"Ürəyimdəki tikanı
aktyor kimi çıxarıram"
Aktyor Rəşad Səfərov: "Türkiyə
seriallarında rol alanların çoxu modellərdir. Bizim
aktyorlarımız onlardan qat-qat üstündür"
Müsahibimiz Gənc Tamaşaçılar
Teatrının aktyoru Rəşad Səfərovdur
- Üstündən illər keçib, ancaq sizin
adınız çəkiləndə ilk
xatırladığım "Yanmış körpülər"dəki
müstəntiq olur. Bilirəm ki, o dövrdə çəkmək
də çətin idi, çəkilmək də.
Maraqlıdır, bütün çətinliklərin
qarşısında sizin əsas motivasiyanız nə idi?
- Sevgi. Başqa nə ola bilərdi ki? O dövrdə
seriallarda oynamaq çox çətin idi. Təsəvvür
edin, serialları bir kamera ilə çəkirdilər. Bir səhnəni
neçə rakursda oynayırdıq. İndi səni
iki-üç kamera ilə çəkirlər.
"Yanmış körpülər"in dövründə
həm maliyyə baxımından problemlər vardı, həm
də seriala düşmək çətin idi. Ancaq biz yenə
də çəkilirdik. Özümü bəxtəvər
sayıram ki, ölkədə seriala çəkilən
beş aktyor varsa, onun biri mənəm. Bu cəhətdən
heç vaxt çətinliyim olmayıb.
- Gəlin nəzərə alaq ki, burada
istedadınızla yanaşı, zahiri görkəminizin də
rolu olub.
- Mən indi də yaraşıqlıyam
(gülür). Aktyora sənət də vacibdir,
görünüş də. Elə aktyor var ki, çox
yaraşıqlıdır, ancaq içi boşdur. Pərdə
açılır, bir neçə dəqiqə
yaraşığına baxırlar, sonra görürlər ki,
oyunu alınmır. Məsələn, Türkiyə
seriallarına baxın, rol alanların çoxu modellərdir.
Bizim aktyorlarımız onlardan qat-qat üstündür.
- Hətta?
- Əlbəttə. Artıq bizim seriallarımız
Türkiyənin serialları ilə ayaqlaşa bilər. Sadəcə
onlarda müasir texnikalar var. Bizim aktyorlar qılınc oynadıb
at belində filmə çəkiliblər. Köhnə
kinolara baxanda hər şey məlum olur. Bizim aktyor məktəbimiz
olub.
- Bəs bu gün necə? Sizcə, film, serial sektorunda
mövcud vəziyyət qənaətbəxşdirmi?
- Əlbəttə. Çox yox, on beş il qabaqla
müqayisədə xeyli inkişaf var. Əvvəllər filmlər
gec-gec çəkilirdi. Birindən pul alanda o birindən ala
bilmirdik. Sizə bir hadisə danışım. Deməli,
çəkilişdən öncə bizə dedilər ki,
filmi çəkək verək efirə, bəyənsələr,
ikinci hissəni çəkərik. Onda sizin pulunuzu verəcəyik.
İş elə gətirdi ki, nə serial bəyənildi, nə
də bizim pulumuzu verən oldu. Söhbət yaxın
keçmişdən gedir. Həmin dövr idi ki, əlinə
kamera alan başlayırdı serial çəkməyə.
Ancaq indi kimsə səni dəvət edəndə onun
gördüyü işlərə, çəkdiyi filmlərə
baxırsan. Bir sözlə, indi seçim etmək imkanı
var. Əvvəl bu imkanımız yox idi. Hardansa dəvət gələndə
sevinirdin ki, səni filmə çəkəcəklər.
- Bəs seriallarla bağlı tez-tez səslənən
bayağılıq ittihamı?
- Əlbəttə ki, bu da var. Ancaq keyfiyyətli
işlərin də sayı artır. Bu gün elə seriallarımız
var ki, özüm çəkilməsəm belə, izləyirəm.
- Məsələn?
- Məsələn, "Xəyanət" serialı.
Bilirsiniz, əsas olan hekayədir. Ssenari yaxşıdırsa, hər
şey yoluna düşəcək. Burada boşluq olanda, nə
etsən də, xeyri yoxdur.
- Son dövrlərdə sizi seriallarda görmürük.
- Mən ötən mövsüm serialda
oynayırdım. Düşünürəm ki, bir müddət
sifət dincəlməlidir. Yoxsa ki, bir serialdan çıx,
get o birinə... Müəyyən müddət sima
unudulmalıdır ki, başqa serialda səni maraqla
qarşılasınlar.
- Bəs sifət dincələndə aktyor nə ilə
dolanmalıdır?
- Biz təkcə serialla dolanmırıq axı.
Aktyorlar başqa filmlərə, tədbirlərə də
gedirlər. Allaha şükür, teatrdan da maaş
alırıq.
- Teatrda işləriniz necə gedir?
- Çox yaxşı. Teatrımızın direktoru
Naidə xanım İsmayılzadə çox kübar, teatr
bilikləri zəngin insandır. Həmişə gənclərə,
ümumilikdə kollektivə qarşı çox həssas və
qayğıkeş yanaşır. Bu da təbii ki, şəxsən
yaradıcı insan kimi mənə stimul verir. Biz nə qədər
desək də ki, aktyoruq, rolu biz yaradırıq, ancaq etiraf etməliyik
ki, səmərəli fəaliyyət üçün rəhbərliyin
qayğısı, xoş münasibəti çox vacibdir.
Kollektivimiz olduqca mehribandır. Bu yaxınlarda Xalq artisti Cənnət
Səlimovanın quruluşunda "Qaraca qız"
tamaşasını təhvil verdik. Orada "Oruc" rolunda
çıxış edirəm. Mənim xasiyyətimin tam əksi
bir obrazdır. Sərt, çılğın, qorxulu bir
insanı oynayıram.
- Teatr fəaliyyətinizdən danışarkən həmişə
"Mən, sən, o və telefon"dakı "Seymur"
obrazını xüsusilə fərqləndirirsiniz. Nədir
bu bağlılığın sirri?
- Söhbət açılmışkən, deyim ki,
hazırda Anarın sözügedən əsərinin motivləri
əsasında mono tamaşa hazırlamaq istəyirik. Niyyətimiz
"Mədinə"nin həyatda olmadığı
dövrü canlandırmaqdır. O əsər elə bir əsərdir
ki, aktyoru hekayəsi oynadır. Mən o rola o qədər
bağlanmışdım ki... (fikrə gedir). Deməli, o
tamaşanın final səhnəsində Seymur Mədinəyə
deyir ki, "Mən səni sevirəm, səninlə ailə
qurmaq istəyirəm". O da "Sus" deyib gedir. Ancaq həmişə
o səhnəni oynayanda hiss edirdim ki, bu cavab nəsə
yaxşı səslənmir. Həmin ərəfədə
parkda gəzərkən təsadüfən gördüm ki,
qızla oğlan qucaqlaşıb bir-birinin qulağına nəsə
deyirlər. Bu səhnə məni təsirləndirdi.
Tamaşanı oynayanda Mədinə obrazını
canlandıran aktrisaya əvvəlcədən dedim ki, bu dəfə
sənə bir sürprizim olacaq. Tamaşa zamanı Mədinə
"Sus" deyəndə onu özümə çəkib
öpdüm. Bunu eləyəndə zal qalxdı ayağa. Dedilər
ki, bunu birinci tamaşada etmək lazım idi.
- Deyəsən, qızı öpməyə bəhanə
lazım imiş...
- Əlbəttə ki, müəyyən çərçivədən
çıxmamaq şərtilə bu kimi addımlar atmaq olar.
Bilirsiniz, hər tamaşa özünəməxsus yanaşma tələb
edir, bütün rolları eyni oynamaq olmur axı. Məsələn,
bizim uşaqlar üçün "Şirinlər"
tamaşamız var. Orada mən "Şirin baba" rolunu ifa
edirəm. Həmin obrazı hər dəfə başqa cür
oynayıram.
- Heç şirinliyiniz yoxdur ancaq, çox zəhmli
adamsınız.
- Hə (gülümsəyir). Məni əvvəlcədən
tanımayan dostlarım deyir ki, kənardan heç kimi saymayan,
özündən razı görünürsən, ancaq
tanıyandan sonra məlum olur ki, çox kövrək adamsan.
Həqiqətən də beləyəm. İnanın, mən
kiminsə qəlbini sındıranda həmin gecəni yata
bilmirəm. Gözləyirəm ki, səhər
açılsın, onun könlünü alım.
- Deməli, görkəminiz aldadır. Həm də təkcə
dostlarınızı yox, rejissorları da. Nədənsə
sizi çox vaxt mənfi obrazda görürük.
- Əslində, əvvəllər daha çox
müsbət rollarda çıxış edirdim. İllər
öncə seriallardan birində yenə müsbət rol təklif
etdilər. Bu dəfə dedim ki, mənə ancaq müsbət
obraz verirsiniz, imkan verin mənfi rolda da özümü
sınayım. Necə oldusa, həmin serialdan sonra, ancaq mənfi
obrazlarda oynadım.
Dediyim kimi, mənə görə filmdə əsas
olan hekayədir. Hekayə yoxdursa, uğurlu iş ərsəyə
gətirmək çətin olur. Bu yaxınlarda bir nəfər
zəng edib mənə dedi ki, analoqu olmayan bir serial çəkirəm.
Soruşuram ki, bu analoqu olmayan serialın adı nədir? Deyir,
"Qladiator". Deyirəm qurban sənə, qladiator
vaxtıdır? Bu cür mövzular istəyirsənsə,
öz qəhrəmanlarımızdan çəkək də.
Deyir yox, mən belə istəyirəm. Deyirəm
yaxşı. Söhbət maliyyə məsələsinə gələndə
deyir ki, öz hesabımıza çəkirik, dəstəyinizə
ehtiyacımız var, bizdən pul istəməyin. Deyirəm
pul yoxdursa, nə məcburdur bunu çəkirsiniz. Pul olmayan
yerdə qeyri- peşəkarlıq görünəcək
axı.
- Sizcə, bu, çox kəskin yanaşma deyil?
- Xeyr. Hər kəs öz iş ilə məşğul
olmalıdır. Mən öz peşəmdən
çıxış edərək bunları deyirəm. Bir ara
belə bir tendensiya yayılmışdı. Film çəkilirdi,
baxırdın ki, rejissoru filankəs, aktyoru həmin filankəs,
operator da həmin filankəs. Belə olan halda sən nə
çəkib, nə oynayacaqsan?
- Nə vaxtsa özünüzü rejissor kimi
sınamaq istəmisiniz?
- Yox, istəməmişəm. Bildiyim bir sənət
deyil. Bu yükün altına girib kimlərisə səhnəyə
çıxarıb biabır eləmək istəmirəm. Mən
ürəyimdəki tikanı aktyor kimi çıxarıram.
- Rəşad bəy, tez-tez tələbələrinizin
uğurları haqqında eşidirik. Necə oldu ki, müəllimlik
fəaliyyətinə başlamaq qərarına gəldiniz?
- O vaxt bu, özümü sübut etmək tələbatından
irəli gəlirdi. Sanki özümü təsdiq ehtiyacı
hiss edirdim. Bu niyyətlə də başlamışdım. Hətta
əvvəllər uşaqları pulsuz hazırlayırdım.
Onlar da qəbul xəbərləri ilə məni sevindirirdi.
Bir də ayıldım ki, otuz-qırx tələbəm var.
Onların uğurları məni çox sevindirir. Artıq əksəriyyəti
bu sahədə fəaliyyət göstərir. Teatrda mənimlə
bərabər çalışan tələbəm var. Onlarla
fəxr edirəm.
- Həyat yoldaşınız da aktrisadır.
- Bəli. Bakı Uşaq və Gənclər
Teatrında işləyir.
- Səhv etmirəmsə, xanımınız təzəlikcə
işləməyə başlayıb.
- Hə. Çox əvvəllər mənimlə bir
teatrda çalışırdı. Sadəcə sonra
baxdıq ki, belə olmayacaq. Qucağımızda uşaq
avtobusda teatra gedib-gəlmək alınmırdı. Uşaqlara
görə işdən çıxmağa qərarı verdi.
- Mən elə bilirdim səbəb sizin
qısqanclığınız olub.
- Yox, əsas səbəb bu idi. Qısqanmağa gəldikdə
isə... Bilirsiniz, zamanla insanın düşüncələri
dəyişir. Hadisələrə daha müdrik
yanaşırsan. Yaş keçdikcə bir çox şeyə
başqa cür baxmağa başlayırsan. Məndə də
belə olub.
- Övladlarınız da incəsənətlə məşğul
olur?
- Üç qızım var. Böyük qızım
Aysu İncəsənət Universitetinin televiziya rejissorluğu
fakültəsini bitirib. Ortancıl qızım da dizayner təhsili
alır. Balaca qızım isə doqquzuncu sinifdə oxuyur. O, həkim
olmaq istəyir.
- Artıq 25 ildir ki, sənətdəsiniz. Ancaq hələ
fəxri adınız yoxdur. Bu, sizdə müəyyən qədər
inciklik yaratmır ki?
- Tədbirlərdə, verilişlərdə məni
çox vaxt Əməkdar artist kimi təqdim edirlər. Deyirəm
mən hələ əməkdar deyiləm. Məncə,
yaradıcı insan sadəcə yaradıcılığı
ilə məşğul olmalıdır.
- Yəni heç inciklik yoxdur?
- Nə gizlədim, bir balaca incikliyim var. Ancaq hər
şey göz qabağındadır, ümidvaram bir gün qiymət
veriləcək.
- Çox nikbin adamsınız.
- Qətiyyən ağlaşma qurmaq fikrim yoxdur.
Bilirsiniz, mən çox çətin günlər
görmüşəm. Ən aşağı təbəqədən
gəlirəm. Xüsusilə də, tələbəliyim
çox çətin keçib. 1992-ci ildə atam
Qarabağda yaralanıb gəldi. Ailə
başçısı yataqda olan bir ailənin
dolanışığını siz təsəvvür edin. O
qədər kasıb idik ki, instituta gəlib-getməyə
yolpulum olmurdu. Gündüzlər dərsdə olurdum, gecələr
mühafizəçi işləyirdim. Mən təklikdən
qorxan adamam. Həyat məni elə məcbur etmişdi ki,
böyük bir fabrikdə gecəni tək qalırdım.
Anamın qırmızı corablarını geyinib, dermantin
cırıq ayaqqabını öz əllərimlə tikib dərsə
gedirdim. Bir dəfə qrup yoldaşım İsmayıl
qışda əynimdə yay şalvarı görüb
soruşdu ki, Rəşad sən kasıbsan?
- Elə belə də dedi?
- Bəli, elə belə də soruşdu. Dedim
görmürsən? Sabahı gün evindən mənə bir
şalvar gətirdi. Əgər həmin Rəşad bu gün
yaşaya bilirsə, üç qız böyüdürsə,
heç bir çətinliyi yoxdursa, bu sənətdən necə
gileylənsin?
Aytac SAHƏD
525-ci qəzet .- 2024.- 30 noyabr(№220).-S.12.