Naxçıvandan
dünyaya...
ƏLƏKBƏR MƏMMƏDXANOV NƏSLİNİN
İZİ İLƏ
Adətən illüstrasiyalar mətnin daxilində
verilir. Ənənəni pozub söhbətə XIX əsr Azərbaycan
ədəbiyyatı, ədəbi mühit və təhsil
tarixi ilə maraqlananların çoxunun gördüyü bu
şəkildən başlamaq istərdim.
Ayaq üstdə dayanan Cəlil Məmmədquluzadə,
solda Ələkbər Məmmədxanov, sağda Heydər
Muradhasilov.
Təxminən 140 il əvvəl çəkilən rəngi
solmuş, kənarları didilmiş fotodan bizə üç
yaraşıqlı yeniyetmə baxır. Onlar üç həmyerli,
üç məktəb yoldaşı idilər. 1882-ci ildə
Naxçıvan qəza məktəbini bitirəndən sonra
üçü də Cənubi Qafqazın yeganə pedaqoji təhsil
müəssisəsinə - yerli məktəblər
üçün aşağı sinif müəllimləri
hazırlayan Qori seminariyasına daxil olmuşdu.
Dövrün məsafə anlayışı
baxımından Naxçıvandan çox uzaq görünən
kiçik gürcü şəhərinə gəlib
seminariyanın pansionatında yerləşəndən sonra
günün birində dostlar hələ də XIX əsr
insanına möcüzə kimi görünən foto çəkdirməyə,
bəlkə də qürbətdəki birlik və
dostluqlarını bu yolla yaşatmağa qərar vermişdilər.
Yəqin, yeniyetmələrin gözünə sehrbaz
kimi görünən fotoqrafın tövsiyəsi ilə
hazırlıq sinfinin şagirdi
Cəlil Məmmədquluzadə ortada
dayanmışdı. Ələkbər Məmmədxanov solda,
Heydər Muradhasilov sağda qərar tutmuşdu. Fotoqraflar o
vaxtlar hələ indiki kimi cəld işləməyi, gözlənilməz
rakurslar etməyi bacarmırdılar. Amma istənilən halda
bir neçə dəqiqədən sonra üzlərindən
saflıq və səmimilik yağan üç
naxçıvanlı yeniyetmənin həyatlarının bir
anı əbədiləşmişdi.
Yaxşı ki şəkil aradan keçən onilliklər
ərzində it-bata düşməmişdi. Bəlkə də
bir möcüzə sayəsində günümüzə qədər
gəlib çatmışdı.
İndi də qəhrəmanlarımızı bir qədər
əhatəli təqdim etməyə çalışaq.
Məmləkətimizdə bəlkə də hər
qapını döyən, hər evə girən Mirzə Cəlil
- Molla Nəsrəddin haqqında təbii ki, xüsusi bəhs
açmağa ehtiyac yoxdur. Böyük Füzuli demişkən:
"Rumi ki, dedin, qəziyyə məlum!"
Bəs onilliklərin arxasından bizə boylanan digər
iki yeniyetmə necə? Onlar barəsində hər şeyi
bilirikmi?
Qori məzunu Heydər Muradhasilov həm çarizm
dövründə, həm də sovetləşmədən
sonra Naxçıvanın qəsəbə və kəndlərində
təhsil sahəsində çalışmışdı.
Orta məktəblərdə dərs demişdi. Bölgənin
bacarıqlı, nüfuzlu maarif işçisi kimi
tanınmışdı. Onlarla qabiliyyətli gəncin
yetişməsində zəhməti olmuşdu.
Digər yeniyetmənin - Ələkbər Məmmədxanovun
da tam unudulduğunu iddia etmək düzgün
çıxmazdı. Xüsusilə akademik İsa Həbibbəylinin
Mirzə Cəlilin həyatı, dövrü və mühitindən
bəhs edən elmi-publisist əsərlərində onun
adı dəfələrlə xatırlanır, haqqında
müəyyən məlumatlar verilir.
Məqsəd yeni sənəd və mənbələr
əsasında mövcud bilgiləri tamamlamaq, orta əsrlərdən
üzü bəri ünlü həmyerlilərinin çoxu
kimi ənənəvi Naxçıvani (xaricilərin tələffüzündə
Naxçavani) təxəllüsü ilə tanınan Mirzə
Ələkbərin həyat yolunun, fəaliyyətinin
sonrakı mərhələlərinə işıq
salmaqdır.
lll
Ələkbər Məşədi Hüseyn oğlu Məmmədxanov
(həm də Məmmədxanlı soyadı ilə
tanınır) 1865-ci ildə Naxçıvanın Ordubad
bölgəsində dünyaya göz açmış, 1920-ci
ilin sonuncu günü Bakı yaxınlığındakı
Şüvəlan kəndində vəfat etmişdi. Hətta
XX əsrin başlanğıcı üçün də uzun
ömür sayılmayan 55 illik həyatı ərzində kiçik vətəninin
hüdudundan kənara çıxmağı, dünya
şöhrətli şəxsiyyətlərilə ünsiyyət
və əməkdaşlıq qurub birgə işləməyi
bacarmışdı. Atası, Məşədi Hüseyn xalq
arasında daha çox Babayev soyadı ilə
tanınırdı. Amma görünür, rus məmurlarının
nəsillər arasında qopuqluq yaratmaq məqsədi ilə hər
yeni doğulan körpəyə baba adından soyad düzəltmək
şakəri nəticəsində oğul Məmmədxanov
olmuşdu. İmkanlı, eyni zamanda fərqli düşünməkdən,
kütlədən seçilməkdən qorxmayan şiə
ailəsindən çıxmışdı. Evdə söz,
nüfuz sahibi anası, xalq arasında nədənsə
Palantuman ləqəbi ilə tanınan Məsumə
sayılırdı. Yəni ətrafda baş verən dəyişikliklər
hamıdan çox onu maraqlandırır, qərarları da o qəbul
edirdi.
Ananın ifrat dini axtarışları sonda
bütün nəslin taleyini dəyişdi. Ən çox isə
həssas təbiətli, hər şeydən tez duyğulanan, geniş maraq dairəsi,
zəhmətsevərliyi və biliklərə məhəbbəti
ilə seçilən Ələkbəri öz təsiri
altına aldı.
Dağların arasına sıxılmış
kiçik Ordubad üçün yenilik və dəyişikliklərin
əsas qaynağı Arazın qarşı sahilində yerləşən,
əslində isə Azərbaycanın cənub yarısı
sayılan İran - Qacarlar dövləti idi. Yoxsulluq, ehtiyac
içində çırpınan,
zülm və haqsızlıqdan cana doyan, hər şeydən
əli üzülən binəsib İran kəndliləri
xilas yolunu şiə ideologiyasının xalqa nicat
qapısı kimi tanıtdığı sonuncu imamın -Mehdi
Sahib əz-Zamanın zühurunda görür, yolunu səbirsizliklə gözləyirdilər.
Yüz illər boyu feodal və yarımfeodal Şərq
ölkələrində sosial islahatlar istəyi, cəmiyyətin
dəyişməsi tələbi bir qayda olaraq din pərdəsi
altında meydana çıxmışdı. İran da bu mənada
istisna deyildi. XVIII əsrin sonlarında qısa müddət ərzində
burada və qonşu İraqda geniş yayılan şeyxilik təriqəti
Ordubad, habelə Naxçıvanın digər hissələri
və Zəngəzurda da özünə çoxsaylı
ardıcıllar tapmışdı.
Əslən İraqdan olan Əhməd əl-Əksainin
(təxminən 1750-1827-ci illər) banisi olduğu şeyxilik də
gizli imamın (Mehdi) tezliklə zühur edəcəyi, Yer
üzündə zülmün, ehtiyac və ədalətsizliyin
kökünü kəsəcəyi
inancına əsaslanırdı. Əhməd əl-Əksai
ardıcıllarını həm də Mehdi ilə xalq
arasında körpü olacaq mürşidin - adının mənası
farsca qapı anlamı verən "bab"ın zühur edəcəyi
ilə bağlı müjdələmişdi. Avam kütlə
arasında fövqəlinsanın peyda olması nəticəsində
dünyada ədalət və nizam yaranacağı ideyası
çox populyar idi. Ordubad şeyxilərinə Molla Sadıq
adlı yerli din xadimi rəhbərlik edirdi. Tezliklə onun
Naxçıvan və Zəngəzuru əhatə edən
geniş bölgədəki müridlərinin sayı 10 min nəfəri
keçmişdi. Təbii ki, bu, kifayət qədər
böyük qüvvə idi. Saylarının çoxluğu
onların cəmiyyətdə söz sahibi olmaq istəyini daha
da artırırdı. Nəticədə yaranmış vəziyyət
yerli əhali arasında din axtarıcılarına, şeyxilik
təriqətinin tərəfdarlarına qarşı müəyyən
narazılıq yaradırdı. Naxçıvan və İrəvan
xanlıqlarını bir neçə il öncə öz
torpaqlarına qatmış Rusiya da duruma laqeyd qala bilməzdi.
Xüsusən Şimali Qafqazda dini şüarlarla
başlayıb milli-azadlıq mübarizəsinə çevrilən
müridizm hərəkatı Qafqazın cənubunda sərt qərarlar
almağı qaçılmaz edirdi. Odur ki, tezliklə imperiya
üçün gələcəkdə ciddi təhlükə
mənbəyinə çevriləcək hərəkat
başçısı Molla Sadıq Ordubadi həbs olundu. Bir
müddət sonra isə hərbi məhkəmənin
hökmü ilə Varşavaya uzun müddətli
sürgünə göndərildi.
Bu arada Əhməd əl-Əksaini zühurunu müjdələdiyi
dini lider - özünü "Bab" elan edən
şirazlı Seyid Əli Məhəmməd (1819-1850) ortaya
çıxıb geniş fəaliyyətə başladı.
Və əsasını qoyduğu təlimin sonrakı görkəmli
nümayəndəsi, dünya dinlər tarixində "bəhai
peyğəmbəri" kimi təqdim olunan Bəhaullanın gəlişinə (1817-1892, əsl adı Mirzə
Hüseyn Seyid Nuri idi) "qapı" rolunu oynadı. Mənzərəni
aydınlaşdırmaq üçün bu situasiyada Babı
xristianlıq təlimində İsa Məsihi xaç suyuna
çəkən İoann Krestitellə müqayisə etmək
mümkündür. Çünki əslində o da bir qədər
fərqli formada, lakin mahiyyət etibarı ilə eyni vəzifəni
yerinə yetirmişdi.
Ələkbər Məmmədxanov gənc
yaşlarında.
Molla Sadığın həbsindən sonra Bab və Bəhaullanın
Ordubaddakı tərəfdarlarının
başçısı digər nüfuzlu din xadimi - Seyid
Əbdül Kərim oldu. Bəhaulla "Lövhi-Qafqaz"
("Qafqaz məktubu") adlı müraciətində yeni təlimə
verdiyi mənəvi dəstəyə görə onun fəaliyyətini
yüksək qiymətləndirmişdi. Qacar hakimiyyətinin təriqət
mənsublarını hədəfə alması, Babın ələ
keçirilərək (bəzi məlumatlara görə həbsxanada
təlimindən imtina etmiş və hazırda İran Millət
Məclisi kitabxanasında saxlanan tövbə məktubunu
yazmışdı) 1850-ci ilin iyulunda Təbrizdə edam
olunması Qafqazdakı Rusiya idarəçilərini də sərt
tədbirlərə əl atmağa vadar etdi. Nəticədə
Molla Sadığın ardınca Seyid Əbdül Kərim də
Ordubadda həbs olunub əvvəl Bakıya aparıldı.
Sonra isə Rusiyanın içərilərinə - Smolensk
quberniyasına ömürlük sürgünə göndərildi.
1850-ci illərin ortalarından etibarən
çağdaş İran tarixinə dair fundamental əsər
- "Bab və babilik. 1848-1852-ci illərdə İranda dini
iğtişaşlar" kitabı üzərində işləməyə
başlayan (ilk nəşri - Sankt Peterburq, 1865) görkəmli
şərqşünas Mirzə Kazımbəy çox
güman ki, çar xəfiyyələrinin yardımı ilə
ordubadlı Seyid Əbdül Kərimi Smolenskdə axtarıb
tapmış, onunla uzun müddət məktublaşmışdı.
Kitabda "Seid Smolenski" (Smolenskili Seyid) kimi təqdim olunan
Əbdül Kərim ərəb dilində yazdığı məktublarda
həmvətəninə babiliyin mahiyyəti, məqsəd və
hədəfləri, Babın şəxsiyyəti, təlimin əsas
ehkamları haqda geniş məlumat vermişdi.
Bir az qəribə görünsə də, Ordubadda
Seyid Əbdül Kərimin ilk müridləri, yaxud müridələri
arasında Ələkbər Məmmədxanovun anası, gələcəyin
görkəmli bəhai lideri Əli Naxçıvaninin nənəsi
Məsumə xüsusi fəallığı ilə
seçilirdi. Əslində burada elə bir qəribəlik də
yox idi. Tarixi qaynaqlardan da bilindiyi kimi, babiliyin banisi Seyid Əli
Məhəmmədin yaxın silahdaşları sırasında
əslən Qəzvindən olan azərbaycanlı xanım,
İranda qadın azadlığı uğrunda ilk mübariz,
şairə Tahirə Qürrətüleyn (1817-1852) də
vardı. Bəhailiyin qadın hüquqlarına hörmətlə
yanaşması onların hərəkatda yaxından
iştirakına zəmin yaratmışdı.
Beləliklə, Ordubad bölgəsinin nüfuzlu bəhaisi
Məsumənin təsiri altında əvvəl oğlu Ələkbər,
ardınca isə əri, şiəliyin müqəddəs
şəhərinin ziyarətçisi Məşədi
Hüseyn yeni təlimin adeptləri sırasında yer
aldılar. Ailədə Rübabə adlı bir qız da
böyüyürdü. Sonradan Ordubadın varlı barama
fabrikantlarından Orucovların gəlini olan Rübabə təbii
ki, valideynləri və qardaşının inancını
bölüşürdü.
Atasının ilk bioqrafı kimi çıxış
edən Əli Naxçıvani
"Mirzə Əli Əkbər Naxçavani. Əbdülbəhanın
yeni tərcümə olunan məktubları ilə"
("Mirza Ali-Akbar-i Nakhjavani. With newly translated tablets of
Abdul-Baha". Baha`i Publishing Trust. Wilmette, İllinois, 2018)
kitabında yazır: "Yerli torpaq sahiblərinin çoxunun
övladları kimi, atam da kiçik yaşlardan doğma dilini
və farscanı mükəmməl öyrənmişdi. Sonra
isə o dövrdəki Naxçıvanın nüfuzlu məktəblərindən
birinə daxil olub tezliklə özünə yeni dostlar
tapmış, qabiliyyət və bacarığını
üzə çıxarmışdı. O zaman hələ Məmmədxanov
kimi tanınan atam çoxcəhətli istedad sahibi idi. Teatr və
musiqi ilə yaxından maraqlanırdı. Çar rejiminin sərt
qadağalarına rəğmən, təhsilin rusca
aparıldığı məktəbdə ana dilində
danışmaqdan çəkinmirdi".
Cəlil Məmmədquluzadə və Heydər
Muradhasilovdan fərqli olaraq Ələkbər Məmmədxanov
pedaqoji təhsilini başa vura bilməmişdi.
Üçüncü kursda onu seminariyadan xaric etmişdilər.
Bəziləri sərt qərarı təhsil haqqının
vaxtında ödənilməməsi, oğlu da daxil olmaqla bir
sıra digər müəlliflər isə gəncin mütəmadi
şəkildə daxili intizam qaydalarını pozub ana dilində
danışması, hətta milli dildə təhsil tələbi
ilə çıxış etməsi ilə əlaqələndirirlər.
Çox güman, bizim bilmədiyimiz digər səbəblər,
hətta ola bilsin ki, dini görüşləri ilə
bağlı məsələ də vardı. Çünki
Qafqaz Təhsil Dairəsi onun borclu qaldığı təhsil
haqqının ödənilməsi şərti ilə seminariyaya bərpa olunmaq xahişini
də rədd etmişdi.
Bu hadisədən sonra ailə Ordubaddan Bakıya
köçmüşdü. Əli Naxçıvani (Avropa
dillərindəki mənbələrdə bu soyad müəyyən
təhrifə uğrayaraq Naxcavani şəklində yazılsa
da, biz ənənəvi variantdan istifadə etməyə
üstünlük verdik - V.Q.) ilk növbədə nənəsinin
təşəbbüsü ilə qəbul olunan qərarı
iki amillə əlaqələndirir: əvvəla Ələkbər
yarımçıq qalmış təhsilini başa
vurmalı idi. Ordubadla müqayisədə Bakıda rus
universitetlərindən biri ilə daha asan əlaqə qurmaq
mümkün idi. Digər tərəfdən isə Məsumə
bölgədə bəhailiyin fəal təbliğatçısı
və öncülü kimi tanındığı
üçün yerli əhalinin ona qarşı
narazılığı getdikcə daha sərt, kəskin
xarakter almağa başlamışdı. Belə vəziyyətdə
diqqəti cəlb etməmək üçün böyük
şəhərə köçmək ən doğru
seçim sayıla bilərdi.
Əli Naxçıvaninin atası Ələkbər Məmmədxanov
haqqında kitabı.
Əli Naxçıvani bioqrafik qeydlərində
atasının "universitet illərində rus dilinə
mükəmməl yiyələndiyini" yazır. Lakin təhsilini
harada, hansı ali məktəbdə davam etdirdiyini dəqiq
göstərmir. Ələkbər Məmmədxanovun Xarkov
Texnologiya İnstitutunu, yaxud Xarkov universitetini bitirdiyi, mühəndis-texnoloq
ixtisasına yiyələndiyi, Bakıda neft milyonçusu,
üstəlik də, bəhailiyin nüfuzlu
ardıcıllarından biri kimi tanınan Musa Nağıyevin
şirkətlərində
mühəndis vəzifəsində
çalışdığı qeyd edilsə də, ali təhsili
ilə bağlı məlumat ilkin mənbələrdə təsdiqini
tapmır. Ədalət Tahirzadə və Misir Mərdanovun
"1920-ci ilədək ali məktəblərdə oxumuş
azərbaycanlılar" adlı ensiklopedik soraq kitabından da
göründüyü kimi, Xarkov universiteti və Xarkov
Texnologiya İnstitutuna qəbul edilən, yaxud məzun olan azərbaycanlı
gənclər arasında Ələkbər Məmmədxanov/Məmmədxanlı,
yaxud Ələkbər Babayev adlı şəxsə rast gəlinmir.
Tiflisdə isə, oğlunun yazdığının fərqli
olaraq, XX əsrin əvvəlində hələ universitet
mövcud deyildi. İlk yerli universitet yalnız çarizmin
süqutundan sonra, gürcü ziyalılarının təşəbbüsü
ilə 1918-ci ilin fevralında açılmışdı. Rus
dilinə mükəmməl yiyələnmək məsələsinə gəldikdə üç il tələbəsi
olduğu Qori seminariyası bu sahədə universitetlərdən geri
qalmırdı.
Ələkbər Məmmədxanov-Naxçıvaninin
vəfatından sonra, 1921-ci ili yazında xanımı iki
körpə uşağı ilə birlikdə Bakını həmişəlik
tərk edərkən bəzi mühüm sənədlər
istisna olunmaqla uzun illər boyu toplanmış zəngin arxivi
özü ilə apara bilməmişdi. Bacısı Rübabə
xanım sovet hakimiyyəti illərində
qardaşının məzarını Şüvəlandan
Bakıya köçürməyə müvəffəq olsa
da, arxiv və kitabxanasının taleyi ilə
maraqlanmamış, yaxud buna imkan tapmamışdı. Ona
görə də Əli Naxçıvani əsəri üzərində
işləyərkən atasının həyat yolu haqda əksər
hallarda konkret qaynaqlara əsaslanmadan, yalnız ümumi şəkildə
söz açmaq məcburiyyətində qalmışdı.
lll
Bəhailik Rusiya imperiyasında XIX əsrin 80-ci illərindən
etibarən yayılmağa başlamışdı. İranla
coğrafi yaxınlıq nəticəsində həmin
dövrdə keçmiş çar Rusiyası ərazisindəki
iki güclü bəhai icmasından biri Aşqabadda, digəri
isə Bakıda yerləşirdi. Təsadüfi deyil ki, bəhailərin
ilk rəsmi ibadət evi də 1882-ci ildə Aşqabad şəhərində
fəaliyyətə başlamışdı. Tarixi
qaynaqların bildirdiyinə görə köhnə
Bakının Çadrovaya (indiki Mirzə Ağa Əliyev -
V.Q.) küçəsində fəaliyyətini 1937-ci ilə qədər
davam etdirmiş müvəqqəti
İbadət evi olsa da, yerli əhali ayrıca bəhai məbədinin
inşasına birmənalı şəkildə yol verməmişdi.
Hətta Bakıda məişət zəminində (məsələn,
bəhai kimi tanınan şəxsin qəssab dükanında təsadüfən
ətə əl vurması) kəskin münaqişə və
qarşıdurmalar da meydana çıxmışdı.
Böyük Krım-tatar maarifçisi İsmayıl
Qaspıralı 1894-cü ildə Bakıdan keçərək
Orta Asiya səyahətinə yollanan zaman paytaxtımızda
"uca boylu, möhkəm bədənli, olduqca gözəl
geyinmiş, əslən təbrizli, qayət sərbəst və
liberal görünən Azərbaycan türkü" bəhai ilə onun xahişinə əsasən
görüşmüşdü. Açıq fikirli, mütərəqqi
düşüncəli, zəngin mütaliəyə və
daxili sərbəstliyə, sərrast nitqə malik bu şəxsdən
iman gətirdiyi yeni din haqda xeyli məlumat öyrənmişdi.
Söhbətin məzmunu, görüş və ünsiyyətdən
aldığı təəssüratı "Tərcüman"
qəzetinin 20 yanvar 1895-ci il tarixli sayında "Yolda bir rastgəliş"
adı altında dərc etdirmişdi.
Ələkbər Məmmədxanov Musa Nağıyevin
kontorunda çalışdığı dövrdə.
"Məzhəbimin əsası maarifdir" - deyən
azərbaycanlı bəhaliyin ehkamlarını həmsöhbətinə
aşağıdakı şəkildə anlatmışdı:
"Din və məzhəb etiqada təəllüq edər
(bağlıdır; mötərizə daxilindəki izahlar mənimdir
- V.Q.) hər kəsin həmən xüsusi bir halıdır
(yəni öz işidir).
İnsanları ümumən ixvan ədd ediyoruz
(qardaş sayırıq). Özlərinə və dinlərinə
bir türlü düşmənçiliyimiz yoxdur. Nə
üçün məsələn, ruslara və firənglərə
düşmən olalım? Ruslar əhli-nizam və
asayişdir (intizam və qayda-qanun tərəfdarıdırlar).
Firənglər pək çox hünərlərin və
istifadəli şeylərin mücidi (icad edəni,
ixtiraçısı) bulunuyorlar. Bunların dəmir
yolları, yainki paraxodları
sayəsində ticarət və ziyarət yolunda
rahat-rahat gəziyoruz; təşəkkürə
borçluyuz, husumətə (düşmənçiliyə)
deyil... Etiqadları başqa imiş - bundan bizə nə?! Məhəbbətli
olmaq lazım; hər kəsin etiqadı özünə..."
Yusif Vəzirin XX əsr milli intellektual nəsrin ilk
nümunəsi sayıla biləcək "Studentlər"
romanında Kiyevdə təhsil alan azərbaycanlı tələbələr
cəmiyyəti düşündürən problemlər
sırasında bəhailikdən də danışırlar.
Rüstəm bəyin mənzilində Bəhaullanın
"Kitabi-əqdəs" ("Müqəddəs kitab") əsərini
vərəqləyən tələbə Əlinin "Deyirlər,
Amerikada bəhailik getdikcə intişar edir" - sözlərini
eşidən ev sahibi qonağın fikrinə şərik çıxmır,
acıqlı halda "Zənnimcə, Amerikanın yeni dinə
ehtiyacı yoxdur. Amerikanın dini sənaye və ticarətdən
ibarətdir. Amerikada xalq o qədər işə məşğuldur
ki, başlarını qaşımağa belə macalları
yoxdur. Din axtarmaq işsizlik əlamətidir. Din və məzhəb
icadı şərqlilərin inhisarındadır.
Ömrümüzü o qədər işsizlik, xəyal və
mövhumatla keçiririk ki..." - deyir.
Sonra isə fikirlərini belə davam etdirir:
"Avropada dünyaya hədsiz-hesabsız mütəfəkkirlər
gəlmiş, orada böyük filosoflar, geniş məlumatlı
alimlər olmuş; ancaq Avropa tarixində din icad edənlərə
rast gəlmədim. Lüter və Kalvin kimi din
islahatçıları olmuş, yeni din uyduran
olmamışdır. Mən bəhailiyi qəbul edənlərə
diqqət etdim. Bunların içində bir nəfər də
olsun kamil adam yoxdur, hamısı yarımçıqlardır
ki, avamlıqdan aralanıb, kamilliyə də
çatmayıblar. Zatən gərək belə də olsun;
çünki avam dinində möhkəm olar və ayrı
dini öz dininə tərcih etməz; arif və kamillərin də
dinə ehtiyacı yoxdur. Onlar dinsiz də
yaşayışın yolunu tapmışdırlar. ...Ariflər
yeni din axtarmaq deyil, öz dinlərinə belə etina etmirlər.
Bunlar dinə qul olmağı alçaqlıq bilirlər. O ki
qaldı yarımçılıqlara - bunlar təzə din
axtarmaqda tərəqqipərvərlik iddiası edirlər.
Halbuki dinlə elm bir-birinə düşməndir; həmişə
vuruşublar, qiyamətədək də vuruşacaqlar" -
mülahizələrinin müəyyən qədər sərtliyinə,
güzəştsizliyinə baxmayaraq, Rüstəm bəyin
sözlərini həm də dövrün milli
ziyalılarının ümumi qənaəti kimi qəbul etmək
olar. Başqa sözlə desək, ötən əsrin əvvəllərində
bəhailik fikirləri müəyyən qədər məşğul
etsə də, Azərbaycan cəmiyyətində kütləvilik
qazana bilməmişdi.
AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunun əməkdaşı Leyla Məlikovanın
"Qafqaz və qloballaşma" jurnalında dərc
olunmuş "Bəhailik Azərbaycanda" məqaləsi
(2007, c.1, ¹ 5, s.112-122) təlimin ölkəmizdə yayılma
tarixi və coğrafiyası haqda təsəvvür
yaratdığından məsələ üzərində
geniş dayanmağa ehtiyac duyulmur. Sadəcə,
xalqımızın bəzi görkəmli şəxsiyyətlərinin
guya bəhai olmaları fikri ilə sona qədər
razılaşmaq çətindir. İstisna deyil ki, istinad
olunan yazıda, eləcə də digər qaynaqlarda adları
çəkilən ədəbiyyat və mədəniyyət
xadimləri bəhailik təlimi ilə bu və ya digər
şəkildə maraqlanıblar. Bab və Bəhaullanın
insanların şəxsi azadlığı, qadın
hüququ, cəmiyyət həyatında maarif və mədəniyyətin
rolu, cəhalətə qarşı mübarizə, dini
ayrı-seçkiliyin aradan qaldırılması, bəşəriyyətin
vəhdəti ilə bağlı fikirləri onların diqqətini
çəkib. Lakin fikrimcə, bunu heç bir şəkildə
guya islam dinindən imtina edib bəhailiyə keçmək
kimi mənalandırmaq düzgün olmazdı.
Mirzə Ələkbər
Sabirin məşhur "Əhvalpürsanlıq, yaxud
qonuşma" satirasında nəqərat kimi səslənən
"Bu isə pəs o ləinin də işi qullabıdır,
Dini, imanı danıb, yoldan azıbdır, babıdır"
misralarından da göründüyü kimi, XX əsrin əvvəlindəki
Azərbaycan cəmiyyətində "babı-babi" - qəzet
oxuyan, uşağını məktəbə göndərən,
gimnaziya və universitet təhsili ilə maraqlanan, yeni dəblə
geyinən, ictimai həyatda fəal iştiraka can atan
qabaqcıl düşüncəli insanların ümumiləşdirilmiş
ünvanı idi və yəqin ki, məcazi mənada Sabirin
özünə də şamil edilə bilərdi. Lakin
fikrimizcə, bu, heç bir halda islamdan, onun dəyərlərindən
imtina kimi mənalandırılmamalıdır. Bəzi
qabaqcıl, mütərəqqi cəhətlərinə
görə milli ziyalıların bəhailiyə maraq göstərməsində
qəribə heç nə yox idi. Həm də yadda saxlamaq
lazımdır ki, əksəriyyətin
nəzərində Bəhaullanın təlimi müstəqil
dindən daha çox islamın yeni sektalarından biri idi.
Mirzə Ələkbərə gəldikdə güman
etmək olar ki, XX əsrin əvvəllərində o,
artıq Bakı bəhai icmasının tanınmış
üzvlərindən idi. Rus və fars dillərini yaxşı
bilməsi, yerli şəraitə bələdliyi, təhsili
sayəsində cəmiyyətdə müəyyən mövqe
tutması azərbaycanlı gənci bəhailiyin Rusiya
hüdudları daxilində tanıdılması və
yayılması baxımından ehtiyac duyulan şəxsə
çevirirdi. Bəhaullanın ölümündən sonra
"dinin Mühafizi" statusunda fəaliyyət göstərən
oğlu Əbdülbəha da bunu yaxşı başa
düşür və qiymətləndirirdi. Odur ki, həmin
dövrdə bəhailiklə ciddi maraqlanan iki
tanınmış rus müəllifi - dramaturq İzabella
Qrinevskaya və məşhur Lev Tolstoyla əlaqə qurub
onları mütəmadi şəkildə məlumatlandırmağı
ona həvalə etmişdi. Əli Naxçıvani bu
münasibətlə yazır:
"İcmanın birinci şəxsi"
Əbdülbəha Mirzə Ələkbərin Sankt Peterburqda
yaşayan, Bab barədə səhnə əsərinin müəllifi
kimi tanınan İzabella Qrinevskaya ilə əlaqə
yaratmasını istəmişdi. Babın şəhadətə
yetişməsi, davamçılarının qəhrəmanlığı
haqda xəbərlər sonrakı onilliklər ərzində qəzetlər
vasitəsi ilə bütün Avropada geniş
yayılmışdı. Nəticədə Sara Bernar (məşhur
aktrisa dövrün fransız müəlliflərindən
Katull Mendes və Henri Antoin Jules-Boisə müraciət edərək
tamaşaya qoymaq üçün babilik hərəkatı,
xüsusən də Tahirə Qürrətüleyn haqda əsər
yazmalarını xahiş etmişdi - V.Q.) və digər tanınmış mədəniyyət
xadimləri bəhailiklə bağlı müəyyən işlər
görməyə ruhlanmışdılar. 1903-cü ildə
Rusiyada İzabella Qrinevskaya "Bab" adlı beş pərdəli
tarixi dram qələmə almışdı. Maraq doğuran
pyes növbəti il paytaxt Sankt-Peterburqun aparıcı
teatrlarından birinin səhnəsində tamaşaya
qoyulmuşdu. Qələm dostu Nikolay Zazulin onu Bəhaullanın
ömür yolu haqda da belə bir əsər yazmağa təşviq
etmişdi. Həmin mövzuda 1912-ci ildə çap olunan kitab
müsbət rəylərlə
qarşılanmışdı".
İzabella Arkadyevna Qrinevskaya (Beyle Fridberq,1864-1944) yəhudi
əsilli rus dramaturqu, yazıçı, şair, publisist, tərcüməçi
idi. Əsərlərini idiş və rus dillərində
yazırdı. Babın şəxsiyyətinə, adı ilə
bağlı təlimə marağı 1897-ci ildə,
fransız diplomatı Anj Pyer de Sen-Kentenin (1828-1894) ilk babilərin
həyatından bəhs edən "Sehrkarlar ölkəsində
məhəbbət" romanının rus dilinə tərcüməsi
ilə başlanmışdı. Bir neçə il sonra eyni
mövzuda orijinal əsər yazmaq fikrinə düşən
İ.Qrinevskaya tanınmış rus şərqşünaslarından
professor A.K.Mirzə Kazımbəy, M.A.Qamazov, A.Q.Tumanski və
digər mütəxəssislərin babilik və bəhailiklə
bağlı araşdırmalarını diqqətlə öyrənmişdi.
Amma təbii ki, həqiqi yazıçı kimi yalnız
tarixin hərfinə riayət etməklə kifayətlənməmişdi.
Əsərin süjet xəttini sərbəst şəkildə
qurmuşdu. Həmin dövrdə Bab təlimi ilə
yaxından maraqlanan Lev Tolstoy İ.Qrinevskayaya 22 oktyabr
1903-cü il tarixli məktubunda pyeslə bağlı müsbət
fikrini bildirmişdi. Eyni ilin yayında Tolstoyu Yasnaya Polyanada
ziyarət edən rus tənqidçisi V.V.Stasov (1824-1906) onun
"Bab" pyesini böyük maraq və diqqətlə, səhifələrin
kənarında qeydlər edə-edə oxuduğunu
görmüşdü. Yazıçının xahişi ilə
təqdir sözlərini xanım Qrinevskayaya
çatdırmışdı.
(Davamı gələn şənbə sayında)
Vilayət QULİYEV
525-ci qəzet .- 2024.- 30 noyabr(¹220).-S.10-11.