HÖKMDARI YAŞADAN ÖLÜM
QƏSİDƏSİ
Bu çıraq çoxdan sönüb. Yüzillər
öncə bu çıraq yanırmış, zülmətləri
aydınladırmış, insanlara yol açırmış.
O çırağı yandırmış və
işığından faydalanmış insanlar hamısı
lap çoxdan gedib, amma çıraq qalır.
Bu çırağı mənə illər öncə,
indi ərəblərlə bağlı ad daşısa da, ərəblərin
bizim tərəflərə gəlişindən daha əvvəl
ulularımızın yaşadığı Ərəbqubalı
kəndində bağışlayıblar. Mərkəzi Aran
bölgəsində, Kürdəmir rayonundakı həmin kəndin
həndəvərində indi insanların "Şəhərgah"
dediyi səmtdə on dörd-on beş əsr əvvəl
"Şirvan" adlanmış qədim şəhərimiz
qərar tutubmuş. Şabran, Qəbələ, Beyləqan, Bərdə,
Gəncə, Dərbənd, Şamaxı və digər qədim
şəhərlərimizin tarixi yerləşkəsi və
indiki məkanları dəqiqliyi ilə bəlli olsa da, ən əski
şəhərlərimizdən olan Şirvan şəhərinin
xəritəmizdəki hüdudları bilinməz
qalırdı. 1950-ci illərin sonları, 1960-cı illərin
əvvəllərindən Ərəbqubalı kəndinin
qıraqlarında kənd təsərrüfatı işləri
ilə bağlı ekskavatorlar qazıntı apararkən təsadüfən
küplər aşkarlanmışdı. Bu qazıntılar
uzun illər boyu rəsmiləşdirilməmiş, ərəblərin
Azərbaycana yürüşlərindən əvvəlki
çağlardan başlayaraq XI-XIII yüzillərdə həyat
qaynamış bu məskəndə tapılanları hərə
xəlvəti daşıyıb aparmışdır. Bizans
imperiyası (395-1453) ilə bu şəhərin
arasındakı bağlantıların bariz təsdiqi şəhərgahda
onillər boyu davamlı olaraq aşkarlanmış
küp-küp qızıl sikkələrdir ki, zamanında
bunları bizim insanlar sadəcə külçə kimi yox,
ticarət əlaqələrinin sıxlığı ilə əlaqədar
elə işlək pul kimi toplayırmışlar. Təbii ki,
qızıla şirnikləşmiş əhalinin
özbaşına apardığı pərakəndə
qazıntılar əsnasında yalnız qızıl pullar
deyil, çoxlu sayda qab-qacaq, müxtəlif ovçuluq, təsərrüfat,
məişət alətləri və avadanlıqları da
tapılırdı. O kəndin qocaman sakinlərindən biri mənə
bir neçə qədim yağ çırağı və
bir də fərqli səslər çıxaran
çağırtı fitləri
bağışlamışdı. Mən də onlardan hərəsindən
birini özümdə saxlayaraq qalanlarını
diyarşünaslıq muzeyinə
bağışlamışdım. Zamanında o fiti
dodağına tutunca bu yerlərin insanları uzaqdan-uzağa xəbərlər
çatdıraraq bir-birlərini səslərmişlər,
alışdırdıqları çıraqlarla da həm
hansısa soraqları bildirər, həm də zil qaranlıq
gecələrdə yollarını aydınladarmışlar. Rəfə
qoyduğum, yazı-pozu zamanı həmişə
gözümün qarşısında olan qədimi
çırağı bəzən sığallayıram, o
anlarda sanki tarixin hərarətini duyuram. Bu çıraq
çoxdan sönsə də, hərdən ürək istəyir
ki, bu çıraq təzədən şölələnsin.
Yəni əslində yana da bilər. İçərisinə
yanacaq tök, piltəsini dəyişib bircə dənə
kibrit çək, yenə başlayacaq işıq saçmağa.
Hərçənd mən bu çırağın indi
yanmasını görməyi elə birbaşa anlamda deyil, məcazi
mənada düşünürəm. O mənada ki, bu
çırağın tarixin dərinlərində əriyib
itmiş nurunun izinə düşərək onun
işığının gur yandığı zamanlara
qayıdaq, o şölələrə baxmış insanlarla həmvaxt
olaq.
Nağıllarımızın "uçan
xalça" dediyi, adamı ən müasir raketlərdən
daha sürətlə yalnız bir yerdən başqa məkana
çatdırmaqla sehrli olmayan, həm də bir zamandan ayrı
zamana aparmağı bacaran o xəyali xalılardan daha əfsunlu,
amma tam gerçək və uçurtmağa qadir qanad
kitabdır. 1300 il əvvəlin səhifələrini əks
etdirən və XXI əsrdə oturmuş istənilən
insanın asudəcə açıb vərəqləyə
bildiyi kitab dəqiqələr ərzində bizi nağıl
kimi görünən uzaqlara apararaq bələdçilik edə
bilirsə, sehrlilikdə ona nə bir uçan xalça
çatar, nə də söyləmələrdə rast gəldiyimiz,
elə həmin xalçalar möhtəşəmliyində
uçuculuq gücünə sahib olan Simurq quşları.
Azərbaycan hökmdarı, alban sərkərdəsi
Cavanşirin ömür və mübarizələr yoluna
çıraq tutan həmin kitab dünyada ən etibarlı
şahidin yazı, söz olduğunu əlavə dəfə təsdiqləyir.
Cavanşirin surətini əks etdirən bir heykəlcik
də zəmanəmizə yetişib. Əslində bir yox, iki.
Bu, qədim qrifondur ki, bir nüsxəsi Sankt-Peterburqda -
Ermitajda, digər nüsxəsi bizdə, Bakıda - Nizami
muzeyində saxlanmaqdadır. Lakin sərkərdə
Cavanşirin yadigarı olan bu heykəlcik lalsa da, digər heykəl
dilli-dilavərdir, danışa, çox həqiqətləri
aça bilir.
Cavanşir - abidəsi bizə gəlib
çatmış ilk Azərbaycan insanıdır - bu
qrifondakı heykəlcikdə o, at belində əsl sərkərdə
vüqarı ilə yüksəlməkdədir. Tarixin dünənindən
boylanan o surət bir kitabın səhifələri arasında
- Musa Kalankatuklunun (bu salnaməçinin adı və nisbəsi
müxtəlif nəşrlərdə fərqli şəkildə
göstərilir: Moisey Kalankatuklu, Moisey Kaqankatvatsi, Moisey Kalankatuyski,
Movses Kaqankatuatsi, Moisey Utilli, Musa Qalakəndli və s.)
"Ağvan tarixi"nin vərəqlərindədir.
...Gərək bu kitabı tez-tez açaq. Bu kitab
qapalı qaldıqca o surət bizə aydınlığı
ilə görünməyəcək. Bu kitabı
açdıqca o surət də, Alban tariximizin enişli-yoxuşlu
yolları da bütün aydınlığı ilə təzahür
edəcək və onda çoxdan sönmüş çox
çıraqlar da təzədən yanacaq.
...Azərbaycan dövlətçilik tarixində
istiqlal uğrunda mübarizələrin, müstəqillik
yolunda çarpışmaların Cavad xan örnəyi də
var, Şirvanşah I İbrahim nümunəsi də. Onlar hər
ikisi qüvvələr nisbətinin əsla bərabər
olmadığı savaş qarşısında idilər və
zahirən məğlubiyyət labüd idi. Cavad xan dikbaş
bir yol seçdi, Şirvanşah I İbrahim tamam əks xətt
tutdu. Hansı haqlıdır? Bu sualın cavabı tarixin
içərisindədir. Əsas odur ki, hər ikisindən bizlərə
dərs yadigar qalıb. Cavad xan ailəsinin, özünün
faciəli taleyini göz önünə alaraq istiqlal
uğrunda, müstəqillik yolunda son damla qanınadək
çarpışdı. Bildi ki, məğlub olacaq, amma
döyüşdü, ömrünü fəda etdi. Və tarixdə
yenilməzliyin, əyilməzliyin rəmzi kimi qaldı.
Şirvanşah I İbrahim Teymurləngin əzəmətli
ordusu ilə üzbəüz idi. Anlayırdı ki, müqavimət
nə qədər sərt olarsa, hər qarşıdurma daha
genişmiqyaslı faciələrə bais ola bilər. Ona
görə də itaət yolunu seçdi, xalqını da,
yurdunu da dağıntılardan, tələfatlardan xilas etdi. O
örnək də qalır, bu nümunə də. O da bir ibrətdir,
bu da bir nəsihət. Amma hökmdar Cavanşirin Azərbaycan
tarixində qalan surəti tamamilə seçiləndir.
O, 50 il əlində qılınc
çarpışdı. Zahirən uzun ömür
yaşamayıb - vur-tut 64 il. O 64 illik ömrün 40 ildən
artığını hakimiyyətdə olub. Sadə iş
deyil. Amma bu 64 illik ömür, elə görünür ki,
sanki ləbələb dopdoludur. Çünki hadisələr,
döyüşləri, çarpışmaları, fəthləri
o qədər çoxdur ki, sanki 80-90 illik bir ömür
yaşayıb.
O, daim manevrlər edir, axına qarşı üzməkdən
ustalıqla çəkinir, səmt küləklərindən
yararlanmağı daha münasib sayır. Həm də
başı daşdan-daşa dəyəndən, onillərcə
təcrübələr toplayandan sonra püxtələşib
belə olmadı, elə əvvəldən bu təhər idi.
Lap cavan yaşlarından, yeniyetməliyindən o, gah
Sasani sarayındadır, iranlılarla əlbirdir, gah da tarixi
situasiya dəyişincə, vəziyyətin tələbinə
uyğun olaraq Bizansla bir yerdədir.
Lakin bir müddət keçir, Bizans dövləti zəifləyir.
Cavanşir onu da görür ki, ərəblər qüvvətlənir,
çox tərəddüd və çək-çevir etmir -
Xilafətlə yaxınlaşır.
Ya tarix şətrəncinin təklif etdiyi başqa bir
"mənsubə" fərqli bir şahmat məsələsi:
Cavanşir hunlarla qarşı-qarşıyadır,
döyüşür. Amma elə çarpışmalar
gedişində fitri bir sezgi ilə anlayır ki, inad göstərsə,
müharibə qərarını qətiləşdirib
axıradək getsə, ola bilər ki, məğlub
olmasın, amma itkiləri çox olacaq, o qədər ki, lap
elə məğlubiyyətə bərabər kimi nəticə
alınacaq. Di gəl, bunu da iti siyasi iybilmə qabiliyyəti ilə
dərk edir ki, çox iddialılıq etməsə,
barışığa getsə, sülh bağlasa, lap
kiçiklik göstərərək itaətə də
hazır olduğunu rəqibə anlatsa, daha artıq qazanar. Bu
yolu seçir və uduzmur ki, qazanır. Həm xeyli
insanını və əmlakını xilas edir, həm də
yurdunu xarabazara çevrilməkdən, camaatını əsir-yesir
düşməkdən qoruyur.
Onun şəxsiyyəti elə böyük idi ki, sadəcə
canişin vəzifəsini tutanda da, hətta müstəqilliyini
müəyyən qədər itirəndə də onun
çarlığı, sərkərdəliyi, hakimiyyət
başçısı olması kimi inam ətrafdakıların
düşüncəsindən çıxmırdı. Musa
Kalankatuklu bununla bağlı diqqətəlayiq
ayrıntıları yada salır.
Bu xəbərləri 670-ci ildə
çatdırır - artıq ərəb istilası
dövrünün başlanğıcıdır. Yazır ki,
33 illik hakimiyyəti dövründə Cavanşir həmişə
zəfər çaldı, qalib oldu, xalqlar hökmdarı olan
dörd çarın da hörmətini və ehtiramını
qazanmışdı. Amma vəzifəsinin həmin hökmdarlarla
müqayisədə sadəcə aşağı deyil,
ümumən eyni tərəziyə qoyulmayacaq qədər
cüzi olmasına baxmayaraq, gendən baxana Cavanşirin
heç də onlardan aşağı görünməməsini
Musa Kalankatuklu xüsusi vurğulayır və buradaca incə,
həm də çox önəmli bir məqamı qabardır:
"Qoy heç kəs uşaq sadəlövhlüyü ilə
elə zənn etməsin ki, Cavanşirin
hökmranlığı xalqlar hökmdarı o dörd
çarınkından aşağı idi. Yox,
aşağı deyildi, onun nüfuzu da, şəxsiyyəti də
çox yüksək idi, heç vacib deyil ki, onun
başında hökmranlıq tacı yox idi".
Cavanşir ömrü boyu xəttini, siyasətini belə
apardı - lazım olanda döyüşdü, şərait tələb
edəndə sülh yolunu seçdi, ehtiyac duyulanda diplomatik
vasitələrdən istifadə etdi
Yarımüstəqillik dönəmində də, tam
hakimiyyət sahibi olanda da, canişin təyin edildiyi
çağlarda da şəxsiyyətinin gücü elə
qabarıqdı ki, onu əsl tac sahibi, tam səlahiyyətlər
yiyəsi olan hökmdar kimi qavradılar və elə onunla
münasibətlərdə də bunu nəzərə
aldılar, Cavanşirə üstdən aşağı
baxmadılar, ehtiramla davrandılar.
Ona görə də Cavanşirin idarəçi şəxsiyyəti
Azərbaycan dövlətçilik tarixində yalnız əski
əyyamlara uyğun olan kimi deyil, elə siyasətçi,
dövlətçi çevikliyinin yeni zamanlara da yarayan ahəngdar
örnəyi kimi də fəhmin, diplomatik bəsirətliliyin,
həssas öncəgörmənin, nazik rəftarın
ülgüsü tək istinad və istifadə mənbəyi
kimi həmişə yaşayacaq.
...Ömrü boyu Cavanşirə zinət verən
başlıca keyfiyyət onun mətin və bütöv şəxsiyyəti
oldu. Cavanşiri güclü şəxsiyyət timsalına sərrast
müşahidələri, düşüncəsindəki qərarqəbuletmə
qıvraqlığı, onu heç vaxt aldatmayan fəhmi
çevirmişdi. Bunlar elə məziyyətlərdi ki, lap
cavan yaşlarından, nəinki cavan yaşlarından, hətta
yeniyetməliyindən artıq onda nəzərə
çarpırdı. Atası - Albaniya knyazı Varaz Mehrani
övladlarını qıraqdan oğrun-oğrun seyr edir və
görür ki, ikinci oğlu digərlərindən bir
çox cəhətləriylə üstündür, hərəkətləri,
davranışı, qabiliyyətləri ilə seçiləndir.
Bunu məxəz təsdiq edir. Musa Kalankatuklu yazır ki, Varaz
oğlu Cavanşirin qartal kimi cəld və qüvvətli, istənilən
anda döyüş meydanına girməyə hazır
olduğunu görüb onu Sasani dərbarına - Yəzdigirdin
sarayına göndərdi.
Orada hərbi keçid baş tutmalı imiş. Gənc
- əslində yeniyetmə (o vaxt 15-16 yaşlarında idi)
Cavanşiri hörmət-izzətlə qarşılayırlar
və elə gördükləri ilk anlardan o, bəyənilir.
Sasanilər sarayında Cavanşir 7 il qalır. Bu müddəti
də dəqiqliyi ilə Kalankatuklu göstərir. Elə
Sasanilər sarayına gəlincə qısa vaxtda - saatlar,
günlər ərzində diqqətləri cəlb etməyi
bacarmış çılğın Cavanşiri 7 illik
heç də gödək olmayan müddətdə təsəvvür
edin ki, yan-yörəsindəkiləri necə valeh edə bilərdi.
Təxəyyülü gücə salmağa lüzum da yoxdur,
Kalankatuklu özü gerçəkləri nağıl edir. Xəbər
verir ki, Cavanşir ən müxtəlif döyüşlərə
qatılaraq 11 dəfə yaralanıbmış, həmişə
döyüşün ön cərgəsində imiş, ərəblərə
qarşı vuruşan Sasani əsgərləri arasında mərdanəliyi,
cəsurluğu ilə ən fəallardanmış.
...Cavanşir "Cənub hökmdarı"na - ərəblərə
itaətini ifadə etmişdi və xəlifə onu
görüşə çağırır.
Xilafət günü-gündən qüvvətlənməkdə,
qüdrətlənməkdə idi. Cavanşirin təmsil etdiyi
yurdla xilafəti istənilən baxımdan müqayisə edəndə
yer-göy arası qədər fərq vardı. Əslində
heç irilik-xırdalıq baxımından bir-biriylə
yanaşı qoyulası ölçüdə də deyildilər.
Nəhəng bir ölkəylə bir kəndin təfavütü
necədirsə, bunlar da o sayaq. Lakin xilafətə qəbula, xəlifənin
hüzuruna şəxsiyyət gedirdi. Gendən-genə olsa da,
Xəlifə I Muaviyə Cavanşirin kimliyindən agah idi. O səbəbdən
də buyurmuşdu ki, Cavanşiri Suriyada əyanlar yüksək
təmtəraq və təntənə ilə
qarşılasınlar.
Cavanşir saraya gəlir, durur Muaviyənin hüzurunda
və söhbətə başlayırlar. Bir qədər
söhbətləşincə Muaviyəyə aydın olur ki,
Cavanşir uzaqdan-uzağa eşitdiklərindən, bildiklərindən
də qat-qat artıqdır. Onun zəkasına, məntiqinə,
fikrinin sürətinə heyran qalır.
Üstündən bir neçə il ötəndən
sonra I Muaviyə Cavanşiri növbəti dəfə Dəməşqə
- Şama dəvət edir. Görüşürlər, bu dəfə
əvvəlkindən də artıq valeh olur və Cavanşirə
çoxlu hədiyyələr verir. Ona qızıldan
qını olan qılınc, təlim görmüş fil
bağışlayır, öz ilxısından şəxsən
mindiyi atlardan 50-sini hədiyyə edir və digər qiymətli
sovqatlar verir. Amma bu bəxşişlərin hamısından
daha qiymətli bir ərməğanı da olmuşdu. Buna Musa
Kalankatuklu "Ağvan tarixi"ndə ayrıca və məqsədli
şəkildə işarə edir. Yazır ki, "xəlifə
Cavanşirlə sağ əllə görüşdü".
Adətən xəlifə heç kəslə
görüşmürdü, çünki o, digərlərinə,
rəiyyətə, sadə insanlara çox yuxarıdan
baxırdı. Lakin Cavanşirlə, balaca bir yurdun
hökmdarı ilə, həm də onun itaətinə girən
bir şəxslə əllə görüşür, onu
yanında otuzdurur, onunla simsar kimi söhbət edir.
Xəlifəni özündən rütbəcə, məqamca
çox-çox aşağıda dayanan bir qonaqla belə rəftara,
onu elə özünə bərabər kimi qəbul etməyə
səbəb Cavanşirin saçdığı işıq,
şəxsiyyətinin yaşına tən gəlməyən
sanbalı idi.
Bu, bütün zamanlar üçün sabit həqiqətdir
ki, şəxsiyyət qüdrətli olanda istər-istəməz
onun təmsil etdiyi yurd da olduğundan daha böyük
görünür.
...Bu vətən bizimdir. Bu torpağın
üstündə tarixin yadigarı olan nə varsa irsimizdir və
gərək onların qədrini bilək, qoruyaq.
2007-ci ildə Parisdə - Luvr sarayında böyük
bir sərgi açılmışdı və sərgi düz
3 ay davam etdi: fevral ayının 21-dən başlayaraq may
ayının 21-nə qədər. Bu kitabı mən həmin
sərgidə almışam. Sərgiyə 2007-ci il mart
ayının 16-da getmişdim. Yadımda tarix ona görə dəqiq
qalıb ki, bu kitabın arasına həmin sərgiyə
aldığım bileti qoymuşdum. Nədir bu sərgi və
nədir bu kitab? Sərgi "Armenia sakra" adlanırdı və
kitaba həmin ad verilib - "Müqəddəs Armeniya".
Ermənilər guya IV əsrdən XVIII əsrə qədər
öz xristian irsini - xaçqarları, müxtəlif dini abidələrdən
fraqmentləri, əlyazmaları, miniatürləri,
ikonaları yığıb gətirmişdilər və Luvr
muzeyinin girəcəyindəki 3-4 böyük zalda yerləşdirmişdilər.
O zallar çox bahalıdır, çünki onlar girişdəki
zallardır və Luvr muzeyinə gələn hər kəs istər-istəməz
həmin zallardan keçib tamaşa edir. Ermənilər bu sərgini
yalnız Parisdə təşkil etməmişdilər. Bu
cür uzunmüddətli sərgiləri dünyanın
müxtəlif ölkələrində keçirmişdilər.
Həmin albom-kitabın sonunda da sərgilərin təşkil
edildiyi ölkələr və məşhur dünya şəhərləri
nişan verilirdi: London, Roma, Vaşinqton, Los-Anceles, Vyana,
Budapeşt, Berlin, Krakov - daha haralar-haralar.
Səbəbsiz deyi - ermənilər qondarma təbliğatlarını,
qurama tarixlərini yaddaşlara hopdurmaq üçün daim
belə sərgilər də təşkil ediblər,
avropalı tanınmış alimlərin adı ilə kitabar
da buraxdırıblar, onların sözünü özlərindən
də canfəşanlıqla deyənlərin toplaşdığı
simpoziumlar da keçiriblər.
VII-VIII yüzillərədək də, İslamiyyət
indiki Azərbaycan ərazisinə əli qılınclı ərəblərlə
gəlib oturuşanacan da biz vardıq, söz yox, cəmiyyətin
ayrı-ayrı kəsimlərinin tapındığı dinlər
də mövcuddu. Buranın insanları arasında totemizm,
şamanizm, atəşpərəstlik, xristianlıq - biri bir
az çox, biri bir qədər az - yayılmışdı və
həmin inancların saxlancı olan abidələrin də hər
biri sonrakı əsrlərdə tikib-qurduğumuz məscidlər,
minarələr, pirlər, ibadətgahlar kimi bizim doğma və
halal irsimiz, milli sərvətimizdir. Sovet dövründə,
guya ateizmin mənəm-mənəm çağlarında da
ermənilər Azərbaycan ərazisindəki xristian abidələrini,
ya bütöv, ya hissə-hissə, illah da ki,
xaçqarları oğurlayaraq Ermənistana
daşıyır, Eçmiədzində yerləşdirirdilər
və onları öz abidələri kimi qələmə
verirdilər. Bic idilər, onları dindən artıq tarix
maraqlandırırdı. Həmin daşları da yaxşı
xristian olduqları üçün deyil, bizim alban irsimizə
yiyə durmaqçün qamarlayırdılar.
İllər öncə Parisdə yaydıqları
"Armenia sakra" kitabında da Qarabağ ərazisindəki
neçə alban məbədinin əksi vardı,
hamısı erməni abidəsi kimi qələmə verilib.
2020-ci ilin noyabrında Azərbaycan 30 ilə yaxın
müddətdə işğal altında qalmış ərazilərini
düşmən tapdağından azad etdi.
Yadınızdamı ermənilərin Kəlbəcərdə
Xudavəng məbədində törətdikləri?! Bu, bir əski
Azərbaycan abidəsi, alban məbədi idi. Ermənilər
onu öz adlarına çıxırdılar. Ermənilər
var olduqları müddətcə utanıb-qızarmadan
ondan-bundan çırpışdırıblar,
başqalarınınkıları mənimsəyiblər. Məqamı
çatdı, Allahdan da oğurluq etdilər: Qarabağdan
qaçıb gedərkən Xudavəng məbədindəki
müxtəlif əşyaları qopararaq, sındırıb
yerindən çıxararaq özləri ilə apardılar.
Ermənilər elə eyni şəkildə uzun illərdi ki,
Azərbaycanın alban abidələrindən olan
Laçındakı Ağoğlan məbədini də öz
adlarına çıxırdılar. Elə həmin tərzdə
Xocavənddəki Amaras məbədinə də
"bizimkidir" deyirdilər. Eyni həyasızlıqla
Ağdərədəki Gəncəsər məbədini də
dədə malları sayırdılar. Bu kilsələrin, bu
dini abidələrin hamısı Azərbaycanındır, bu
abidələrin bizim albanlara aid olub ermənilərə
heç bir dəxlinin olmadığına da sübutlar, dəlillər
nə qədər desən. Bolluca araşdırmalar
aparılıb, məqalələr yazılıb, monoqrafiyalar
buraxılıb.
"Ağvan tarixi"ndə Azərbaycan ərazisindəki
ayrı-ayrı alban məbədlərinin, kilsələrinin
yaranma tarixi haqqında da ilginc bilgilər yer almaqdadır. Musa
Kalankatuklu o məbədlərdən bir parasının tikilməsi
ilə bağlı hekayətlər də qələmə
alıb. "Ağvan tarixi"nin 27-ci fəsli "Girdiman
qalasında Allah adına kilsənin tikilməsi və onun Cavanşir
tərəfindən təqdis edilməsi"ndə Musa
Kalankatuklu belə yazır: "Xəzərlərin
qovulmasından və Cavanşirin qələbəsindən
sonra iki il ərzində Allah adına gözəl kilsənin
tikilməsi başa çatdı (Bu iki il təxminən 661-ci
ildən 663-cü ilə qədər olan müddətdir - R.H.)".
Davam edir: "Kilsə tikiləndən sonra Cavanşir əbədi
işıq saçan Allah evinə daxil oldu və diz
çökərək yalvardı: "İlahi! İndi gəl
Sənin naminə tikdirdiyim aramgahına!" Sonra onu
müşayiət edənlərlə birlikdə buradan yola
çıxıb Girdiman vilayətinə gəldi... Orada diz
çökərək acı tövbələrlə, göz
yaşları ilə hər şeyin Xaliqinə dua edərək
bu sözləri dedi..." - ardınca Cavanşirin duası gəlir.
Cavanşir tikdirib, Girdimanda inşa etdirib, alban abidəsi
kimi ucaltdırıb və bunu mənbə ağ üstündə
qarayla yazıb. Bu gün ermənilərsə yaxa cırır
ki, bizimdir. Bu kilsənin Azərbaycana məxsusluğu, erməniyə
dəxlinin olmaması, alban dini abidələri sırasına
aidliyi "Ağvan tarixi"ndə on üç əsr əvvəl
təsdiqlənir. Amma bu, tək deyil, həmin kitabda
Cavanşirin başqa kilsə də tikdirməsi, ayrı məbəd
də ucaltması haqda sətirlər qalır.
Ömrünün son parçasında - yay günlərindən
birində Cavanşir dincəlmək üçün Bərdəyə
təşrif gətirir. Musa Kalankatuklu belə yazır:
"Yayın qızmar günlərində bizim məşhur sərkərdəmiz
öz əyanları və şəxsi qoruqçuları ilə
yüksək dağlar ətəyinə qalxıb orada
gül-çiçəklə dolu çəmənliklərdə
gəzib, onların sükutundan zövq alıb günlərini
kefdə və firavanlıqda keçirirdi. O, dağlardan enib Bərdə
şəhərinə gəldi ki, orada özü tikdirdiyi kilsəyə
gedib Allaha ibadət etsin və Onun adına qurbanlar versin".
Cavanşirin Girdimanda birini, Bərdədə digərini,
hələ başqa yerlərdə də bənzərlərini
dikəltdiyi tapınaqların hamısı alban abidələri
idi - bunlar bizim irsimiz, öz mirasımızdır. Bu gün
albanların yadigarı olan Xudavəng məbədinə iddia
edən, onu mənimsəməyə, özününküləşdirməyə
çalışan ermənilər hələ çox uzaq
keçmişlərdə - 704-cü ildə albanlara
qarşı da xəyanət törətmişdilər. Erməni
katolikosu İlya xəlifə Əbd ül-Məlikə
şeytanlıq etmişdi. Xəlifəyə böhtanlı
şayiə ötürmüşdülər ki, albanlar əleyhinizə
işləyir, Bizansla ittifaqa girərək sizə
qarşı həmlələr etmək niyyətindədirlər.
Bunun ucbatından da o zaman Alban katolikosluğu erməni qriqorian
kilsəsinə tabe edilmiş, az sonra isə bütün səlahiyyətləri
əlindən yerli-dibli alınmışdı. Amma daha dəhşətli
olan bir hadisə də baş vermişdi ki, onu da Musa
Kalankatuklu ürək ağrısı ilə əyan edir: ermənilərin
fitvası ilə albanların bütün yazılı irsi -
kitablar, çeşidli əlyazmalar, məktublar tonqallarda
yandırıldı, çaylara atıldı. "Ağvan
tarixi"nin bu xəbəri sarsıdıcıdır:
"Bundan sonra alban kilsələri, maarif ocaqları uzun
müddət kitabsız qaldı".
Yox, ermənilər o vaxt heç də bütün əlyazmaları
məhv etməmişdilər - alban kitablarının ən
seçmələrini sonradan qrabara çevirərək
özününküləşdirmiş, özlərinə bu
minvalla saxta irs yaratmışdılar.
Budur ermənilərin mənhus sifəti - zamanında
albanlara xəyanət ediblər, indi o əski xəyanətkarların
xain nəvə-nəticələri həmin xislətlərini
bir başqa biçimdə davam etdirir, vaxtilə xəyanət
etdikləri albanların abidələrini qapazlayırlar,
"mənimkidir" iddiasına düşürlər.
(Azərbaycanın dörd bucağındakı milli
xristian irsimizə onsuz da mütəmadi
qayğımızı əsirgəmirik. Fəqət
çoxdankı arzumdur ki, Ağşəhərdəmi,
"Sahil" bağındamı, şəhərin mərkəzindəki
hansısa böyük meydandamı - açıq səma
altında bir muzey yaradılsın, elə yerdə ki, oradan
şəhərimizin qonaqları, əcnəbilər də
çox keçirlər. Həmin hər kəsə
açıq muzeyə Azərbaycanın müxtəlif guşələrindən
- Kəlbəcərdən, Laçından, Qəbələdən,
digər yerlərdən alban dövrünə aid abidələrdən
nümunələr toplansın. İnsanlar gəlsin,
baxsın, özümüzünkülər, xaricilər
xristian irsimizə tamaşa etsin. Ermənilər bizə
qarşı mübarizələrində beynəlxalq meydanlarda
həm də zaman-zaman bu vasitədən istifadə edirlər
ki, onlar müsəlmandır, biz xristianıq, biz sizdənik,
din qardaşınızıq, sizə türklərdən, təbii
olaraq, daha yaxınıq.
Qoy həmin açıq alban abidələri muzeyini gəzən
xarici də, avropalı da, xristian ölkəsinin nümayəndələri
də görsünlər ki, Azərbaycanın ermənilərdən
daha qədim olan belə zəngin xristian irsi var və biz onu
sevə-sevə, göz bəbəyimiz kimi qoruyuruq).
...Cavanşir əyyamlarının, şair Dəvdək
dövrünün VI-VII əsrlərin Azərbaycan şeirinin
ən mütənasib, ən zərif misraları "Dədəm
Qorqud" oğuznamələrində boy-boy səpələnib.
Hərədən bir tük çəkərək
özünə saqqal düzəltməyə
çalışan ruhən kosa ermənilər tarix boyu
ondan-bundan torpaq qamarlamağa, tarix mənimsəməyə
çalışaraq özlərinə şanlı və
uydurma bir keçmiş yaratmağa cəhd ediblər. Elə
o şəkildə də ondan-bundan şair, şeir, ədəbiyyat
örnəkləri qəsb edərək özlərinə qədim
və dərin ədəbiyyat yaratmaq yolunda da əlləşiblər.
Elə Dəvdəkə də əl uzadıblar. Dəvdəkin
Azərbaycan sərkərdəsi, Qafqaz Albaniyasının XI
hökmdarı Cavanşirin vəfatı münasibətilə
yazdığı o şeiri də özlərinin adına
çıxmaq istəyiblər. Həm də belə uydurma
izahlarla ki, guya Dəvdək bir erməni şairi imiş, Erməniyyədən
Albaniyaya gəlibmiş və Cavanşir sarayında dəvətli
qonaq kimi yaşayırmış.
Amma açırsan Dəvdəkin qələmindən
çıxmış o yadigar mərsiyəni, oxuyub son
misralarına yetişəndə anlayırsan ki, Dəvdək
sadəcə sarayda yaşayan bir şair deyilmiş,
Cavanşirə qəlbən bağlı insanmış.
Cavanşir musiqini, ədəbiyyatı çox sevirdi
və Musa Kalankatuklunun "Ağvan tarixi"ndə bununla
bağlı xəfif işarələr də əksini
tapıb. Cavanşir dərbarında daim musiqiçilər
saxlayırdı, Bərdədə - qış iqamətgahında,
bəstəçilər, müğənnilər yanında
idi. Hətta yay fəslində dağlara seyrə
çıxanda böyründən xanəndələr,
çalğıçılar, şairlər əskik
olmazdı.
Cavanşir musiqini, ədəbiyyatı sevirdi. Dəvdək
də onun sarayında sabit yer alan şairlərdən biri və
bəlkə də birincisi idi.
Bəs ermənilər nə ediblər, Dəvdəki
özününküləşdirmək, bu mərsiyəni
erməni ədəbiyyatının örnəyi kimi qələmə
vermək üçün hansı fitnələrə əl
atıblar?
1986-cı ildə Yerevanda Dəvdəkin həmin qəsidəsinə
həsr olunan kitab buraxıblar. Dəvdək mərsiyəsini
müasir erməni dilinə də çeviriblər, qrabarda -
köhnə erməni dilində olan variantını da veriblər.
Ardınca da ruscadan savayı, ingiliscəyə, fransızcaya,
almancaya, ispancaya, polyakcaya edilmiş tərcümələr gəlir.
Kitabın sonunda da özündənmüştəbeh erməni
müəlliflərin bir-birindən saxtakar, uydurmalarla dolu məqalələri.
Kitab da yaxşı kağızda, poliqrafik baxımdan yüksək
səviyyədə, nəfis tərtibatla, elə hədiyyəlik
nəşr kimi buraxılıb. Bu şeiri hər vasitə ilə
erməni ədəbiyyatı ilə bağlamaq
üçün akrostix-akroşeir şəklində
yazılmış qəsidənin guya məhz erməni əlifbası
ilə bağlılığını əyani şəkildə
göstərmək üçün erməni əlifbasının
hərflərini də müxtəlif əlyazmalardan
götürərək bura əlavə ediblər. Erməni əlifbası
ilə yox, birbaşa alban əlifbası ilə
bağlıdır bu şeir. Çünki burada erməni əlifbasının
36 hərfindən deyil, alban əlifbasının 52 hərfinin
hamısından istifadə edilib.
Dərdli şeirini Dəvdək qəlbi riqqətə
gətirən misralarla bitirirdi:
Xoşdur mənə bu sözləri deyib yanmaq,
alovlanmaq,
Amma daha xoş olardı səninlə bir dəfn
olunmaq.
Kənardan gələn, yad olan bir adam bunca fədakar məhəbbətin,
sədaqətin ifadəsi olan sözləri dilinə, qələminə
gətirərdimi?! Cavanşirin artıq cansız qalan cəsədinə
müraciətlə Dəvdək onunla birgə ölüb
getmək istədiyini pıçıldayır, könül
sirdaşı, məhrəm himayədarını itirdiyi
dünya onun nəzərində mənasızlaşır.
Əlbəttə ki, bu, bir saray şairinin, sadəcə
Cavanşirin xidmətində olan bir insanın boğazdan
yuxarı soyuq ahları yox, hökmdara ruhən və qəlbən
bağlı, onu ürəkdən sevən bir şairin, sadiq
dostun səmimiyyətlə dolu yanıqlı iniltiləridir.
...Cavanşir zəmanəsinin azman şəxsiyyəti
idi. Onun həyatdan əbədi gedişi elə bir matəm idi
ki, bu yas yalnız Azərbaycanda, yaxın ətrafda deyil,
İranda, digər qonşu ölkələrdə də əks-səda
vermişdi. Musa Kalankatuklunun "Ağvan tarixi"nin vida
günlərindən bəhs edən səhifələri
qüssə gətirir.
Ömrünün son günlərində Cavanşir Bərdədədir.
Salnamə yazır: "O, dağlardan enib Bərdə şəhərinə
gəldi. Şanlı Cavanşir orada zövqlə istirahət
etdiyi vaxt adı bilinməyən bir namussuz, şərli və
murdar adam Cavanşirin ona qarşı olan məhəbbətini,
hədsiz ehtiramını və atasının evinə
göstərdiyi qayğını unudaraq, Cavanşiri
öldürmək fikrinə düşdü və onun bir para
dostlarını cəlb edərək onları özünə
cinayət yoldaşı etdi".
Kalankatuklu qətl səhnəsini bir kino
görümlülüyü ilə cızır: "Artıq
gecənin yarısı keçmişdi və Cavanşirin
keşiyini çəkən silahlı gözətçiləri
rahatlanıb yuxuladılar. Cavanşir güllüklər
arasında olan cığıra çıxdı. Zirehsiz olub,
belində təkcə qılıncı var idi. Elə bu vaxt kənardan
Cavanşirin qabağına, sanki onun silahdarı imiş kimi, əlində
knyazın əsası, belində polad qılıncı və
qalxanı olan şər ürəkli xain Varazo
çıxdı. Bundan əlavə, bu insafsız caninin
qaftanı altında zirehi də var idi. Onlar bağın
ortasını keçib geniş çar həyətini əhatə
edən divara çatanda hər şeydə tədbirli olan
qüdrətli Cavanşir qəddar qatilin niyyətini
anladı. Knyaz qəfildən yaraq-əsləhə səsini
eşidib diksindi və özünü itirən kimi oldu. O, təxmin
etdi ki, bu, onu öldürmək üçün
hazırlanmış sui-qəsddir. Buna görə o, nəzərə
çarpmadan sakitcə saraya qayıtmaq istədi. Lakin
qılıncını yarıya qədər qınından
çıxaran insafsız qatil buna hazır idi və
qılıncını siyirərək döndü, igid
knyazın belinə zərbə endirdi və onu ağır
yaraladı. Cavanşir şir kimi nərildədi, öz
qılıncını siyirib qatilin üstünə cumdu, amma
Allah tərəfindən verilən qüvvə onu tərk
edirdi və o, vaxtilə yaxşılıq etdiyi adamın əlində
taqətsiz hala düşdü. Cavanşir əlində
qılıncı birinci dəfə qatilin üstünə
atılanda xain qalxanını qabağa verərək onun
qarşısında durdu. Knyazın qılıncı qalxana pərçim
oldu və o, qılıncını daha çıxara bilmədi.
Qəzəblənən qatil isə zəhərli ilan və
qudurmuş vəhşi heyvan kimi zərbəni zərbə
üstündən endirib Cavanşirin bədənini
doğram-doğram etdi, öz ağasını yerə sərdi...
...O vaxt bizim Albaniyada böyük
qarışıqlıqlar baş verdi, saray qabağına əyanlar
və silahlı adamlar yığışdı. Bütün
ölkə dərd və qəmdə olub, Cavanşirin
yasını tuturdu. Görün nə böyük dərdə
saldı bizi qatil, ölkəmizə necə ağır zərbə
endirdi!.."
Burada keçmişimiz, söz tariximiz
baxımından son dərəcə əhəmiyyətli olan
məqam gəlib çatır. Cavanşirin ölümünə
yazılmış ağı Azərbaycan qəsidəçilik,
mərsiyəçilik tarixinin başlanğıcında duran
əsərlərdəndir və onun müəllifi o
dövrün naməlum şairi Dəvdəkdir. Onu Kalankatuklu
belə səciyyələndirir: "Elə bu vaxt bədii
üslubu bilən, bilikli, şeir sənətində mahir və
məşhur təfsirçi Dəvdək adlı bəlağət
ustası ayağa qalxdı. O, məharətlə, təmtəraqla
və mahir katib kimi yazaraq Cavanşiri tərif etdi".
Dəvdək qəsidəsindən bir neçə bəndi
hələ 1950-ci illərdə unudulmaz şairimiz Mikayıl
Rzaquluzadə "Azərbaycan ədəbiyyatı tarixi"
kitabının I cildi üçün tərcümə
etmişdi. Lakin 1971-ci ildə Xalq şairi Xəlil Rza həmin
qəsidəni başdan-sonacan və özünə xas olan od-alovla
ana dilimizdə səsləndirdi.
Dəvdək şair idi, Cavanşir sərkərdə.
Ancaq ağlayan misraların çatdırdığı bir həqiqət
də var ki, Dəvdək Cavanşiri - hətta yatanda da
gözü açıq olacaq qədər sayıq, zəhmli,
sərt sərkərdəni həm də çiçəkləri
saplağından onları incitməyəcək həddə
üsulluca üzən kövrək, nəvazişkar, şair
təbiətli duyğun bir insan sayır, ona görə fəryad
edir ki, daha beləsi heç vaxt olmayacaq:
Ey ilahi kəlmələri xəlq eləyən ulu
Tanrı,
Özün nəğmə-ağı söylə,
yad et bizim hökmdarı.
Elə nəğmə-ağı qoş ki, bu əvəzsiz
itki üçün
Gecə-gündüz gözümüzdən axsın
odlu göz yaşları.
Bu Gündoğan ölkəmizi tutan kədər
çox böyükdür,
Yer üzünü kəsilməyən
hıçqırıqlar bürümüşdür.
Geri dönməz itki üçün qazdılar bir dərin
məzar,
Şərafətli hökmdarı ora qoyub basdırsınlar.
Basdırsınlar fitnə-fəsad izlərini, cinayəti,
Arifləri azdırmaqçın çox əlləşdi
o azğınlar.
Uzaq-uzaq ellərəcən yayılmışdı
şan-şöhrəti,
Yer üzünün o tayına çatmış idi
adı, sanı,
Bütün cahan vəsf edirdi onun sonsuz qüdrətini,
Qaranlığa işıq saçan, uzaq görən
zəkasını.
Rum qeysəri, bir də Cənub hökmdarı tələsirdi.
Can atırdı görmək üçün bizim
böyük hökmdarı.
Şərafətlə, ləyaqətlə, ən
bahalı zər-zinətlə
Qarşılardı, salamlardı onlar bizim
bayraqdarı.
İgid, cəsur Cavanşirin poladlaşan şəxsiyyəti
Əsarətçi zalımların
yatırırdı qiyamını.
O, yatmazdı, mürgülərdi... gözü
açıq, qəlbi qaynar.
O, Marsın cəng arabasın ulduzlara surərdi hey.
Qollarına toplasa da min igidin qüvvətini,
Çiçəkləri asta üzər, gülü
ehmal dərərdi hey.
Batıb getdin... qərq olmuşuq gecələrin
zülmətinə.
Bulud girdi aramıza, ayrı saldı səni bizdən,
Gözlərimiz həsrət qaldı
yaraşıqlı qamətinə.
İllər boyu ağlayacam, öz bağrımı
didəcəyəm,
Sənsiz qalan o boş taxtı həsrətlə seyr
edəcəyəm,
Sən gedəli, dörd tərəfdən
bağlanıbdı sevinc yolu,
Gözlərimdən bulaq kimi yaşlar axar
qanlı-qanlı.
Görkəmli sərkərdələrdən, qüdrətli
hökmdarlardan bəhs edən salnaməçilər hərdən
onların adının qarşısında
"böyük" kəlməsini işlədir. Bəzilərinin
adının önündəki bu kəlmə elə sabitləşib,
ləqəbə çevrilərək yaşayıb. Amma orta
çağdan bəri Cavanşirdən yazan salnaməçilər,
tarixçilər onu "Böyük Cavanşir" deyə
təqdim etmirlər, elə sadəcə "Cavanşir"
yazırlar. Ancaq onun haqqında elə ürəklə söz
açırlar ki, istər-istəməz Cavanşir
adının qarşısına "Böyük"
sözünü də, "Qüdrətli" kəlməsini
də, "Fateh" təyinini də qeyri-ixtiyari özün
artırırsan.
1941-cü ilin oktyabrında fırçadan
çıxmış bir təsirli tablo da var. Müəllifi
rəssam Gülnaz Salamovadır. Sanki heç rəsm deyil,
Cavanşirin dəfn mərasimindən çəkilmiş
fotodur: ətrafda əyan-əşraf, yenilməz hökmdar
tabutda, şair Dəvdək matəm qəsidəsini oxuyur...
Torpağın üzü soyuqdur. Az sonra Cavanşiri məzara
tapşıracaqlar, günlər ötəcək, dərd də
səngiyəcək, ən əziz, ən yaxın olanların
da hıçqırıqları kəsiləcək, həyat
həmişəki axarına düşəcək.
Ancaq o vida şeiri, Dəvdəkin Cavanşirin
ölümünə həsr etdiyi qəsidədəki atəş
heç vaxt azalmayacaq, toxtamayacaq, sönməyəcək, daim
on üç əsr əvvəlki təzəliyində və
şiddətində qalacaq, ölümdən desə də,
Böyük Cavanşirə ÖLÜMSÜZLÜK
bağışlamaqda, onu diri saxlamaqda davam edəcək.
19 noyabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 27 noyabr(№217).-S.12-13;16.