"Dədə Qorqud"u bilmək!
Xalq yazıçısı Kamal Abdullanın İistanbuldakı
mühazirəsi haqqında
Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin
rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla
İstanbulda yerləşən Mərmərə Universitetində
"Dədə Qorqud" dastanı barədə mühazirə
oxuyub. Bu barədə yığcam təəssüratını
"525-ci qəzet"lə bölüşən
yazıçı qeyd edib ki, auditoriya mühazirəni maraqla
qarşılayıb:
"Mərmərə Universitetinin rəsmi
professoruyam. Oradakı ilk mühazirəmə bir sıra rəsmilər,
universitet rəhbərliyi, müəllimlər, tələbələr,
"Dədə Qorqud" pərəstişkarları
toplaşmışdı. Mühazirə belə
adlanırdı: "Aşkar və gizli "Dədə
Qorqud".
Bu mövzunun üzərində çoxdan işləyirdim.
"Kitabi-Dədə Qorqud" mətninin dərin və
gizlin qatlarında baş verən proseslərə diqqət
yetirmişəm. Mövzu "Dədə Qorqud" mətninin
aşkar, yəni bizə məlum olan qatında
özünü göstərən bəzi sualların
cavabı kimi də qələmə verilə bilər. "Dədə
Qorqud" dastanlarının süjet dolanbaclarını,
personajlarını, müxtəlif məqamlarını daha dərindən
və bütöv şəkildə öyrənmək
üçün biz onun gizli qatlarına mütləq nüfuz
etməliyik. Gizli qatlar bizə "Dədə Qorqud"un bir
çox sirrini göstərəcək. Bu mənada, "Dədə
Qorqud"un gizli qatı Mərmərə Universitetində
mühazirənin dinləyiciləri tərəfindən maraqla
qarşılandı və bu barədə məlumat Türkiyənin
müxtəlif mətbuat orqanlarında yayımlandı.
Bu mühazirəni təşkil edən hər kəsə
- rektor Mustafa müəllimə, dekan Sebahet xanıma, həmyerlimiz,
dünya şöhrətli alim Məsud Əfəndiyevə,
Türkiyə Dil və Sistem Fondunun müdiri Burak Ekeyə,
eyni zamanda, tədbirdə iştirak edən müxbir və
yazarlara dərin təşəkkürümü bildirirəm".
lll
Kamal Abdullanın məruzəsi və ümumiyyətlə,
bu görüş barədə Türkiyənin məşhur
"Yeni çağ" qəzetində Coşqun
Çokyiğitin "Dədə Qorqud"u bilmək!"
adlı yazısının Azərbaycan dilinə
uyğunlaşdırılmış variantını təqdim
edirik.
Coşqun ÇOKYİĞİT,
"Yeni çağ" qəzeti, Türkiyə
Ötən gün dostum, professor Hayati Durmaz "Səni
çox əlamətdar tədbirə aparmağımı istəyirsən?"
sualını verəndə bir köşə yazısı
üçün masa arxasına keçmişdim. Həmin
köşənin mövzusu qala gecəsinə dəvət
aldığım "Paranoya" filmi və bəzi aktual xəbərlər
barədə fikirlərim idi. Həyati xocadan hara gedəcəyimizi,
tədbirin mövzusunun nə olduğunu soruşdum. "Dədə
Qorqud" - deyə cavab verdi. Tərəddüdsüz qəbul
etdim və Mərmərə Universitetinə yola
düşdük.
Dədə Qorqud ismini hər birimiz eşitmişik.
Çoxumuz onun dastanvari hekayələrini oxumuş və ya
televiziyalardan seyr etmişik. Buna görə də, "Dədə
Qorqud" deyiləndə hamı onu bildiyini zənn edir.
Əslində, insan oğlunun ən çox
yanıldığı məqamlardan biri "bilmədiyini bilməməsidir".
Məsələn, bir şəhərdə doğulub,
böyüyüb, yaşayıb, o şəhərə kənardan
gələn "maarifləndirmək həddi" yüksək
olan bir şəxsin sezdiklərini görmədiyimizi və ya
görsək belə, idrak səviyyəsinə
çıxartmadığımızı onu dinləyəndə
anlayırıq. Baxın, "Dədə Qoqud" haqqında
da çoxumuzun "bildiklərimiz" belədir və Türk
ədəbiyyatının, tarixinin ən vacib dastanının
minlərlə illik dərin keçmişi barədə
çox az qismimizin məlumatı var.
Mən "Dədə Qorqud" dastanının qələmə
alındığı əsrlərdə deyil, daha əvvəlki
dövrlərdən başlayaraq türk millətinin həyatına
dair izlər daşıdığını professor Turan Yazqan
xocadan öyrənmişəm. Ötən gün öyrəndim
ki, Turan müəllim "Dədə Qorqud"
dastanının ən böyük tədqiqatçılarından
olan Kamal Abdullanın yaxın dostu imiş.
Kamal Abdulla ötən gün Mərmərə
Universitetinin Ədəbiyyat zalında əhatəli, bol məlumatlı,
üfüq açan bir məruzə ilə
çıxış etdi. Mövzunun başlığı
"Gizli və aşkar "Dədə Qorqud" idi. Mərmərə
Universitetinin "İnsan və cəmiyyət elmləri"
fakültəsinin dekanı professor Sebahat Dənizin giriş
nitqinin ardınca Kamal Abdulla dastanların yaşandığı
və qələmə alındığı zamanlar
arasındakı fərqdən ətraflı şəkildə
bəhs etdi. Bu barədə Turan xocadan da eşitmişdim.
Çox güman ki, Kamal bəylə Turan xoca arasında da bu
mövzu barədə geniş fikir mübadilələri
aparılıb.
Kamal bəy çıxışında sovet vaxtı,
xüsusilə, Stalin hakimiyyəti dövründə "Dədə
Qorqud"la bağlı tədqiqatların qadağan
olunduğunu, bu mövzu ilə maraqlanan şəxslərin
edam edildiyini və ya Sibirə sürüldüyünü,
dastan barədə qadağaların 1950-ci illərdə
qüvvədən düşdüyünü vurğuladı.
Onun bu sözləri mənə xatırlatdı ki,
bütün Türk dünyasındakı
türkçü-turançı aydınlar təqibə məruz
qalıblar (Bunu "Güllələnən Türkologiya"
kitabında professsor Ahmet Buran xoca da yazıb), Türk birliyi
çərçivəsində görülən işlər
içində ən çox mədəniyyət birliyi naminə
fəaliyyət göstərən elm, ədəbiyyat və sənət
adamları təqib olunublar.
Kamal Abdullanın şərəfinə təşkil
edilmiş yeməkdə isə, akademik səviyyədə
olmasa da, bəşəri əlaqələr kontekstində
çox dərin, insanın ruhuna toxunan xatirələrdən
bəhs edildi. Milli müdafiə nazirinin müavini Şuayip
Alpay, Milli Müdafiə Universitetinin rektoru, professor Erhan
Afyoncu, İstanbul Universitetinin Hüquq fakültəsinin
dekanı, professor Fethi Gedikli, sabiq mədəniyyət və
turizm naziri Erkan Mumcu, "Dədə Qorqud" və Azərbaycan
ədəbiyyatı ilə bağlı könüllü
araşdırma aparan, Kamal Abdullanın ailə dostu Yasemin Bayer
və ailəsi, Azərbaycan və Türkiyə vətəndaşı
olub ailəsinin xatirələrini kinematoqrafik bir üslubla
sözə çevirən Mehdi Gəncəli ilə Kamal
müəllimin əsərlərini almancaya çevirən
Orxan Aras, Turan Yazqanın tələbələrindən olan
Berç Şirinoğlu da orada idi.
Dədə Qorqud, Çingiz Aytmatov, Fuat
Köprülü, Ahmet Kabaklı, Bəxtiyar Vahabzadə kimi
isimlər ətrafında gedən söhbətlər əsl məcrasına
gələrək Kamal Abdullanın əsərləri, "Dədə
Qorqud" dastanı haqqında "Gizli və aşkar Dədə
Qorqud" adlı məruzəsi, "Qeyri-səlis məntiq"lə
bağlı fikirlərlə yekunlaşdı.
Demək lazımdır ki, istər universitetdəki tədbirdə,
istərsə də Kamal Abdulla üçün təşkil
edilən xüsusi dəvətdə ev sahibi, idarəçi və
yoldaş kimi xidmət edən hüquqşünas doktor Burak
Ekenin səyləri bizə o anları unudulmaz bir ahənglə
yaddaşımıza həkk etməyə imkan verdi. Təbrik
edirəm.