Lənkəranın unudulmaz insanları: "Milisioner Maral"

 

Lənkəran Dövlət Universitetində mətbuat xidmətinin rəhbəri işlədiyim vaxtlar idi. Universitetin rektoru, Əməkdar elm xadimi, professor Mirzə Bağırovun həyat və fəaliyyəti haqqında kitab hazırlayırdım. Bir dəfə söhbət zamanı rektor məndən soruşdu:

- Milis (polis - red.) nəfəri Maral Fərziyeva haqqında eşitmisənmi?

- Nəinki eşitmişəm, hətta görmüşəm!

- Necə yəni, doğrudan görmüsən? - Professor təəccüblə soruşdu.

- Elədir ki var, Mirzə müəllim, - dedim. - Kənddəki məktəbdə oxuduğum vaxtlar idi. Sürəyya nənəmlə şəhərə gəlmişdik. O, bazarlıq işlərini yoluna qoydu, atamın əmiqızısı Kitabə xanımın evinə gəldik. Ailənin böyük oğlu Süleyman evdə idi. O, bizi mehribanlıqla qarşıladı, dedi ki, Maral ana evdədir, bir azdan növbəyə çıxacaq. "Növbə" sözünü başa düşməmişdim. Kənarda əyləşib sükut içində qalmışdım. Bu an qarşıdakı otaqdan milis paltarında bir qadın çıxdı. O, nənəmlə görüşdü, hal-əhval tutduqdan sonra üzümdən öpdü. "Oxuyursan?" - soruşdu. Cavab verdim ki, üçüncüdə oxuyuram, 1958-ci il idi. "Çalış, yaxşı oxuyasan", - deyib başımı sığalladı. Geyimi ilə mənə qəribə görünən bu qadın qapıdan çıxanda gəlini Kitabə xanımı - atamın əmisi qızını çağırıb nəsə tapşırdı. Pəncərədən baxırdım, Maral xala silahı böyrünə aşırmışdı, üzü dağlara tərəf dayanıb papiros tüstülədirdi. İllər keçəndən sonra bildim ki, "Kazbek" çəkirmiş.

Əhvalatı danışanda professor yaşına uyğun cəldliklə hərəkətlə ayağa qalxdı, mənimlə üzbəüz əyləşdi.

- Maral xalanın ailəmizin üstündə zəhməti az olmayıb, - dedi. - Azacıq sükutdan sonra sözünə davam etdi. - Danışacağım hadisə 1941-ci ilə təsadüf edir. Atam Bakı Şəhər Sovetində işləyərkən tutulmuşdu, Kolımada sürgündə idi. Bir dəfə nənəm Məşədiyyə Suğra ilə atamın qohumu Mirzə İbadın evinə getmişdik. Lənkəranda Mirzə İbadı varlı-dövlətli bir şəxs kimi tanıyırdılar, lakin rəhmətlik çox xəsis idi. Kasıb görkəmimi görəndə nəyə ehtiyacımız olduğunu soruşdu, nənəm dedi ki, uşağın yay geyimi yoxdur. Nənəm hiss etdi ki, Mirzə İbad xəsislik edib heç nə almayacaq. Onda nənəm xahiş etdi ki, mağazadakı anbardan ağ rəngli iki kisə versin. Nənəm bu kisələrdən mənə yay şalvarı tikdirdi. Bir müddət keçəndən sonra Mirzə İbad dünyasını dəyişdi, var-dövləti kimə nəsib oldu - bilinmədi. Yadımdadır,  milisioner Maral xala nənəmə dəyməyə gəlmişdi. Körpə yaşımızda mənə və bacım Lətifəyə diqqət və qulluq göstərərdi. Maral xala Mirzə İbadla bağlı söhbəti eşitmişdi. Üzünü mənə tutub dedi ki, darıxma, ay bala, yaman günün ömrü az olar. Yadımdan heç çıxmır. Maral xala məni gəmiylə Sarı adasına (indiki Nərimanabad qəsəbəsi - red.) gətirdi. İlk dəfə idi ki, burada olurdum. Sarıda bir qohumumuz yaşayırdı, adı Əliağa idi. Kiçik dükanı vardı. O, bizi çox səmimi və mehriban qarşıladı. Atamın uzaq Sibirdə sürgündə olduğunu bildiyindən məktub yazıb-yazmadığını soruşdu və bizi təkidlə bir gün qonaq saxladı. Ertəsi gün yola düşəndə mənə bir dəst təzə kostyum hədiyyə etdi. Bakıya qayıtdıqdan bir neçə ay sonra eşitdik ki, Əliağa cəbhəyə gedib. Sonralar "qara kağız"ı gəldi. Aradan 40 il keçəndən sonra oğlu mənim rektor işlədiyim Azərbaycan Politexnik İnstitutunun tələbəsi oldu. Həmişə də dərsləri ilə maraqlanardım.

Professor Mirzə Bağırov "milisioner Maral" haqqında danışdıqca xəyalı qanadlanır və deyirdi ki, o həm cəsur, həm də xeyirxah idi, qonşu olduğumuza görə demirəm, hamıya eyni gözlə baxırdı. Belə adamları tarixdə yaşatmaq lazımdır. Yaxşı olar ki, indiki nəslə nümunə olan həyat və fəaliyyətini qələmə alasan. Bu, xeyirxah iş olar, qoy ruhu şad olsun.

Əslində baxanda, 1978-ci ildən, "Lənkəran" qəzetində məsul katib işlədiyim vaxtdan milis nəfəri Maral Fərziyeva ilə işləyənlərin sorağına düşmüşdüm. Amma lazımi faktlar əldə edə bilmədiyimə görə araşdırma nəticəsiz qalmışdı.

Sərhədçi veteran, keçmiş milis zabiti Aslan Kələntərlinin cəsur milis nəfəri haqqında unudulmaz xatirələri bu gün də yaddaşımızdan silinməyib.

- Taleyində milis işçisi kimi bu adamın özünəməxsus yeri var, - danışardı. - II Dünya müharibəsi illərində qonşuları Humra Rəsulovanın tövsiyəsi ilə milisdə işə düzəlmişdi. Maral Fərziyeva etimad göstərildiyi bütün sahələrdə təşkilatçılığı, fəallığı, işinə sədaqətliyi ilə seçilirdi. cinayətkarlığa qarşı mübarizədə və silahlı quldur dəstəsinin ləğvində xidmətinə görə, 1945-ci ildə SSRİ XKDİN-in mükafatına layiq görülmüşdü. Yaxşı işinə görə medallarla, qiymətli hədiyyələrlə, Lənkəran Daxili İşlər Şöbəsinin rəisi Əhməd Axundovun əmri ilə fəxri fərmanlarla təltif olunmuşdu.

Hiss olunurdu ki, keçmiş milis rəisi müavini Aslan Kələntərli xatirələr qoynunda uzaq illərə səyahətə çıxıb. Dediklərini tarix üçün yazılı salnaməyə salmağı qərara aldıq.

...1945-ci ilin aprel ayı idi. Uzaqda, Talış dağlarının ətəklərində tünd qara buludlar arasında şimşək çaxdı. Az sonra göy gurultusu şiddətləndi, şimşək başı bərabərində havanı yararaq gözünü qamaşdırdı.

Şəkildə (birinci cərgədə): milis nəfəri Maral Fərziyeva lənkəranlı milis işçiləri arasında (sağdan 3-cü). 1945-ci il.

Basqın gözlənirdi, qaçaqların keçə biləcəyi yerlərdə pusqu qurulmuşdu. Qaçaqların tör-töküntüləri hələ tamam təmizlənməmişdi.

II Dünya müharibəsinin başlandığı ilk illərdə ətrafdakı yaşayış məntəqələrində adamları vahiməyə salan talan və qarətlər artmışdı, Müharibədən qaçmış və dağlara sığınmış Vətən xainləri soyuğa, şaxtaya tab gətirməyərək aşağıya enmişdilər. Hadisədən xəbər tutmuş orqan işçiləri qaçaqların izinə düşmüşdülər.

Şəhərin Kiçik bazar qəbiristanlığında onlarla atışma oldu. Səsindən sanki yer-göy lərzəyə gəldi. Mühasirəyə düşdüklərin görən qaçaqlar silahlarını yerə atmağa məcbur olmuşdular.

Maral belə əməliyyatlarda az iştirak etməmişdi, bu dəfə də sayıqlığı əldən verməyərək bölmə komandiri Humra Rəsulovanın tapşırığı ilə ətrafı nəzarətə almışdı. Bu vaxt dağlar arasından şimşək ani olaraq alışıb söndü. Dəmirağacının arxasında pusquda dayanan gənc milis nəfəri Maral Fərziyeva gözlərinə inanmadı. Şimşəyin parıltısında kolluğa sığınan qaraltını görəndə yerindəcə donub qaldı. Kimsə əlində silah torpağa uzanası halda üzünü qabağa tutmuşdu.

Maral özünü itirməyib naqanı sakitcə ona tərəf tuşladı.

- At silahı yerə!

Qaçaq gözlənilməz səsdən özünə gəlməmiş Maral cəld bir hərəkətlə silahı başına dirədi.

- Düş qabağa! - deyib qaçağın tulladığı beşatılanı çiyninə aşırdı.

El-obada Qara Humra kimi tanınan bölmə komandiri Maralı bu vəziyyətdə görüb onu qucaqladı.

 

lll

Professor Mirzə Bağırov indi həyatda yoxdur. Amma onun bir vaxt milis nəfəri Maral Fərziyeva haqqında danışdıqları yadımdan çıxmamışdı. Bir dəfə 75 yaşlı nəvəsi Tamilla Xanəli qızı Əliyeva ilə evlərində görüşdük. Onlara oğul nəvəsi Rövşən Süleyman oğlu ilə getmişdik. Tamilla xanım yaddaşını vərəqlədikcə qəlbinə qeyri-adi xoş duyğular axırdı. Hiss olunurdu ki, ötənləri xatırlamaq ona çətindir. Nənəsi milisioner Maral Fərziyeva haqqında danışdıqca xəyalı qanad açmışdı.

- Yaşlı adamlar nənəm "milisioner Maral"ı yaxşı tanıyırdılar, - Tamila xanım azacıq sükutdan sonra söhbətini davam etdi. - Maral nənəmin həyat yolu enişli-yoxuşlu olsa da, gərəkli ömür yaşayıb. Bütün dövrlərdə həyat sınaqlarından üzüağ çıxıb, vəzifə borcunu layiqincə yerinə yetirib, şəxsiyyət və ləyaqətini qoruyub. Köməksizlərə, yetimlərə arxa, dayaq olub. İstirahət günlərində əlimdən tutub qonşuluğumuzda yerləşən bağa aparardı. Hələ sağlığında bağa Maral nənənin adı verilmişdi. Təəssüf ki, bu gün həmin bağdan əsər-əlamət qalmayıb. Yerində yaşayış binaları və məktəb tikilib. Bir qədər aralıda hərbi hissənin komandiri generalın evi yerləşirdi. Yaşlılar oradan keçəndə bu gün də deyirlər ki, Maralın adını daşıyan bağ burada olub.

Uzun illər partiya, sovet və milis sistemində çalışmış İltifat Verdiyev bu gün həyatda olmasa da, vaxtı ilə Maral Fərziyeva haqqında dediklərini xatırlamamaq mümkün deyil.

- Maral xanımı bizə, ətrafdakılara sevdirən yaxşı cəhətlər çox idi. Təbiətcə ciddi olsa da, sakit, səmimi və mehriban, mənəviyyatca saf, təmiz, qorxmaz milis işçisi sayılırdı. Haqsızlığa qarşı mübarizədən çəkinmir, gənclərin mübariz ruhda tərbiyələnməsi arzusu ilə yaşayır və fəallıq göstərirdi. Haqqında xatirələrim çoxdur. Bir dəfə "Nizami" kinoteatrına getmişdik, yeni Hindistan filmi nümayiş etdiriləcəkdi. İş yoldaşımız Bəndəli Babayev ətrafa nəzarət edən milis serjantı Məryəm xanıma yaxınlaşıb bizi növbəsiz içəri buraxmağımızı xahiş etdi. Biz bilirdik ki, Maral növbəni pozmağa icazə verməz. Belə də oldu. İş yoldaşımız suyu süzülə-süzülə geri qayıtdı. Bəndəli müəllim bunu həmişə xatırladar və deyərdi ki, Maralın iş üslubu hər birimiz üçün nümunə idi.

Müəllim Məhəmmədsadıq Axundov danışardı ki, II Dünya müharibəsi dövründə milis serjantı Maral Fərziyevanın məhəllə uşaqları üzərində zəhməti çox olub. Bir dəfə növbədən çıxanda görür ki, boynu bükülü bir dəstə uşaq milisin qabağında dayanıb, ağlayanlar da var. Uşaqlardan yaşca böyük və dilli-dilavər Məhəmmədsadıq özünü qabağa verir, deyir ki, balıq konservi zavoduna getmişdik, bizə pay olaraq külmə, çapaq verdilər, evimizə aparırdıq, bizi yolda tutdular, vallah, oğurluq etməmişik, evdə yeməyə çörəyimiz də yoxdur, böyüklərimiz müharibədə döyüşürlər...

Maral milis rəisinə raport verdikdən sonra uşaqları buraxdırdı və onları qabağına qatıb qardaşı Həsənin yaxınlıqda işlətdiyi çayxanaya apardı. Bir neçə ay sonra Maralın böyük qardaşı Nəcəfin müharibədən "qara kağız"ı gəldi.

Günlər beləcə hiss edilmədən keçirdi. Milis serjantı Maral Fərziyeva uşaqların oxuduğu məktəbə də baş çəkir, onlarla görüşür, söhbətlər edirdi. Məhəmmədsadıq Axundov sonralar danışacaqdı:

- Maral bizə ana əvəzi idi. Dünyasını dəyişəndə dəfnində iştirak etdik. Bizə çox yaxşılığı keçmişdi. Mən onun məsləhəti ilə Lənkəranda pedaqoji texnikuma daxil oldum, Lerikdə və rayonun müxtəlif məktəblərində müəllim işlədim. Amma harada işləsək də, milis serjantı Maral Fərziyevanı unutmamışıq.

lll

 

İllər beləcə keçdi. Milis nəfəri Maral Fərziyeva ailə qurdu. Əri Baba Cabbarov müxtəlif sahələrdə işləmişdi. Süleyman və Kişvər adında övladları vardı. Süleyman Port-İliç (indiki Liman) şəhərində taxta-şalban satışı zavodunda rəhbər vəzifədə işləyirdi.

Yaşadığı dövrün bütün insanları kimi, milis nəfəri Maral Fərziyeva da mövcud quruluşun ideyalarına hədsiz sədaqət, milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmuşdu. Ömür yolu enişli-yoxuşlu olsa da, çətinliklərdən qorxmamış, ürəyinin hərarətini, qəlbinin odunu el yolunda səpələyə-səpələyə həyat sınağından üzüağ çıxmışdı.

Maral Nəcəf qızı Fərziyeva 1962-ci ildə, 71 yaşında vəfat edib. Məzarı şəhərin Kiçik bazar qəbiristanlığındadır. Ondan bir az aralı, sağ tərəfdə Lənkəran Dövlət Universitetinin keçmiş rektoru, Əməkdar elm xadimi, professor Mirzə Bağırov dəfn olunub. Allah hər ikisinə rəhmət eləsin.

 

Etibar ƏHƏDOV

"Aşkarlıq" qəzetinin baş redaktoru

525-ci qəzet .- 2024.- 30 noyabr(№220).-S.20.