"Xasiyyəti bərk
qadın heç bir kişidən zəif deyil"
Aktrisa və prodüser Sevinc Əliyeva: "Kadr
arxasında xoşbəxtəm, öz işlərimi ekranda
görəndə bütün yorğunluğum keçir"
Müsahibimiz Sevinc Əliyeva aktrisa kimi ilk dəfə
2006-cı ildə "Məhkumlar" filmində rol alıb.
2007-ci ildən etibarən həm də prodüserlik fəaliyyətinə
başlayıb. 2020-ci ildən "SFN Film Production"un təsisçisidir.
"Simurq", "İFŞA, Çətin hədəf",
"Vətəndaş A" kimi layihələrin rəhbəri
olan Sevinc Əliyeva "Məhkumlar", "Seçilən",
"Aramızda qalsın", "Həyat çiçəyi",
"Evləri göydələn yar",
"Atılmışlar", "Dalan" kimi film və
seriallarda aktrisa kimi iştirak edib.
Aktrisa və prodüser Sevinc Əliyeva ilə söhbəti
oxuculara təqdim edirik.
- Sevinc xanım, aktrisa olduğunuz halda, nə
üçün prodüser kimi fəaliyyət göstərirsiniz?
Hansı ki Azərbaycanda qadınların əksəriyyəti
ekran qarşısında olmağı seçirlər, bu sahəyə
çox az üz tuturlar.
- Mən 2007-ci ildən kadr arxasında işləyirəm.
O vaxtlar klip, reklam sənayesi vardı. Təsadüfən
köməklik adı ilə bu işə keçdim. Əvvəl
kast meneceri oldum. O vaxtlar indiki kimi kastinq agentliyi yox idi.
Aktyorları çox yaxşı tanıyırdım və
çəkilişə aktyor lazım olanda qəribə bir
duyumum var idi, ki, bu obraza bu aktyor uyğundur. 7-8 il kadr
arxasında icraçı kimi fəaliyyət göstərdim.
Bu, mənə böyük təcrübə verdi,
ağlıma gəlməzdi ki, bu işin arxasınca gedəm.
Prodüser kimi kadr arxasında olmaq mənim üçün
problem deyil. Kadr arxasında xoşbəxtəm və nələrsə
yaratmağa çalışıram. Öz işlərimi
ekranda görəndə zövq alıram, bütün
yorğunluğum keçir. Mənə deyirlər, niyə
öz layihələrində çox çəkilməmisən?
Düşünürəm ki, iki işi yarımçıq
görməkdənsə, bir işi bütöv görüm.
Onsuz da aktrisa kimi məni tanıyırlar, özümü
sübut etməyə ehtiyac yoxdur. Ona görə qoy
prodüser kimi istədiklərimi həyata keçirim.
- Kişilərin üstünlük təşkil etdiyi
bu sahədə hansı maneələrlə
rastlaşmısınız?
- Bu sahədə kişi olmaq çox rahatdır. Setdə
əksəriyyət kişidir və onların ünsiyyəti
daha rahatdır. Qadın faktoru cəmiyyətə görə
bir az çətinliklər yaradır. Düzdür, mən
işlədiyim setdə komanda üzvləri o hörməti
saxlayırlar. Prodüser işi elədir ki, sən bir işə
başladınsa, onu sona kimi bitirməlisən. Bu yolda müxtəlif
mərhələlərdən keçirsən və müxtəlif
xasiyyətli insanlarla qarşılaşırsan. O fərqli
insanları razı salmaq, inandırmaq və digər məsələlər
çətinlik yaradır. Bəzən qadın
yumşaqlığım mənə kömək edir, amma bəzən
çətinlik yaradır, birmənalı olaraq sərt olmaq
lazımdır.
- Prodüser kimi ilk işiniz olan "Simurq"dan
danışaq bir az...
- Bir gün aktrisa kimi bir çəkilişdən
çıxmışdım. Ağır şəraitdə
işləyirdik deyə çox yorğun olurdum. Komandaya
işin ağırlığından şikayət elədim.
Mən gürcülərlə, ukraynalılarla da işləmişdim,
orada şərait başqa idi, setdə aktrisa olduğunu hiss
edirdin. Amma burada mən bunu hiss edə bilmirdim, deyirdim mən
film çəksəm, belə edərdim, elə edərdim,
bunu etməzdim. Bunları deyəndən sonra mənə serial
çəkməyi təklif etdilər. "Simurq"
serialının hekayəsini danışdılar. Hekayə
baş obraz Elşən Əsgərin üzərində
yazılmışdı. Beləcə, prodüser kimi ilk
işim - "Simurq" serialı yarandı.
- Serialların gedişatına qatqılarınız
olurmu? Hansısa məqamlarda müdaxilə etməyi ehtiyac
duyursunuzmu?
- Ümumiyyətlə, kino çəkilişi,
yaradıcılıq prosesi komanda işidir, komandadan biri pisdirsə,
digəri yaxşı olduğu halda, pisin işinə görə
yaxşının da işi gedir. Son nəticə hər zaman
prodüserin seçimi olur. Kimsə nəyisə məsləhət
görə bilər, amma bir fikri prodüser pis hesab edirsə,
sözsüz ki, o, olmayacaq. Heç kəsin işinə
qarışmamaq şərti ilə mən də həmişə
öz fikrimi bildirirəm. Çünki operatorun işini ondan
daha yaxşı bilə bilmərəm. Bir fikir irəli
sürürəm və onlar da ya hə deyir, ya da yox. "Vətəndaş
A" serialında Almaz obrazının paltarları mənim
işimdir, rənglərinə xüsusi yanaşmışam,
beynimdə bir eskiz çəkmişdim ki, müəllimə
belə olmalıdır. İlk səhnədə də
görürsünüz ki, baş obraz Almaz rayona şalvarla gəlir,
amma kənddə müəllimə kimi geyinir. Çünki kənddə
şalvar geyinən qadına yaxşı münasibət bəslənmir.
Bayaq dediyim kimi, son nəticəni prodüser müəyyən
edir, amma bu, əsas müəlliflərlə razılaşma
yolu ilə baş tutur. Yəni komanda istəyirsə ki, iş
yaxşı olsun, bir-birləri ilə razılaşmaları
mütləqdir.
- "Vətəndaş A" serialından
danışmışkən, necə oldu ki, bu qədər səs-küyə
səbəb olacaq serial ərsəyə gətirmək qərarına
gəldiniz? Çəkiliş zamanı setdə problemlər
yaşanırdımı?
- Biz "Simurq" seriallarını işləyərkən
bir istək var idi ki, bir klassik əsərimiz əsasında
bir serial olsun. Düşündük və ssenari müəllifi
Cəfər Cabbarlının "Almaz" əsərini təklif
elədi. Orada həm təhsil məsələsinə, həm
cəmiyyətdəki problemlərə toxunulur. Hansı ki 90
il ərzində bu problemlərin 50 faizi hələ də həll
olumayıb. İctimai TV bizi çox dəstəklədi və
mən hər zaman deyirəm ki, mənə inandıqlarına
görə onlara həmişə minnətdaram. Çünki
digər televiziya kanalları sponsorla işləmir, bu qədər
dəstək vermirlər. Setdəki problem məsələsinə
gəldiksə isə deyə bilərəm ki, problemsiz set
yoxdur, əsas odur ki, bunlar yaradıcı,
yaradıcılıq üzərində qurulan problemlər
olsun. Bu, yaxşı bir şeydir. Hər kəs yaxşı
iş ərsəyə gətirmək üçün
çalışanda mübahisələr yaranır. Amma bizim
setdə elə böyük bir problem olmadı. Düzdür,
yorğunluq olurdu, əziyyət çəkirdik. Bilirsiniz, mənim
üçün setdə hər kəs eynidir, baş
prodüserdən tutmuş çay gətirən qadına
kimi. Çünki o çayı gətirən olmasa, biz susuz
qalarıq. Buna görə mən deyirəm ki, əgər biz
uğurlu iş ərsəyə gətimişiksə, bu,
hamımızın uğurudur. Problem kimsə özünü
setdəkilərdən ayıranda yaranır.
- Maliyyə baxımından necə, problem olmadı
ki?
- Yaxşı iş görmək istəyirsənsə,
sözsüz ki, maliyyə problemin olacaq. Biz serialın çəkilişlərinə
başlamazdan öncə məkan olaraq Daşkəsən
rayonunun Bayan kəndini düşünməmişdik.
Çünki Bakıdan çox uzaq idi və hər kəs
Bakıda yaşayırdı. Bayan kəndi daha uyğun oldu deyə
oranı seçdik və Gəncədə qalmaq qərarına
gəldik. Hər gün ordan Daşkəsənə gedib-gəlirdik.
Təsəvvür edin, bunun qalmağına və gediş-gəlişinə
pul su kimi gedirdi. Prodüserlər məni daha yaxşı
başa düşərlər. Hər hansı hadisə
baş verəndə, yağış yağanda, işıqda
problem olanda nə qədər pul gedirdi. Ona görə deyə
bilərəm ki, maliyyə problemləri oldu. Amma prodüserin
işi odur ki, maliyyə çatışmazlığına
baxmayaraq, işləri tamamlasın, yarımçıq
qoymasın. Mən də serialın uğurlu olması
üçün əlimdən gələn hər şeyi
etdim.
- Bəs tamaşaçılar necə reaksiya verirlər
seriala? Tənqid edənlər çoxdurmu?
- Tənqid edənlər 2-3 faiz təşkil edir və
bu da normaldır. Çünki elə bir iş yoxdur ki, onu
hamı bəyənsin. Zövqlər, düşüncələr,
yanaşmalar fərqlidir. Tənqid edən həmin insanlar
öz həyatlarında dəyişiklik istəməyən
insanlardır. Serial hələ hazırlanma mərhələsində
olanda məndə bir əminlik duyğusu var idi ki, bu,
yaxşı iş olacaq. Buna görə İctimai TV-yə həmişə
minnətdaram olacağam, çünki onlar da buna
inanırdılar. Mən istəyirdim ki, serial cəmiyyətdə
qadınlara olan münasibəti də dəyişsin.
Görsünlər ki, qadın nələrə qadirdir.
Müsbət reaksiyalardan görürəm ki, deyəsən,
bunu bacara bilmişəm.
- "Bura sənin üçün Xoşqədəmin,
Zaurun verilişi deyil". Serialdakı bu hissə bir növ
izləyicilərin ürəyindən tikan
çıxartdı. Zaur Baxşəliyev də bunu cavabsız
qoymadı...
- Əslində Zaur Baxşəliyevin həmin hissəyə
qarşılıq verməsi mənə bir prodüser kimi
çox xoş oldu. Deməli, lazımlı yerlərə
mesajımız çatıb (gülümsəyir). Əslində,
o hissə atmaca məqsədilə deyilməmişdi. Həmin
verilişlərin formatına əsasən elə
deyilmişdi. İki şagird dərs vaxtı ailə
münasibətlərinə görə dalaşır və
baş obraz Almaz da o ifadəni işlədir. Çünki həmin
verilişlər ailə münasibətləri üzərində
qurulub.
- Müəllifi olduğunuz layihələrin fərqli,
daha diqqətçəkən olması üçün daha
çox nələrə üstünlük verirsiniz?
- İlk növbədə ssenari, daha sonra keyfiyyət,
rəng çalarları və aktyor heyəti.
- Bir az da aktrisalıq fəaliyyətinizdən
danışaq. İmtina etdiyiniz ssenarilər olubmu?
- Hə, olub. Ad çəkmək istəmirəm, amma
iki-üç ssenari vardı ki, hər biri sonradan
tanınmış film oldu. Sırf bir epizoda görə mən
razılaşmadım.
- Açıq-saçıq səhnələrə
görə?
- Hə, mənə uyğun gəlmədi və
razılaşmadım.
- Ümumiyyətlə, ssenarilərdə daha çox
nəyə önəm verirsiniz, diqqətinizi daha çox nələr
çəkir?
- Prodüser olaraq "Vətəndaş A"
serialında insanın daha yaxşı yaşayış
üçün mübarizəsi, "Simurq" serialında
gözəl sevgi hekayəsi, soyuqqanlı bir qızın yenidən
sevə bilməsi mənə çox maraqlı gəldi.
Aktrisa kimi isə onu deyə bilərəm ki, bu günə
kimi hələ ürəyimcə olan rolda oynaya bilməmişəm.
Ola bilsin ki, nə vaxtsa istədiyim obrazı özüm
yaradaram, bir ssenari yazaram (gülür).
- Heç yazmağı
düşünmüsünüzmü?
- Yox, düşünməmişəm, ssenari yazmaq
çətin işdir, ağlımda hər hansı fikir,
ideya ola bilər, təklif kimi irəli sürə bilərəm,
amma yaza bilmərəm.
- Aktyor seçiminə xüsusi diqqət edən
rejissor Vaqif Mustafayev necə oldu ki, sizi öz filminə dəvət
etdi?
- Vaqif müəllim məni çağırdı və
dedi ki, səni filmə çəkmək istəyirəm. Amma
qısa və konkret rus qadını obrazını
canlandıracaqsan. Dedim necə edim bunu, dedi bilmirəm, get
neynirsən elə, mən səni çəkmək istəyirəm.
O an həqiqətən çox qürurlandım. Nəsə
etməyə çalışdım, amma daha çox tatarlara
oxşadım (gülür). Şərq qadınıyam, nə
qədər saçımı dəyişsəm də,
makiyaj etsəm də, gözləri dəyişmək olmur.
Amma Vaqif müəllim dedi ki, sən mənə istədiyim
obrazı verdin. Onunla işlədiyimə görə çox
xoşbəxtəm. Aktrisa istəyir ki, işlədiyi film sənət
olsun, yadda qalsın və illər öncə
tanıdığı, əsl sənətkar
sandığı insanlarla eyni çəkiliş meydanında
olsun.
- Həm prodüser, həm də aktrisa kimi Azərbaycan
kino sahəsində qadın olmağın hansı çətin
tərəfləri var?
- Bu, əsrlərdən gələn bir şeydir,
qadın olmaq həmişə daha çətin olub. O həm
ailəsinə baxıb, həm də zaman keçdikcə
işləməyə məcbur olub. Qadınlar daha çox məsuliyyət
hissi ilə yaşayırlar. Hər bir peşənin də
özünə görə çətinliyi var, sadəcə
prodüser işi səndən daha çox enerji tələb
edir deyə Azərbaycan qadınları üçün bu bir
az daha çətindir. Düşünürəm ki, başqa
cəmiyyətdə yaşayan qadınlar üçün bu
daha rahatdır. Prodüser işi elədir ki, saatın da fərqi
yoxdur, bəzən on beş saat, bəzən iyirmi saat işləyirsən,
bu baxımdan da bir qadın kimi əziyyət çəkirsən.
Amma Allah vergisidir, nədir, bilmirəm, bütün əziyyətlər
keçib gedir. Adətən mənə deyirlər ki,
üç uşağa necə baxırsan? Deyirəm,
başqa variantım yoxdur axı, mühitə
uyğunlaşmaq lazımdır. Aktrisa kimi də deyə bilərəm
ki, cəmiyyətin qınağı olmasa, çətin
heç nə olmaz. Dünyada aktyorlar, aktrisalar var ki, istədiyi
kinolara, filmlərə çəkilirlər, mükafat
alırlar, heç kəs də demir ki, bu nə roldur
oynamısan. Amma bizdə bu vəziyyət əfsuslar ki, tez-tez
yaşanır. Qadın sevə bilməz, sevilə bilməz,
belə rolda oynaya bilməz, ancaq çərçivə
içində olmalıdır. Nəticədə isə
qadın olmaq gözəldir, qadın yaradır, qadın
gözəllik qatır. Xasiyyəti bərk qadın heç
bir kişidən zəif deyil.
Ləman İLKİN
525-ci qəzet .- 2024.- 30 noyabr(№220).-S.18;19.