Milli Konservatoriya: nailiyyətlər və
yeni layihələr
Azərbaycan Milli Konservatoriyasında "Nailiyyətlər və yeni
layihələr" mövzusunda növbəti mətbuat
konfransı keçirilib. Tədbirdə Milli
Konservatoriyanın fəaliyyət göstərdiyi 25 il ərzində
qazanılan uğurlara nəzər salınıb, əldə
olunan nailiyyətlər və gələcəkdə həyata
keçirilməsi nəzərdə tutulan yeni layihələr
haqqında məlumat verilib.
Media nümayəndələrinin suallarını
cavablandıran Azərbaycan Milli Konservatoriyasının rektoru,
Xalq artisti Siyavuş Kərimi son illər Qazaxıstan və
Özbəkistandan rəhbərlik etdiyi təhsil
ocağına tələbə axını müşahidə
olunduğunu bildirib: "Qazaxıstan və Özbəkistandan
tələbələrin elmi dərəcələrini yüksəltmək
üçün Azərbaycan Milli Konservatoriyasına üz
tutmaları bizim üçün müsbət haldır. Biz
bununla həm öz milli mədəniyyətimizi təbliğ
edir, həm də onların mədəniyyətilə
tanış oluruq. Bizim müəllimlərin yüksək səviyyəli
münasibətlərinə, tədris metodlarına görə
hər il həmin ölkələrdən xeyli tələbə
konservatoriyaya axın edir".
Siyavuş Kərimi qeyd edib ki, Naxçıvan musiqi
mühitinin Azərbaycan mədəniyyətinin ümumi
inkişaf tempindən geri qalmaması üçün Milli
Konservatoriya öz köməyini əsirgəmir:
"Naxçıvanın musiqi mühiti neçə
vaxtdır, Azərbaycan mədəniyyətinin inkişaf tempindən
kənarda qalıb. Konservatoriya bu məqsədlə memorandum
imzalayıb. Ordakı universitetin tərkibində fəaliyyət
göstərən konservatoriyamızda ustad dərsləri
keçirilir, Xalq artistləri tərəfindən konsertlər
təşkil olunur".
Yeni musiqi alətlərinin yaradılması ilə
bağlı suala cavab verən Siyavuş Kərimi bildirib ki,
yeni alətin yaranması üçün cəmiyyət onu qəbul
etməli və o alətdə ifa edən mütəxəssislər
olmalıdır: "Azərbaycan Milli Konservatoriyası
yarananda bizim layihələrimizdən biri o idi ki, Azərbaycan milli musiqi alətlərinin
təkmilləşdirilməsi və yaradılması
laboratoriyası qurulsun. Bu layihə uğurla həyata
keçirildi. 2004-2005-ci illərdə biz bəm kamanı
yaratdıq. Həmin bəm kamanının və balaban alətinin
alternativini ərsəyə gətirdik və onların təqdimatı
keçirildi. Hazırda bu alətlərdən istifadə
olunur. Bir çox ustalar var ki, onlar öz alətlərini
yaratmaq istəyirlər. Amma alət o zaman olar ki, onu cəmiyyət
qəbul eləsin".
Siyavuş Kərimi yenicə hazırlanmış
"Nəsimi" operası ilə bağlı da fikirlərini
bölüşüb: "Nəsimi obrazını
canlandıran Əməkdar artist Ramil Qasımov opera ilə
bağlı fikrini mənimlə bölüşdükdən
sonra librettonu əldə etdim və açığın
deyim, iki ay həmin librettoya toxunmadım. Tarixdə operalar
çox uzun müddət ərzində yazılıb. Amma
pandemiya dövrü imkan verdi ki, bu əsəri qısa
müddət ərzində hazırlayım. Altı ay müddətinə
operanı bitirdim. Bu işdə konservatoriyanın əməkdaşları
mənə çox dəstək oldular. Mən bu əsəri
opera kimi görmək istəmirdim. Niyyətim tamam başqa
idi. Bu, çox elit janrdır. Təəssüf ki, Azərbaycanda
son dəfə bu janra müraciət 53 il qabaq - 1971-ci ildə
"Sevil" operası ilə olub. İlk məqsədim o idi
ki, dünya Azərbaycan şairini tanısın. İkinci məqsədim
isə Azərbaycan kinosunun yeni nəfəs almasıdır. Mən
Mədəniyyət Nazirliyinə və Heydər Əliyev Fonduna
xüsusilə təşəkkür etmək istəyirəm.
Onların dəstəyi ilə bizim əsər Heydər
Əliyev Sarayında nümayiş olundu. Mənə ən
çox təsir edən məqamlardan biri o oldu ki, iki min nəfərlik
zal ağzına kimi dolu idi. Tamaşa bitəndən sonra isə
tamaşaçılar düz yarım saat ayaqüstə bizi
alqışladılar. Nəsiminin qətlə yetirilməsi səhnəsində
obrazın paltarları
cırılıb-çıxarılmalı idi. Texniki
nasazlıqdan bu zaman onun paltarı üzərindəki mikrofon
yerə düşdü. Çoxları bunu problem kimi dəyərləndirdi.
Amma mən dedim ki, bu, problem deyil, əksinə, bu, lap
yaxşı oldu. Ramil Qasımov o qədər təmiz oxuyurdu
ki, bir çoxları elə bilirdi, bu fonoqramdır, canlı
ifa deyil. Mikrofon yerə düşəndən sonra səs kəsiləndə
hamı başa düşdü ki, bu artıq
tamaşaçıya olan dəqiq münasibətdir. Buna
görə Ramil Qasımova təşəkkür edirəm".
Tədbirin sonunda Milli Konservatoriyanın yaranmasında
Ulu öndər Heydər Əliyevin adını xüsusi
vurğulayan Siyavuş Kərimi bu illər ərzində bu təhsil
ocağına ayrılan diqqətə görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə
minnətdarlığını bildirib.
Ləman İLKİN
525-ci qəzet .- 2024.- 27 noyabr(№217).-S.11.