COP29-un əks
sədası
Bakıda yüksək səviyyədə keçirilən
bu mötəbər tədbirdə qəbul olunan qərarlar
qlobal iqlim dəyişmələri ilə mübarizədə
dönüş nöqtəsi sayıla bilər
“COP29-a
ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla
seçilmək bizim üçün həqiqətən
böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin
Azərbaycana və gördüyümüz işlərə,
o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə
hörmətinin əlaməti hesab edirik”.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin
gələcəyi üçün müstəsna önəm
daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini
və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi
Bakı noyabrın 11-də start götürən və qlobal
iqlim dəyişmələri ilə bağlı müzakirələrin
aparıldığı toplantının dünya ölkələrinin,
xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin
gözlədikləri qərarların qəbulu ilə başa
çatması üçün bütün qüvvəsini səfərbər
etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən
uğurla gəldi, bu sahədə yüksək səviyyəli
təşkilatçılıq qabiliyyətini nümayiş
etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un
yüksək səviyyədə təşkilinə görə
Azərbaycana rəsmi şəkildə təşəkkür
elan olunması barədə qərar qəbul etməsi bunun
bariz göstəricisidir.
COP29-da
qəbul olunan ən önəmli qərarlardan biri hər il
inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon
dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə
tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi
(BMG) barədə razılığın əldə
olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf
etmiş ölkələrin 2035-ci ilə qədər
inkişaf etməkdə olan dövlətlər
üçün hər il ən azı 300 milyard dollar məbləğində
vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini
nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir.
COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə
olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi
məqsədindən əhəmiyyətli dərəcədə
yüksəkdir və qlobal investisiyaların yeni
dalğasını təmin edəcək.
Bundan
başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da
Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək
vəziyyətə gətirildi. Bununla bağlı
razılığın əldə olunması COP29 Sədrliyinin
önəm verdiyi əsas prioritet məsələlərdən
biri idi. Ötən il Dubayda keçirilən COP-28 zamanı
Paris sazişinin 6.4 maddəsinin
razılaşdırılmasına böyük ümidlər bəslənilsə
də, bu, mümkün olmadı. Bakıda isə tərəflər
Sazişin 6.2, 6.4 və 6.8 maddələrini
razılaşdırmaqla karbon bazarının BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının
(UNFCCC) tam nəzarəti altında fəaliyyətinə
yaşıl işıq yandırdı. 6-cı maddə ilə
bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf
mühitin bütövlüyünü, şəffaflığı
və karbon bazarlarının möhkəmliyini təmin etməkdə
mühüm rol oynayacaq. Digər tərəfdən, 6-cı
maddə üzrə əməkdaşlıq qlobal olaraq
mitiqasiya tədbirlərini, yəni emissiyaların
azaldılmasını tənzimləyə biləcək. Bir
ölkədə emissiyaların azaldılması hesabına
karbon bazarları vasitəsilə digər dövlətdə
emissiyaların çox olmasını tarazlaşdırmaq
mümkün olacaq. Həmçinin bu qərarlar real, əlavə,
təsdiqlənə və ölçülə bilən
emissiya azalmaları və aradan qaldırılmaları vasitəsilə
onların qlobal iqlim investisiyalarını təşviq etmək
potensialını da ortaya çıxaracaq.
COP29-da
əldə olunan əsas nailiyyətlərdən biri də
2022-ci ildə təşəbbüs kimi irəli
sürülmüş və iqlim dəyişmələrimin təsirlərinə
ən çox məruz qalan ölkələrə maliyyə
yardımını nəzərdə tutan İtki və Zərər
Fondunun tam şəkildə institutlaşdırılması
oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə
başlaması nəzərdə tutulur. İtki və Zərər
Fonduna ölkələr tərəfindən vəd edilən
maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur.
İqlim dəyişmələrinin fəsadlarının
kiçik ada dövlətlərinə təsirlərinin
yaratdığı çətinliklərin həlli Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin
prioritetlərindən biri kimi müəyyən olunub. Bu
baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə
başlaması COP29 Sədrliyinin böyük uğuru oldu.
COP29-un
yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi
sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi
yaradıldı. Həmçinin növbəti COP
sessiyaları çərçivəsində adaptasiya üzrə
yüksək səviyyəli Bakı dialoqu
çağırılacaq. Bu, inkişaf etməkdə olan
ölkələrinin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin
hər il COP-larda müzakirə olunmasını təmin edəcək.
Bundan
başqa, COP29-un qərarı ilə 10 illik Yenilənmiş
Gender üzrə Lima İş Proqramı qəbul edildi.
Proqramın qəbulu üzrə danışıqlar uzun
müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində
sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində
əldə olundu.
Bütün
bunlar isə onu göstərir ki, COP29 məqsədlərinə
çatıb, Azərbaycan gələcək COP-ların da
uğurlu olması üçün müsbət presedent
yaradıb.
Bir
sözlə, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri
ilə mübarizədə dönüş nöqtəsi
sayıla bilər.
İradə
Rizazadə
Vətəndaşların
Sosial Rifahı Naminə İctimai Birliyinin sədri
525-ci qəzet .- 2024.- 27 noyabr(¹217).-S.6.