Naxçıvan ədəbi
mühiti mövzu-ideya və dil-üslub kontekstində
Bu il Naxçıvan Muxtar Respublikasının
yaranmasının 100 illik yubileyinə həsr olunmuş, yenicə
işıq üzü görən kitablardan, obrazlı desək,
söz çələnglərindən biri də
"Naxçıvan ədəbi mühiti: mövzu-ideya və
dil-üslub xüsusiyyətləri" adlı dərs vəsaitidir.
Bəhs etdiyimiz kitabın müəllifi Naxçıvan
Dövlət Universitetinin tarix-filologiya fakültəsinin
Dilçilik kafedrasının müəllimi, filologiya üzrə
fəlsəfə doktoru Nicat Əsgər oğlu Yaqubovdur.
Filologiya elmləri doktorları, professorlar Akif İmanlı və
Sədaqət Həsənovanın rəy verdikləri
kitabın elmi redaktoru isə filologiya üzrə fəlsəfə
doktoru, dosent Elbrus Vəliyevdir. Dərslik 156 səhifədən
ibarətdir və Naxçıvan Dövlət Universitetinin nəzdində
fəaliyyət göstərən "Universitet nəşriyyatı"nda
çap olunub.
Kitabda Naxçıvan ədəbi mühitinin yetirməsi
olan şairlərin, dəyərli söz adamlarının
yaradıcılığı tədqiqat obyekti kimi nəzərdən
keçirilmiş və onların dil-üslub xüsusiyyətləri
dilçilik elminin prizmasından təhlil edilib. Eyni zamanda, həmin
nümunələrə mövzu və ideya aspektindən
toxunulub.
Dərslik altı fəsildən ibarətdir. I fəsil
"Naxçıvanlı şairlərin şeirlərində
Azərbaycan mövzusu: vətən, yurd, torpaq sevgisi"
adlanır. Müəllifin özünün də
vurğuladığı kimi, kitabda 30-a yaxın
naxçıvanlı şairin külliyyatından nümunələr
tədqiqata cəlb olunub. Bu baxımdan ilk fəslin, müəllifin
sözləri ilə desək, ölməz Məmməd
Arazın misraları ilə başlaması təəccüb doğurmur.
Məmməd Arazın bir neçə şeirinə
dilçilik pəncərəsindən nəzər yetirən
N.Yaqubov silahların əridilib körpülərə
çevrilməsi, yerin bərəkətinin
artırılması, insanın Ay və Ulduzları yerə gətirə
biləcəyi kimi obrazlar vasitəsi ilə sülh-əmin
amanlıq şəraitinin insan potensialını necə
inkişaf etdirəcəyini oxuculara çatdıran şairin
bədii dilinin təkrarsız xüsusiyyətlərinin
gözəlliyindən danışır. Daha sonra müəllif,
Vaqif Məmmədovu Məmməd Araz xislətli şair
adlandıraraq, onun "Azərbaycan" şeirində sadə
və anlaşıqlı dillə ifadə olunan dərin mənanı
yüksək qiymətləndirir.
Naxçıvanlı şairlərin
yaradıcılığında yurd, vətən sevgisindən
danışan alim rəngarəng yaradıcılıq
diapazonunun qırmızı xəttini vətən sevgili
motivli şeirlər təşkil etdiyini vurğulayaraq
Naxçıvan Yazıçılar Birliyinin sədri,
şair Asim Yadigarın yaradıcılığına da
toxunur. Şairin bir neçə vətən mövzulu
şeiri dilçilik nöqteyi-nəzərdən tədqiqata
cəlb olunur.
Həmin başlıq altında naxçıvanlı
şairlərdən Zeyqəm Vüqar, Şəbnəm Bahar,
Rahilə Nuriyeva, Vidadi Loğmanoğlu, Zeynalabdin Novruzoğlu
və başqalarının vətən-yurd mövzulu
şeirləri təhlil edilib.
Dərsliyin II fəsli "Naxçıvanlı
şairlərin şeirlərində Ulu öndərə məhəbbət
mövzusu" adlanır. Naxçıvan ədəbi
mühitinin mövzu və ideya məsələlərinə həsr
olunmuş bir kitabda ayrıca bir başlığın bu
mövzuya ayrılması heç də təəccüb
doğuran məqam deyil və tədqiqat obyekti kimi nəzərdən
keçirilən şeirlər şairlərin subyektiv fikri
deyil, xalqın öz dahi oğluna bəslədiyi ümumxalq
sevgisinin simvoludur. Vaqif Məmmədovun "Böyük
xilaskar" adlı şeirini məharətlə təhlil edən
Nicat Yaqubov öz dəsti-xətti ilə seçilən Asif
Atəşli, Xanəli Kərimli, Asim Yadigar, Adıgözəl
Azərinin bu mövzuya həsr etdiyi sənət nümunələrini
də dərs vəsaitində tədqiqat obyektinə
çevirib. Nicat müəllim Xanəli Kərimlinin
yaradıcılığında Heydər Əliyevlə
bağlı "Tanrı elçisi", "Göy
adamı", "Sahibi Zaman" kimi ifadələri diqqət
mərkəzinə çəkərək şairin zəngin
obrazlı dilini yüksək qiymətləndirir.
Kitabın III fəslinin "Dünyada ən uca zirvə
anadır" adlandırılmağı da diqqətəlayiqdir.
Adından da göründüyü kimi, bu başlıqda
naxçıvanlı şairlərin
yaradıcılığında ana mövzusu ilə
bağlı nümunələr dil-üslub xüsusiyyətləri
baxımından araşdırılıb. Bu mövzuda ilk
olaraq Məmməd Arazın "Bacım Gülsümə məktub"una
diqqət yetirilir. Şeirin ümumi təhlili ilə
yanaşı, "İlk dəfə anamsız açdım
səhəri", "Başqa nəğməlidir bulaqlar
indi", "Qoz ağacının dibindəki cəhrə",
"Yarpız tamı", "Nanənin ətri" kimi ifadələrin
təhlilinə xüsusi yer verilib. Növbəti nümunə
kimi Qanun Ümmanın "Ana haqqı - Tanrı haqqı"
şeiri tədqiq olunub. Eyni zamanda alim bu mövzuya müraciət
etmiş şairlərdən Şəbnəm Bahar,
Adıgözəl Azərinin bədii yaradıcılıq
örnəklərinin dil-üslub xüsusiyyətlərinin
mahiyyətinə aydınlıq gətirib.
IV fəsildə naxçıvanlı şairlərin əsərlərində
Naxçıvan mövzusu araşdırılıb. Asim
Yadigarın "Naxçıvan
- göz nurum", "Duzdağ", Vaqif Məmmədovun
"Sədərək qalası", "Dəyanət dəmiydi,
qeyrət dəmiydi", Xanəli Kərimlinin
"Naxçıvanım mənim", Asif Novruzovun "Mərhəmnamə",
Zeynalabdin Novruzoğlunun "Naxçıvan",
"Batabatda", Əbülfəz Muxtaroğlunun
"Şahbuz", Rahilə
Nuriyevanın "Naxçıvan", Həsənəli
Eyvazlının "Naxçıvana gəl",
Əbülfəz Zeynaloğlunun "Şahbuzum mənim"
şeirləri dil və üslub xüsusiyyətləri
aspektindən geniş şəkildə təhlil olunub. Müəllifin
sözləri ilə desək, inkaredilməz faktdır ki, hər
bir şair ilk yaradıcılığında
gileyli-güzarlı məhəbbətdən söz
açır. Bir az sonra bu və ya digər şair dar çərçivəli
sevgi sərhəddini aşır, ana, vətən, torpaq, yurd məhəbbətindən
yazır.
Elə bununla bağlıdır ki,
"Naxçıvan ədəbi mühiti: mövzu-ideya və
dil-üslub xüsusiyyətləri" kitabının V fəsli
"Naxçıvanlı şairlərin şeirlərində
saf məhəbbət, ülvi sevgi mövzusu" adlanır.
Qanun Ümmanın "Axa-axa yaşayım" şeirinə
nəzər salan alim onu saf və dərin məhəbbət
hissinin poetik üslubda ifadə olunduğu nümunə kimi
qiymətləndirir. Müəllifin "Köçüb
ürəyində yaşayacağam" şeiri isə
yüksək bədii ifadə vasitələri, bənzətmə,
metafora, mübaliğə ilə zəngin əsər olaraq
oxucuların diqqətinə çatdırılır. Gənc
yaşlarında nakam məhəbbətin "gülləsinə"
tuş gələn müəllim-şair Əbülfəz
Muxtaroğlunun bu mövzudakı şeirlərini təhlil edən
N.Yaqubov bədii vasitələrdən məharətlə
istifadə edən şairin duyğularını
mübaliğə, metafora və simvolizmin köməyi ilə
daha güclü şəkildə oxucuya
çatdırdığını qeyd edir. Daha sonra Şəbnəm
Baharın "Nakam məhəbbət" adlı şeirini təqdim
edərək gənc şairin
yaradıcılığının unikallığını
bu nümunə əsasında bir daha vurğulayır. Tural Atəşin
"Mən belə məhəbbət istəməmişdim"
şeirini dərin və emosional bir əsər olaraq təqdim
etməklə bərabər, şairin bu şeirin əsasında
mövzu ilə bağlı görüş və
ideyalarını xırdalayaraq oxuculara təqdim edir.
Z.Vüqarın məhəbbət mövzulu şeirləri
üçün sadə, lakonik və təsirli dilini, sevginin
dərinliyini və onun müxtəlif yönlərini
vurğulamaq baxımından əhəmiyyətli sayır.
Sonra isə hələ uşaq yaşlarından bədii
yaradıcılıqla məşğul olan şair Ramiz
Babayevin şeirlərini alim araşdırma mövzusuna
çevirir, şairin poetik dili və təsvirləri əsərlərinin
emosional yükünü artıran vasitə olaraq dəyərləndirir.
Kitabın VI - sonuncu fəsli
"Naxçıvanlı şairlərin əsərlərində
didaktik məzmunlu şeirlər" adlanır. Didaktika
sözünün mənası və mənşəyini izah
edən alim daha sonra Məmməd Arazın eyni məzmunlu bədii
nümunələrinə nəzərə yetirərək
onların dərin məna və hikmətlərlə dolu
olduğunu qeyd edir. Həmin şeirlərdəki "birlik
dirlikdədir", "tək əldən səs
çıxmaz" kimi xalq dilindən poeziya dilinə axan dəyərli
ifadələri xüsusi olaraq vurğulayır. Vaqif Məmmədovun
mənəvi tərbiyə aşılayan şeirlərindən
"Ağlama, bacı, ağlama" onun yazdığı
didaktik məzmunlu nümunə kimi qiymətlidir. Müəllif
özünə xas üslubu ilə fərqlənən
şair Elxan Yurdoğlunun yaradıcılığını
yüksək qiymətləndirərək onun didaktik
üslublu, mənəvi tərbiyəyə həsr olunmuş
şeirlərini təhlilə cəlb edir. Şairin
yaradıcılığının dil-üslub xüsusiyyətləri
baxımından spesifik cəhətləri kimi onun bənzətmələri:
metonimiya, metafora, təşbehlərinin tamamilə fərqli,
unikal özəlliklərə malik olduğunu yazır. Eyni
zamanda Asim Yadigarın "Vur komandir" şeiri haqqında
naraqlı təhlillər ortaya qoyulur. Həmçinin
şairin "Qisas qiyamətə qalmaz" poemasının
didaktik məzmun nöqteyi-nəzərdən daha çox diqqət
cəlb etdiyi nümunələr əsasında təqdim
olunur.
Sonda ümumiləşdirmə apararaq demək
mümkündür ki, kitab dilçilik elminə dair aparılmış
maraqlı araşdırmaların təzahürü kimi bu elm
və onun mütəxəssisləri, o cümlədən, həmin
sahə üzrə təhsil alan potensial tədqiqatçılar
üçün xüsusi əhəmiyyətə malik faktlar
məcmusudur. Bu baxımdan Azərbaycan dilçilik elmi, o
cümlədən Naxçıvan dilçilik məktəbinin
hazırkı və gələcək nümayəndələrinin
araşdırmalarına işıq tutmaq məqsədi ilə
ərsəyə gətirilmiş əsər Nicat Yaqubovun
müvəffəqiyyətlə öz məqsədinə
çatdığının göstəricisidir.
Rüzgar CAMAL,
AMEA Naxçıvan Bölməsi, İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı
525-ci qəzet .- 2024.- 29 noyabr(№219).-S.14.