Bədii bilinqvizmin dəyərli nümunəsi

 

 

Bəlli standartlara cavab verən, təkcə bədii yox, elmi, texniki və digər tərcümə növlərinin də inkişafını şərtləndirən tərcümə fəaliyyətinin həyata keçirilməsi, tərcümə mətnlərinin dəyərləndirilməsi, tərcüməçilərin kvalifikasiyasının müəyyənləşməsi, usta tərcüməçilərin fərqləndirilməsi, tərcümə nəzəriyyəçilərinin konkret problemlərin müzakirəsinə yönəlik fəaliyyəti, müxtəlif yanaşmaları təmsil edən usta tərcüməçilər və onların şagirdlərinin yetişməsi...

Tərcümə məktəbinin formalaşması uzun, ağır prosesdir.

Azərbaycanda tərcümə bumunun yaşandığı indiki dövr, bir çox obyektiv və subyektiv səbəblərdən, kəmiyyətin hələ ki, keyfiyyətə keçmədiyi uzun sürən prosesin permanent xarakterini üzə çıxarır.

Bununla belə, bu prosesin "məntiqi sonluğu" və ya "nəticəsi" haqqında mütləq kateqoriyalarda danışmaq doğru olmazdı. Ən azından ona görə ki, bədii tərcümədə, digər tərcümə növlərindən fərqli olaraq, tərcümənin obyektiv düzgünlüyü anlayışı mövcud deyil.

Bədii tərcümə bədii yaradıcılığın özünəməxsus növüdür və bütün dəyərləndirmələr bu paradiqmaya əsaslanmalıdır. Lakin bu heç də yaxşı tərcüməni yararsız tərcümədən fərqləndirməyin mümkünsüzlüyünü təsbit etmir. Ən azından ona görə ki, tərcümənin keyfiyyətinin dəyərləndirilməsi ilə bağlı kifayət qədər nəzəri yanaşmalar mövcuddur. Doğrudur, bu mətnlərdə spesifik pofessional leksikadan istifadə olunmur, texniki terminlər yoxdur, amma əvəzində tekstin özünəxas estetik siqləti, məna yükü, ümumi ab-havanın, personajların xarakteristikasının doğru-dürüst çatdırılması, adekvatlıq və şəffaflıq prinsiplərinin gözlənilməsi və s. və i. a. kimi mətləblər var. Bədii tərcümə məhz buna görə ən mürəkkəb və çətin tərcümə növü sayılır.

Tanınmış tərcüməçi, təhsil işçisi Kamran Hacıyevin "Günəş topla mənim üçün..." - nəfis tərtibatla "Apostrof-A" nəşriyyatında çap olunmuş tərcümə toplusunu gözdən keçirərkən, istər-istəməz, bu fikirlər ağlına gəlir. Ona görə, bu toplunu sözügedən sahə üzrə refleksiya üçün əvəzsiz vəsait kimi də nəzərdən keçirmək olar.

Kitabda tərcüməçi-alim Kamran Hacıyevin Azərbaycan və rus ədəbiyyatından müxtəlif dövrlərdə etdiyi tərcümələr yer alır. Burada Mövlud Süleymanlının bir neçə kiçik həcmli əsəri, Salam Qədirzadənin, bəndənizin hekayələri rus dilində, Sergey Yeseninin məşhur "Şahanə" şeiri, Yevgeni Ataşkeviçin "İzhar", Boris Yevseyevin "Qəssab", Belarus yazıçısı Vladimir Korotkeviçin "Kitabdaşıyanlar" əsərləri Azərbaycan dilində oxucuları təqdim edilir. 

Kamran Hacıyevin oxucuları təqdim olunan bu tərcümə kitabı hansısa formal əlamətlərinə görə yox, məhz yuxarıda sadaladığımız keyfiyyətlərinə görə tərcümənin bütün standartlarına cavab verir. O, istər nəzəriyyəçi-pedaqoq, istərsə də, bilavasitə tərcümənin praktikası ilə məşğul olan bir qələm adamı kimi, ədəbiyyat faktına başqa bir mədəniyyət kontekstində nəfəs verməyi bacaran azsaylı insanlarımızdandır.

Qeyd etməliyəm ki, ölkəmizdə bilinqvizmin barmaqla sayılacaq qədər uğurlu təmsilçilərindən biri də Kamran Hacıyevdir. Bədii bilinqvizmin daha çox orijinal yaradıcılıq kimi qəbul olunduğu müasir dünyada bunu xüsusi vurğulamaq lazım gəlir. Təəssüf ki, müasir ədəbi prosesin tərkib hissəsi olan bilinqvistik mətnlərin, ümumiyyətlə Azərbaycanın dövlət müstəqilliyi şəraitində də öz əhəmiyyətini qoruyub-saxlayan Azərbaycan - rus bilinqvizminin filoloji təhlili aparılmır. Bununla belə, zövqlü oxucunun maraqla oxuyacağı bir kitab ərsəyə gətirib, topluya Livanelinin gözəl şərqisinin və mənim hekayəmin adını verdiyi üçün müəllifə təşəkkür etməyi özümə borc bilirəm.

 

Etimad BAŞKEÇİD

525-ci qəzet .- 2024.- 30 noyabr(№220).-S.19.