Təhsilə ayrılan dövlət vəsaiti inkişafa yol açan mühüm amil kimi

 

2025-ci il üzrə Azərbaycanda təhsil xərclərinə 4 milyard 946 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub. 2024-cü illə müqayisədə bu rəqəm 395,7 milyon manat və ya 8,7 faiz çoxdur. Həmin xərclərin ÜDM-də xüsusi çəkisi 3,8 faiz (2024-cü illə müqayisədə 0,1 faiz-bənd çox), dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi isə 12 faiz (2024-cü illə müqayisədə 0,6 faiz-bənd çox) təşkil edəcək.

Təhsil xərcləri üçün ayrılmış vəsaitin 2347,6 milyon manatı və ya 47,5 faizi ümumi təhsil xərclərinə, 750,7 milyon manatı və ya 15,2 faizi ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə, 467,4 milyon manatı və ya 9,4 faizi məktəbəqədər təhsil xərclərinə, 104,9 milyon manatı və ya 2,1 faizi orta ixtisas təhsili xərclərinə, 82,2 milyon manatı və ya 1,7 faizi peşə təhsili xərclərinə, 85,7 milyon manatı və ya 1,7 faizi məktəbdənkənar təhsil müəssisələrinin (idman məktəbləri və s.) xərclərinə, 28,3 milyon manatı və ya 0,6 faizi əlavə təhsil və tətbiqi tədqiqatlara, 1079,3 milyon manatı və ya 21,8 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclərə yönəldilməsi üçün nəzərdə tutulub.

2024-cü illə müqayisədə ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi xərcləri 147,8 milyon manat və ya 24,5 faiz, məktəbəqədər təhsil xərcləri 16,3 milyon manat və ya 3,6 faiz, orta ixtisas təhsili xərcləri 3,5 milyon manat və ya 3,4 faiz, peşə təhsili xərcləri 5,1 milyon manat və ya 6,6 faiz, əlavə təhsil xərcləri 0,1 milyon manat və ya 0,5 faiz, təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər 434,2 milyon manat və ya 52,3 faiz artıb.

Təhsil eksperti Kamran Əsədov deyir ki, 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən ali təhsil üçün dövlət sifarişi üzrə ayrılmış 570 milyon manatlıq vəsait ölkənin ali təhsil sisteminin inkişafını təmin etmək üçün əhəmiyyətli bir addım kimi görünür: "Bu məbləğin ayrılması həm dövlətin təhsilə prioritet yanaşdığını, həm də ali təhsilin maliyyələşdirilməsi sahəsində müəyyən artımın olduğunu göstərir. Bununla yanaşı, belə bir büdcənin reallıqda təhsil sahəsinin bütün tələbatlarını ödəyib-ödəməyəcəyini və artımın effektivliyini qiymətləndirmək üçün daha dərindən təhlil aparmaq lazımdır. İlk növbədə, ali təhsil sahəsində əsas problemlərdən biri tələbə kontingentinin artması və mövcud infrastrukturların, resursların buna uyğunlaşa bilməməsidir. 2023-cü ilin statistikasına əsasən, Azərbaycanda ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 185 mindən çox olmuşdur ki, bu da əvvəlki illərə nisbətən artım deməkdir. Təhsilə olan tələbatın artması fonunda 570 milyon manatın yetərli olub-olmayacağı sualı gündəmə gəlir. Bu vəsait bir tələbəyə düşən maliyyə ayırmalarını artırsa da, inflyasiya, təhsil xərclərinin ümumi artımı və keyfiyyətli tədris mühiti yaratmaq üçün tələb olunan əlavə resurslar nəzərə alındıqda, tam yetərli olmaya bilər. Beynəlxalq təcrübə ilə müqayisə apardıqda, Azərbaycanın ali təhsilə dövlət maliyyələşdirməsi bir tələbəyə düşən xərc baxımından bəzi inkişaf etmiş ölkələrdən geri qalır. Məsələn, OECD ölkələrində ali təhsilə tələbə başına düşən illik dövlət xərcləri təxminən 10-15 min ABŞ dolları civarındadır. Azərbaycanda isə bu göstərici təxminən 2-3 min ABŞ dolları səviyyəsindədir. Bu fərq, təhsildə beynəlxalq standartlara çatmaq üçün əlavə maliyyə resurslarına ehtiyac olduğunu göstərir. Artım məsələsinə gəlincə, 2024-cü il üçün ali təhsil üzrə büdcənin 500 milyon manat olduğu nəzərə alınarsa, 2025-ci il üçün 14%-lik artım müşahidə olunur. Bu, inflyasiya səviyyəsi və ali təhsil sistemində artan tələblər nəzərə alınanda müsbət addım kimi qiymətləndirilə bilər. Lakin artımın əsas istiqamətlərini və effektivliyini nəzərə almaq vacibdir. Artım sadəcə infrastrukturun inkişafına yönəldilirsə, tədris keyfiyyətində böyük irəliləyişlər gözləmək çətin ola bilər. Əgər bu artım yüksək ixtisaslı müəllimlərin işə cəlb edilməsinə, onların maaşlarının artırılmasına, müasir laboratoriyaların qurulmasına və elmi araşdırmaların maliyyələşdirilməsinə sərf olunarsa, daha böyük fayda təmin edilə bilər.

2025-ci ildə təhsilə ayrılan vəsaitlərin bölgüsü diqqət çəkir. Əsas istiqamətlər arasında ümumi təhsilə ayrılan vəsaitlər 2 milyard 347,6 milyon manat və ya 47,5 faiz liderlik edir. Bu, təhsil sisteminin təməli olan ümumi təhsilin prioritet olaraq maliyyələşdirildiyini göstərir. Ali təhsilə və dövlət sifarişi ilə ali təhsil maliyyələşməsinə 750,7 milyon manat ayrılması isə, ümumi təhsilə nisbətən daha aşağı səviyyədədir. Həmçinin, məktəbəqədər təhsilə ayrılan vəsaitin (467,4 milyon manat, 9,4 faiz) daha çox artırılmasına ehtiyac var, çünki bu mərhələ uşaqların təhsilə hazırlaşmasında mühüm rol oynayır.

Təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılan 1 milyard 79,3 milyon manat vəsait (21,8 faiz) əhəmiyyətli dərəcədə yüksəkdir. Bu xərclərin şəffaflığı və effektivliyi xüsusi diqqət tələb edir, çünki bu kateqoriyada çoxsaylı fərqli layihələr və proqramlar əhatə olunur: "2024-cü illə müqayisədə ali təhsil və dövlət sifarişi üzrə maliyyələşmənin 24,5 faiz artması, xüsusilə müsbət haldır. Bu artım ali təhsilin keyfiyyətini artırmaq, təhsil infrastrukturunu genişləndirmək və tələbələr üçün daha çox imkan yaratmaq baxımından əhəmiyyətlidir. Lakin peşə təhsili xərclərinin yalnız 6,6 faiz artması bu sahəyə daha çox diqqət ayrılmasının vacibliyini göstərir, çünki peşə təhsili iqtisadiyyatın müxtəlif sahələri üçün ixtisaslı kadrların hazırlanmasında əsas rol oynayır".

Kamran Əsədov həmçinin bildirib ki, ali təhsil müəssisələrinin üzləşdiyi əsas çağırışlardan biri də elmi tədqiqatların və innovasiyaların maliyyələşdirilməsidir: "Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə aşağı yerlərdə qərarlaşmasının əsas səbəblərindən biri məhz elmi fəaliyyətin zəif maliyyələşdirilməsidir. Əgər ayrılmış 570 milyon manatın bir hissəsi elmi tədqiqatlar üçün nəzərdə tutulmayıbsa, bu, uzunmüddətli perspektivdə ölkənin ali təhsil sisteminə mənfi təsir göstərə bilər.

Büdcənin effektivliyini artırmaq üçün aşağıdakı tövsiyələr həyata keçirilə bilər:

1. Resursların prioritetləşdirilməsi: Maliyyə vəsaitləri təkcə infrastrukturun deyil, həm də insan kapitalının inkişafına yönəldilməlidir. Müəllimlərin maaşlarının artırılması və onların beynəlxalq təlimlərə cəlb edilməsi əsas prioritet olmalıdır.

2. Tədqiqat və innovasiyalara dəstək: Universitetlərin elmi tədqiqatlar aparması üçün müvafiq qrant proqramlarının artırılması tələb olunur. Bu, həm beynəlxalq reytinqlərdə irəliləyişə, həm də ölkənin iqtisadi inkişafına töhfə verəcək.

3. Şəffaflıq və hesabatlılıq: Ayrılmış büdcə vəsaitlərinin necə xərcləndiyi barədə ictimaiyyətə açıq hesabatların verilməsi təhsil sektorunda etimadı artırar və maliyyə israfının qarşısını alar.

4. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi: Xarici universitetlər və elmi mərkəzlərlə əməkdaşlıq vasitəsilə Azərbaycana əlavə maliyyə və texniki dəstək cəlb edilə bilər.

Ümumilikdə, 570 milyon manatlıq büdcə ayrılması təhsil sektorunda irəliləyişlərə şərait yaratsa da, bu məbləğin yetərli olub-olmaması yalnız həmin vəsaitlərin necə istifadə ediləcəyindən asılıdır. Təhsil sahəsində uzunmüddətli və dayanıqlı inkişaf təmin etmək üçün əlavə resurslara ehtiyac var. Dövlət büdcəsinin təhsil sahəsinə ayrılan hissəsi ümumi büdcənin ən azı 10 faizini təşkil etməlidir ki, ölkənin gələcəkdə yüksək rəqabətqabiliyyətli insan kapitalı formalaşdırılsın. Beləliklə, yalnız maliyyə artımı deyil, həm də onun məqsədəuyğunluğu və effektiv idarə olunması təhsilin keyfiyyətində əsaslı irəliləyiş təmin edə bilər".

Təhsil məsələləri üzrə ekspert Elmin Nurinin dediyinə görə, gələn il üçün dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsil xərclərinə ayrılan 570 milyon manat böyük məbləğ kimi görünə bilər. Amma sual yaranır ki, həmin vəsait bu xərcləri qarşılamağa nə qədər effektiv şərait yaradacaq: "Universitet xərclərinin pərdəarxası detalları var ki, biz onu görə bilmirik. Bunu yalnız universitet və dövlət görə bilir. Hansısa bir universitetə orada təhsil alan tələbələr üçün müəyyən edilmiş məbləğ ayrılırsa, həmin pulun miqdarının artırılması univeristetin də yükünü müəyyən qədər azalda bilər. Bunu isə tələbələrdən çox, univeristetdə, xüsusilə təhsil ocağının maliyyə məsələsi ilə məşğul olan insanlar daha yaxşı anlayar".

Ekspert deyir ki, burda söhbət 570 milyon manatlıq büdcədən gedir. Bu vəsaitlə də universitetelərin bir çox problemini həll etmək olar: "İlk növbədə universitetlərin yataqxana imkanları düzəlməlidir. Bu gün ən böyük problem məhz yataqxanalarla bağlıdır. Universitetlərimizin bir çoxu ən yaxşı halda yataxanaya ehtiyacı olan tələbələrinin yalnız 3 faizini təmin edə bilir. Məsələn, Azərbaycan Neft və Sənaye Universitetinin 10 min nəfərdən çox kontingenti var. Onların əksər hissəsi əcnəbi tələbələr, bir hissəsi isə müxtəlif rayonlardan Bakıya təhsil üçün gələn gənclərdir. Ancaq universitetin 700 yerlik yataqxanası var. Belə görünə bilər ki, 700 kiçik rəqəm deyil, lakin bu rəqəm yataqxanaya ehtiyacı olan minlərlə tələbənin neçə faizini ödəyir?  Qeyd edim ki, digər universitetlərdə də durum fərqli deyil. Bizim tələbələr bu ehtiyaclarını müxtəlif kirayə evlərlə ödəməyə çalışsalar da, əcnəbi tələbələr universitetlərin ilk növbədə yataqxana və kompus imkanları ilə maraqlanır. Bu imkanlar olmadıqda universitetlələrin beynəlxalq statistik göstəricilərini də azaltmış oluruq".

Pulsuz təhsilə gəlincə, ekspertin sözlərinə görə, istər orta təhsil seqmenti, istərsə də ali təhsil seqmentində belə bir anlayış yoxdur: "Ümumiyyətlə, dünyanın heç bir yerində ödənişsiz təhsil anlayışı yoxdur. Sadəcə digərlərinə nisbətən uğurlu nəticə göstərən şəxslərin ali təhsili özlərinin və valideynlərin maddi vəsaiti hesabına deyil, məhz dövlətin ona ayıracağı pula görə qarşılanır. Deməli, bu gün bizdə el arasında deyildiyi kimi "pulsuz oxuyan", yəni dövlət hesabına oxuyan hər tələbə üçün müəyyən bir vəsait ayrılır. Heç bir tələbə pulsuz oxumur. Bu tələbələrin böyük bir qismi təhsil haqqını öz cibindən deyil, dövlət büdcəsindən ödəmiş olur. Dövlət dörd ildən sonra ona lazım olan kadrların formalaşdırlması üçün vəsait xərcləməkdən çəkinmir".

Elmin Nurinin sözlərinə əsasən, dövlət sifarişi ilə təhsil alanlarının sayının illərlə artması da onu göstərir ki, avtomatik olaraq dövlət büdcəsindən ali təhsillə bağlı ayrılan xərclərin miqdarı avtomatik artmış olacaq: "Mən rastlaşdığım hadisələr əsasında deyirəm ki, bir çox universitet təmsilçiləri, ümumiyyətlə rəhbərlikdə təmsil olunan şəxslər dövlət sifarişi ilə oxuyan tələbələrə ayrılan vəsaitin onlara hesablanan xərcləri qarşılamadığını deyirlər. Bu o demək deyil ki, bir tələbəyə verilən konkret pul onlara çatmır, xeyr, tələbəyə ayrılan xərcin içərisində ona dərs deyən müəllimlərin əməkhaqqıları, oxuduğu universitetin xidməti istiqamətləri, laboratoriya imkanları, infrastruktur, digər detallar da nəzərə alınır və bu orta statistik rəqəm kimi hesablanır. Bir neçə ildir ki, yaxşı bir tendensiya yaranıb. Özəl ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı ildən-ilə artır, qarşıdakı illərdə isə daha da çoxalacağı gözlənilir. Lakin bu il bir çox universitet ödənişli əsaslarla təhsil alan tələbələrin təhsilhaqqısının artması ilə bağlı qərar verdi. Bunu da universitetin xərcələrinin özünü tam ödəyə bilməməsi ilə əsaslandırıb. Xüsusi ilə bu universitetlərin bəziləri publik hüquqi şəxs statusundadır və özünü maliyyələşmə mexanizmi bunu bir az da çətinləşdirmiş oldu".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.- 28 noyabr(№218).-S.15.