Şagirdlərin elektron yerdəyişməsi sistemi: şəffaflıq və effektivlik

 

Məlum olduğu kimi, noyabrın 1-dən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi başlayıb. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər də 1 noyabr - 1 dekabr tarixlərində ümumi təhsil müəssisələrinə qəbul üçün sy.edu.az vasitəsilə müraciət edə bilərlər.

Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə noyabrın 25-i saat 11:00-dan etibarən aktiv edilib.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi sistemində 2024-2025-ci tədris ilində tətbiq edilən yeniliyə əsasən istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədilə Azərbaycan vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə "istifadəçi adı və şifrə" ilə daxil olması məhdudlaşdırılacaq. Şəxsi kabinetə giriş yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi ("Digital Login") ilə həyata keçirilir.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə), ilk növbədə, elektron sistemdə şəxsi kabinet yaradaraq övladını qeydiyyatdan keçirir. Valideyn (digər qanuni nümayəndə) övladını dəyişmək istədiyi məktəbdə tədris dili, xarici dil, təmayül istiqaməti uyğun gəldikdə müvafiq qruplar və siniflər üzrə boş yerə elektron sorğu yerləşdirir. Bundan sonra elektron sistemdə şagirdin yerdəyişməsi barədə əvvəl oxuduğu məktəbə avtomatik bildiriş göndərilir. Müvafiq sorğu və bildiriş göndərildikdən sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayəndə) şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi işini götürərək dəyişmək istədiyi məktəbə təqdim edir.

Azərbaycan vətəndaşları üçün sistemdə qeydiyyat şəxsiyyət vəsiqəsinin FİN kodu, xarici ölkənin vətəndaşları üçün isə miqrasiya sənədinin seriya nömrəsi əsasında aparılır. Qeydiyyat mobil telefona göndərilən SMS vasitəsilə təsdiq olunur. Uşaqla bağlı məlumatların sistemə əlavə edilməsi üçün şəxsiyyət vəsiqəsinin FİN kodu və ya UTİS (Ümumi Təhsil İnformasiya Sistemində şagirdə məxsus unikal kod) kodu tələb olunur: "Müvafiq sorğu və bildiriş göndərildikdən sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayəndə) şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi işini götürərək dəyişmək istədiyi məktəbə təqdim edir. Yerdəyişmə dərs ilinin hər hansı yarımili ərzində baş verərsə, valideynə şagirdin fənlər üzrə summativ qiymətləndirmə nəticələrinin əks olunduğu arayış da təqdim edilir. Müəyyən edilən müddət keçdiyi halda müraciət ləğv olunur və bu barədə valideynin (digər qanuni nümayəndənin) şəxsi kabinetinə məlumat göndərilir".

Nazirlikdən qeyd olunub ki, övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə), ilk növbədə, www.sy.edu.az portalına daxil olaraq elektron sistemdə şəxsi kabinet yaratmalı və övladını qeydiyyatdan keçirməlidir. Vətəndaş şəxsiyyət vəsiqəsinin FİN kodunu (xarici ölkənin vətəndaşları miqrasiya sənədinin seriya nömrəsini) daxil etdikdən sonra əldə olunmuş məlumatları təsdiq edir, daha sonra istifadə etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə daxil olan SMS-də göstərilmiş təsdiq kodunu müvafiq açılan pəncərəyə daxil edir və qeydiyyat tamamlanır. Valideyn FİN və ya UTİS kodu ilə övladının qeydiyyatını tamamlayır.

Bəs yerdəyişmə sorğusuna hansı halda imtina cavabı verilə bilər? Sistem tərəfindən ilkin yoxlamalarda tədris dili uyğunsuzluğu olduğu halda valideyn tərəfindən həmin siniflərə seçim mümkün olmur. Xarici dil, təmayül istiqaməti uyğun gəlmədikdə imtina verilə bilər. İstisna hallar olduqda sorğu şəhər (rayon) təhsil şöbələri tərəfindən təsdiq edilə bilər.

II-XI sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi zamanı olan prosedur əsasında ailəsi ilə birlikdə yaşayış yerini (rayonu, şəhəri) dəyişdiyi halda (yerdəyişmənin məqsədəuyğunluğu müvafiq sənədlər əsasında elektron sistemdə və ya R(Ş)TŞ(İ) tərəfindən təsdiq edildikdə) yol verilir.

Şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin qeydiyyatı aparılmaqla sistem vasitəsilə həyata keçirilir. Valideyn ilk əvvəl yerdəyişmə etmək istədiyi məktəbə yaxınlaşaraq övladının "Ümumi təhsil informasiya" alt sisteminə daxil edilməsi üçün müraciət etməlidir. Məktəb həmin uşağı bazaya daxil etdikdən sonra valideynə övladının UTİS kodunu təqdim edir. Daha sonra valideyn adi qaydada şagirdlərin elektron yerdəyişməsi sistemində qeydiyyatdan keçərək sorğu yerləşdirir.

Valideyn (digər qanuni nümayəndə) övladının işğal olunmuş ərazilərin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan məktəbə (bundan sonra - məcburi köçkün məktəbi) yerdəyişməsi üçün sorğu yerləşdirərkən onun məcburi köçkün olması elektron sistem vasitəsilə yoxlanır. Valideynin məcburi köçkün olmasını təsdiq edən sənəd elektron sistemdə müəyyən edilməzsə, bu barədə müvafiq sənəd skan olunmuş şəkildə sistemə yerləşdirilir.

Nazirliyin məlumatında vurğulanıb ki, məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə yol verilmir. Vaxtilə məcburi köçkün məktəblərinə qəbul edilmiş məcburi köçkün ailəsindən olmayan şagirdlər bu və ya digər səbəblərdən məktəbi dəyişmək istədikdə onlar təhsillərini yalnız yerli məktəbdə davam etdirə bilərlər. Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə yalnız həmin köçkün məktəbindən ən azı 2 kilometr məsafədə yerli məktəb fəaliyyət göstərmədiyi halda razılıq verilir.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə əsasən, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir. Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq.

Professor bildirib ki, şagirdlərin ümumi təhsil müəssisələrinə elektron qaydada yerdəyişməsi təhsilin inkişafı üzrə dövlət strategiyası çərçivəsində həyata keçirilən işlərin tərkib hissəsidir: "Elektron xidmət ölkənin bütün ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin bir məktəbdən digər məktəbə yerdəyişməsini və ya eyni məktəb daxilində sinfinin dəyişdirilməsi məqsədilə müraciətlərini qeydə alan, bu müraciətlərin elektron qaydada baxılmasını və icra edilməsini təmin edən elektron xidmətdir. Bu elektron xidmətin yaradılmasında başlıca məqsəd şagirdlərin hərəkəti prosesinin elektron qaydada avtomatlaşdırılması və nəticədə mümkün qədər insan faktorunun azaldılması, prosesin sadələşdirilməsi və vətəndaş məmnuniyyətinin təmin edilməsidir. Sistem məktəb məlumatlarının əldə olunması, yerli idarəetmə orqanları üçün nəzərdə tutulan interfeys, valideyn interfeysi, qeydiyyat, uşağın qeydiyyatı, yeni sorğunun yerləşdirilməsi, özəl məktəblərə keçid halı, gözləmə menyusu, sorğunun cari statusunu görmək imkanı, onlayn dəstək kimi funksionallıqlardan ibarətdir".

Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, əvvəllər bu prosesdə kənar müdaxilələr müşahidə edilirdi: "Direktor, direktor müavininin razılığı ilə baş tuturdu məsələ. İndi isə valideyn belə hallarla qarşılaşmır. Bu gün Azərbaycan məktəblisi yaşayış yerini dəyişəndə rahatlıqla məktəbini də elektron yolla dəyişə bilir. Bu proses 9 və 11-ci siniflərə şamil edilmir. Onlar buraxılış imtahanlarına görə yerdəyişmə edə bilməzlər".

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə əsasən, şagirdlərin ümumi təhsil müəssisələrinə elektron qaydada yerdəyişməsinin tətbiq edilməsində əsas prinsiplər - şəffaflıq, səmərəlilik, keyfiyyətlilik və hesabatlılıqdır: "Şagird yerdəyişməsinin elektronlaşdırılması vətəndaşlara keyfiyyətli və səmərəli xidmətin təqdim edilməsi, şagirdlərin yerdəyişməsi prosesində məktəb və valideyn arasında olan "məsafə"nin azaldılması və valideynlərlə təhsil müəssisələri arasında əlaqənin daha münasib şəkildə təşkil edilməsi ilə nəticələnir. Eyni zamanda, prosesin elektronlaşması təhsilin elektron idarəedilməsi işinə öz töhfəsini verir. Belə ki, tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və başqa bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə nail olunur".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.- 29 noyabr(№219).-S.15.