Hüquq təhsilində süni intellektin tətbiqi nələr vəd edir?

 

Dünyanın bəzi dövlətləri "Süni intellektə dair Milli Strategiyaları"nı artıq müəyyənləşdirib və qəbul ediblər. Türkiyə, Rusiya, Hindistan, Kanada, Çin, Danimarka, Finlandiya, İtaliya, Yaponiya, Meksika, Sinqapur, Cənubi Koreya, İsveç, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə müvafiq addımlar atılıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda keçirilmiş II Qlobal Media Formunda çıxış edərkən deyib ki, görünür, süni intellektlə bağlı qanunvericilik, tənzimləyici və ya konvensiya bazasının işlənib hazırlanması barədə düşünməyin vaxtı çatıb. Bu sözlər onu deməyə əsas verir ki, yaxın gələcəkdə sözügedən proses mütləq ölkəmizdə də geniş vüsət alacaq.

Qeyd edək ki, süni intellektin təhsil sahəsində, xüsusilə də hüquq təhsilində tətbiqi daha böyük önəm daşıyır. Təsadüfi deyil ki, hüquq təhsilində ənənəvi üsulların dominant olduğu bir zamanda süni intellektin hüquq təhsilində yeni imkanlar və yanaşmalar gətirdiyini müşahidə etmək olar. Bu baxımdan süni intellekt texnologiyaları ənənəvi dərs formatına çevrilə bilər ki, bu da daha dinamik və innovativ tədris metodologiyasına öz müsbət təsirini göstərə bilər. Süni intellektin həyatımıza sürətlə daxil olduğu bir zamanda hüquqşünaslıq ixtisasının tələbləri üçün kod yaratma qabiliyyətini inkişaf etdirmək, proqram təminatı ilə bağlı daha dərin məlumatların əldə edilməsinə imkanlar yaratmaq, süni intellekt və "blok zənciri"nin nə olduğunu və necə işlədiyini öyrətmək artıq zərurətdən qaynaqlanır. Məlumdur ki, hüquqşünaslıq ixtisasının tələbələrinin iri həcmli məhkəmə qərarlarını, qanunları və digər hüquqi sənədləri analiz etməsi tələb olunur. Süni intellekt dəstəkli proqramlar tələbələrə bu məlumatları daha sürətli və dəqiq şəkildə təhlil etməkdə böyük imkanlar yaradır.

Ölkəmizdə hüquqşünaslıq ixtisasları olan universitetlərdə süni intellekt dəstəkli simulyasiya proqramları tətbiq olunmalıdır. Belə layihələr bir sıra universitetlərdə artıq gerçəkləşdirilməkdədir. Süni intellekt dəstəkli simulyasiya proqramları vasitəsilə tələbələr real məhkəmə proseslərində istifadə olunan məlumat bazası və analiz texnikalarını asanlıqla öyrənə bilirlər.

Süni intellekt vasitəsilə qərar qəbuletmə prosesində şəffaflıq və ədalətin təmin olunmasının önəmini diqqətə alsaq, hüquq tələbələri üçün süni intellektin etik problemləri yönümlü təhsilin olduqca vacib olduğunu görərik. Təsadüfi deyil ki, müxtəlif hüquqi qərarların qəbulunda və ya hüquqi məsləhətlərin verilməsində süni intellektin rolunu qiymətləndirən tələbələr, gələcəkdə hüquq sistemində etik məsuliyyətlərini dərk edirlər.

Hüquq təhsilində süni intellektin digər faydalarından biri də tələbələrin məlumat bazaları ilə işləmək və hüquqi araşdırmalar etməsinə təsiri ilə bağlıdır. Belə ki, tələbələr süni intellekti tətbiq edərək mürəkkəb məlumat bazaları ilə işləmək, onları təhlil etmək və nəticələr çıxarmaq bacarığını inkişaf etdirirlər. Süni intellekt əsasında sürətli hüquqi araşdırma imkanları hüquqşünaslıq ixtisasının tələbələrinin təhsil müddətində daha çox məlumat əldə etməsinə və təcrübi biliklərini artırmasına geniş şərait yaradır. Bu, universitetlərdə hüquqşünaslıq ixtisasları üçün çoxsaylı yenilikləri meydana gətirməklə yanaşı, bu sahədə tələbələr üçün tədris proqramlarının yenilənməsi ehtiyacını da ortaya çıxarır. Buna görə də hüquq fakültələri modern süni intellekt texnologiyalarını tədris edən müxtəlif kurslar və təlimlər təşkil edərək tələbələrin texnoloji bacarıqlarını və bu sahədə olan biliklərini artırmalıdır. Bu sahədə dünya təcrübəsi öyrənilməlidir. Hazırda dünya universitetlərinin hüquq proqramlarına nəzər salsaq, görərik ki, süni intellektlə bağlı bir çox yenilikçi proqram və kurslar təklif olunur. Bu kurslar tələbələrə hüquqda texnologiyanın tətbiqi, hüquqi analizlərdə süni intellektin istifadəsi və bu texnologiyanın etik tərəflərini öyrədir. Məsələn, İsrailin Tel-Əviv Universitetində hüquq tələbələri üçün süni intellektin hüquqi analizlərdə istifadəsini öyrədən kurslar verilir. Bu kurslarda tələbələr hüquqi məlumat bazalarını təhlil etmək və süni intellektdən istifadə edərək hüquqi proqnozlaşdırmalar aparmaq imkanına malikdir. Almaniyanın Heidelberg Universitetində hüquq proqramlarında süni intellekt dəstəkli simulyasiya alətləri istifadə olunur. Bu simulyasiyalar vasitəsilə tələbələr real məhkəmə prosesi şəraitində işləmə təcrübəsi qazanırlar. Avstraliyanın Melburn Universiteti hüquqda süni intellekt dəstəkli simulyasiyalardan istifadə edərək tələbələrə etik problemləri tədris edir və məhkəmə proseslərində qərar qəbuletmə modellərini öyrədir. Bu proqramlar və layihələr tələbələrə hüquqi qərar qəbuletmə, etik məsuliyyət və analitik düşüncə kimi bacarıqları inkişaf etdirmək üçün süni intellektin imkanlarından faydalanmağı öyrədir.

Azərbaycana gəldikdə, deyə bilərik ki, son illərdə bu sahədə müəyyən müsbət addımlar atılır. Buna nümunə kimi Azərbaycan Texniki Universitetinin Elmi şurasının 3 fevral 2021-ci il tarixli qərarı ilə "Kibertəhlükəsizlik və Süni İntellekt İnstitutu"nu yaradılmasını, bu il Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Türk Akademiyası ilə birgə "Süni intellekt etikası kafedrası" yaradılması təşəbbüsünü, süni intellektlə bağlı müəyyən təlimlərin gerçəkləşməsini, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Rusiyanın "Cənub" Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində süni intellektlə bağlı iki gün davam edən beynəlxalq elmi konfransın keçirilməsini nümunə göstərmək olar.

Həqiqətən də ölkəmizdə hüquq texnologiyaları sahəsində inkişaf etmək üçün müəyyən potensial mövcuddur, xüsusilə də süni intellektin hüquqi analizlərdə istifadəsi, hüquqi sənədlərin avtomatlaşdırılması və rəqəmsal hüquqi xidmətlərin yaradılması sahəsində bunu demək olar. Ümid edirik ki, yaxın gələcəkdə universitetlərimizdə hüquq təhsilində süni intellektlə bağlı daha genişdiapazonlu proqramlar və layihələr həyata keçiriləcək.

Dünya ölkələrinin bir sıra nüfuzlu universitetlərində tətbiq olunan digər bir yenilik də hüquq texnologiyaları laboratoriyalarının ("Legal Tech Labs") fəaliyyət göstərməsidir. Bu laboratoriyalar hüququn innovativ texnologiyalarla inteqrasiyasına töhfə verməyi qarşılarına məqsəd qoyublar. Həmin laboratoriyalar hüquq təhsili, hüquqi tədqiqat və hüquqi xidmət sahələrində texnoloji yeniliklərdən istifadəni təşviq etməyi hədəf olaraq müəyyən ediblər. Dünya təcrübəsindən bəzi məşhur hüquq texnologiyaları laboratoriyalarına bir neçə nümunə göstərək:

"Harvard Law School's Berkman Klein Center for Internet & Society" (ABŞ) - Bu mərkəz hüququn rəqəmsal texnologiyalarla əlaqəsini tədqiq edir və rəqəmsal transformasiya, məxfilik, kibertəhlükəsizlik, süni intellektin hüquq sahəsində tətbiqi kimi mövzular üzrə elmi araşdırmalar aparır.

"CodeX - Stanford Law School's Center for Legal Informatics" (ABŞ) - Bu mərkəz hüquq sahəsində texnologiyanın tətbiqi problemləri üzərində fokuslanır və hüquqi prosesləri avtomatlaşdırmaq, hüquqi məlumatların analitik təhlili və rəqəmsal hüquq platformalarının yaradılması istiqamətində çalışır.

"Leibniz University Hannover's Legal Tech Lab" (Almaniya) - Almaniyanın hüquq sahəsində aparıcı hüquq texnologiyaları laboratoriyalarından biridir. Bu laboratoriya hüquqi təhsil və tədqiqatda texnologiyanın rolu ilə bağlı elmi təhlillər və araşdırmalar aparır.

"University College London (UCL) Laws' Centre for Ethics and Law in Emerging Technologies" (Böyük Britaniya) - UCL hüquqi tədqiqatlarda etik və texnoloji aspektləri nəzərə alaraq süni intellektin və digər yeni texnologiyaların hüquq sahəsində təsirlərini araşdırır.

"Legal Innovation Lab Wales at Swansea University" (Böyük Britaniya) - Bu laboratoriya hüquqi innovasiyalar və texnologiyalar sahəsində həll yollarının inkişafını dəstəkləyir və hüquq proseslərinin rəqəmsallaşmasını artırmaq üçün çalışır.

"University of Toronto's Legal Innovation Zone" (LIZ) (Kanada) - Bu mərkəz yeni hüquq texnologiyalarının inkişafını dəstəkləyən inkubator rolunu oynayır və hüquq sahəsində startapların inkişafına dəstək verir.

Bu laboratoriyalarda tələbələr və hüquq mütəxəssisləri hüquqi innovasiyalar, data analitikası, süni intellektin hüquqda tətbiqi, rəqəmsal hüquqi xidmətlər və digər texnologiya əsaslı hüquqi həll yolları üzərində çalışır. Bu cür laboratoriyalar, həmçinin hüquq sahəsində süni intellektin və digər texnologiyaların etik və hüquqi təsirlərinin dəyərləndirilməsi üçün vacib platforma yaradır.

"Hüquq texnologiyaları laboratoriyaları" dünyanın bir sıra başqa ölkələrində (Türkiyə, Rusiya və s.) də fəaliyyət göstərən universitetlərdə yaradılıbdır.

Azərbaycana gəldikdə, ölkəmizdə hüquq texnologiyaları ("Legal Tech") laboratoriyaları hələ geniş şəkildə inkişaf etməsə də, son illərdə bu sahədə müəyyən addımların atıldığını söyləyə bilərik.

Ümumiyyətlə, hüquq texnologiyaları laboratoriyaları ("Legal Tech Labs") hüququn rəqəmsal transformasiyasını dəstəkləmək üçün innovativ araşdırmalar və praktiki layihələr üzərində işləyən tədqiqat mərkəzləri hesab edilirlər. Bu laboratoriyalar, həm hüquqşunaslıq ixtisasının tələbələri və müəllimləri, həm hüquq mütəxəssisləri, həm də texnoloji sahədə çalışanlarla əməkdaşlıq edərək hüquq sahəsində yenilikçi modern texnologiyaların inkişafını sürətləndirməyə çalışır.

Deyilənləri yekunlaşdıraraq bu qənaətə gələ bilərik ki, bu laboratoriyalar hüquq təhsili və praktikasına yeni perspektivlər gətirir və hüquqi xidmətləri daha əlçatan, effektiv və müasir edir. Bu, həm hüquq tələbələrinin, həm də mütəxəssislərin yeni texnologiyalara adaptasiya olunmasına, həmçinin cəmiyyətin hüquqi xidmətlərə daha asan çıxış əldə etməsinə şərait yaradır. Hüquq texnologiyaları laboratoriyalarının bu gün gördüyü işlər gələcək hüquq təcrübəsinin formalaşmasında böyük rol oynayır.

Ümid edirik ki, yaxın gələcəkdə ölkəmizdə də hüquqşünaslıq ixtisası üzrə tədris verən universitetlərimizin nəzdində hüquq texnologiyaları laboratoriyaları qurular və tezliklə fəaliyyətə başlayar.

 

Yunis XƏLİLOV

Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi, hüquqşünas

525-ci qəzet .- 2024.- 28 noyabr(№218).-S.11.