Azərbaycanın hüquq elminin zirvəsində

 Məsumə Məlikova-95

 

Yaşadığımız dövrün azsaylı görkəmli alimlərindən biri olan, hüquqşünaslıq elminin Azərbaycanda formalaşmasına və inkişafına əvəzsiz töhfələr vermiş Əməkdar hüquqşünas, AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, professor Məsumə xanım Məlikovanın növbəti yubileyi respublikamızın elmi ictimaiyyəti üçün ən mühüm tədbirlərdən biri olmaqla yanaşı, həm də elm fədaisi olan insanların həyatı və yaradıcılığını bir daha izləmək, onların çoxcəhətli elmi-pedaqoji fəaliyyətinin ayrı-ayrı aspektləri ilə yaxından tanış olmaq imkanı verir.   

Məsumə Fazil qızı Məlikovanın parlaq, çoxşaxəli, məhsuldar fəaliyyəti XX əsrin ikinci yarısı-XXI əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi, hüquqi, mənəvi və yaradıcı həyatında önəmli yerlərdən birini tutur. Onun hüquq fakültəsində təhsil aldığı illər, eləcə də elmi-pedaqoji sahədəki ilk addımları İkinci Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Həmin tarixi dönəmdə ölkənin sosial, siyasi, iqtisadi və mədəni sferalarında olduğu kimi, hüquqi sferada da böyük dəyişikliklər baş verirdi. Müharibə dövrünün tələbləri ilə əlaqədar qəbul edilmiş qanunlara yenidən baxılır, mülki-hüquqi və cinayət-hüquqi sahələrdə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır, ümumiyyətlə, hüququn cəmiyyətdəki yeri və rolu məsələlərinə yeni yanaşma və baxışlar ortaya qoyulurdu. Belə bir şəraitdə Məsumə xanım Məlikovanın məhz hüququn nəzəri-tarixi problemlərinə diqqət yetirməsi, görkəmli mütəfəkkirlərin hüquqa dair baxışlarının öyrənilməsi və tədqiqi probleminə müraciət etməsi olduqca təqdirəlayiq idi. Çünki sosial həyatın mühüm fenomenlərindən sayılan hüququn formalaşmasına və təkamülünə təsir göstərən amillərə diqqət yetirmədən, onun bünövrəsi sayılan başlıca ideyaların və prinsiplərin mahiyyətini dərk etmədən nə nəzəri-hüquqi və tarixi-hüquqi problemlərin həllinə nail olmaq, nə də yeni dövrdə meydana çıxan ictimai münasibətlərin tənzimlənməsində müvəffəqiyyətli nəticələrə malik olmaq mümkün deyil.

Elm adamı hərtərəfli bilik ehtiyatına malik olan dərin və analitik təfəkkürlü, məsələlərin həllinə təmkinlə və müqayisəli şəkildə yanaşan, son dərəcə məsuliyyətli insan olmaq deməkdir. Bütün bu keyfiyyətləri şəxsi timsalında birləşdirən Məsumə xanım alim olmağı qarşısına məqsəd olaraq qoyarkən dərk edirdi ki, o, yalnız özü-özünə məxsus deyil, çünki elm ölçüyəgəlməz dərəcədə vaxt və gərgin fəaliyyət tələb edir. Elm adamları yalnız yeni biliklər yaratmır, həm də bu bilikləri yeni nəsillərə ötürməyi hədəfləyən insanlardır, onlar sosial tərəqqinin mərkəzindədirlər. Təsadüfi deyil ki, məişətdə alim anlayışı müdrik, hər şeydən agah olan, işıqlı təfəkkürün daşıyıcısı, müəllim və s. anlayışlarla əlaqələndirilir. Alim fenomeni tarixən elmə münasibət dəyişdikcə inkişaf edir.

Məsumə xanımın elmi yaradıcılıq fəaliyyəti olduqca çoxşaxəlidir. Onun elmi fəaliyyətinin əsas istiqamətlərindən biri dövlət və hüquq nəzəriyyəsinin, dövlət və hüquq haqqında təlimlər tarixinin  aktual problemlərinin tədqiqini əhatə edir. O, ilk dəfə olaraq ölkəmizdə milli-hüquqi təfəkkür tarixini, Azərbaycanın görkəmli mütəfəkkirlərinin dövlət və hüquq haqqında baxışlarını tədqiq etməklə, milli hüquq abidələrinin məzmuni təhlilini aparmaqla ölkəmizdə milli siyasi-hüquqi təlimlər tarixi fənninin əsasını qoyub və bu sahədə özünün məktəbini yaradıb.

Azərbaycanın siyasi-hüquqi fikir tarixində böyük izlər qoymuş müxtəlif dövrlərin mütəfəkkirlərinin siyasi-hüquqi baxışlarını tədqiq edərkən Məsumə xanım ilk növbədə həmin mütəfəkkirlərin bilavasitə əsərlərinə, yəni ilkin mənbələrə ayrı-ayrılıqda müraciət edib, mükəmməl şərh və təhlil tələb edən bu işin öhdəsindən bacarıqla gəlib. Belə bir deyim var ki, "böyük şəxsiyyətlər böyük nəşə mənbəyini özündə tapır. O, kənar impulsu təbiət hadisələrindən və müxtəlif dövr və ölkələrin yetirdiyi dahilərin dərin məna tutumlu əsərlərindən alır. Əslində yalnız o, bu əsərləri anlaya bilər, yalnız o, bunlardan mənəvi zövq və həzz ala bilər. Həmin dahilər onun üçün yaşayır, ona müraciət edir, onunla söhbət edirlər". Məsumə xanım da hüquqi baxışlarını təhlil etdiyi mütəfəkkirlərlə sanki dialoqa girir və onun bu sahədəki əsərlərini mütaliə etdikcə təhlillərində qarşılıqlı ünsiyyətin şahidi olursan. Nümunə üçün deyək ki, görkəmli maarifçi, Azərbaycanın siyasi-hüquqi və ədəbi-fəlsəfi fikir tarixində din, pedaqoqika, fəlsəfə, tarix, hüquq sahələrində çoxsaylı əsərlər yazmaqla həmin sahələrin inkişafına əvəzsiz töhfələr vermiş dahi mütəfəkkir Mirzə Fətəli Axundovun siyasi-hüquqi görüşlərini təhlil edən professor mütəfəkkirin təbiət və cəmiyyət, dövlətin formaları, onun daxili və xarici siyasəti, sosial tərəqqi, mülkiyyət və əmlak bərabərsizliyi, təbəqələrin hüquqi vəziyyəti, insan hüquqları, azadlıq, bərabərlik, ədalət, humanizm, mülki və ailə münasibətləri, cəmiyyətdə hökm sürən qanunsuzluq və hüquqsuzluq faktları, ədalət mühakiməsinin həyata keçirilməsindəki qüsurlar və s. haqqındakı fikir və düşüncələrini dərindən təhlil edir və bütün bunların bilavasitə insanın özünün təbiəti, şəxsiyyətin mənəvi aləmi ilə sıx bağlı olduğunu vurğulayır. Hüquqşünaslığı insan fəaliyyətinin nəticəsi hesab edən, onun hər dövrün yeni şəraitinə, yeni tələblərinə uyğun olaraq daim dəyişikliyə, ləğv olunma və azalmalara, əlavə və tamamlamalara və s. məruz qalmasına diqqəti çəkən mütəfəkkirin fikirləri ilə bir növ polemikaya girən tədqiqatçı alim cəmiyyətdə və dövlətin həyatında baş verən bütün dəyişiklikləri insanların şəxsi keyfiyyətləri, eləcə də sosial səbəblərlə əlaqələndirir.

Məsumə xanımın hüquq nəzəriyyəsi və hüquq tarixi elmləri çərçivəsində çoxsaylı araşdırmaları var ki, bunların içərisində xüsusilə hüquqi proqnozlaşdırmaya, müqayisəli hüquqşünaslığa, hüquq sisteminə, qanunvericiliyin sistemləşdirilməsinə, normativ aktların hüquqi təbiətinə, məhkəmə presedentinin Azərbaycan reallıqlarında rolu probleminə, Azərbaycanda hüquq siyasətinin aktual problemlərinə, "Kitabi-Dədə Qorqud"da hüquqi məsələlərə, Azərbaycanın siyasi-hüquqi nəzəriyyələr tarixinə, müxtəlif tarixi dövrlərdə Azərbaycan maarifçiliyi məsələlərinə, Azərbaycan və Naxçıvan Konstitusiyalarının hüquqi müddəalarının təhlilinə və digər çoxsaylı hüquqi problemlərə həsr olunmuş elmi əsərlərini qeyd etmək olar. Sonuncu məsələ üzrə Məsumə xanımın silsilə elmi məqalələri müxtəlif elmi jurnallarda nəşr olunub. Bu də əbəs deyil. Çünki Məsumə xanım həm 1978-ci və 1995-ci il Azərbaycan Konstitusiyalarının, 1998-ci il Naxçıvan Konstitusiyasının işlənib hazırlanması üzrə Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiyaların və işçi qruplarının üzvü olmuş və adıçəkilən Əsas Qanunların müddəalarının ərsəyə gətirilməsində böyük əmək sərf edib.

Məsumə xanımın hələ Sovetlər Birliyi dönəmində ilk dəfə olaraq ana dilində hüquq fakültəsinin tələbələri üçün yazmış olduğu "Dövlət və hüquq nəzəriyyəsi" adlı 1979 və 1988-ci illərdə çap olunmuş dərsliklər zamanında hüquq ictimaiyyəti arasında böyük əks-səda doğurmuşdu. Müasir dövrdə uzun müddət ərzində hüquq nəzəriyyəsinin müxtəlif problemləri üzərində apardığı araşdırmaların əsasında onun 2019-cu ildə yazaraq nəşr etdirdiyi "Hüquq nəzəriyyəsi" dərsliyi də (2022, 2023 və 2024-cü illərdə yenidən işlənməklə təkrar çap olunmuşdur) tələbələrin və hüququn nəzəri məsələləri ilə əlaqədar tədqiqat aparanların nəzəri-hüquqi bilgilərinin artırılmasında böyük rol oynayıb. Öz həmkarlarının elmi nəticələrinə hörmətlə yanaşan professor Məsumə Məlikova ərsəyə gətirdiyi bu dərslikdə müxtəlif hüquqşünas-alimlərlə mükalimələrə girir, müxtəlif hüquqi məsələlər üzrə özünün yanaşmasını ortaya qoyur ki, bu da onun uzun illərin elmi-pedaqoji təcrübəsindən, həmin sahənin yüksək peşəkarı olmasından xəbər verir. Dərslikdə əsas məqamlardan biri kimi müəllifin mübahisə doğura biləcək nəzəri məsələlərə dair mövqeyinin aydın bir şəkildə ifadə olunmasını göstərmək olar.

Dövlətin hüquqi və iqtisadi həyatının inkişafı ilə hüquqi problemlərin həllinin müxtəlif tərəflərinə müraciətlər getdikcə aktuallaşır. Belə elmi diskussiyalardan biri də hüquqda rəqəmsal texnologiyaların rolu ilə bağlıdır. Professor M.Məlikovanın bu problemə münasibəti də xüsusi maraq doğurur. O, hesab edir ki, yeni rəqəmsal texnologiyaların hüquqi sferaya tətbiq olunması hüququn ictimai münasibətlərə təsir sferasının, onun tənzimləyici rolunun dəyişdirilməsinə gətirib çıxarır və hüquqi tənzimləmə mexanizminin dinamikasını müəyyən edir. Onun mövqeyinə görə, hüquqyaratma fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqinin gələcəkdə genişləndirilməsi bir sıra mühüm məsələlərin həlli ilə bağlıdır ki, bunlara da hüquqyaratmanın anlayış aparatının yenilənməsini (elektron normativ hüquqi aktın, elektron sistemləşdirmənin və s. anlayışları), normativ hüquqi aktların layihələri hazırlanarkən kağız və elektron formaların təkrarlanmasının aradan qaldırılmasını, hüquqyaratmanın strateji planlaşdırılması və hüquqi monitorinq, eləcə də hüquqi texnika qaydalarının transformasiyası zamanı "big data" texnologiyasından istifadəni, əhalinin hüquqi informasiyaya sərbəst çıxışının təmin edilməsini aid etmək olar.

Professor M.Məlikovanın Azərbaycanın hüdudlarından kənarda monoqrafik tədqiqatlara cəlb edilməsi, Moskvada nəşr edilmiş dərslik, dərs vəsaitləri və monoqrafik toplularda onun tərəfindən yazılmış fəsillərin əks etdirilməsi görkəmli alimin çoxşaxəli elmi fəaliyyətinin ən uğurlu anlarından biridir. Professor M.Məlikova baş redaktor qismində ölkəmizdə ilk dəfə 1991-ci ildə nəşr edilmiş "Hüquq ensiklopedik lüğəti"nin tərtib edilməsində böyük müəlliflər kollektivinin rəhbəri olub. Elmi əsərlərinin ümumi sayı 300-ə yaxın olan alim təkcə bu lüğətdə 80-dən artıq, Azərbaycan Sovet Ensiklopediyasında isə 30-dan artıq elmi məqalələlərin müəllifidir. Məsumə xanımın və onun rəhbərlik etdiyi məktəbin elmi tədqiqatları ölkəmizdə hüquq üzrə təhsilin tədris planına ilk dəfə "Azərbaycanın siyasi və hüquqi təlimlər tarixi", "Azərbaycanın dövlət və hüquq tarixi", "Müsəlman hüququnun əsasları" fənlərinin daxil edilməsi üçün baza yaradıb. Son dövrlərdə "Qafqaz xalqlarının hüquq abidələrinin antologiyası" layihəsi çərçivəsində onun kafedranın əməkdaşları ilə birlikdə tərtib etdiyi "Azərbaycanın hüquq abidələri" adlı 3 cilddən ibarət elmi məcmuələr ölkəmizdə müxtəlif tarixi dönəmlərdə mövcud olmuş hüquqi abilədər haqqında müfəssəl məlumatın yaradılması və hüquqi təbliğat və maarifləndirmə nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.

Professor Məsumə Məlikova nəzəri hüquqşünaslıqda orijinal elmi ideyaları irəli sürən və yeni elmi istiqamətlər formalaşdıran qabaqcıl alimlərin çox kiçik bir qrupuna aid olan alimlərdəndir. Onun yazmış olduğu və nəşr etdirdiyi hər bir əsər demək olar ki, elm aləmində yeniliyin təcəssümünü özündə ehtiva edir. Bu xüsusda Məsumə xanımın yaratmış olduğu elmi məktəbin davamçıları da nəzəri və tarixi-hüquqi problemlərin həllinə onun elmi yanaşmaları kontekstindən çıxış etməklə öz mövqelərinin əsaslandırmağa çalışırlar.

Məsumə xanımın alim kimi yetişdirdiyi gənc tədiqatçılara münasibətində qayğıkeşliyin və tələbkarlığın necə birlikdə təzahür etdiyini yalnız onunla yaxından təmasda olanlar dərindən dərk edə bilərlər. Onun doktorantlara verdiyi məsləhətlərin və bununla bağlı etdiyi çıxışların içərisində belə bir ümumiləşdirməni sezmək olar: doktorant yalnız onun yerinə yetirdiyi və müdafiə etməli olduğu işə görə deyil, həm də intellektinə və problemlərin mahiyyətinə diqqətliliyinə, müdafiədəki davranışı və çıxışına görə dəyərləndirilir.

Eyni ilə belə münasibəti yeni fəaliyyətə başlayan gənc müəllimlərə də aid etmək olar. Uzun illərin təcrübəsinə əsaslanan görkəmli alim özünün gənc müəllimlərə nəsihəsində həmişə belə bir ifadəni dönə-dönə təkrarlayırdı ki, mühazirəçi auditoriyada özünü bir növ teatr səhnəsində olduğu kimi hiss etməli və "tamaşaçıları" maraqlandırmaq və onların diqqətini tam olaraq özünə yönəldə bilmək üçün "rolunu" mükəmməl "oynamağı" bacarmalıdır. Belə ki, mühazirəçinin fəaliyyətində onun yalnız mövzunu dərindən bilməsi kifayət deyildir, başlıca məqamlardan biri də həmin mövzunu maraqlı etmək üçün onunla əlaqəli olan müxtəlif praktiki nümunələrlə qoyulan sualların mahiyyətini aça bilmək, bəlağətli və rəvan bir nitqlə tələbələrdə müzakirə edilən mövzuya maraq və diqqəti cəmləndirə bilmək bacarığının olmasıdır.

Bütün bunlar həm də bacarıqlı elm təşkilatçısı olan görkəmli alimin 1968-ci ildən, yəni yenidən təşkil olunaraq fəaliyyətə başladığı andan etibarən Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasına başçılıq etdiyi uzun illərin təcrübəsinə əsaslanmaqla tədris sahəsində formalaşdırdığı önəmli mülahizələrdir. Rəhbərlik etdiyi kafedraya peşəkarlığı, səmimiyyəti, bir-birinə hörməti, gözəl insani xüsusiyyətləri ilə seçilən insanları cəlb etməklə bu kollektivdə olduqca səmimi bağlılığa söykənən alim-pedaqoqlar birliyinin işgüzar mühitini yaratmağa müvəffəq olmuş Məsumə xanım özünə və həmkarlarına münasibətdə olduqca tələbkardır və tələbkar olduğu qədər də həssas və qayğıkeşdir. Bu xüsusda onun xarakterinin cizgilərindən biri və başlıcası da bütün dünya dinlərinin, mütəfəkkirlərin yanaşmasında və fikirlərində "qızıl aksiom" kimi çıxış edən "Başqalarının sənə qarşı hansı münasibəti bəsləməsini istəyirsənsə, sən də onlara münasibətdə o cür davran" postulatını öz davranışı üçün əsas meyara çevirməsində ifadə olunur. Həqiqətən də bu böyük alim və pedaqoq öz həmkarları və çoxsaylı yetirmələri ilə münasibətlərdə ziyalılığı və alicənablığı ilə çoxlarına örnək ola biləcək davranış etikasını sərgiləyir.

Məsumə xanımın elmin və təhsilin inkişafı istiqamətində Vətən və millət qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. O, "Azərbaycan SSR Əməkdar hüquqşünası" fəxri adını alıb, çoxsaylı orden və medallarla, fəxri fərmanlarla təltif olunub, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə və Prezidentin Fəxri Diplomuna layiq görülüb.

Məsumə xanım ailədə nəcib keyfiyyətlərə malik bir şərq qadını, qəlbi bahar nəfəsli ana, mehriban nənə kimi hamıya örnəkdir. Məsumə xanımın mərhum həyat yoldaşı, respublikanın sayılıb-seçilən hüquqşünaslarından biri, əməkdar hüquqşünas, Azərbaycanın Ali Məhkəməsinin üzvü olmuş Sabir Rəzzaqovun xatirəsi nəinki bu ailədə, habelə bütün onu tanıyanların qəlbində bütöv şəxsiyyət, pak və prinsipial insan kimi yaşayır.

Əksər hallarda valideynlərin həyat tərzi, sənəti, hətta iş yeri övladların peşə seçiminə təsir edir. Məsumə xanımın peşəsinin layiqli davamçıları olmuş hər iki övladı da ixtisas seçimi zamanı valideynlərinin həyat yolunu özləri üçün örnək olaraq qəbul ediblər. Oğlu Çingiz Rəzzaqov 1972-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra uzun illər ərzində daxili işlər və prokurorluq orqanlarında xidmət göstərib. Qızı Lalə xanım Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baş məsləhətçi vəzifəsində çalışır. Məsumə xanımın nəvəsi - Emin BDU-nun tətbiqi riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib, magistratura təhsilini Almaniyada davam etdirib və hazırda həmin ölkədə fəaliyyət göstərən böyük bir şirkətin aparıcı mütəxəssisi kimi çalışır. Digər nəvəsi - Cəmilə isə nənə və babasının peşə yolunu davam etdirir və hazırda hüquqşünas kimi fəaliyyət göstərir.

Məsumə xanım öz elmi ilə, yaradıcılığı ilə, yetişdirmələrinə göstərdiyi qayğı və doğma münasibəti ilə bütün hüquq ictimaiyyətinin sevimlisinə və iftixarına çevrilib. Öz yetirmələrindən heç zaman biliyini və əməyini əsirgəməyən bu müdrik insan gənc nəslin bitib tükənməyən bilik xəzinəsinə, elm dünyasına istiqamətlənməsində kamil bələdçi qismində çıxış edir. Müdriklərdən birinin dediyi kimi, elmdə hamar yol yoxdur və ancaq o adam elmin parlaq zirvələrini fəth edə bilər ki, yorulmaqdan qorxmayıb, onun daşlı-kəsəkli cığırları ilə özünə yol açsın. Hüquqşünaslıq elminin zirvəsinə çatmasına baxmayaraq, Məsumə xanım yorulmaq bilmədən elmi axtarışlar aparır və hüquq elmində özünün yaratdığı məktəbi inkişaf etdirməyə, yeni elmi əsərlər yaratmağa, özünün davamçılarını yetişdirməyə, istedadlı gənclərin elmə cəlb olunması və onların əsl alim kimi yetişmələrinə yönəlik fəaliyyətini bu gün də böyük səylə və müvəffəqiyyətlə davam etdirir. Görkəmli alimimizə özünün bu şərəfli və məsuliyyətli fəaliyyətində uğurlar diləyir, dəyərli şəxsiyyət və yaradıcı bir insan kimi gördüyü işlər və etdiyi xeyirxah əməlləri ilə həmişə zirvədə qərarlaşmağı arzulayırıq.

 

Xəyyam İSMAYILOV

BDU-nun Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının professoru, hüquq elmləri doktoru

525-ci qəzet .- 2024.- 28 noyabr(№218).-S.12;13.