Ehtişamına "süpürgə
çəkilən" şəhər: Əski Kırım
Artıq bir çox illərdir ki, Altaylardan
başlamış Türk aləminin hər bir guşəsində
eşidib öyrəndiyim xalq əfsanə və rəvayətlərini
toplayaraq onların əsasında hekayələr yazmaqdayam.
Ümid edirəm ki, bu fəaliyyətimin bəhrələri
Türk torpaqlarının əsl tarixi, habelə Türk
düşüncə tərzi və amallarını üzə
çıxarmaqla ortaq nöqtələri açığa
tutmağa da yardım edəcək.
Cənnət vətən deyib gəldim Kırıma,
Bülbül qısqandıran bağlar yox olmuş.
Bu halı görüncə getdi ağrıma,
Ölülər məzarsız, sağlar yox
olmuş...
Keçmiş zamanlarda qədim Kafa şəhərinə
yaxın Çürük Su çayı üstündə məşhur
Türk şəhəri Kırım Kirman (yəni
Kırım qalası) yerləşirdi.
Viranə küçələr
İndiki Kırım ölkəsinin adının da
vaxtilə bu varı-dövləti aşan-daşan məntəqənin
adından yarandığı söylənilir. İnanmaq
lazım gəlir... Səyyahi-aləm Övliya Çələbi
də "qədimi taxt mərkəzi" Əski
Kırım şəhərinin lap əvvəlki adının
Kırımkirman olduğunu yazır. Kırımın Rus
imperiya ordusu tərəfindən tam istilasından sonra
1784-cü ildə Əski Kırım şəhərinin də
adı hərfən rus dilinə tərcümə olunaraq
Starıy Kırım adlandırılıb.
Qədim tarixi bir yana, hələ nisbətən
yaxın keçmişə nəzər salsaq, 13-cü əsrdə
Qızıl Orda imperiyası idarəsinə keçdiyi
zamandan Kırım Kermen adlı bu şəhərin o zamanlar
"Kırım Yurdu" adlanan ölkənin inzibati mərkəzi
olduğuna və ölkə əmirinin iqamətgahının
burada yerləşdiyinə şahid oluruq. Misir sultanı
Baybarsın elçisinin 1263-cü ildə Qızıl Orda
hakimi xan Bərkə ilə görüşündən bəhs
edən qeydlərində şəhərdə Qıpçaq
və Alanların yaşadığını xəbər
verilir.
Şəhərin mərkəzində mərmərdən
yapılmış tikililər - məscid və digər ictimai
binalar, xüsusən mərmər daşlar ilə çəmbərlənmiş
məktəb səyyahların heyrətinə səbəb
olarmış.
Özbək xan məscidinin
qalıqları
Övliya Çələbi də həmin heyrətlə
bu şəhərə sığışan, lakin hər
hansı bir vilayətə, ölkəyə süs verə biləcək
zəngin imarətləri - xariqə sənət əsərlərini,
yaşı bilinməz abidələri sadaladıqca insan,
bunların indi xarabalıqları qalsa da, əslində
onların mədəni və ehtişamlı şəhərlər
olduğunu güman edir. Odur ki, səyyah dərhal dönüb
təəssüratlarını təbiilik, həqiqilik qiyafəsinə
salaraq yazır: "Əgər məndən təsvir etdiyim
bu qədər əsərləri və binaları bəs nerədən
bulub yaza bildin?" - deyə sorsalar, "hələ də
burada insan əlindən çıxmış yüz minlərlə
əsər - bina, qübbələr durmaqdadır",
söylərəm onlara... Həm də "Kırım şəhərinin
qapısının iç üzündə, Mengli Gəray xan
camisinin yanında bulunan yüksək mərmər sütun
üzərində Kırımın bütün imarətlərinin,
vəqf edilmiş əsərlərin və sahiblərinin isimlərini
də yazmışlar", - deyərək cavablarını
verərəm".
"Vaxtilə Əski Kırımda möhtəşəm
əsərlər olan Özbəkxan məscidi (14 əsr),
Baybars məscidi (13 əsr), Ətirli məscid (14 əsr),
Qurşunlu caminin bugün xarabalıqları belə insanı
heyrətə salmaqdadır. İşğallar, istilalar nəticəsində
dağıdılmış şəhərin fəlakətini
böyük rus tarixçisi Karamzin "Allahın bəlasına
tuş oldu", - deyə xəbər verir. Böyük
tarixçi hər halda xalq rəvayətlərindən bolluca
bəhrələnərək bunları yazırdı:
"Kırım əhalisi həm varlı, həm də xəsis
idi; kasıba əl tutmaz, məzluma-fəqirə kömək
etməzdilər. Günahlarının çoxluğunun
qorxusundan belə gözəl məscid tikdirmişdilər.
İndiki Starıy Kırım məntəqəsi həmin qədim
və zəngin şəhərin yoxsul
qalıqlarıdır..."
Övliya Çələbi isə elə övliya zəndi
ilə bütün bunların səbəbini qəzavü-qədərə,
"etdiklərinin cəzasını bir gün görəcəksən"
ibrətinə bağlayır və biz də onun sehrkar
nağılvari söhbətinə dalırıq: əvvəlcə
xalqı son dərəcə zəngin tüccarlar olmuş,
mallarının zəkatını verməz, güclü
olanları həccə getməz, yoxsullara və
düşkünlərə yardım etməz, müsafir sevməz,
alim-salih və qəriblərdən üz çevirmiş kimsələr
olmuşlar.
Səyyah-aləm yenə bizi bir qissəvarı
şirin və əsrarəngiz hekayətə çəkir:
Allahın hikmətindəndir ki, bir soyuq gecə zəif, yoxsul
bir dərviş qışın qiyamətində ac-yalavac
varlı evlərin pəncərələri qabağında
titrəyir, Allah rizasına yardım istəyir. Lakin onun səsini
eşidirlərsə də, üzünə kimsə
baxmayır, yalvarışlarına kimsə etina etməyir,
qapıdan-qapıya qovurlar. Dərviş dünya
görmüşdü, şaxtanın iliklərə işləyən
gecəsində səhərə salamat
çıxmağın yolunu bilirdi: odur ki, darvaza
qabağında atılıb qalmış bir süpürgəni
əlinə alıb küçələri süpürməyə
başlayır. Yazıq sail dərviş Kırım
Kirmanın küçələrini süpürə-süpürə
sabaha çıxır, donub ölməkdən canını
qurtarır. O, canını qurtarırsa da, acığı,
kini dəryaya dönüb çalxalanır, donmuş bədənini
lərzəyə gətirir. Və bəxtəvər Əski
Kırımın qara günləri başlayır bundan sonra.
Belə ki, qərib dərvişin ah-nalə ilə
açdığı sabah şəhər xalqına
düşmür; fəlakət qapının
ağzını alır. Sanki o gündən şəhər əhalisi
qarğışa düşür; işlər
günü-gündən tənəzzülə
uğrayır. Var-dövlətlərinə süpürgə
çəkilir, adamlar müflis olub bu lənətlənmiş
şəhərdən çıxıb vəbadan-taundan
qaçar kimi qaçırlar...
Övliya Çələbi "əgər
yıxıq evlərin, abidələrin tarixini yazsam, bir kitab
olar... deyə mübaliğəli düşüncələrə
dalır. "Bu bəlalı şəhər indiquşlara və
heyvanlara yuva olmuş bir xərabə
şəhərdir" desə də, yenə də
Övliya səyyah öz şirin nağıllarından yan
keçə bilmir: "Deyirlər, vaxtilə cah-cəlalı
bu şəhərdə bir varı, dövləti
aşan-daşan tacir cami tikdirmək istəyirmiş. Bu zaman
şəhərə Xütən, Çin və Maçin
müşk-ənbərini gətirən tacirdən onun
bütün dəvə karvanı olan ətir
yükünü alıb tikilinin palçığına su əvəzinə
qatışdırıb yoğurtdurmuşdu. Caminin adı da
buradan yaranmışdı: Ənbəri-Çin camisi.
İndi Əski Kırımın Kafa qapısının dibində
viran bir haldadır. Nə vaxt yağış yağır, ətir
qoxusu hər yanı tutur. Maraq üçün özüm bir
parça götürüb oda tutdum. Həqiqətən ətir
qoxumağa başladı.
"Əski
Kırım". Rəssam K.Boqayevski
Övliya Ata xaraba şəhərin ziyarətgahlarına
- əbədi şöhrət soraqlı yadigarlara, salamat qalan
xatirələrə üz tutur, böyük fəxarət
hissi ilə "Kamal Ata Sultan, Aləmdar Sultan, Pəncəli
Baba Sultan kimi övliyalar burada yatmaqdadır", - yazır.
Bunların sırasında Əski Kirimin viran olmasına səbəb
olan "Dərviş xarabı" adlanan məzarı da var
ki, xalq onu ziyarət etməyib, lənət deyib keçərlər.
Övliya Ata isə: "Allah hamısına rəhmət eləsin",
- deyə şəhərdən ayrılır...
İndi mən də "sürgün şairi"
Şükrü Bilgilinin çox-çox sonradan meydana
çıxsa da, bir növ bu qədim faciənin məzmununa-fikrinə
işıq tutan vətən sevgili şeiri ilə
başladığım kimi həmin intizar və nisgilli
şeirin başqa bir bəndi ilə sözümü
tamamlayıram:
Sormayın dostlarım, halım pərişan,
Əski vətənimdən qalmamış nişan.
Vətən-vətən deyib dənizə qoşan
Çeşmələr
qurumuş, çaylar yox olmuş...
Minaxanım NURİYEVA (TƏKLƏLİ),
Professor
(Azərbaycan Dövlət Pedaqoji Universiteti)
525-ci qəzet .- 2024.- 28 noyabr(№218).-S.14.