ZƏFƏR
MƏŞQİ
Milləti millət edən ortaq dəyərlərin hər
biri xalqın bütün sıra nəfərləri
üçün müştərək sayılan amal, qədri
bilinməli milli sərvət, uğrunda mübarizə
aparılası hədəflərdir. Milləti qovuşduran
belə körpülərimiz nə qədər çox və
güclü olarsa, xalq və yurd içəridən o qədər
bütöv, o qədər mütəşəkkil, o qədər
qüdrətli olar.
2005-ci ildə bu millətin bütün
övladları üçün ortaq sərvətlər cərgəsində
duran dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan
olmasının 120 illiyi münasibətilə nəcib bir ənənənin
əsası qoyuldu. Bakıda, Beynəlxalq Muğam Mərkəzində
sonralar mütəmadiləşəcək, bir çox yeni nəsil
qabiliyyətli ifaçıların ortaya çıxmasına
səbəb olacaq "Televiziya Muğam müsabiqələri"nin
ilki işə başladı.
Dünyanın dörd bucağına səpilmiş,
sayı altmış milyona çatan azərbaycanlılarımız
Yer üzünün müxtəlif saat qurşaqlarında
yaşayır. Amerika və Kanadada ömür sürənləri
də var, Avstraliyada yaşayanları da, Asiyada və Afrikada
ömür sürənləri də.
Muğam müsabiqələri adətən televiziyada
axşam saatlarında nümayiş olunur, gecə
saatlarınadək davam edirdi. Hansısa ölkələrdə
bu göstərilmələr gündüzə, insanların
iş-güclə məşğul olduğu saatlara təsadüf
edirdi, haralardasa gecənin lap dərin saatlarına, yuxunun
şirin vaxtına düşürdü. Ancaq saatının
gec, ya tez olmasına fikir vermədən, gənc və canayatan
Azərbaycan xanəndələrinin oxularının davam etdiyi
saatlarda dünya boyunca soydaşlarımız ellikcə
televiziya ekranları qarşısında olurdular. Bunu mənə
bir çoxları özləri deyib, amma yaxın-uzaq xarici
şəhərlərdən birbaşa zəng vuraraq canlı
yayıma qoşulanlar, təəssüratlarını
bölüşənlər az deyil.
Həmin saatlarda minillərlə yaşı olan
muğamlarımız, ölməz şairlərimizin
muğamlara qovuşan qocalmaz sözləri millətimizi hər
kəsin görüb şahid olduğu bir gözəllikdə
birləşdirir, eyni ovqata kökləyirdi. Buna sevinməmək,
bununla öyünməmək mümkünsüz idi.
2020-ci ilin son sentyabr günlərində, oktyabr boyunca,
noyabrın ilk ongünlüyündə yenə dünyanın
beş qitəsindəki azərbaycanlıların həyəcanlı
diqqəti Bakıdan gələn xəbərlərə zillənmişdi.
44 gün davam edərək Azərbaycanın Böyük Zəfəri
ilə başa çatacaq İkinci Qarabağ müharibəsi,
torpaqlarımızın düşmən tapdağından azad
edilməsi eşqi millətimizi bəlkə də
bütün tarixində olduğundan daha artıq mütəşəkkil,
daha çox həmdüşüncə və həmürək
etmiş, dəmir bir yumruğa çevirmişdi.
Xoşbəxtik və bir xalq kimi məhz həm də
bu səbəbdən güclüyük, tarixin çox
sınaqlarından buna görə üzüağ
çıxmağa müvəffəq olmuşuq ki, zaman-zaman
bizi yekdil edən belə dəyərlər və rəmzlər
həmişə var olub və az da olmayıb.
Kimin ağlına gələrdi ki, elə bir gün gələcək,
kəlmə də kəsmədən, sadəcə, meydanda top
qovan milli futbol komandası xalqın vəhdətinə xidmət
edən ən vacib amillərdən birinə dönəcək?!
Elə dövr yetişdi ki, Güneyin məşhur futbol
komandası "Traktorsazi"nin təməlinin qoyulduğu
1960-cı illərin sonlarından bəri bir neçə dəfə
dəyişdirilmiş adına Vətənin də adı
qoşuldu və 2019-cu il iyunun 22-dən etibarən "Azərbaycan
Traktor Klubu" çağırılmağa başlandı.
Bu futbol komandamızı Millətinki edən,
otaylı-butaylı bütün Azərbaycanınkı kimi
tanınıb təsdiqlənmək haqqını
qazanmağına səbəb olan yalnız məharətli
oyunu deyil, ilk növbədə xalqın ruhunun ifadəçisinə
çevrilməyə nail olmasıdır.
Bizlərdə, XX yüzilin
üçüncü-dördüncü onilliyinədək, nə
traktor anlayışı olub, nə də dilimizdə belə
bir söz işlənib. Əslində, elə traktor
özü də dünyanın cavan istehsallarındandır.
İlklərini XIX yüzilin sonlarında düzəldiblər,
kütləvi buraxılışları XX əsrin əvvəllərindən
başlayıb. İnsanların ona ehtiyacı artdıqca
dünyada traktorların miqdarı da çoxalmağa
başlayıb. "Traktor" bir qədim latın
sözü idi ki, mənası "dartıcı"dır.
Traktor yalnız ağır yükləri dartıb
aparmırdı, zahirən ləng təsir
bağışlayan, ancaq göründüyündən qat-qat
yeyin sürətlə insanları tərəqqinin yeni
üfüqlərinə doğru çəkirdi.
Bu da bir ayrı tarixdir - Quzey Azərbaycanda 1930-40-50-ci
illərdə uşaqlarına Traktor, Kombayn adı qoyan ailələr
də varmış. Söz yox, bu, avamlıqdan yox, bəlkə
insanların içərisində yeni günə
uyğunlaşmaq şövqündən, traktorun, kombaynın
gəlişiylə təsərrüfat həyatına ayrı
bir rövnəq verməsinə sadədil məftunluqdan
doğurdu.
Haçansa traktorun buxarla işləyən ilk sadəsindən
bugünkülərədək ömrünü əks etdirən
bir araşdırma aparılıb kitab yazılarsa, gərək
orada bizim "Tıraxtur"a da səhifələr həsr
edilə.
Çünki "Tıraxtur" möcüzəsi fəlsəfəsi
etibarı ilə yalnız Azərbaycan hadisəsi deyil, dərindən
düşünülürsə və daha nəhəng
müstəvidə götürülürsə, əks-sədası
sonralar hələ daha qabarıq duyulacaq, ənənəyə
çevrilməli qüvvətli milli xarakter təzahürüdür.
Azərbaycanın səs və ahəng ülgülərinə
görə "traktor" dilimizə yatmayan sözdür.
Lakin yüzillər və minillər boyu Qərbdən bizə
o qədər belə sözlər gəlib ki, el-oba onları
öz deyiş tərzinə uyğunlaşdırıb, dilinin
gücü çatdığı qədər türkləşdirib.
Beləcə, latıncanın "traktor"u çevrilib
türkün "tıraxtur"una. Ancaq vaxtilə bu kluba rəsmiyyətdəki
adına müvafiq olaraq camaat "Tıraxtursazi" də
deyirdi.
Fəqət buradakı "saz" da farscadakı
"saxtən" - düzəltmək feilinin kökündən
daha artıq adama dədə-baba musiqi alətimiz saz kimi gəlir.
Çünki "Tıraxtur" əslində Təbrizçün,
Güneyçün, elə bu millətdən ötrü
xalqın içərisinin səsi olan telli və mindilli
SAZdır!
Dünyanın müxtəlif ölkələrində
futbol vurğunları müxtəlif cür adlanır.
İtalyan dilində kəlmə də bilməyən insana
"tiffozi" sözünü desən, anlayacaq ki, söhbət
futbol aşiqindən gedir. Braziliyada futbol azarkeşlərinə
torsida deyirlər, Uruqvay və Argentinada inçada, Danimarkada,
Bolqarıstanda, Xorvatiyada, Fransada ventilator, özbəklərdə,
taciklərdə müxlis, hollandlarda və bosniyalılarda
ultras... çoxdur, dünya boyu hamısını yazsan, elə
ayrıca bir lüğət kitabı alınar. Ulduzlu fəzanın
dərinliklərindən baxanda gendən elə futbol topuna
oxşayan Yer Kürəsində azarkeşlərə aid edilən
ən geniş yayılan deyişlərdən biri
"fan", "fanat"dır.
Bu sözlərin əksərindən futbol səriştəli
Təbrizdə, Güneydə yaxşı xəbərdardılar,
ancaq ən sadiq təbrizli futbol azarkeşlərinin bunların
heç birinə bənzəməyən məxsusi adı da
var: "TT" - T-nin biri Təbrizdir, digəri
"Tıraxtur".
1960-cı illərin sonlarına doğru İranın
həm iqtisadi, həm mədəni həyatında özünəməxsus
intibah dövrüdür. Neft gəlirləri artır, ölkə
zənginləşir və sənayeləşmə istiqamətində
də əhəmiyyətli addımlar atılır. Təbii
ki, inkişaf Təbrizdən də yan keçmir. O dövrdə
Təbrizin Qaraməlik məhəlləsinin də bəxti gətirir
ki (bu məqamda zavodun hisini-tüstüsünü, ətraf
mühitə vura biləcəyi ziyanı bir qırağa
qoyaraq, dolanışığını əsasən xırda
ticarət, xalçaçılıq və belə-belə ənənəvi
məşğuliyyətlərlə yola verən əhali
üçün birdən-birə yaranan o qədər iş
yerini düşünürəm), burada iki böyük zavod
tikilir. Çexoslovakiyayla iş birliyində
maşınqayırma, Rumıniya ilə əməkdaşlıqla
traktordüzəltmə zavodlarının inşa edilməsiylə
hər birinin nəzdində də bir futbol komandası
yaradılır. Biri "Maşın", digəri
"Tıraxtur". Başlanğıcda guya zavod əməkçilərinin
sağlamlığına və iş keyfiyyətinin
artmasına kömək göstərəcəyi məqsədilə
təsis edilmiş hər iki klub ildən-ilə püxtələşir,
təbrizlilərin sevimlisi və iftixarına çevrilir.
Əvvəllər Təbrizin "Azər" və
"Simurq" kimi iki güclü futbol komandası olmuşdu.
Ancaq "Tıraxtur" bir simurq quşu qüdrətiylə
elə möhtəşəm uçuşlara başladı
ki, "Azər" sözü də, "Azərbaycan" kəlməsi
də "Tıraxtur" əzmkarlığından əlavə
bir cilvə alaraq daha artıq parladı.
Təyinatına görə əsasən müəssisənin
həvəskar komandası kimi yaranmış
"Tıraxtur" klubu (xeyli müddət bu komandanın
oyunçuları, məşqçiləri həm də
"Traktorsazi" zavodunun işçiləri idilər və
onlara yalnız müəyyən saatlarda birbaşa
çalışmalarından ayrılaraq futbolla məşğul
olmaq icazəsi verilirdi) bir TRAKTOR olmaqdan daha əvvəl
bütöv əməkçi xalqın sevdalarını
qanadına alıb böyük məqsədlərə
doğru uçuran TƏYYARƏYƏ döndü!
"Tıraxtur"u bu gün Güneydə hər kəs
özününkü, doğması bilir. Cəmiyyətin
bütün təbəqələri üçün
"Tıraxtur" rəmzdir. Fəlsəfəsi etibarilə
vahid rəmz - istiqlalın, daxili azadlığın, müstəqilliyin,
öz iradəsinin şəriksiz sahibi olmağın, elin,
dilin simgəsi; amma "Tıraxtur" həm də bu
anlayışların hər birini təcəssüm etdirən
bir-birindən sevimli rəmzlər silsiləsidir. O,
kiminçünsə urmiyalı Zərdüştdür,
kiminçünsə Urmiya gölünün özü.
Kiminçünsə Savalandır, kiminçünsə həsrətli
gözləri Heydərbabaya dikilmiş Şəhriyar.
Kiminçünsə Babək qalasıdır,
kiminçünsə mərd Babəkin özü.
Kiminçünsə Çənlibeldir, kiminçünsə
qoç Koroğlu. Kiminçünsə Səttarxandır,
kiminçünsə Xiyabani. Kiminçünsə Pişəvəridir,
kiminçünsə Firudin İbrahimi. Kiminçünsə
millətin xoşbəxt dəqiqələrini nişan verəcək
Təbrizdəki Qüllə saatıdır, kiminçünsə
o sahillə bu sahili birləşdirən Xudafərin
körpüsü. Kiminçünsə Səməd Behrəngidir,
kiminçünsə Həbib Sahir; alim də, avam da, tacir də,
şair də, zərgər də, dülgər də onun məftunudur.
Uşaq da, böyük də, qadın da, kişi də onu
çılğın məhəbbətlə sevir.
İstisnasız olaraq aşağı-yuxarı hamının
sevdiyi, yaxud ən azı biganə olmadığı yeganə
nəsnə puldur. Ancaq camaat pulunu verib bilet alır,
"Tıraxtur"un görüşünə can atır.
Onu görən də heyrandır, görməyən də
uzaqdan-uzağa valehdir. Bizim millətin tarixində belə
hüdudsuz sevgiyə nail olmuş ikinci varlığı mən
tanımıram. Kimsə qımıldanarsa ki, yox,
tanıyır, deyər, amma göstərə bilməz.
Çünki "Tıraxtur" müstəsna bir millət
hadisəsidir, fövqəladə bir Azərbaycan fenomenidir ki,
bənzəri indiyədək olmayıb. "Tıraxtur"
millətin ən fərqli təbəqələrindən olan ən
müxtəlif insanların bütün amal və diləklərini
ürəyində, zehnində qovuşduraraq cisimləşdirdiyi
bir vətən yavrusudur. Köhnə şairlərin
sözü ilə desək, dərin millət sevdasının
təcəllasıdır.
"Tıraxtur" indinin "Tıraxtur"u deyil və
millət könlünün güzgüsünə
çevrilmək üçün XX əsrin 40-cı illərindən
bu günə uzun və sınaqlı yol keçərək gəlib.
Yəni ürəkləri fəth etməkdə
"Tıraxtur" elə futbolun özü ilə müqayisə
oluna bilər. İngiltərədə futbolun 1865-ci ildə
doğumunun rəsmiləşdirilməsindən də sən
deyən çox böyük zaman keçməyib. Futbola qədər
də dünyanın dörd bucağında oyunlar vardı,
futboldan sonra da nə qədər yeniləri yaranıb. Ancaq
futbolca ümumbəşəri olmağı heç biri
bacarmayıb. Baxmayaraq ki, həmin oyunlar arasında şahmat
kimi lap qədim tarixi olanlar da az deyil. Onillər ərzində
"Tıraxtur"un məşqçiləri,
qapıçıları, müdafiəçiləri,
hücumçuları, oyun tərzi dəyişib, ancaq mahiyyəti
sabit qalıb. İl-il, addım-addım bu komanda millət
ruhunun əsl ifadəçisi ola bilmək zirvəsinə
doğru irəliləyib.
Yaşlı nəslin adamları bugünün
"Tıraxtur"nu sevərək onun dünənini və
dünənindəkiləri də xiffətlə anırlar.
Əslində onlar "Tıraxtur"u düşünüb
öz cavanlıqlarından ötrü qəribsəyirlər.
Necə ki, indi "Tıraxtur"u izləyən hər azərbaycanlı
futbol azarkeşi onu seyr edərək əslində yurdu, milləti
görür.
İdmanın amansız və yetərincə boz
üzü də var. Sənə erkən yaşlarında
ölçüyəgəlməz şöhrət, ad-san da gətirir,
amma gəncliyinin gülü solunca səndən qəddarca
üz də döndərir. Nə qədər oynayacaqsan ki?!
Lap 30-40 yaşınadək meydandan getmə. Əvvəl-axır
yaş sözünü deyir axı. Ən ağır olan da
elə sonrasıdır. Bir vaxtlar futbol meydanlarında başgicəlləndirici
fəndlə dörd-beş rəqibini arxada qoyub sərrast zərbə
ilə uzaqdan topu qapının yuxarı çatının ən
qapıçı əliçatmaz küncünə göndərən
hücumçu ilə günlərin birində dünənin
heyran tamaşaçısı artıq qocalmış,
ovurdları batmış, dişləri
tökülmüş, indi çörəkpulunu taksi
sürücülüyü ilə çıxaran, ailəsini
bunca ağır zəhmətlə dolandıran miskin ixtiyar
qiyafəsində qarşılaşanda köhnə kumirini belə
görüb mat qalan sabiq azarkeş yaddaşındakı
ötkəm surətlə bu aciz çöhrəni necə
eyniləşdirəydi, həm də vaxtın belə
insafsızlığını görüncə qəlbi necə
ağrımayaydı?! Axı qəhrəmanını
tanımışdı, əmindi ki, qarşısındakı
məhz həmin adamdır.
Bir vaxtlar surəti təbrizli qızların incə
ilmələri ilə xalçalaşan ayağı
qızıl "Tıraxtur"çunun indi güzəran
sıxıntılarına möhtaclığını görəndə
köhnə illərin futbol azarkeşi necə
vaysınmayaydı?!
O anlarda özü də artıq yaşa dolmuş
keçmiş azarkeş bu futbolçu ilə bərabər,
həm də ömrü boyu itirdiklərinə, layiq olub
çatmadıqlarına yanırdı...
Milli simgəyə dönmüş
"Tıraxtur"un və tıraxturçuların bir məziyyəti
də müxtəlif görsənişləri ilə hər
soydaşa həm də öz taleyini, öz ömürnaməsini,
öz istəklərini göstərən aynaya dönmək
özünəməxsusluğudur.
1970-ci illərdə də "Tıraxtur"
İranda tanınırdı. Ancaq sevimliliyi və şöhrəti
elə Təbriz boydaydı. Heç Azərbaycanın digər
şəhərlərində onu İranın güclü
komandalarından biri kimi qəbul etmirdilər və sonrakı
ümumxalq məhəbbəti də hələ xeyli
uzaqdaydı. Amma 2000-ci illər gəldi, əsr dəyişdi,
yeni minillik asta-asta yaşa dolmağa başladı və
"Tıraxtur" da zamanın gedişiylə
yavaş-yavaş başını daha dik tutmağa
başladı. Bir vaxtlar bütün iranlıların
gözü Tehranda idisə, "Tac" şəriksiz birinci
idisə, "Tıraxtur"un onu diksindirəcəyi illər
də yetişdi.
...İki komanda meydanda üz-üzə dayanır.
Qaydadır - biri udar, biri uduzar, hətta elə
heç-heçələr var ki, onlar da ya udmaq, ya uduzmaq əlamətidir.
"Tıraxtur" paytaxtda "Tac"ı udanda
qalib oyunçular şadlanardılar ki, xal qazandıq, vəzifəmizi
yerinə yetirdik, yarış cədvəlində bir pillə
də qalxdıq. Lakin bu uduşa Təbrizin, Güneyin sevinməsi
başqa miqyasda, başqa dadda idi, bu sevinmənin boyaları da,
o boyaların çalarları da hədsiz idi. Hər qələbə
artıq 11 oyunçunun uğuru, sadəcə
"Tıraxtır"un "Tac"ı aparması kimi yox,
elə Təbrizin, Güneyin rəqibə qalib gəlməsi təki
qavranılırdı. Bu isə yalnız qürur məsələsi
deyildi, fəxrdən daha hündürə qalxan bir hiss,
"buna nail ola biliriksə, bundan artığına müvəffəq
olmağımız da xəyal deyil" inamını oyadan təkan
idi.
...Ortaq acılar, müştərək dərdlər
insanları sevincdən daha çox
yaxınlaşdırır. Hayan olmaq nəcibliyi,
hamının yaşadığı sıxıntılara
çarə qılmaqçün vasitəyə dönmək
səyləri həmişə hörmət, istək
qazandırır.
Qaradağ mahalında zəlzələ qopur.
Müdhiş dağıntılara və çoxsaylı faciəli
itkilərə Mərkəz biganə qalanda, fəryadları
eşitməyəndə "Tıraxtur" növbəti
oyununa çıxırdı, stadiondakı insan dənizi dalğalanırdı
və buradan ucalan nidalar elə qüvvətli olurdu ki,
onları ən uzaqdakı kar qulaqlar da hökmən
eşidirdi; Tükmənsəhranı sel, daşqın çənginə
alırdı, evlər yıxırdı, canlar alırdı,
bir gecənin içində dünənəcən rahat həyat
yaşamış neçə ailə bədbəxtə
çevrilirdi, "Tıraxtur" turnir cədvəlindəki
növbəti yarışını başlayırdı,
stadion yenə uğuldayırdı, yardıma səsləyirdi,
oyun bitənəcən yüzlərlə, minlərlə insan
fəlakətə uğramışlara dəstək göstərməkçün
səfərbər olurdu; duzlaşan, quruyan, göz
qabağında diri-diri ölən Urmu gölünə əl
uzatmalı olanlar laqeyd qalanda, bu boyda müsibəti görməzliyə
vuranda, belə etinasızlıq aylarla, illərlə uzananda
"Tıraxtur" yenə meydanda idi, oyun ardınca oyun gəlirdi,
hər növbəti yarışda Urmunun xilasına
çağırışlar stadionu lərzəyə gətirirdi.
Üzdən baxanda "Tıraxtur" neyləyirdi
ki?! Hakim fitini çalırdı, oyun adi qaydasında
başlanırdı, futbolçular həmişəki işlərini
görürdülər. Stadionu qaynadan o sözləri nə
"Tıraxtur"un məşqçiləri deyirdi, nə
oyunçuları. Amma bütün bu
çağırışları əslində həm də
onlar edirdilər. O sözlər, o
çağırışlar "Tıraxtur"la birləşdiyindən
təsir gücü birə-min artırdı.
"Tıraxtur" tədricən ümummilli müstəviyə,
millətin səsini çatmalı olduğu ünvanlara yetirən
rupora - səsucaldanların ən güclüsünə
döndü, millət diləklərini ən açılmaz
qapıları açaraq, ən aşılmaz divarları
keçərək hədəfinə səmtləndirən
qasid oldu.
..."Tıraxtur" İran, Güney gerçəkliyinə
yeni şüar mədəniyyəti gətirdi. Elə
şüarlar ki, onları görməmək, eşitməmək
mümkünsüzdü. Çünki bu şüarlar hər
görüşünə onminləri toplayan
"Tıraxtur"un fırtınalı dərya kimi
aşıb-daşan insan dalğaları ilə
yayılırdı. Minlərlə insan oyunun düz 15-ci dəqiqəsində
bir ağızdan səslənirdi və səslənməkdədir:
"Türk dilində mədrəsə olmalıdır hər
kəsə!"
Niyə 10-cu, 20-ci, 30-cu dəqiqədə deyil, məhz
15-ci dəqiqədə? Çünki "Tıraxtur"
ruhunun ifadəçisi olan və o şüarı vəcdlə
dilə gərirən on minlərlə insan yaxşı bilirdi
ki, sabah hansısa kəmsavad, siyasətdəndayaz məmurlar,
onların qısqırtdıqları qəzetçilər
başlayacaqlar şər atmağa, iftiralar yaymağa ki, burada
araqarışdırıcılıq var, İrana zərər
vurmaq cəhdi görünür, bölücülük,
irqçilik və neçə cür bu təhər qondarma
yarlıqlar. Öz ana dilində oxuyub-yazmaq haqqını isə
İrandakı hər xalqa ölkənin Əsas Qanunu -
Konstitusiya elə 15-ci maddəsində boyun olub.
Gəlir çatır oyunun 25-ci dəqiqəsi. Olur
ki, bəzən düz həmin dəqiqədə
"Tıraxtur" qol vurur, hərdən də olur ki, o saniyələrdə
meydanda əmin-amanlıqdır, qol havası heç hiss
edilmir. Amma 25-ci dəqiqədə bütün azarkeşlər
qalxır ayağa, 30-40 min adamın səsi eyni sözləri
elə qənirsiz gurluqla deyir, sanki eyni anda yüz qol vurulub:
"Azərbaycan qızları, göylərin
ulduzları".
Niyə 25-ci dəqiqə?
Bu da bir özgə işarədir. 1325-ci il azər
ayının 21-də (miladi təqvimlə 1946-cı il
dekabrın 12-də) Təbriz bütün tarixinin ən ali
bayramını yaşayırdı. Milli hökumət
qurulmuşdu, Güney Azərbaycanın və bütöv millətin
taleyində büsbütün yeni bir səhifə
açılırdı və xalqın hökumətinin ilk qərarlarından
biri bu idi: qadınlara azad seçib-seçilmək hüququ
verirdi.
O gün ki "Tıraxtur" oynayır, stadion
çevrilib olur Azərbaycan meydanı. Matç boyu onminlərin
dilində dilimizin ən şirin sözü "Azərbaycan"
yeni-yeni şüarlara qarışaraq ən möhtəşəm
millət azanı kimi dönə-dönə ucalır: "Azərbaycan
diyarımız, "Tıraxtur" iftixarımız",
"Sən çağırsan gələrəm mən, Ucal,
can Azərbaycan! Eybi yoxdur, ölərəm mən! Sən
yaşa, Azərbaycan!"
Onminlərlə insanı vəcdə gətirərək
millət andı kimi səslənən bu misraları elə
himn sayaq oxumağa sövq edən eşq, meydandakı hər
bir "Tıraxtur"lunu da ilhamla doldurub kükrədir, oyun
gedişindəcə dünyanın ən təsirli və ən
yasaqedilməz dopinqini verərək
onları yorulmazlaşdırır, "Haydı, qalib ol!
Arxanda dağ var!" inamı ilə qələbəyə
aparır.
Onminlərlə insanın təmənnasız sevgisi
ilə yoğrulmuş harayı tribunalardan ucalaraq sənə
bu tapşırığı verirsə, necə şirə
dönməyəsən, necə qapı torlarını
yırtıb keçəcək qüvvətlə qollar
vurmayasan?!
"Yel yatar, tufan yatar,
Yatmaz "Tıraxtur" bayrağı.
Vur qolları, cır torları,
Azərbaycanın qartalı!"
...Dünyanın əksər ölkələrinin məşhur
klubları kimi, "Tıraxtur"da yadelli oyunçular
"bəs" deyincədir. Ancaq bunun "Tıraxtur"un
milliyyətinə qətiyyən dəxli yoxdur.
"Tıraxtur" sırf milli komandadır, Azərbaycan
komandasıdır, türk komandasıdır. Bütün
varlığı ilə təpədən-dırnağadək
özümüzünküdür. Azərbaycan kimliyinin, vətənçi
mənliyin bariz timsalıdır. Hansı məmləkətdən
gəlməsindən, hansı millətə mənsubluğundan
asılı olmayaraq, "Tıraxtur"da oynayanların
hamısı azərbaycanlıdır. "Tıraxtur" ona
qoşulanı özündə əridib bizimki edə biləndir
dənizə qovuşan çay onun özlüyünü dəyişə
bilmədiyi qədər!
Artıq 20 ildən çoxdur ki,
"Tıraxtur"un oyunçularını idarə edən əsas
qüvvə "Tıraxtur" qeyrətidir. Bunu
"Tıraxtur" haqqında oxuduqlarıma,
yaxından-uzaqdan eşitdiklərimə əsasən
yazmıram. 2016-cı ildə Təbrizdə idim. O hoteldə
ki biz qalırdıq, "Tıraxtur" da orada yerləşmişdi
və sabah oyunları vardı. O vaxt Azərbaycan
Respublikası Dini İşlər üzrə Dövlət
Komitəsinin sədri Mübariz Qurbanlı ilə birlikdə
idik. Orada Təbrizdəki bir sərginin
açılışına gəlmişdik. Mübariz müəllim
axşam çay süfrəsi arxasında
"Tıraxtur"un oyunçularına "Sabah qalib gəlsəniz,
bütün komandaya yaxşı qonaqlıq verəcəyəm",
- vədini etdi.
Uşaqlarla söhbət edirdik. Müxtəlif səfər
sərgüzəştlərindən, oyun macəralarından
bəhs edirdilər. Soruşdum ki, "şöhrətin
yükü sizə ağırlıq eləmir?" Cavanlardan
ikisi eyni anda mənə təəccüblü nəzərlərlə
baxdılar, deyəsən, ürəklərini oxumuşdum.
"Ağırlıq eləmir nədir, nəfəsimizi
kəsir", - dedilər. Əlavə də etdilər ki, bu,
namus yükü kimidir. Bizə insanlar o qədər inanır,
ümid bəsləyir ki, bu inamı qırmağı
günah sayırıq. Bu məsuliyyəti daşımaq
çox çətindir. Nail olduqlarımızın əlli
faizi ustalığa bağlıdırsa, qalan yarısı da həmin
məsuliyyətin, qəlbimizdəki izahı olmayan qeyrət
öhdəliyinin hesabınadır.
"Tıraxtur"un kənardan gələni
özündə həll edib bizlərdən birinə
çevirməsinin örnəyi rumın Vasili Qocadır ki, əvvəlcə
İrana traktorqayırma zavoduna müqavilə əsasında
bir texniki mütəxəssis kimi gəlibmiş. Gəlir,
ezamiyyət müddəti bitir, Buxarestə qayıdır, orada
futbolçuluq edir, müdafiədə oynayır və idman
karyerasını bitirəndən ikicə il sonra artıq Təbrizə
məşqçi kimi qayıdır. Gəlməyinə gəlmişdi,
amma bir əli elə Buxarestdə qalırdı -
maaşını da buradan yox, Rumıniyadan alırmış
- oranın və buranın traktor zavodları arasında
bağlaşmaya uyğun olaraq Vasilinin məvacibi oradan ödənilirmiş.
Qısa müddət ərzində təbrizlilərlə
qaynayıb-qarışır, elə həddəcən ki,
"Tıraxtur"çular ona artıq "Vasili əmi"
deyə müraciət edirdilər. Türkcəni də,
farscanı da elə mənimsəyibmiş ki, daha onun
oyunçularla əlaqə qurması üçün vasitəçiyə
ehtiyacı yoxmuş, söz "çətənəsi"
dolu olduğundan düşündüyünü asudəcə
anlada bilirmiş. 1990-cı illərdə, Vasilinin məşqçilik
yolunun başlanğıcında onu yaxından izləmiş,
həmsöhbəti olmuş, indi İranın idman jurnalistikasındakı
ən mötəbər imza sabiblərindən sayılan və
bu sahənin "Sədi Şirazisi" adlandırılan
Əfşar İbrahim etiraf edir ki, onu "Tıraxtur"un məşq
otağında futbolçularla təmasda görərkən rəqib
komandanı necə incə peşəkarlıqla
"oxuyaraq" oyunçulara anlatmasından daha çox
Vasilinin "lüğət ehtiyatının zənginliyinə
təəccüblənmişdim".
1990-cı illərdə onun yetişdirdiyi gənclər
"Tıraxtur"un sonrakı yüksəlişlərində
də sözünü deyir.
Gur saçlı, eşmə bığlı Vasili
Qoca elə gendən də təbrizliyə bənzəyirmiş.
Vətəninə qayıdandan sonra da təbrizli azarkeşlər
onu uzun müddət ehtiramla yad edirmiş.
Ömrünü İranda müasir idman
jurnalistikasının quruculuğuna həsr etmiş, bu yolda
minnətdarlıqla xatırlanmalı xidmətləri olan və
artıq yaşı yetmişi keçmiş Zəncan əsilli
yazar İbrahim Əfşar (1952) onillərcə sevimli
komandası haqqında çox yazıb və onun son illərdə
bu klubdan söz açarkən bir qədər nostalji
qarışıq həzinliklə "Tıraxtur"un banilərini,
ötən əsrin 70-80-ci illərində parlamış
ulduzlarını anaraq onların unudulmasından əndişələnməsini
yaxşı anlayıram, pərişan düşüncələrinin
alt qatındakı işarələri də gözəlcə
tuturam.
Bu duyğuların Quzey Azərbaycandakı insanlara
öz yaşadıqları mühitdən tanış olan
keçmişi var. Burada vaxtilə Sovetlər
İttifaqının tərkibində olan Azərbaycanın məşhur
"Neftçi"si vardı. SSRİ qapalı bir rejim idi, nəsil-nəsil
insanı siyasi repressiyalar girdabına ürcah edərək
milyonların həyatına qəsd etmiş, insanları
gözüqıpıq, diliqısa olmağa öyrətmiş,
verilmiş icazələr cızığından kənara
çıxa biləcək fikirlərini içərilərindəcə
çürütmək vərdişlərinə
alışdırmışdı. Ancaq "Neftçi"nin
oynadığı 40 min tamaşaçı tutan respublika
stadionu o məkan idi ki, orada danışıqlarda da,
davranışlarda da, qışqırıqlarda da nisbi də
olsa sərbəstlik vardı. Oradakı tribunalarda sən bir
rus komandası ilə oynayan "Neftçi"ni nə qədər
alqışlasan, obirinin ünvanına ən ağır
sözləri də bağırsan, bir kimsə səni antirus,
antimərkəz siyasəti yürütməkdə, təxribatçılıqda
ittiham etməyəcəkdi, bakılılar Ermənistanın
"Ararat"ı ilə oynayarkən erməninin
ünvanına başqa yerdə dilinə gətirməyə
çəkindiyin və ürəyini deşən hansısa
sözləri lap sənin kimi bir dəstə başqası ilə
bərabər ən gur səslə qışqıraraq desən
də, səni millətçilikdə ittiham edərək elə
həmin gecə, ya sabahısı gün məhşər
ayağına çəkən olmayacaqdı. Futbol
çarpışması cərəyan edən stadion yasaqlar cəngəlliyindəki
bir ürəkboşaltma adası idi.
Məgər "Tıraxtur"lu oyunlardakı
güneyli qardaşlarımız eyni hissləri
yaşamayıblarmı, yaşamırlarmı?
O şüarları ki "Tıraxtur" oynayanda
hayqırırlar, yazıb başları üzərində
dalğalandırırlar, eynisini bir küçədə,
meydanda etsəydilər, təbii ki, cəza alardılar.
Quzey Azərbaycandakı köhnə nəsil futbolsevərlər
Ələkbər Məmmədovu, Əhməd Ələsgərovu,
Yaşar və Adil Babayevləri, Kazbek Tuayevi, Anatoli
Banişevskini... heç vaxt unutmurlar. Yalnız vaxtilə
insanlara gözəl oyunları ilə zövq
bağışladıqları üçün yox, həm də
qızğın yarışlar əsnasında onlara ürəklərindən
tikan çıxaracaq sözləri ucadan söyləyib
içərilərindən asılan daşlardan azad olmaq
fürsətini bəxş etdiklərinə görə. Bu o
imkan idi ki, könüllərdəki azadlıq eşqini iki
daşın arasında da qoruyub saxlayır, sönməyə
qoymurdu, daha bəxtiyar sabahlara müqəddimələr
hazırlayırdı. Bu gün istiqlal qoynundayıqsa, bu səadətdə
o unudulmazların da payı var. Məhz belə nazik mətləbləri
göz önündə tutaraq "Tıraxtur"un tarixinin həm
də azad düşüncənin keçdiyi böyük
yolun mərhələləri kimi qəbul edən İbrahim
Əfşar rica edir: UNUTMAYAQ! Bugünün
"Tıraxtur"çularını tanıyın, sevin,
amma artıq ötən əsrdə qalmış onillərdəki
parlaqları - Səməd Pursəmədi, İsmayıl
Haşimi, Böyükağa Səbbağı, Hesam
Gülzarı, Həmid Əllafı, Yaqub Əbazərini, Rza
Füruğini, Səməd Rəsulini, Rəhman Qərqişi,
Seyid Əfsəhini, Rəhim Məhnəmanı, Mir Məcidi,
Əzən Xəlili, Məcid Suzənini, Sədiq Əhmədini,
Məşədi Hüseyni... yaddan çıxarmayın.
Çünki "Tıraxtur"un tarixi bu klubun hekayəti
olmaqdan savayı, vətənçi duyğuların, milli iradənin,
xalq sözünün ucadan eşidilə bilmək
gücünün son yarım əsrdən artıq təlatümlü
bir zaman parçasında qət etdiyi yoldur. Elə bir yol ki,
enişləri də olub, yoxuşları da. Fərəhləri
də olub, acıları da. Premyer Liqadan aşağı
yendiyi də olub, toparlanaraq yenidən yüksəldiyi də.
Güneyin, Təbrizin son 80 ildəki yoluna baxın və o
yolla "Tıraxtur"un yolunu tutuşdurun. Çox bənzərliklər
görəcək, çox kəsişmə nöqtələri
tapacaqsınız.
Sovet dönəmində 1960-cı illərdə
Bakının "Neftçi"si yüksək liqada
çıxış edəndə və uğurlar qazananda
Sumqayıtın aşağı "B" qrupunda oynayan
"Polad" komandası vardı. Unudulmaz gülüş
ustası, özü də bərk futbol azarkeşi olan Bəşir
Səfəroğlu belə bir zarafatlı səhnəcik
göstərirdi: guya televizorda gedən maraqlı futbol
matçını izləyir, birisi maraqlanır ki, oynayanlar
kimdir? Bəşirin cavabı dərhal gülüş
oyadır. Deyir ki, Sumqayıtın "Polad"ı
Braziliyanın yığma komandası ilə
qarşılaşır. Nabələd adam indi o köhnə
kinolentdə həmin səhnəni görər, baxanların
niyə o sözə ürəkdən
güldüyünün səbəbini başa düşməz.
Gülüş doğuran o iki komanda arasında,
keçmişin qoca təbrizliləri demiş, zəmini-asiman
fərq idi.
Amma gün yetişdi ki, Azərbaycanın - Ağdam
şəhərinin "Qarabağ" klubu Çempionlar
Liqasında çıxış etdi, dünyanın
yaşıl meydanlarında hünərlər göstərdi, ən
məşhur dünya futbol komandalarını ard-arda məğlubiyyətə
uğratdı, avrokubok yarışmalarında pley-off mərhələsinə
yüksəldi.
Gün çatdı ki, "Tıraxtur"u artıq
yaşı 125 olmuş və dünyanın bir nömrəli
klubları cərgəsindəki ən üstünlərdən
olan "Barselona" ilə müqayisə etdilər. Bu bənzətməni
kimsə 1970-ci illərdə söyləsəydi, eşidənlər
qımışardı. Ancaq bu gün deyilir və heç kəs
bunu məzələnmək hesab etmir, onları aralarında
yer-göy təfavütü olan saymır.
"Qarabağ" Avropa meydanlarında futbol
şücaətləri göstərəndə Azərbaycan
torpaqlarının beşdəbiri, o sıradan bu klubun şəhəri
Ağdam erməniliyin işğalı altında idi,
böyük Zəfərimiz hələ qarşıda idi.
"Qarabağ" Avropa şəhərlərinin
adı dillər əzbəri stadionlarında qələbələrini
çalırdı, bunları bütün dünya
görürdü, bütün azərbaycanlılar sevinirdi,
sayı bir milyonu ötən işğal zərərdidələrimiz
- qaçqınlarımız, köçkünlərimiz
sevincdən qəhərlənərək televiziya
ekranlarını qucaqlayırdılar.
Bu qələbələr inandırırdı,
ümidləndirirdi ki, bütün millətin
azruladığı Möhtəşəm Zəfər də
uzaqlarda deyil.
Və həmin əzizdən-əziz gün gəldi,
Azərbaycan Qarabağ savaşında ZƏFƏRini
çaldı.
Əlbəttə, bu Zəfərin ilk müəllifi
siyasəti, zəkası, əzmi ilə Azərbaycan dövlətinin
başçısı və cəsur Milli Ordumuzdu. Ancaq bu Millət
Təntənəsinə gələn yolda zəngləri ilk
çalan əldə etdiyi qələbələri ilə
"Qarabağ" olmuşdu.
"Tıraxtur" da meydanlardadır,
"Tıraxtur" da qələbələr
çalmaqdadır, qarşıdan da sabahlar gülümsəməkdədir.
Hücuma keç, üstünlüyü al ələ,
Rəqiblərin meydanını dar elə.
Qalibiyyət inamı yay hər kəsə,
Təbrizimlə, Güneyimlə səs-səsə!
Dərsini ver səni zəif bilənin,
Hərdən sənə üstdən baxıb gülənin.
Hamı görsün sən bir yatmış aslansan,
Coşduğunda sən gur selsən, vulkansan!
İrəli qoş, sıranı yar, qol vur, qol,
Milyonlarla qollar qalxsın, fateh ol!
Atdığın top bütün xalqı oyadır,
Sən millətə ruh verənsən,
"Tıraxtur"!
Xalqın sənə daim arxa olubdur,
Elə güvən, sən də xalqa arxa dur.
Sən bu xalqın əzmi, eşqi,
"Tıraxtur",
Sən millətin zəfər məşqi
"Tıraxtur"!
"Tıraxtur" millətin sevimli nəğməsi
kimidir. Artıq onun haqqında silsilə şeirlər də
yazılıb, nəğmələr də qoşulub, gələcəkdə
yenilərinin olacağına da şəkk yoxdur. Quzeyin də
Güneyə, ortaq sevimlimiz "Tıraxtur"a bir ərməğanı
olsun deyə bir şeiri də mən yazdım, görkəmli
bəstəkarımız Faiq Sücəddinovsa, yubatmadan bu
şeiri nəğmələşdirdi.
Musiqiçi ilə
idmançı bir-birinə o məqamda çox bənzərdir
ki, nə qədər peşəkar olur-olsun, gərək o da,
bu da daim məşq edə. Hər yeni məşq səni təzə
uğura, arzusunda olduğun ümdə nəticəyə daha
bir addım yaxınlaşdırır.
Müasir dünya futbolunun "qızıl
ayaqlılar"ından olan braziliyalı Neymarın (1992)
söyləyişidir ki, futbol qələbələr və məğlubiyyətlərdən
ibarətdir. Əsas odur ki, çətinliklərdən
çəkinərək dayanmayasan".
Gücümüzün, qətiyyətimizin, iradəmizin
nişanəsi "Tıraxtur"in nə dayanmaq, nə qələbələrdən
doymaq fikri var.
"Tıraxtur" elə bir traktor əzmi ilə məşqlərini
edir, yaşıl meydanlara çıxır, milləti sevindirən
qələbələrini qazanır.
Hər yeni çıxışı, hər yeni qələbəsi
ilə ona vurğun Təbrizi də, Güneyi də,
bütün milləti də ülvi məqsədlər naminə
yeni məşqlərə səfərbər edir.
Usanılmaz Qələbə Məşqlərindən
keçən yolunsa gələcək bir məsud gündə
Böyük Zəfərə çatacağı
labüddür!
24 noyabr 2024.
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 30 noyabr(№220).-S.14-15.