"Dövlət proqramları ilə xaricdə təhsil almaq inkişaf üçün geniş perspektivlər açır"

 

Son dövrdə Azərbaycan gənclərinin xarici ölkələrin aparıcı universitetlərində təhsil alması dövlət siyasətində prioritetlərdən birinə çevrilib. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycanın gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə qazanan, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı mövcuddur. 2024-2025-ci tədris ili üzrə proqram iştirakçısı adını qazanmış namizədlərdən bu və ya digər səbəbdən imtina edənlər olarsa, Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutulmaqla həmin siyahıya istinadən növbəti iştirakçılar seçiləcəklər.

Prezident İlham Əliyev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən sözügedən proqramın müddəti uzadılıb, təhsil alacaq tələbələrin sayı 400-dən 500-dək artırılıb.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının "Imperial College London" ali təhsil müəssisəsində "İctimai səhiyyə" ixtisası üzrə magistratura səviyyəsində təhsil alan gənclərdən biri də Aydan Poladovadır.

O, Sumqayıt şəhərində anadan olub. Orta təhsilini 2006-2017-ci illərdə Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə alıb, həmin məktəbi fərqlənmə attestatı ilə bitirib. Təhsil müddətində müxtəlif fənlər (riyaziyyat, biologiya, Azərbaycan dili) üzrə olimpiadalarda və "Sabahın alimləri" respublika müsabiqəsində uğurla iştirak edib. 2015-ci ildə biologiya fənni üzrə Respublika fənn olimpiadalarında bürünc medala layiq görülüb. 2017-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanında 668 bal toplayaraq təhsil aldığı orta məktəbin ən yüksək bal toplayan abituriyenti olub. Bakalavr təhsilini Azərbaycan Tibb Universitetinin "Müalicə işi" (Tibb fakültəsi) fakültəsində dövlət sifarişi əsasında alıb. Universiteti 2023-cü ildə qırmızı diplomla bitirib.

Əldə etdiyi uğurlar peşəkar inkişafında və məqsədlərinə çatmaqda böyük rol oynayıb. Həmçinin "SOCAR Midstream" tərəfindən maliyyələşdirilən tərcümə layihəsində çalışaraq, psixofarmakologiya sahəsində "Stahl's Essential Psychopharmacology" dərsliyinin ana dilimizə tərcümə olunmasında yaxından iştirak edib. Bu ona liderlik və komanda işində təcrübə qazandırıb.

Bu yaxınlarda isə Aydan "Imperial College London"'da tələbə cəmiyyəti üzvlərinin "Mental Health" təmsilçiliyinin nümayəndəsi seçilib.

O deyir ki, London İmperial Kollecində tələbə cəmiyyətinin nümayəndəsi olmaq üçün müəyyən seçim meyarları mövcuddur. İlk əvvəl, tələbə birliyinə üzv olmaq istəyən şəxslər namizədliklərini irəli sürürlər. Bunun üçün "manifesto" yazmaq tələb olunur, özünüzü təqdim edib, hədəfləriniz və namizədliyinizi irəli sürdüyünüz sahə üzrə planlarınızı qeyd edirsiniz. Daha sonra səsvermə əsasında qaliblər müəyyən olunur və yekunda, hər bir nominasiya üzrə qaliblərin siyahısı paylaşılır: "Seçilmiş olduğum nominasiya psixi sağlamlıq üzrədir. Biz tələbələrin psixi sağlamlığı və rifahı üçün maarifləndirmə təşəbbüslərinin planlaşdırılması və əlaqələndirilməsi ilə məşğul oluruq. Bu sahədə, əsas məqsədimiz müxtəlif kampaniyalar və tədbirlər təşkil edərək tələbələrə qarşılaşdıqları çətinliklərdə köməklik göstərmək, imtahanlar zamanı yaranan stress vəziyyəti ilə mübarizə aparmaq üçün yollar təklif etmək, eləcə də digər səbəblərdən (ailədən uzaq olmaq, fərqli mühitə adaptasiya ola bilməmək, dil çətinlikləri və s.) yaranan narahatlıq hallarının qarşısını almaq üçün kömək göstərməkdir. Hazırda bu istiqamətdə məlumatlandırıcı tədbir təşkil etməyi planlaşdırırıq".

Onun sözlərinə görə, təhsilini xaricdə davam etdirməyi planlaşdırdığı zaman, ilk növbədə, Böyük Britaniya universitetlərinə müraciət etməyi qərarlaşdırıb: "Ötən il lazımi proseslərdən keçdikdən sonra Böyük Britaniyanın bir neçə universitetindən qəbul aldım (Imperial College London, University of Bristol, University of Edinburgh, UniversityofSheffield, University of Nottingham). Yekun qərarım İmperial Kollecində təhsil almaq oldu, bunun səbəblərindən biri son bir neçə ildir ki, universitetlərin reytinq cədvəlində getdikcə irəliləməsi və 2025 QS reytinq cədvəlində dünya üzrə 2-ci, Avropa üzrə isə 1-ci yerdə olmasıdır. Həmçinin İmperial Kollec tibb sahəsində olduqca qabaqcıl universitetlərdən biridir, tibbi tədqiqat və innovasiyalar üzrə aparıcı rola malikdir, belə ki, National Institute for Health Research (Milli Səhiyyə Tədqiqatları İnstitutu) və digər böyük qurumlarla əməkdaşlıq edir, bu isə onu tibb elminin inkişafında liderlərdən birinə çevirir".

Aydan Poladova bildirib ki, London İmperial Kollecində müəllimlərin peşəkar və eyni zamanda səmimi münasibətləri, tələbələrə həm akademik, həm də şəxsi inkişaf baxımından dəstəkləyici bir atmosfer yaradır. Burada müəllimlər tələbələrin fərdi ehtiyaclarına diqqətlə yanaşır və onlara dəstək vermək və tədris prosesində yarana biləcək sualları cavablandırmaq üçün ofis saatları və görüşlər təşkil edirlər. Həmçinin tələbələrə akademik karyera, təcrübə proqramları, tədqiqat imkanları və gələcək peşə həyatı ilə bağlı da dəstək verirlər. İmperial Kollecində müəllimlər müntəzəm olaraq tədrisin keyfiyyətini artırmaq və tələbələrin ehtiyaclarına uyğun dəyişikliklər etmək məqsədilə müzakirələr aparırlar.

Onun dediyinə gerə, təhsilini İctimai səhiyyənin Sağlamlığın Təşviqi və Səhiyyədə Keyfiyyətin Təkmilləşdirilməsi istiqaməti üzrə davam etdirirəm. Hazırda apardığım araşdırma "Qadınlarda doğuşdan sonra psixi sağlamlığın yaxşılaşdırılması üçün innovasiyalar" mövzusundadır: "Bakalavr təhsilimi tibb üzrə aldıqdan sonra həkim kimi fəaliyyət göstərməyə başlamazdan əvvəl, daha çox insana fayda verə bilmək üçün ictimai səhiyyə üzrə ixtisaslaşmalı olduğumu düşündüm. Hər bir ölkə üçün ictimai səhiyyənin rolu olduqca vacibdir, çünki sağlam əhali daha güclü iqtisadiyyata malik, inkişaf etmiş cəmiyyətlərin əsasını təşkil edir. İctimai səhiyyənin qarşısında duran vəzifələr, həm qlobal, həm də yerli miqyasda mürəkkəb və çoxşaxəlidir. Səhiyyədə bərabərsizliyin aradan qaldırılması, pandemiyalara hazırlıq, iqlim dəyişikliyi və ətraf mühitin təsiri, psixi sağlamlıq, səhiyyə sistemlərinin effektivliyinin artırılması ictimai səhiyyənin gələcəyini formalaşdıran əsas aspektlərdir. COVID19 pandemiyası ictimai səhiyyənin əhəmiyyətini bir çox cəhətdən vurğuladı və nəticədə, bu sahəyə olan marağı daha da artırdı. Pandemiya dövründə məlum oldu ki, infeksion xəstəliklərin geniş vüsət alması həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün ciddi təhlükə yaradır. İctimai səhiyyə, belə infeksiyaların yayılmasını nəzarət altına almaq, qorunma tədbirlərini işləyib hazırlamaq və sağlamlıq sistemlərini möhkəmləndirmək üçün həyati əhəmiyyət kəsb edir. Tədqiqatlarımın Azərbaycana verəcəyi töhfələr, ölkənin ictimai səhiyyə sistemini gücləndirmək, sağlamlıq xidmətlərinə bərabər çıxışı təmin etmək, infeksion xəstəliklərlə mübarizə aparmaq və əhalinin ümumi rifahını artırmaq istiqamətində olacaq. Pandemiya kimi qlobal problemlərdən sonra Azərbaycanda daha güclü, dayanıqlı və səmərəli səhiyyə sisteminin qurulmasına töhfə vermək əsas məqsədlərimdəndir. Həmçinin burada öyrəndiyim biliklərlə, digər ölkələrin uğurlu ictimai səhiyyə proqramları və siyasətlərinin ölkəmizdə tətbiq edilməsinə dəstək olmağa çalışacağam".

A.Poladova qeyd edib ki, dövlət proqramları ilə xaricdə təhsil, həm tələbələrin, həm də ölkənin ümumi inkişafı üçün geniş perspektivlər açır: "Dövlət Proqramı təqaüdçüsü olaraq, deyə bilərəm ki, bu proqram xaricdə təhsil almaq istəyən gənclər üçün əvəzolunmaz bir imkandır. Mən və mənim timsalımda hər il yüzlərlə Azərbaycan gənci Dövlət Təqaüd Proqramı hesabına xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq xəyalını gerçəkləşdirir. Xaricdə təhsili maliyyələşdirən Dövlət Proqramı, ölkəmizin gələcəyi üçün yüksəkixtisaslı kadrların yetişdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əvəzsiz rol oynayır. Həmçinin xaricdə təhsil almış gənclərin uğurları, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına kömək edir. 2022-2028-ci illər üzrə Dövlət Proqramının qalibi olaraq Londonda yaşamaq və dünyanın ən qabaqcıl universitetlərindən birində təhsil almaq imkanı əldə etdim. Dövlət Proqramı mənə həm təhsil, həm də peşəkar inkişaf və beynəlxalq təcrübə qazandıran bir yol oldu. Bütün bunlar mənə şəxsi inkişaf və təhsilimdə irəli getməklə yanaşı, dünyanın bir sıra ölkələrindən yeni insanlarla tanış olmaq, dostluqlar qurmaq şansı yaratdı. Müxtəlif ölkələrdən olan tələbələrlə birgə çalışaraq, multikultural mühitdə fəaliyyət göstərmək bacarığı əldə etdim. İmperial Kollecində təhsil almaqla, elmi tədqiqatlarla yaxından tanış olmaq, analitik düşünmə bacarıqlarımı inkişaf etdirmək imkanı əldə etdim. Bu təcrübə mənə tibb sahəsində innovasiyalar və müasir elmi metodlar haqqında dəyərli məlumatlar qazandırıb və qazandırmağa davam edir. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, xaricdə təhsil almağı planlaşdıran hər bir gənc öncə bu sahədə müəyyən araşdırmalar aparmalıdır. Nəzərə alsınlar ki, hər bir universitetin təhsil sahələri, mühitləri və tədris metodları fərqlidir. İdeal universiteti seçmək üçün öncə seçdikləri proqram və universitetin gələcək karyera hədəfləri ilə nə dərəcədə əlaqəli olduğunu düşünməlidirlər. Məsləhət görərdim ki, dil bacarıqlarını inkişaf etdirsinlər, bu həm akademik, həm də sosial əlaqələrdə vacib rol oynayır. Mənə görə ən vacibi isə, özünü psixi cəhətdən hazırlamaqdır. Çünki yeni bir mədəniyyətə uyğunlaşmaq, ailədən uzaq olmaq və təhsil sisteminə alışmaq müəyyən qədər stressə səbəb ola bilir. Ancaq unutmasınlar ki, "komfort" zonasından kənara çıxmaq uğurun başlanğıcıdır".

Gələcək hədəflərindən söz açan A.Poladova vurğulayıb ki, əsas hədəflərindən biri, ictimai səhiyyə mütəxəssisi və həkim olaraq, sağlamlıq siyasəti, səhiyyədə keyfiyyətin yaxşılaşdırılması və elmi araşdırma sahələrində fəaliyyət göstərməkdir: "İctimai səhiyyə və tibb təhsili sahəsindəki təcrübələrimi birləşdirərək, həm individual xəstələrin müalicəsi, həm də əhalinin rifah səviyyəsini artırmaq üçün çalışmağı planlaşdırıram. Həmçinin, bu sahədə tələbələrə praktik biliklər öyrətmək və elmi-tədqiqat metodologiyası haqqında tədris aparmaq, akademik tədqiqatlar apararaq, bu tədqiqatları yenilikçi tədris proqramları şəklində tədris prosesinə tətbiq etmək kimi hədəflərim mövcuddur".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.- 30 noyabr(№220).-S.23.