Dəhşətlər
və bədbəxtliklər. Ləyaqət və iradə
xilaskar rolunda
(Əvvəli ötən bazar sayımızda)
Çin Xalq Ordusu tədricən güclənərək,
Çan Kay-şininin hökumət qüvvələrini
döyüşlərdə məğlub edirdi, həm də
yapon işğalçılarına qarşı daha uğurlu
mübarizə aparırdı. Çin kommunistlərinin ordusu
hökumət qüvvələri üzərində növbəti
qələbə çalıb, Çan Kay-şini öz tərəfdarları
ilə birlikdə Tayvan adasına qaçmağa məcbur
etdi.
1949-cu ildə ordu Pekinə girdi və oktyabrın 1-də
Tyananmen meydanında Çin Xalq Respublikasının
yaradıldığı elan edildi. Yeni dövlətə
respublikanın sədri kimi Mao Tsze-dun başçılıq
etdi və 1976-cı ildə ölənə qədər
onillik fasilə ilə bu vəzifəni icra etməklə, təkcə
partiya rəhbəri kimi deyil, həm də dövlətin
qanuni başçısı statusuna yiyələnmişdi.
Çin sosialist ölkəsinə çevrildi, onun zəif
bir dövlət kimi Yaponiyanın işğal zonasına, ABŞ-ın
vassalı olmasına son qoyuldu. Az keçməmiş hamı
bu yeni dövlətlə hesablaşmalı oldu. Çin
qüvvələri Şimali Koreya kommunistlərinə, Cənubi
Koreya və ona himayəlik edən ABŞ daxil olmaqla NATO
qüvvələri ilə gedən müharibədə Sovet
İttifaqı ilə yanaşı, böyük hərbi
kömək göstərdi və 1953-cü ildə müharibə
başa çatanda 38-ci paraleldən şimalda yerləşən
Koreya Xalq Demokratik Respublikasının mövcudluğu beynəlxalq
aləm tərəfindən tanındı.
Maonun başçılıq etdiyi Çin kommunistlərinin
meydana gətirdiyi yeni Çin dövləti inkişaf
üçün geniş şərait qazandı. Ona SSRİ
ardıcıl olaraq böyük siyasi və iqtisadi yardım
göstərirdi. 1949-cu ilin dekabrından iki ay müddətində
Mao SSRİ-də qonaq oldu, Stalinin 70 illik yubileyi təntənələrində
iştirak etdi. Lakin XX qurultayda Xruşşovun şəxsiyyətə
pərəstiş barədəki xüsusi məruzəsinin
müddəalarını Mao qəbul etmədi və SSRİ
ilə münasibətlər soyumağa başladı.
Daxili siyasətdə Mao
həm də müəyyən səhvlərə yol verirdi,
ölkəni sürətlə sənaye dövlətinə
çevirmək arzusu elmi əsaslara söykənmədiyindən.
ölkəni, metal əritməsi qaydalarından uzaq olan
kiçik, həm də primitiv Marten sobaları
bürümüşdü. Onların istehsal etdiyi metal
çox qarışığa malik olduğundan heç nəyə
yaramırdı.
1958-1960-cı illərdə aparılan
"Böyük sıçrayış" siyasəti
özünün praktiki mahiyyəti ilə, əksinə,
inkişafa qarşı olan bir sıçrayışa
çevrildi. Mao xalq hakimiyyətində olan əleyhdarlarını
məhv etmək üçün, Çin Xalq
Respublikasının sədri olan Lü Şao-tsinin onlara
liderlik etməsini iddia edilirdi. Mədəni
inqilabı, onun tərkib hissəsi olan xunveybinlər hərəkatını
başlayan gənc tələbələr, hətta məktəb
şagirdləri görkəmli dövlət xadimlərini xəyanətdə
ittiham edib, onların əmək düşərgələrində
yenidən tərbiyə olunmasını tələb edirdilər.
Sürü psixozunun təsiri altında xunveybinlər hədd tanımayan
çıxışları ilə az qala anarxiya mühiti
yaradırdılar. Onlar yaşlı rəhbər
işçilərin, həyatını inqilabi mübarizəyə
həsr etmiş inasnların taleyini həll etmək
hüququna yiyələnmişdilər. Sarı dimdikli sərçələr
qoca qartalları məhv etməyə, ən azı onların qanadlarını
sındırmağa nail olurdular. Yalnız Maonun şəxsiyyətinə
toxunmaq olmazdı, o, hətta açıq səhvlərinə
görə də möhkəm immunitetə malik idi.
Bu "inqilabi" tədbirlər nəticəsində
görkəmli xadimlərin bir çoxu əzablara
düçar edildi, Lü Şao-tsi kimiləri isə təzyiqlərə
dözməyib məhv oldu.
Haqqında söhbət gedən Lü Şao-tsi
(1898-1969-cu illər) Çin inqilabçısı, dövlət
və siyasi xadim, Çin Kommunist Partiyasının rəhbərlərindən
biri idi. O, 1959-1968-ci illərdə ÇXR-in sədri olmaqla,
Mao Tsze-dunun rəsmi qaydada varisi hesab olunurdu. Hər ikisinin
şəkli mərkəzi qəzetlərdə bir yerdə və
eyni ölçüdə dərc olunurdu.
Lü Şao-tsi 1858-1960-cı illərdə "Böyük
Sıçrayış" siyasətini müdafiə
etmişdi, lakin sonralar Maonun siyasətinə şübhə
etməyə başlamışdı. Buna 1960-1962-ci illərin
iqtisadi uğursuzluğu səbəb olmuşdu. Mao ilə
Lü arasında fikir ayrılığı yarandı.
Mədəni inqilab vaxtı o, respublikanın baş
düşməni elan edilməklə, repressiyaya məruz
qaldı. 1968-ci ildə Lü partiyadan xaric edildi, öna
ölüm hökmü verilməsini təklif edirdilər. Hətta
doğma qızını da atasına qarşı qoydular.
Lü 1969-cu ildə Kayfındakı dustaqxanada
ölmüşdü. Yalnız
ölümündən sonra o,
reabilitasiya olundu.
2017-ci ildə keçirilən ÇKP-nın XIX
qurultayında Mao və onun silahdaşları ilə
yanaşı, Lünün da xatirəsi yad edildi, bu, onun
Çin Respublikası qarşısındakı xidmətlərinə
verilən qiymətin bərpa edilməsi əlaməti idi.
Lakin Maonun ölümündən bir qədər sonra
ölkədəki əyintilərin yoluna qoyulmasına
başlandı. Vaxtilə təqib olunan dövlət xadimlərindən
biri olan Den Syao-pin hakimiyyət mərkəzinin üzvlüyünə
qayıtdıqdan sonra, iki sistemin vəhdətindən ibarət
olan yeni iqtisadi siyasətin həyata keçirilməsi
ideyasını irəli sürdü. Mao dövründə
qarışıqlıqlardan sui-istifadə edən şəxslər,
o cümlədən, Maonun sonuncu arvadı Tszyan Tsin məhkəməyə
verildi və ağır qayada cəzalandırıldı.
Xruşşovdan fərqli olaraq, Den Syao-nun Maonu ifşa
etmək kimi ağılsız yolu tutmaqdan imtina etdi. O,
ÇXR-ın yaradıcısının fəaliyyətinə
qiymət verərkən, onun 70 faizinin müsbət, 30 faizinin
isə mənfi olduğunu bildirdi. Müasir Çin rəhbərliyi
də Maoya həmin prizmadan yanaşmaqda davam edir.
Maonun xatirəsinə ehtiram bəslənilməsinə
toxunulmamışdır, ayrı-ayrı şəhərlərdə
onun heykəlləri və doğma kəndindəki ev-muzeyi
qalır və əhali muzeyə böyük hörmət əlaməti
olaraq gəlməkdə davam edir. Çin kommunistləri
Xruşşovdan fərqli olaraq ölkənin keçmiş
tarixinin xarabalıqlara çevirməyin özünü
vandalizm əlaməti hesab edərək, ona əl
atmağı heç düşünməmişdilər də.
Mao Tsze-duna pərəstiş dərəcəsi azalsa
da, onu ehtiram xalqın ürəyində və şüurunda
yaşayır. Maonun yaratdığı sosialist dövləti
XXI əsrin başlanğıcında sürətli iqtisadi
yüksəlişə nail olmaqla, dünyanın iqtisadi cəhətdən
ikinci fövqəldövlətinə
çevrilmişdir. Çində şəhərləri
göydələnlər bəzəyir, elm, təhsil,
texnologiya çox sürətlə inkişaf edir. Nou-xau sahəsində
Çin hətta ABŞ-dan da irəli
çıxmışdır. Kosmosun tədqiqinə
başlamışdır. Süni intellekt yaratmaq sahəsində
də Çin alimləri geniş iş aparmaqla insan beyninin
sonradan dirilməsinə nail olmağa
çalışırlar. Maoya həsr olunan ən
böyük abidə də çiçəklənən
müasir Çindir.
İlham Əliyev
XXI əsrin başlanğıcı əvvəlki əsrlərdən
fərqli olaraq, istedadlı dövlət rəhbərləri və
siyasi xadimlərlə öyünə bilməz. Abraham Linkoln,
Mustafa Kamal Atatürk, Franklin Ruzvelt, Şarl de Qoll, Ho Şi
Min, Li Kuan Yu, İosip Broz Tito, Cavahirləl Nehru və Den
Syao-pin kimilər artıq tarixə məxsusdurlar. Lakin az da
olsa istisnalar da mövcuddur. Bu istisnaya Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevi aid etmək
olar.
İradəsi və cəsarəti ilə seçilən
dövlət rəhbərləri siyahısına Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevi də daxil etmək,
xalqın onun idarəetmə xüsusiyyətlərinə və
ən başlıcası düşmən üzərində
qələbəni meydana gətirən bir şəxs kimi ona bəslədiyi
ehtiramın ifadəsinə xidmət edərdi. 2003-cü ildə
bu ali vəzifəyə gələn İ.Əliyev ərazisinin
20 faizi işğal edilmiş, əhalisinin 1 milyon nəfərinin
qaçqın və məcburi köçkünə
çevrildiyi bir ölkəyə başçılıq etməli
olmuşdu. Həmin ailələrin bir hissəsi dəmir yolu
vaqonlarında və keçmiş yataqxana binalarında
yaşayırdılar. Onları əmək resursu kimi işlə
təmin etmək də asan məsələ deyildi.
İlham Əliyevi fərqləndirən ən
mühüm cəhət, bu ağır çətinliklərə
baxmayaraq, heç vaxt bədbinliyə qapılmaması,
ölkəsinin torpaqlarının düşmən
işğalından hökmən azad olunacağına möhkəm
inamı idi. Və bilirdi ki, bu vəzifənin yerinə yetirilməsi,
reallaşması onun ən ali borcudur. O, həm də
anlayırdı ki, düşməninin güclü himayəçiləri
vardır, ona görə də olduqca ehtiyatlı hərəkət
etmək lazımdır, bu həyati əhəmiyyət kəsb
edən məsələdə hansısa səhvə yol vermək
olmaz. Düşmənin himayədarları doğrudan da heybətli
idi, lakin bu, nəinki geri çəkilmək
üçün, hətta tərəddüdə də səbəb
olmamalı idi. Düşmənin güman etdiyi zəifliyi,
onun istəyinin əksinə, gücə çevirmək
lazım idi. Ən vacib cəhətin, işğalçı
ordunu məğlub etmək üçün böyük hərbi
qüvvəyə yiyələnmək olduğu kimi, həm də
az sayda da olsa, qüdrətli müttəfiqlərə malik
olmaq lüzumu bir an da olsun yaddan çıxmırdı. Əsl dövlət rəhbəri
kimi, o, Allahın varlığına və ədalətinə
heç bir şübhə etmirdi, islam dininin ehkamlarına
hörmətlə yanaşırdı, xalqının həqiqi
lideri kimi düşmənin Vətən torpaqlarından
qovulacağına möhkəm inam bəsləyirdi.
Ermənistanın XX əsrin sonlarında öz ərazilərindəki
azərbaycanlıları, onların tarixi yurd-yuvalarından
qovmaqla kifayətlənməyib, onun ordusu Dağlıq
Qarabağ və regionun ətrafında olan yeddi rayonun ərazisini
də işğal etməklə, şəhərləri və
kəndləri xarabazara çevirmişdi. Onların vəhşiliyini
göz önünə gətirdikdə. güman etmək
olardı ki, erməni dilindən "insanlıq"
sözü, bəşəriyyəyin vacib saydığı və
çox işlətdiyi bir ifadə, tamamilə yoxa
çıxmışdır. Ermənistan ordusu bayquş kimi
bu ərazilərə tərk etmək istəmirdi, formal
danışıq adı altında işğal müddətini
hər vəchlə uzatmağa
çalışılırdı. Dünyanın nüfuzlu
dövlətləri və beynəlxalq təşkilatlar da Ermənistanın
işğal siyasətinə göz yumur, Azərbaycana təzyiq
göstərərək, onu məsələnin guya dinc yolla həll
olunması variantı ilə razılaşmağa məcbur
edirdilər. Torpaqların hərb yolu ilə geri
alınmasına BMT Təhlükəsizlik Şurasının
üzvlərinin əksəriyyəti olan dövlətlər
müxtəlif yollarla etirazını bildirməklə,
işğala son qoyulmasına cəhd etmirdilər.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan
iri dövlətlərlə müqayisədə ərazisinə
və əhalisinin sayına görə kiçik ölkədir,
lakin zəngin sərvətlərə malikdir. Bu dadlı
piroqdan pay umanlar da çoxdur və buna görə ölkə
rəhbərliyinə müəyyən təzyiqlər
göstərilir. Lakin Prezident İlham Əliyev
balanslaşdırılmış xarici siyasət yeritməklə
yanaşı, Azərbaycanın kiminsə vassalına
çevrilməsinə imkan vermir. Xalqının milli mənafeyini
qorumağı, o, özünün başlıca vəzifəsi
hesab edir. Təəssüf ki, təzyiqlər də səngimək
bilmir. Təkcə düşmənçilik zəhərinin
daşıyıcısı olan və revanşizm
xülyası ilə yaşayan Ermənistan adlı ilanla
qonşuluq, daim sayıq olmağı tələb edir. Onu himayə
edənlər də, ölkəmizi provokasiya tələsinə
salmaq sahəsindəki cəhdlərini dayandırmırlar.
Lakin ölkə rəhbərinə xas olan
dözümlülük, cəsarət və güclü iradə
dövlətimizi təhlükələrdən qorumağı
bacarır. Siyasi xadim üçün böyük vəzifələri
yerinə yetirməkdə, qarşıya qoyulmuş məqsədə
çatmaqda, dözümlülük digər zəruri cəhətlərlə
yanaşı mühüm rol oynayır. Siyasətdə
avantüra xarakterli tələsiklik əvəzinə,
düşülmüş çətin şəraitə
dözmək nəinki səhvlərdən qorunmağa xidmət
edir, həm də düşmən ordusunu məğlub edib,
ölkə ərazisindən qovmaq kimi bir həyati vəzifəni
sözdə deyil, real olaraq həyata keçirməkdən
ötəri, buna hərtərəfli hazırlaşmaq
üçün xüsusi əhəmiyyət kəsb edən
şəraiti yaradır. Məhz bütün amilləri dəqiqliklə
nəzərə almaqla, Azərbaycan, öz ərazisində
daim ixtilaf mənbəyi və iyrənc separatizmi
qidalandıran olmaqla, SSRİ-dən miras qalmış muxtariyyət
adlı lüzumsuz xərçəng şişini birdəfəlik
ləğv etməyi bacardı. Bütün bunlar dövlət
rəhbərinin uzaqgörən siyasətinin aktivinə
yazılmalıdır.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2024.- 30 noyabr(№220).-S.22.