş yayılmışdı, ölkədə XIX əsrdə borc məhbəsləri şəbəkəsi mövcud idi. Onu yazıçı Çarlz Dikkens özünün "Devid Kopperfild" əsərində təsvir edir.

Dustaqxana öz bədnam "şöhrəti" ilə insanlara yaxşı məlum idi və onlara əlavə adlar da verilirdi. Qədim Afinada dustaqxana "zəncirlər yeri" kimi tanınırdı. Qədim romalılar isə dustaqxanaları ilk dəfə cəza üçün olan bir forma kimi istifadə edənlər idi. Yaponiyada isə məhbəslər mühakimədən əvvəl müttəhimləri saxlamaq yeri idi, burada adamlar cəza kimi öldürəcəklərini, yaxud bəxtləri gətirərsə, azad olunacaqlarını gözləyirdilər. Yaponiyada başqa cəza növü yox idi, geniş yayılan cəza ölüm hökmü idi, yaponlar adi oğurluğa görə ölüm hökmü tələb edən  Avropadakı eybəcər qanuna bələd olmasalar da, Drakontun hüquqi "icadını" müntəzəm olaraq tətbiq edirdilər.

Qədim Romada dustaqlar metal qəfəslərdə, ictimai binaların zirzəmilərində saxlanılırdı, ayrıca dustaqxana binası və ya ərazisi yox idi. Qədim romalılar qəbiristanlıqda mərhumun külü olan kiçik qutuların saxlandığı yeri "Kolumbari" - "Göyərçin yuvası" adlandırdıqları kimi, dustaqxananın da böyük ərazi tutmasını məqbul saymırdılar. Burada ən məşhur Mamartin dustaqxanası b.e.ə. 640-cı ildə, hələ respublika quruluşundan az qala bir əsr yarım əvvəl, çarların Romanın idarə etdiyi dövrdə yaranmışdı. Məhbəs öz sərt qaydaları ilə seçilirdi, geniş zindanlar şəbəkəsi fəaliyyət göstərirdi. Orta əsrlərdə isə Avropada qəsrlər, fortlar və ictimai binaların zirzəmiləri dustaqxana rolunu oynayırdı.

Hökumət dustaqxanaları himayə edərkən dustaqların təhlükəsizliyini təmin edir və onları yenidən cinayət törətməkdən yayındırmağa çalışır. Ona görə də həbsxanalarda vəziyyəti yaxşılaşdırmağa ehtiyac duyur. Burada dustaqlar əvvəlki əməllərini tərk etməlidirlər.

Dustaqxanalar öz işləri üçün və dustaqların təhlükəsizliklərini hiss etmələrinə real şərait yaratmağa borcludur. Dustaqxana dustağın həbsdən azad olmasına onları hazırlamalıdır ki, qapıdan çıxdıqdan sonra onların dəyişilməsinə ümid yaransın.

Yerli dustaqxanalar əsasən məhkəməyə qədər ittiham olunanları saxlamaq üçün istifadə olunur, həm də onlar bir neçə günlük həbs müddəti üçün nəzərdə tutulur. Xırda xuliqanlıq cinayəti törədənlər qısa müddətdə də olsa, orada məskunlaşırlar.

Geniş yayılmış dustaqxanaların hamısı kateqoriyalara bölünür. "A" kateqoriyasına daxil olanlardan ağır cinayət törətmiş dustağın həbsdən qaçması imkanı olmur, çünki onlar qaçsalar, cəmiyyət üçün əlavə təhlükə törədə bilərlər. Bu dustaqxanalar həm də sərt qaydaların tətbiq edilməsi ilə fərqlənirlər. Aşağı kateqoriyalarda isə nisbətən az qorxulu dustaqlar saxlanılır. Dustağın davranışından asılı olaraq, onun saxlanması, dustaqxana şəraitinə görə daha yaxşısına və ya pisinə dəyişdirilə bilər. Sovet həbsxanalarında xüsusən soyuq və rütubətli iqlim şəraitində saxlanılanlar çox hallarda vərəmlə (tuberkulyozla) xəstələnirdilər. Xəstəlik hesabına onların orqanizmi çox zəifləyir, hətta onlar azadlığa çıxandan sonra da bu şəkildəki dustaqlıq mirası, onların həyatına zəhər qatmaqda davam edirdi və bəzən hətta həyatla vidalaşmalarına da səbəb olurdu. Dustaqxanalarda həm də tif epidemiyası yayıldığından, bu mərəz "dustaq xəstəliyi" kimi tanınır. Əlbəttə, dustaqlara tibbi nəzarət tətbiq edilir, lakin şərait öz təsirini göstərməmiş qalmır. Məhbəsdəki kameralarda dustaqların ifrat sıxlığı, epidemiyanın sürətlə yayılmasına səbəb olur. Heç bir izolyasiya tədbiri həyata keçirilməyəndə, xəstəliyin inkubasiya dövründə daha çox sayda adamın ona sirayətlənməsi baş verir.

Sovet İttifaqında repressiyalar dövründə "xalq düşməni" hesab edilənlər saxta mühakimələr vasitəsilə azadlıqdan məhrum edilirdi və onlar həbs düşərgələrindəki daha ağır həyat şəraiti ilə tanış olmaq məcburiyyətində qalırdılar. Onlar həbsxanaya düşəndən çox hallarda işgəncələrin zülmünə də dözməli olurdular.

Dustaqxana institutu mahiyyətinə görə müxtəlif növlər arasında bölünürdü. Kişi cinsindən olanlar cinayət törətdikdə, adətən, daha sərt qaydaları olan dustaqxanalarda saxlanırdı.

Dustaqxana həmçinin məhbəs, penitensiar, həbs mərkəzi, yaxşılığa doğru düzəliş mərkəzi, düzəlmə bacarığına malik olan bir yer kimi də tanınır. Burada adamların, öz iradəsi əleyhinə və dövlət hakimiyyəti altında azadlıqları inkar edilir, ümumiyyətlə, müxtəlif cinayətlər üçün onlar cəza çəkməli olurlar. Cəmiyyətdə bütün səlahiyyətləri öz üzərinə götürdüyünə görə, bütün cəza sistemi də dövlətin tabeliyindədir və onun adından tətbiq edilir. Dustaqlar cəzalarını çəkəndə dövlətin qanununun nə demək olduğunu anlamağa başlayırlar.

Həbsxanalar həmçinin bəzən hakim rejimin siyasi repressiyası üçün alət kimi də istifadə olunur. Diktaturanın hakim kəsildiyi ölkələrdə və teokratik dövlətlərdə belə təcrübə geniş yayılmışdır. Bu vaxt çox hallarda siyasi cinayətlər üçün cəzalandırmaqdan ötəri düzgün mühakimə və ya lazım olan proseslər aparılmır. Bəzi hallarda dövlət mülki adamları dustaq edə və onları həbs düşərgələrində saxlaya bilir.

Dustağa çevrilmə, cəza kimi öz cərimələrini ödəməyənlər üçün də tətbiq edilə bilər. Qədim romalılar dustaq edilməni, təkcə həbs kimi deyil, cəzanın xüsusi növü kimi də istifadə edirdilər, məhkum olunanlar dəmir qəfəslərdə saxlanılırdı. Orta əsrlərdə isə Fransada qəsrlər, fortlar və ictimai binaların zirzəmiləri dustaqları saxlamaq üçün istifadə olunurdu. İspaniyada isə qorxulu düşmənin qaçmaması üçün qüllələr əlverişli saxlama yeri kimi tanınırdı. 1525-ci ildə İtaliyadakı Pavia döyüşündə əsir düşmüş Fransa kralı I Fransiski İspaniya kralı I Karl məhz uca qüllədə saxlayırdı.

Digər ümumi cəza kimi adamlar qalera quldarlığına məhkum edilirdi, onlar gəmilərin dibində saxlanılmaqla, donanma və ticarət gəmilərində avar çəkirdilər. Bu, olduqca ağır zəhmət idi və sərt cəza növü kimi qiymətləndirilirdi.

Bəzi ölkələrdə cinayətkarlara güclü təsir göstərmək məqsədilə, dustaqlar ölkənin öz ərazisində deyil, məhkumluq müddətini çəkmək üçün müstəmləkələrə göndərilirdi. İngiltərə bu üsuldan daha çox istifadə edirdi. Orada azadlıqdan məhrum edilənlər cəzalarını çəkmək üçün 1660-1776-cı illərdə Britaniya Amerikasına göndərilirdi. Amerikada inqilabın baş verməsi və Birləşmiş Ştatlar dövlətinin meydana gəlməsi ilə oraya dustaqların göndərilməsi imkanı kəsildiyindən, dustaqlar yeni qitə olan Avstraliyaya göndərilirdi. Avtoxton əhali olan Avstraliya buşmenlərindən sonra Avstraliyanın ilk sakinləri məhz ingilis dustaqları olmuşdu. Qitənin aborigen əhalisi öz qitələrində ağ adam kimi, ilk dəfə ingilis dustaqlar ilə qarşılaşmalı oldular, sonra isə britaniyalılar əhalinin əksəriyyətini təşkil etməklə, yerli əhalini sıxışdırmağa başladılar. Qitədə məskunlaşan ilk ağdərili sakinlər məhz metropoliyadan gətirilən dustaqlar idi, sonralar isə buraya Böyük Britaniyadan geniş ölçüdə miqrasiya başlandı.

İnsan haqları siyasi əhəmiyyət kəsb etdiyindən, dövlətlərin çoxunda onun dustaqxana qaydalarına da təsiri üzə çıxdı. Modern dustaqxanaların yaradılmasına başlandı.

Yeni cəmiyyətlər erasında dustaqxanalar sosial sistemdə xüsusi rol oynayırdı. Həbsxana "intizam üçün istifadə yeri" adlanırdı. Onlar məktəb, xəstəxana və baraklar kimi istifadə olunurdu.

XVII və XVII əsrlərdə Avropada və ABŞ-da edam cəzasına və işgəncələrə qarşı müqavimət hərəkatı başlandı. Kiçik cinayətə görə ölüm hökmü verilməsinə son qoyuldu, axı bu, Afinada hər kiçik oğurluğa görə ölüm cəzası vermək barədəki drakon qanunlarına bənzəyirdi. Kütləvi dustaq edilmə ləğv olundu, bəzən bunun həlli kimi ağır zəhmətə cəlb edilmə qaydası meydana gəldi. Maarifçilik ideyaları nəzərdə tuturdu ki, dustaqların daha effektiv cəzalandırılması üçün ictimai cəza kimi qamçılanma və ya mənəvi islaha məruz qalma tətbiq oluna bilər. Dustaqxanalar mənəvi təminatın bəşəri institutları kimi qurulmalı, dustaqların davranışı "düzəldilməli idi ki, onlar azad olanda cəmiyyətin normal model üzvlərinə çevrilsinlər". Dustaqlara "dustaqxana əməyi" işləri verilirdi ki, onlar real dünyada yaşamağa hazırlansınlar.

Dustaqxana təkcə dustaqlar üçün deyil, həm də oradakı nəzarətçilər üçün də bir növ sınaq yeridir. Nəzarətçilər dustaqlara yuxarıdan aşağı deyil, insan kimi baxmalıdırlar. Onlar üçün azadlıqdan məhrum edilmiş bu adamlar heç vaxt nifrət obyektinə çevrilməməlidir. Nəzarətçi öz təyinatına ciddi əməl etsə, dustağın xırda xətasına görə onu əlavə cəzalandırmaq eşqinə düşməz. Məgər onun özü həyatda səhv etmirmi? Axı hər səhvə görə adamı cəzalandırmaq ağıla da gəlmir. Dustaq hökmün təyin etdiyi müddətdə öz azadlığının xeyli hissəsini itirmişdir, heç də bu o demək deyildir ki, bunula birlikdə insan olmağını da paralel qaydaya  uyğun olaraq itirmişdir. Onu aşağı insan hesab etmək, faşist prinsiplərinə yuvarlanmağa bənzəyir. Həbsxana dustağa cəza vermək üçündür, heç də onu ümidsizliyə qapılmağa sövq edən və həyatdan məhrum edilmək qorxusu yaradan ölüm düşərgəsi deyildir.

Lakin həbsxana təcrübəsində nəzarətçilərin qəddarlıq göstərməsi, addımbaşı dustağa təhqir etməsi halları da olmuşdur. Bu mənada XIX əsrin əvvəlində Fransa həbsxanalarının birində dustaqların qəddar nəzarətçidən qisas alması faktı maraqlıdır və həmin nəzarətçinin bədnam adı dustaqların ona verdiyi ağır cəzada öz əksini tapdığından, iki əsrdən sonra da dustaqlar cəmiyyəti tərəfindən unudulmur. Bunun ifadəsi kimi dustaqxanalarda dustaqlar üçün bişirilən şorbaya həmin nəzarətçinin soyadından götürülmüş "balanda" deyilir. Özü də bu ad Fransadan bütün dünyaya yayılmışdır.

Böyük fransız yazıçısı Onore de Balzakın da "İnsan komediyası" epopeyasının kitablarının birində təsvir etdiyi hadisə real fakt idi və onun məşhurlaşmağı da təsadüfi deyildi. Dustaqxanaların birində Balanda adlı qəddar bir nəzarətçi işləyirdi. O, yeri gəldi, gəlmədi dustaqları təhqir edir, heç bir səbəb olmadan onlara əl qaldırırdı. Dustaqlar bu əclafın hərəkətindən cana doyduqlarından, nəhayət onu öldürmək qərarına gəldilər. Lakin bu qətlin izi qalsa, onlar ağır cəzalandırılacaqdı. Ona görə də qeyri-adi qətl formasını işə salmalı oldular.

Dustaqlar mətbəxdə qaynar qazanların yanında dayanmışdılar. Bura gələn Balanda onları söyməyə, təhqir etməyə başlayanda, dustaqlar nəzarətçini əllərinə götürüb, paqqıldayan şorba qazanının içinə atdılar. Az sonra onun bədənindən əsər-əlamət qalmadı, əti əriyib şorbaya qarışmışdı. Şübhə yaratmamaq üçün dustaqlar nəzarətçinin əti qatılmış həmin şorbanı iştahla yedilər.

Beləliklə, həbsxanalarda bişirilən şorbanın adı kimi beynəlxalq şəkildəki "balanda" sözü meydana gəldi və dövlət sərhədlərindən asılı olmayaraq,  bu ad həbsxanaları dolaşmağa başladı. Nəzarətçi, öz səlahiyyətlərinə görə dustaqlardan fərqlənsə də, yaşadıqları birgə mühit onlara da öz təsirini göstərməmiş qalmır. Fransız müəllifi, markiz Astolf de Kyustin özünün "Rusiya 1839-cu ildə" əsərində yazır ki, Peterburq yaxınlığındakı Şlisselburq zindanında olarkən, o, müşahidə etmişdi ki, nəzarətçilər dustaqlardan o qədər də fərqlənmirlər, çünki eyni mühitdə olur, eyni hava ilə nəfəs alırlar. Bu qənaətinə görə, o, nəzarətçilərin də özünəməxsus cəza çəkdiklərini göz önünə gətirirdi.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .- 2024.- 27 noyabr(№217).-S.14.