Azərbaycanın
ekoturizm imkanları
XX əsrin 80-ci illərində ekoloji problemləri həll
etməyi məqsəd seçən iki böyük hərəkat
başlandı: ətraf-mühit üçün ədalət
və ekoturizm hərəkatları. Hər iki hərəkatın
yaranmasında fərqli tarixi-coğrafi və sosial-mədəni
faktorlar rol oynasa da, onların bir çox məqsəd və hədəfləri
ortaq idi. Məsələn, ətraf mühitin qorunması,
resurslardan dayanıqlı formada istifadə, gələcək
nəsillərə daha yaşanılası bir dünya miras
qoymaq, insanları ekoloji məsələlərdə maarifləndirmək
və s. Vaxt keçdikcə bu ideyalar bütün ölkələr
tərəfindən qəbul olundu. Son 10 ildən bir az
artıq zaman aralığında müşahidə olunur ki,
Azərbaycanda ekologiyaya daha çox qayğı göstərilir,
mövcud problemlərin dərindən
araşdırılması və onların həlli yolunda təsirli
addımlar atılır. Azərbaycan Respublikasında 2010-cu
ilin "Ekologiya ili", 2011-ci ilin "Turizm ili",
2024-cü ilin isə "Yaşıl dünya naminə həmrəylik
ili" kimi elan edilməsi, habelə COP29-un ölkəmizdə
keçirilməsi təsadüfi hal deyildir. Ekologiyaya
qayğı və ekoturizm proseslərini doğru formada anlamaq
üçün ekoturizmin nə olduğunu düzgün
formada anlamaq lazımdır.
Ekoturizm kütləvi turizmin zərərlərini
maksimal dərəcədə azaltmağı hədəfləyən,
ekoloji maarifçiliyə yönələn, insanları təbiətə
qayğı göstərməyə çağıran turizm
formasıdır. Ekoturizmin bir neçə əsas məqsədi
var. Ətraf mühitdə baş verən hadisələr
haqqında fərqindəliyin artırılması, yerli mədəniyyətin
qorunması, kiçik etnik, dini, mədəni icmalara dəstək
verilməsi və s. bunlardan bir neçəsidir. Bu məqsədlərə
çatmaq üçün ekoturizm bir neçə formada
özünü göstərir. Tənzimlənən təbiət
turizmi, elmi (müşahidə-tədqiqat) turizmi, macəra
turizmi, mədəniyyət turizmi, aqroturizm ekoturizmin
başlıca növləridir.
Ekoloji baxımdan tənzimlənən təbiət
turizmi ənənəvi turizmə nəzərən kəmiyyət
baxımından olduqca məhduddur. Burada turistlər
mümkün qədər kiçik qrup şəklində hərəkət
edirlər. Məqsəd ətraf-mühitə ən az formada təsir
göstərməkdir. Cığırlardan çıxaraq
yeni cığır açmaq (bitki örtüyünü zədələmək),
ətrafı zibilləmək, budaqları qırmaq, yarpaq və
ya çiçək qoparmaq, səs-küy salmaq və bunlara
bənzər hərəkətlər qəti qadağandır.
Turistlər ziyarət etdikləri yerdən evlərinə sadəcə
çəkdikləri şəkilləri apara bilərlər.
Elmi (müşahidə-tədqiqat) turizmi isə müəyyən
bir ərazinin təbiətini, mədəniyyətini, tarixi
irsini və ya digər xüsusiyyətlərini müşahidə
etmək, həmçinin tədqiqat aparmaq məqsədilə
təşkil olunan turizm növüdür. Bu turizm növü
əsasən alimlər, tədqiqatçılar, tələbələr
və xüsusi maraq sahəsinə malik şəxslər
üçün maraqlı olur. Bu turizm növü
üçün ən uyğun yerlər, sözsüz ki,
milli parklar hesab olunur. Məsələn, Şirvan Milli
Parkında ceyranlar, Qızılağac Milli Parkında
köçəri quşlar, Hirkan Milli Parkında zolaqlı
kaftar, Qafqaz bəbiri kimi növlər müşahidə oluna
bilər. Bunlarla yanaşı, Qobustan qayaüstü rəsmləri,
Şamaxı Astrofizika Rəsədxanası, xanlıq
dövründən qalma saraylar, Atəşgah məbədi,
palçıq vulkanları və s. bu turizm növü
üçün olduqca cəzbedici obyektlər sırasında
yer alırlar.
Macəra turizmi elə bir turizm növüdür ki,
burada təbiət və idman fəaliyyətləri birləşir.
Çətin şərtlər altında fiziki-psixoloji
dözümlülüyün yoxlanıldığı bu
turizm növünə əksər ölkələrdə
olduğu kimi, Azərbaycanda da maraq getdikcə artır. Çətinliyi
baxımında bu turizm növünə daha çox gənclər
maraq göstərir. Dağ yolları, uçurumlar, dərin
mağaralar, sürətli çaylar, sıx meşəlik ərazilər
macəra turizmi üçün olduqca əlverişli yerlər
hesab olunur. Macəra turizminin fəaliyyət növləri
hesab olunan dağçılıq, alpinizm, ektremal gəzinti,
çay raftinqi, dağ velosipedçiliyi, at sürmə kimi fəaliyyətlər
üçün ölkəmizdə geniş imkanlar
mövcuddur. Belə ki, dağçılıq və alpinizm
üçün Azərbaycanın dağlıq bölgələri,
xüsusilə Qafqaz sıra dağları (Bazardüzü.
Şahdağ, Qızılqaya və s.) unikal məkanlardır.
Ekstremal gəzintilər üçün Gədəbəy,
Quba və Qax kimi bölgələrdə yerləşən
dağlıq marşrutlar təşkil etmək
mümkündür. Laza kəndindən Tufandağa
yürüş, Quba-Xınalıq yolu, İlisu ətrafındakı
çətin keçilən cığırlar tövsiyə
olunan marşrutlar arasındadır. Çay raftinqi
üçün isə Kür, Qanıx (Alazan) və
Türyançay kimi çaylar uyğundur.
Mədəni turizm insanların müxtəlif
xalqların mədəniyyətini, adət-ənənələrini,
tarixini və incəsənətini öyrənmək məqsədilə
səfər etdiyi bir turizm növüdür. Mədəni
turizm əksər hallarda muzeylər, sərgilər, tarixi məkanlar,
arxeoloji qazıntılar, teatr və musiqi tədbirləri kimi
mədəniyyətin nümayiş olunduğu yerlərə səfərlərdən
ibarətdir. Mədəniyyət turizmi (mədəni turizm) turistlərə
yerli mədəniyyətlə tanış olmaq imkanı verməklə
yanaşı, onlardan mədəni irsə hörmətlə
yanaşmağı tələb edir. Praktika göstərir ki,
mədəniyyət turizminin inkişaf etdiyi ölkələrdə
və ya rayonlarda mədəni irsi gələcək nəsillərə
ötürmək cəhdləri daha çox olur.
Tarixi abidələr mədəniyyət turizmində
çox mühüm yer tutur. Tarixi abidələr arasında qədim
şəhərlər və ya onların qalıqları,
qalalar, məscidlər, kilsələr, monastırlar, məzarlar
və digər tarixi obyektlər yer alır. Muzeylərdə və
sərgilərdə toplanmış tarixi, sənət,
arxeologiya və etnoqrafiya mövzularını əhatə edən
kolleksiyalar da yerli və xarici qonaqların diqqətini cəlb
edir. Yerli mədəniyyəti nümayiş etdirən
festivallar, musiqi və rəqs tədbirləri xalqın,
dövlətin tanıdılmasında önəmli rol
oynayır. Qədim sənət növləri, ənənəvi
musiqi, rəqs və əl işləri aid olduğu xalqın
özünəməxsus elementləridir. Bakı, Qəbələ,
İsmayıllı, Şəki, Quba, Gəncə, Lənkəran
kimi şəhərlər Azərbaycanın mədəniyyət
mərkəzləri hesab olunur. Bu şəhərlərdə
İçərişəhər, Qəbələ Muzeyi,
Lahıc sənətkarlıq yeri, Şəki Xan Sarayı,
Quba Xalça Muzeyi, Nizami movzeleyi kimi əhəmiyyətli mədəniyyət
obyektləri mövcuddur. Yuxarıdakılara əlavə
olaraq, Quba məscidi, Cavad Xan Sarayı, Gəncə Tarix və
Mədəniyyət Muzeyi, Qəbələ Tarix və Mədəniyyət
Parkı, Şəmkir Qalası və Atəşgah kimi obyektlər
də diqqətəlayiq və əhəmiyyətlidir. Bu
obyektlər Azərbaycan mədəni irsinin zənginliyini və
müxtəlifliyini nümayiş etdirən mühüm məkanlardır.
Aqroturizm ekoturizmin əsas qollarından biri kimi qəbul
olunur. Aqroturizm kənd təsərrüfatı və kənd
həyatını təcrübə etmək, kənddə
yaşayan insanların ənənəvi həyat tərzini və
əməyini öyrənmək məqsədilə həyata
keçirilən turizm növüdür. Aqroturizm, həmçinin
kənd təsərrüfatı fəaliyyətlərini dəstəkləyir
və turizm vasitəsilə yerli əhalinin maddi
rifahını artırmağa kömək edir. Aqroturizm daha
çox kənd təsərrüfatı və kənd həyatının
praktiki təcrübəsini yerli və xarici turistlərə təqdim
etməyə yönəlir. Aqroturizm fəaliyyətlərinə
meyvə yığımı, bitkilərin sulanması, dərmanlanması,
taxıl əkilməsi, şərab hazırlanması kimi
olduqca fərqli fəaliyyətlər aid ola bilər. Azərbaycanın
təbii və mədəni müxtəlifliyi aqroturizm
üçün geniş imkanlar yaradır. Şəkidə
ipəkçilik və bal, Zaqatalada fındıq və
qızılgül, Lənkəranda çay və sitrus
bağları, Astarada çəltik, Gədəbəydə
kartof, Qubada alma təsərrüfatları aqroturizm
üçün geniş imkanlar təklif edir.
Azərbaycanın aqroturizm potensialını
araşdırdıqda bir neçə rayonun daha böyük
potensiala sahib olduğunu görürük. Bu rayonlar həm təbii
gözəllikləri, həm də kənd təsərrüfatı
və ənənəvi həyat tərzinin qorunması ilə
diqqət çəkir. Məsələn, Qəbələ təbii
resursları və müasir infrastrukturu ilə aqroturizm
üçün olduqca yararlıdır. Kənd təsərrüfatı,
xüsusilə üzümçülük və meyvə
bağçılığının inkişafı, bu
rayonda aqroturizmin inkişafı üçün böyük
bir potensial yaradır. Qəbələ həmçinin turistlərə
müxtəlif ekoloji turlar, dağçılıq və kənd
həyatı ilə bağlı təcrübələr təqdim
edir. Lənkəran rayonu isə subtropik iqlimi ilə məşhurdur.
Çay plantasiyaları, sitrus meyvəçiliyi və digər
kənd təsərrüfatı sahələri turistlərə
yerli məhsulları tanıtmaqla yanaşı, kənd təsərrüfatında
təcrübə qazanmaq imkanı verir. Rayonun zəngin təbiəti
aqroturizm üçün yararlılığı
artırır. Zaqatala da potensialı yüksək rayonlar
sırasındadır. Zaqatala təbii sərvətləri və
müxtəlif kənd təsərrüfatı məhsulları
ilə məşhurdur. Yerli kəndlərdə ənənəvi
kənd həyatını təcrübə etmək və
yerli məhsulları, xüsusilə bal və qoz-fındıq
kimi quru meyvələri dadmaq mümkündür.
Nəticə olaraq demək mümkündür ki, Azərbaycan
təbii sərvətləri və mədəni irsi ilə
böyük ekoturizm potensialına sahibdir. Bu sahənin
inkişafı ekoloji cəhətdən dayanıqlı turizm fəaliyyətlərinin
stimullaşdırılmasına, ətraf mühitin
qorunmasına yönəlmiş diqqət və
qayğının artırılmasına səbəb olacaq.
Bununla birlikdə ekoturizmin inkişafı yerli icmaların
sosial-iqtisadi rifahına töhfə verə bilər. Gələcəkdə
bu sahənin inkişafı ölkənin regional və beynəlxalq
turizm bazarındakı mövqeyini gücləndirərək
Azərbaycanı ekoturizm üzrə lider ölkələrdən
birinə çevirə bilər.
Sabir ETİBARLI
525-ci qəzet .- 2024.- 28 noyabr(№218).-S.10.