"Qırmızı
jiletli oğlan"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Humay İslamovadır.
Onunla məşhur fransız rəssamı Pol Sezanın
"Qırmızı jiletli oğlan" əsərindən
danışmışıq.
Pol Sezan XIX əsrin son rübündə Fransada təşəkkül
tapmış postimpressionizm cərəyanının görkəmli
nümayəndələrindən biridir. Rəssamın
yaradıcılığı fransız incəsənətində
xüsusi yer tutur. Sezan impressionizm ilə kubizm cərəyanı
arasında körpü yaradıb. Əslində, o, əvvəl
impressionizmə meyl etsə də, 1870-ci illərdə plenerdə
işləməyə başlayır və özünəxas
boyakarlıq məktəbi yaradır. Rəssamın
yaradıcılığının bir qismini avtoportretlər və
müxtəlif mövzularda maraqlı silsilə əsərləri
təşkil edir. Sezan yaradıcılığından
danışarkən "Kart oyunçuları", "Meyvələrlə
vaza", "Qırmızı jiletli oğlan" əsərlərinin
adını xüsusi qeyd edə bilərik.
- Humay xanım "Qırmızı jiletli
oğlan" Pol Sezan yaradıcılığının
hansı dövrünə aiddir?
- Bu əsər rəssamın son dövr
yaradıcılığına aid olan sənət nümunəsidir.
Sezan 1870-ci illərdən etibarən portret janrında möhtəşəm
əsərlər yaratmağa başlayır. Rəssam bu
portretdə italyan əsilli oğlanı təsvir edib.
Maraqlıdır ki, o, həmin oğlanın dörd məşhur
portretini çəkib. Fırça ustası bu əsəri
işləyərkən obrazın ətraf mühitlə əlaqələrini
dəqiqliklə araşdırıb. Portret daha çox impressionizm
cərəyanının motivlərini özündə əks
etdirir.
- Bu tablonun həm də macəralarla dolu bir hekayəsi
var. İstərdim bir qədər onlardan danışaq.
- Hə. Əldə olunan məlumatlara əsasən
demək olar ki, bu əsəri 1895-ci ildə sənət
alverçisi Ambruaz Vollar Pol Sezandan almışdı. Daha sonra
1909-cu ildə macar kolleksioneri Marsel Nemeşo, 1913- cü ildə
isə alman əsilli tacir Qottlib Riber tabloya sahib
çıxıb. 1948-ci ildə isə Emil Qeorq Byurle həmin
əsəri Riberdən alıb. Byurle 1956-cı ildə
dünyasını dəyişir və əsər Emil Byurle
fonduna hədiyyə edilir. Məşhur portret fondun
kolleksiyasında 91 milyon dollar qiymət qoyulan dəyərli xəzinə
hesab olunurdu. 2008-ci ildə bu portret muzeydən oğurlanır.
Uzunmüddətli axtarışlardan sonra tablo Serbiyada
tapılır və yenidən muzeyə qaytarılır.
- Əsərin rəng həlli necədir?
- Sezan impressionistlər kimi əsərlərində
xoş aura yaradan kolorit çalarları aydın göstərir.
Rəssam plenerlərdə işləyərkən rəngarəng
etüdlər təsvir edib. Pol Sezanın istər portretlərində,
istərsə də peyzaj xarakterli əsərlərində
müsbət təəssürat yaradan rəng həlli göz
oxşayır. Bu məqam "Qırmızı jiletli
oğlan"a da aiddir. Əsərin rəng həlli olduqca zəngindir.
Portret şən rənglərlə işlənib. Burada
açıq və tünd rənglər vəhdət təşkil
edir. Əsərin fonunda tünd yaşıl pərdə və
açıq mavi rənglər görürük. Sezan rəng
çalarlarını kəskin formada işləyib.
İtalyan əsilli oğlanın geyimi rəngarəngdir.
Jiletin rəngi məhz portretin adı ilə
bağlıdır. Alt köynək mavi və ağ
tonlarının qarışığından alınan rənglə
işlənib. Divarın yarı hissəsində açıq
səma və tünd qəhvəyi çalarlar gözə
çarpır. Masanın üzərində isə müxtəlif
rənglər görürük. Rəssam əsərin
koloritini sanki təbiətlə əlaqələndirib.
Çünki bədii hissiyyatı ifadə edən elementlərdən
biri də rənglərin əlaqəsidir.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Əsərin kompozisiyası mürəkkəb
quruluşa malikdir. Tablonun ölçüləri 80x64.5 nisbətindədir.
Materialı kətandır, texnika isə yaxma ilə işlənilib.
Zəngin rəng koloritinə malik olan bu kompozisiyanın
üç çarpaz quruluşu var: Oğlanın beli,
arxasındakı tünd yaşıl pərdə boyu qalxan
stol və stulun boyu. Göstərilən diaqonallarla kəsişən
çarpazların möhkəm strukturunu yaradan oğlanın əl-ayaqlarının
vəziyyətidir. Rəssam kompozisiyanın baş qəhrəmanını
xarakterik cəhətlərinə əsasən mühitlə əlaqəli
canlandırıb. Oğlan masa arxasında başını
ovucuna söykəyərək melanxolik pozada təsvir edilib.
- Sizcə, bu əsər bizə nə deyir?
- "Qırmızı jiletli oğlan" portreti dəqiqliklə
düşünülmüş bir kompozisiyaya malikdir.
Çünki rəssam əsərin ideyasını bədii
hissiyyat şəklində ifadə etməyə səy
göstərib. Əsər postimpressionizm və impersionizm cərəyanının
predmetlərini özündə birləşdirir. Rəssamın
XIX əsrin ortalarında impersionizm cərəyanına meyl etməsi
bu tabloda açıq-aşkar hiss olunur. Sezan burada da lakonik
fikri rənglər vasitəsi ilə çatdırır.
Perspektivlik aydın şəkildə gözə
çarpır. Rəsmdən bəlli olur ki, fikir konstruktiv
şəkildə ümumiləşib. Sezanın digər
portret üslubunda işlənən əsərləri kimi,
"Qırmızı jiletli oğlan" da izləyicilərin
çoxunda xoş təəssürat yaradır.
Aytac SAHƏD
525-ci qəzet .- 2024.- 27 noyabr(№217).-S.11.