İstanbulun kiçik Fransası
İstanbulda - Bəyoğlunun Tomtom məhəlləsində
158 il əvvəl inşa edilmiş, köhnə, nimdaş, dəmirləri
paslanmış, pəncərələri çərçivə-hədəqəsindən
çıxmış, qapısı çürüməyi
çoxdan boynuna almış bir abidə var. Bağını
ağaclar, güllər, çiçəklər bəzəyən
5275 kvadratmetrlik geniş bir əraziyə yayılan bu məkan
Fransız yetimxanası adlanır. 1866-cı ildə Sultan Abduləzizin
dönəmində inşa edilib.
Rəvayəti isə belədir ki, "Əziz Vinsent
de Paulun Xeyirsevər Qızları" adlı cəmiyyətin
vəba günlərində istanbullulara çox
yardımları dəyir, Sultan Abduləziz bunun müqabilində
cəmiyyətə təşəkkür əlaməti kimi fərman
imzalayır və bu ərazini onlara hədiyyə edir. Şərt
olaraq da yetimxana qurulmasını istəyir. 1957-ci ilə qədər
fəal olan bu bina yetimxananın Bəbək səmtinə
köçməsi ilə fəaliyyətini itirir və
sonralar məkandan tütün deposu kimi istifadə olunur. Daha
sonra qurum İstanbulun şah əsəri sayılan bir
çox tarixi və önəmli abidənin gips kant (lepka)
atelyesi kimi fəaliyyətə başlayır. Kayserili lepka
ustası Parseh Cəzayirliyanın iş yerinə çevrilən
bina oğlu Qarabet Cəzayirliyan, onun yetişdiyi Kamal
Cınbız və onun oğlu Camal Cınbızın
ustalıqlarına ev sahibliyi edir. Dolmabağça sarayı,
Ulduz sarayı, Pera Palas, Əmək Sineması, Türkiyə
Böyük Millət Məclisi, Adilə Sultan Sarayı, Sait
Halim Paşa Köşkü və Malta Köşkü kimi
abidələrin lepka işləri burada hazırlanıb. Cəzayirliyanlardan
bəri əhəmiyyətli və dəyərli olan 150 illik qəlibləri
qoruyan Camal Cinbiz yaxın zamanlara qədər bu atelyeni istifadə
edirdi. Lakin sonra Bəyoğlu Bələdiyyəsi binaya əl
qoydu, abidənin həyətini xalqa açıq çay
bağçasına çevirdi. Fransa konsulluğunun etiraz etməyinə
və iş məhkəməyə qədər gedib
çıxmağına rəğmən, bələdiyyə
geri addım atmadı. Qapısı kilidli olan abidəni
görmək, şəkil çəkdirmək, çay
içmək üçün hər gün buraya onlarla insan
gəlir.
Amma bir yandan da keçmişə dalırsan, yetimlərə
yuva olan binanın hüznü ruhuna çırpılır.
Fikirləşirsən ki, bizim tarixi yer kimi ziyarət etdiyimiz
abidə neçə-neçə anasız, atasızları
qucaqlayan yer olub. Görəsən, burada nələr
yaşayıblar, nələrə məruz qalıblar,
neçə dəfə gülüb, neçə dəfə
ağlayıblar, incidiliblər, küsdürülüblərmi
deyə düşünürsən. Yaxşı, bəs təsəllini
nədə tapıblar, bu buz kimi divarlarda, bağında
açan çiçəklərdə, yoxsa iri gövdəli
ağacların köksünə sığınmaqda?
Tomtom məhəlləsi
Abidənin yerləşdiyi Tomtom, Bəyoğlundan
Tophanəyə tərəf uzanan məhəllədir.
Geniş bağı, atriumlu şux binaları ilə
1890-1960-cı illər arasında İstanbulun ən dəyərli
səmtlərindən idi. Osmanlı dönəmindən etibarən
İtalyanların sarayına, Fransız sarayına, Rus səfirliyi,
Niderland səfirliyinə ev sahibliyi edirdi. Sonralar səfirliklər
Ankaraya köçsə də, konsulluqlar həmin binalarda fəaliyyət
göstərməyə davam edir.
Məşhur məhəllə 1940-1950-ci illərdə
burada yaşayanların çoxunun "atlarına minib"
getməkləri ilə parlaqlığını və
populyarlığını itirir. Binalar
baxımsızlıqdan çürüməyə,
tökülməyə, hətta ovulmağa başlayır. Bu
günün özündə də həmin binaların bəzilərini
görmək mümkündür. Son on ildə isə Tomtomun
sönmüş işığı yenidən yanmağa
başladı. Məhəllə keçmiş zənginliyini,
görkəmini yenidən qazandı. Binalar yeniləndi, butiklər
modern tərzdə dizayn edildi, mağazalar, sənət
qaleriyaları, kafelər açıldı. Muzey binları fəaliyyətə
başladı. Onlardan ən məşhuru Orhan Pamukun
yazdığı roman əsasında açılan Məsumiyyət
Muzeyidir. Muzey məhəllənin ən gözəl yerində,
qırmızı binada fəaliyyətinə davam edir. Bilənlər
bilir, bilməyənlər üçün deyim ki, bura Pamukun
damla-damla yığdığı, zərrə-zərrə
topladığı, əl əməyi, göz nuru olan muzeydir.
Ağızın dediyini qulağın eşitdiyi yer
Tomtom Bəyoğlunun daxilində xüsusi yerə
sahibdir. Karaköy ilə Qalatasaray arasında özünə
yer edən, Çuxurcumaya qonşu olan bu məhəllə
konsulluqlar, məktəblər, saraylar və qocaman
bağçalarla əhatələnmiş bənzərsiz bir
sahədir. Galataport layihəsinin reallaşması ilə
Karaköy ilə İstiklal küçəsinin bir-birinə
bağlayan Boğazkəsənə ciddi axın
başladı. Bu dəqiqə əraziyə böyük maraq
var. Amma o demək deyil ki, bura digər turistik yerlər kimi
basırıq, ağız deyəni qulaq eşitməyən
yerdir, əksinə, həddən artıq hüzurlu və
dinclik bəxş edən yerdir.
Fransızların məskəni
Tomtom küçəsi deyəndə ilk ağıla
gələn Fransa və fransızlardır. Burada onlara məxsus
kilsələr, məktəblər, saraylar, keçmiş səfirlik,
hazırkı konsulluq binaları və digər tikililər
var.
Məsələn, lap əvvəllər küçənin
aşağısında mövcud olan sarı rəngli Fransız
məhkəmə binasında səfirliyin himayəsindəki
fransız vətəndaşlarının işlərinə
baxılırmış. Məhkəmənin qonşu
binası olan Venesiya sarayı da köklü keçmişi
olan fransız binası imiş. Bugünkü görkəmini
böyük Pera yanğınından sonra qazanan Fransız
Sarayının memarlığını parisli memar Pier
Lauresque öhdəsinə götürmüşdü. Ecazkar
görünüşü olan bina hazırda baş konsulluq
üçün ayrılıb. İçərisində olan
kilsəsi, məktəbi, institutu ilə Bəyoğlunun mərkəzində
kiçik Fransa ab-havası yaradır. Tarixi 1850-ci illərə
gedib çıxan köhnə Fransisken rahiblərinin
qaldığı ev və yanında yerləşən binalar
isə 2000-ci illərdə başladılan restavrasiya işləri
ilə yenilənəndən sonra Avropa saraylarından fərqlənməyəcək
görünüşə qovuşur. Hətta deyərdim ki,
barokun ən zərif nümunələri bu küçədədir.
Əntiqlərin əsas ünvanı
Məhəllə, İstanbulun ən yaxşı əntiqçilərinin
toplandığı yerdir. Buranı kəşf etməyin ən
gözəl yolu isə özünü dar küçələrinə
atmaqdır. Sanki zamanın dayandığı
Çuxurcumadakı kiçik dükanları gəzərkən
bir addımlığındakı İstiklal caddəsinin
hay-küyündən, qarmaqarışıqlığından
uzaq qalmağına və sakit atmosferinə təəccüblənməmək
qeyri-mümkündür.
Boğazkəsən küçəsi isə
qaleriyadan sənətkarlıq atelyesinə, dizayn
mağazasından yemək-içmək məkanlarına qədər
tanış ola biləcək xeyli ünvanlar var. Küçə
fotosessiyalar üçün idealdır.
Yeri gəlmişkən, burada 1898-ci ildə Romada
dörd nəsil boyu özünü sənətə həsr
edən ailəni təmsilən qurulan Russo Art Qaleriyası var.
Mərkəz italyan sənətçilərin əsərlərini
sərgiləyir. Əl işi yastıq, örtük,
şalların, əl əməyinin, göz nurunun verildiyi məhsulları
ərazidəki mağazalardan tapmaq mümkündür.
İstifadə edilmiş şəkər kisələri, reklam
afişaları, qılınclar, dəbilqələr,
qalxanlardan bol yerdir. Əntiq mağazalarından birinin sahibi ilə
tanış oldum. Qılıncların, dəbilqələrin
qiyməti mənə maraqlı gəldi. Hətta tələb
varmı deyə soruşmaq istədim. Sən demə, xeyli
qılınc həvəskarı varmış. Mağazada qiyməti
yüz minə qədər olan qılınclar, qalxanlar
satılır. Alıcısı da var. Çox insan
özünü hədiyyə edirmiş, evində, ofisində
dekor kimi istifadə etmək üçün... Görünən
odur ki, bəziləri gücünü isbat etmək (fərqi
yoxdur kimə və ya nəyə, bəlkə də,
özünə), bəziləri özünü padşah kimi
hiss etmək üçün belə əşyalara ehtiyac
duyur. Bəlkə də, tarixə maraq, həvəs
duyduqlarına görə alırlar.
Tomtom Gardens
Tomtom məhəlləsinin ortasında adını məhəllənin
yaşıllığından alan başqa bir bina var.
"Ən yaxşı bina" mükafatına layiq
görülən "Tomtom Gardens" üç atriumlu ərazinin
ən yaxşılarındandır. İtalyan peyzaj
memarının əsəri olan bu kompleks görülməyə
dəyər yerlərdəndir. Ümumiyyətlə, ərazidə
sənət və dizayn məkanları həddən
artıqdır. Məsələn, "Tomtom Gardens"in ikinci
bölməsi Boğazkəsən küçəsində
Fransız yetimxanası ilə qonşu olan binada yerləşir.
Əsas binadan fərqi həcminin kiçik
olmağıdır. Yuqoslaviya məktəbi,
Avstriya-Macarıstan məktəbi, Baltazzi binası, İtalia
Dakar oteli kimi qədim binalar da buradadır. Fransa və Avropa tərzində
olan məhəllədir Tomtom, amma iplərində asılan
paltarlarla, künc-bucağındakı piştaxtaları,
küçə-küçə gəzib "boza var" deyən
səyyar satıcıları ilə də sapına qədər
İstanbuldur.
Türkan TURAN
525-ci qəzet .- 2024.- 30 noyabr(№220).-S.21.