İpəyə
bürünmüş məmləkət
Çinin ipəyin vətəni olduğu haqda
çox yazılıb. O yazıları oxuyanda uzaqdan-uzağa
mənə elə gəlirdi ki, bu məmləkət
nağıllardakı kimi sirli-sehrlidir və başdan-başa
ipəyə bürünüb.
Pekinin tarixi abidələrilə tanış olanda,
imperator sarayını gəzəndə, əzəməti ilə
insanı heyran edən Böyük Çin səddinə
qalxanda məni qəribə hisslər bürüyürdü,
sanki bütün bunları yuxuda, bəyaz ipək pərdə
arxasından görürdüm və onu da görürdüm
ki, ipəyə bürünmüş bu məmləkətin
insanları da ipəkqəlblidirlər.
Çinlilər keçmişlərinə, tarixlərinə
hörmət və sevgiylə yanaşmağı bacaran
xalqdır. Muzeylərdə, tarixi məkanlarda həmişə
qələbəlik, canlanma olur. İnsanlar tarixi abidələrə,
qədim saraylara, tikililərə müqəddəs ocaq, məbəd
təki baxırlar. Muzeylərdən birində ekskursiya aparan
qızın qürurla Çini - ipəyin vətəni
adlandırması da öz xalqının tarixinə hörmət
və məhəbbətdən irəli gəlirdi.
Dünya mədəniyyətinin təşəkkülündə
önəmli rol oynamış, silinməz iz qoymuş
Böyük ipək yolu üstündə çox ölkələr
var. Bu yol ta binayi-qədimdən müxtəlif mədəniyyətləri
qovuşdurub, xalqları yaxınlaşdırıb, bu yoldan tacirlər,
səyyahlar, tarixçilər keçib gediblər...
Eramızdan əvvəl 200-cü illərdə
Çin ipəyinin şöhrəti Böyük ipək yolu
vasitəsiylə Qərbi və Şərqi Asiyaya, Avropaya
yayılıb. Müxtəlif ölkələrdə bu zərif
məhsulun yaranma yollarını mənimsəmiş, istehsal
texnologiyasına yiyələnmişlər. Sonralar hətta bəzi
Avropa ölkələrində də ipək istehsalıyla məşğul
olmağa başlayıblar.
Çinin təbiəti ipəkçilik kimi gəlirli
bir sahəni inkişaf etdirməyə imkan verir. Ölkənin
cənubunda nəhəng tut plantasiyaları salınıb. Demək
olar ki, Tibet və Şanxaydan savayı, əksər vilayətlərdə
ipək istehsalı ilə məşğul olurlar. Bu gün
ölkədə milyonlarla çinlinin
dolanışığı məhz bu sahədəndir.
İpəkçilik yalnız yüngül sənaye
sahəsi deyil. Hələ qədim zamanlardan bəri ipək
üstündə rəsmlər çəkmək dəb olub
və belə rəsmlər evləri, sarayları bəzəyib.
Bu sənət Çində indi də yaşayır və
deyim ki, çox da dəbdədir. Ölkəyə gələn
turistlər də ipək tikmələrə, zərif
parçada çəkilmiş rəsmlərə
böyük maraq göstərirlər. Gənclər bu qədim
sənətin sirlərinə institutlarda, peşə məktəblərində
yiyələnirlər.
Pekinin küçələrində uyğurlara tez-tez
rast gəlmək olur, bu da dükan-bazarda bizdən ötrü
dil problemini aradan qaldırırdı. Uyğur qızı
Ayturğanın məni tələbə emalatxanasına dəvət
etməsi ürəyimdən oldu. Tanışlıqdan tələbələr
də məmnun idilər. Aralarında Azərbaycanı
tanıyan az idi. Buna görə çinli gəncləri
qınamıram, özümüzü layiqincə tanıda
bilməməyimiz bizim suçumuzdur, onların yox.
Emalatxananın bir küncündə tələbə
oğlan və qızlar ipək parça üstündə rəsm
çəkməklə məşğul idilər. Rəsmlərin
mövzusu fərqli olsa da, hər biri gözəl sənət
əsəri təsiri bağışlayırdı və
onları bir qayə birləşdirirdi - bu, Çin həyat tərzi,
Çin mədəniyətidir.
Çinlilər zəhmətkeş, mehriban və
açıqqəlbli insanlardır. Onlar hər bir hərəkətlərində,
davranışlarında nəzakətli və gülərüzdürlər.
Bu, çinli psixologiyası, çinli xarakteridir.
Təzə tanışlarım ölkəmizlə bağlı
xeyli suallar verdilər. Biləndə ki, Azərbaycan da İpək
yolunun üstündədir, bizdə də ipəkçiliklə
məşğul olurlar, maraqları daha da artdı. Dedim ki, hələ
eramızdan əvvəl birinci-ikinci əsrlərdə Azərbaycan
ipək yolunun üstündə yerləşən qaynar
qovşaqlardan olub. Bu yol tarixdə "Strabon yolu" kimi
tanınır, ilk dəfə bu haqda böyük yunan
coğrafiyaşünası Strabon yazıb. Keçmiş
Sovet İttifaqında iri ipək fabriklərindən birinin Azərbaycanda
- ölkəmizin dilbər guşələrindən sayılan
Şəki şəhərində yerləşdiyindən, məşhur
Şəki kəlağayılarından danışdım.
Dünya mədəniyyətinin inkişafında əvəzsiz
yeri olan Böyük ipək yolunun bərpası sahəsində
Respublikamızda çox işlər
görüldüyünü dedim. Bütün bunlar çinli
gənclərdən ötrü yenilik idi. Onları təəccübləndirən
bir də uyğur qızla mənim qohum dillərdə
danışmağımız idi. Bir-birindən minlərlə
kilometr uzaqda məskunlaşmış iki xalqın türkdilli
olduğundan çinli gənclər xəbərsiz idilər.
Onu deyim ki, Sinzyan-Uyğur Muxtar Rayonu ərazisinə
görə Çinin ən böyük inzibati bölgəsi
sayılır. İyirmi üç milyonluq əhalinin təxminən
45 faizini uyğurlar, 42 faizini çinlilər,
qalanlarını isə qazaxlar, qırğızlar, taciklər,
özbəklər, monqollar, ruslar və digər millətlər
təşkil edir. Ötən əsrin ortalarında
Sinzyan-Uyğur Muxtar Rayonunu çinliləşdirmək siyasəti
nəticəsində burada çinlilərin sayı xeyli
artmışdır. Milli zəmində baş verən
münaqişələr, uyğurlarla çinlilər
arasındakı qarşıdurmalar zaman-zaman özünü
göstərir, insan tələfatıyla nəticələnir.
Ölkədə narahat əyalət kimi tanınan bu bölgə
Çinin hakimiyyət dairələri üçün
başağrısıdır. Tarixdə Şərqi
Türküstan kimi tanınan Uyğur dövlətçiliyinin
Çin və Orta Asiya iqtisadiyyatına, mədəniyyətinə
böyük təsiri olmuşdur. 1759-cu ildə Çin-mancur
qoşunlarının müdaxiləsiylə uyğur dövlətçiliyinə
son qoyulsa da, bu günün özündə də Şərqi
Türküstan dövlətçiliyinin bərpası
ideyası baş qaldırmaqda, separatizmə meyillilik
özünü açıqca büruzə verməkdədir.
Pekin gərginliyin artmasını əngəlləmək
üçün uyğurların dini mənsubiyyətinə,
mədəniyyətinə həssaslıqla yanaşmağa
çalışır. Orta məktəblərdə, ali təhsil
ocaqlarında uyğurlar ana dilində təhsil ala bilirlər.
Uyğur radio-televiziyası fəaliyyət göstərir,
uyğur dilində qəzet və jurnallar çıxır. Hətta
orduda müsəlmanlar üçün məxsusən halal yeməklər
hazırlanır...
Yeri gəlmişkən, Çin mətbəxi
haqqında danışmaq istərdim. Qədim tarixə və
zəngin ənənələrə malik Çin mətbəxinin
şöhrəti dünyaya yayılıb. Mətbəx məişəti
Çin mədəniyyətinin mühüm tərkib hissəsidir.
Hələ qədim dövrlərdən bəri mövcud
olmuş mətbəx mədəniyyətilə bağlı ənənələri
xalq bu gün də yaşadır. Çin mətbəxinin
tarixinə nəzər salanda görürük ki, əksər
yemək və şirniyyat növləri yüz illərlə,
hətta min illərlə bundan əvvəl necə
hazırlanıbsa, indinin özündə də elə
hazırlanır. Maraqlıdır ki, qədim dövrlərdən
üzü bəri Çin mətbəxi xalqın mədəniyyətilə,
hətta fəlsəfəsilə sıx bağlı
olmuşdur. Mətbəx mədəniyyəti Konfutsi kimi
filosof-alimin əsərlərində də öz əksini
tapmışdır. Onun klassik əsəri olan "Adətlər
kitabı"nda bu barədə çox yazılıb. Konfutsi
yazır ki, yemək zamanı şorba və şərab
qonaqlardan sağda, əsas yeməklər isə solda
olmalıdır. Qida birdəfəyə deyil, az-az, aramla,
yaxşı çeynənərək qəbul edilməlidir.
Bundan əlavə, şorba və digər yeməkləri qəbul
edərkən danışmaq olmaz... Konfutsi kimi mütəffəkkirlər
bu barədə yazarkən, yalnız nəzəri biliklərə
əsaslanmaqla kifayətlənməmişlər, onlar özləri
də yemək hazırlamaqla məşğul olmuş, hətta
özlərindən yeni yemək növləri də icad
etmişlər. Qədim dövrlərdə çinlilər az
yeməklə yanaşı, keyfiyyətli qidalanmaya
üstünlük vermişlər. "Pis ərzaq yoxdur, pis
aşpaz var" - deyimi və
yaxud "Hərəkət edən, tərpənən hər
şey yeyilə bilər" fikri bu gün də öz mahiyyətini
itirməyib. Doğrudur, bazarlarda, restoranlarda ilan və müxtəlif
həşəratlardan yemək hazırlanmasına tamaşa
etmək ürəyimdən olmasa da, qədim dövrlərdən
bu günədək gəlib çıxmış o hikmətli
deyimləri qulaq ardına da vurmaq istəmirim. Hələ qədim
dövrlərdə sarayda İmperatordan tutmuş ən sadə
insana kimi hər kəs yemək ritualında mövcud qaydalara əməl
etməyə borcluymuş. Süfrə arxasında vəzifəsindən,
titulundan asılı olmayaraq hamı eyni səviyyədə,
bir gözdə tutulub. Çinlilər arasında elə adama
rast gəlməzsən ki, yemək bişirməyi
bacarmasın və hər kəs də bu işi candərdi
yox, ürəkdən, həvəslə yerinə yetirir.
Çin fəlsəfəsinə görə, yemək elə
hazırlanmalıdır ki, onun dadı-tamı ilə
yanaşı, müalicəvi təsiri də olsun. Odur ki,
kulinariyada otlardan, bitkilərdən və müxtəlif ədviyyatlardan
geniş istifadə edilir. Müasir Çin mətbəxində
donuz əti ilə yanaşı, quş ətinə və dəniz
məhsullarına, paxlalı bitkilərə daha çox
üstünlük verilir.
Eramızdan əvvəl qitələri, ölkələri
birləşdirən Böyük İpək yolu vasitəsiylə
Çin mətbəxinin şöhrəti çox-çox
uzaqlara yayılmışdı. Bu mətbəxdən
alınan bəzi nümunələr isə müxtəlif
xalqların milli yeməkləri kimi qəbul olunmaqdadır.
Bununla bağlı maraqlı bir hadisəni xatırlayıram.
Qarabağ münaqişəsinin
başlandığı vaxtlar idi. Yaponiyalı telejurnalist
Deqava Azərbaycana gəlmişdi. O zaman informasiya
blokadasında olan Azərbaycanın haqq səsini dünyaya
yaymaqda yapon jurnalistinin hazırladığı proqramların əhəmiyyəti
böyük idi. Cəbrayıl bölgəsindən təzəcə
qayıtmışdıq. Bakıda qonağı şəhərin
mərkəzindəki "Bahar" restoranına dəvət
etdim. Bu restoran milli yeməklərin çeşidiylə
seçilirdi. Xidmətçi qızın təklif elədiyi
yeməklərin sırasında gürzə də vardı. Yaponiyalı
qonaq "gürzə" sözünü eşitcək, mən
böyük məmnuniyyətlə gürzə sifariş verərdim
dedi. Doğrusu, Azərbaycana ilk dəfə gələn
qonağın bu yeməyi tanıdığına təəccübləndim.
Dedi ki, gürzə Yaponiyada çox sevilən xörəklərdəndir,
yapon mətbəxinə Çindən keçib. Yemək gələnədək
qonaq gürzənin necə hazırlandığını təsvir
etdi, eynən bizdəki təkiydi. Elə bilirəm, Azərbaycan-Çin
yeməkləri arasında bənzərliyi yalnız gürzədə
deyil, bir çox digər xörək növlərində də
tapmaq olar. Hər halda, bunu araşdırmaq maraqlı olardı.
Çin mətbəxi milli ənənələrə
sadiq qalmaqla yanaşı, zaman keçdikcə daha da zənginləşmiş,
şöhrəti dünyaya yayılmışdı. Bu ölkədə
müxtəlif millətlərin mədəniyyəti
qovuşur. Məskunlaşdıqları ərazidən,
coğrafi məkandan asılı olaraq Çin mətbəxinin
özündə belə fərqli cəhətlər
çoxdur. Ölkədə mətbəx məişəti, əsasən
dörd məktəbə bölünür: Şandun,
Suçuan, Quandun və Xuayyan məktəblərinə və
hər məktəbin də fərqli ənənələri,
yemək növləri mövcuddur. Çin mətbəxində
yeməyin dadıyla yanaşı, onun ətiri, rəngi və
hansı qabda süfrəyə gətirilməsi də
çox önəmlidir. Süfrə arxasında oturmaq
insanın qida qəbul etməsindən daha çox, ritualı
xatırladır.
Pekin Televiziyasının əməkdaşları məni
paytaxtın ən məşhur restoranlarından birinə dəvət
etdilər. Bu restoran ördək ətindən hazırlanan yeməkləriylə
məşhurdu. İlk baxışdan mənə elə gəldi
ki, restorana deyil, muzeyə gəlmişəm. Bizi foyedə bələdçi
qız qarşıladı, öncə bu yeməkxananın
tarixi haqqında məlumat verdi, dedi ki, 19-cu əsrin
ortalarından fəaliyyət göstərir və
bugünkü xidmət o vaxtlardakından zərrə qədər
də fərqlənmir. Sonra biz şüşə
arxasından mətbəxə baxdıq. Odunla
qızdırılan iri kürədə qarmaqdan
asılmış ördəklərin necə
qızardığını gözlərimizlə
gördük. Müştərilərin bəyəndiyi ördəklər
nömrələnir, stola da məhz həmin ördək əti
gətirilir. Bələdçi qızın dediyinə görə,
gün ərzində 300-ə qədər ördək
bişirilir, bayram günləri isə bu rəqəm 800-ə
qədər yüksəlir.
Pekinin mərkəzində yerləşən bu
restorana düşmək o qədər də asan deyil. Bu, hər
şeydən əvvəl, müştəri çoxluğu ilə
bağlıdır, ikinci bir tərəfdən isə qiymətlərin
bahalığı da özlüyündə çox şey
deyir.
Restorandakı müştərilərin əksəriyyəti
əcnəbilər idi. Nazik bambuq çubuqlarıyla yemək
müşkül olsa da, çəngəl-bıçağa əl
vuran yox idi, bir anlığa da olsa, hər kəs
özünü çinli yerində görmək istəyir,
yerli rituallara uyğunlaşmağa
çalışırdı.
Qonşu stolda çinli ailəsi oturmuşdu.
Üç-dörd yaşındakı oğlanı valideynləri
yedirmirdi, o, bambuq çubuqlarını barmaqları
arasında inamla tutumuşdu. Adama elə gəlir ki, Çində
körpələrin əmzikdən sonra tanıdığı
bambuq çubuqlarıdı. Ümumiyyətlə, Çində
yemək mədəniyyətinə çox ciddi və
sayğı ilə yanaşılır, bunu uşaqlara
kiçik yaşlarından aşılayırlar.
Pekin televiziyasında olarkən studiyaların birində
uşaq verilişi çəkilirdi.
Maraqlandığımı görüb məni proqramla
yaxından tanış etdilər. Dedilər ki, televiziyada
uşaq proqramlarına böyük önəm verilir. Bu
verilişlər, sadəcə, əyləncə xarakteri
daşımır, uşaqların
dünyagörüşünün genişlənməsinə,
onların estetik zövqlərinin inkişafına, elmə,
biliyə yiyələnmələrinə xidmət edir.
İnsanın cəmiyyətdə formalaşması uşaq
çağlarından başlayır, bugünkü çinli
uşaq sabah ökəsinin layiqli vətəndaşı
olmalıdır... Eşitdiklərimin real mənzərəsini
elə oradaca gördüm. Çəkilişə gəlmiş
əlliyə qədər uşağa fasilədə
Televiziyanın hesabına yemək verildi. Yemək fərdi
plastik paketlərdə qablaşdırılmış ördək
əti, düyü, meyvə və sərinləşdirici
içkidən ibarət idi. İbtidai sinif şagirdlərinin
elə foyedəcə ayaqüstü yemək yediklərinə
diqqət yetirdim, onlar çox sərbəst idilər. Yeməkdən
sonra xadimələrin gəlib yır-yığış
aparmalarına ehtiyac yox idi, yerə bir düyü dənəsi
də düşməmişdi.
Çində kino ekranını obrazlı olaraq belə
adlandırırlar - Həyata açılan pəncərə.
Ölkədə kino ən çox sevilən sənət
növlərindəndir və bir çox ölkələrdən
fərqli, bu sənətə maraq nəinki azalır, əksinə,
getdikcə daha da artır. Pekin kinoteatrları
tamaşaçı sarıdan korluq çəkmir. Bilet
kassalarının qarşısındakı qələbəlik,
doğrusu, məni bir qədər təəccübləndirdi.
İstər-istəməz ötən illəri
xatırladım: vaxtıyla Bakının "Nizami",
"Azərbaycan", "Araz" və digər
kinoteatrlarındakı uzun növbələr gözümün
qabağına gəldi. İndi bunlar adama yuxu kimi
görünür. Çin Xalq Respublikasında isə kinoya
münasibət bu gün də bambaşqadır, kino hər
bir çinlinin məişətində, mənəvi
dünyasında önəmli yer tutmaqda, yaşamaqdadır.
Televiziya kanallarının çoxluğuna baxmayaraq,
çinlilər filmləri mavi ekrandan seyr etməklə
yanaşı, kinoteatrları da unutmurlar. Filmi kino zalında
seyr etməyin həzzi başqadır.
Çin kinematoqrafçıları dünyanın
müxtəlif qitələrində, ölkələrində
keçirilən beynəlxalq sənət şənliklərinin,
festivalların iştirakçılarıdır. Bu fəallıq
70-ci illərin sonunda, mədəni inqilabdan sonra
başlamışdı. Sənət adamlarının əl-qolunu
bağlayan Çin mədəni inqilabı, incəsənətin
bütün sahələrində olduğu kimi,
kinematoqrafiyanın inkişafı yolunda da böyük maneə
idi. Odur ki, inqilabdan sonra sərbəstlik qazanan kino uzun illər
düşdüyü çətinliklərdən, köhnə
stereotiplərdən yaxa qurtarmağı ən ümdə və
başlıca vəzifə kimi görürdü.
Tamaşaçı çoxdan arzusunda olduğu realist səpkili,
həyati filmlərin sorağında idi.
Mədəni inqilabdan sonra yaradılan Pekin Kino
İnstitutu ölkədə kinematoqrafiyanın
inkişafına təkan verdi. Çjan İmou, Çen Kayqe,
Xuan Szyansin kimi istedadlı sənətkarlar məhz bu təhsil
ocağının yetirmələridir. Onların
ekranlaşdırdığı filmlər Çin kinosunu təkcə
ölkə içində deyil, xaricdə də layiqincə
tanıdır.
Kinematoqrafçıları haqlı olaraq
dövrün salnaməçiləri adlandırırlar.
Ölkənin ictimai-siyasi həyatında baş verənlər
kinokameranın da obyektivindən yayınmır. Əslində,
yaxşılı-pisli, acılı-şirinli nə baş
verirsə, bu, tarixdir.
Pekinin məşhur Tyananmen meydanını gəzəndə
məni qəribə hisslər bürüyürdü, sanki nəvaxtsa
burada olmuşdum. Əslində, dünyanın ən
böyük meydanı sayılan Tyananmen mənə filmlərdən
tanış idi. Bu meydan nələrin şahidi olmayıb? Elə
o üzdən də Tyananmen ədəbiyyatdan tutmuş ta
kinoyadək çox əsərin, necə deyərlər,
personajına çevrilib. Açığını deyim ki,
hakimiyyət orqanları Tyananmen mövzusunda çəkilən
filmlərə bir qədər qısqanclıqla
yanaşırlar, Pekinin tarixinə belə bir səhifə
yazıldığının xəcalətini çəkirlər
və bilirlər ki, 1989-cu ildə yüzlərlə
günahsız insanın ölümünə şahidlik
etmiş Tyananmen meydanındakı qan ləkəsi əbədiyyən
silinməyəcək.
Mədəni inqilabdan sonra sənətə gələn
kinematoqrafçıları beşinci nəsil
adlandırırlar. Onu da deyim ki, ən böyük
ağırlıq, çətinlik də məhz bu nəslin
boynuna düşmüşdü. Sənət və sənət
adamlarından ötrü buxova çevrilmiş mədəni
inqilab kinoya da durğunluq gətirmişdi. Beşinci nəsil
adlandırılan gənclər sənəti bu durğunluqdan
qurtarmağın, uzun illər susan Çin kinosunun dilini
açmağın öhdəsindən gələ bildilər.
Gənc rejissorların yaradıcılığındakı
ideya, mövzu rəngarəngliyi, polifoniklik, müasir
insanın həyatdakı yeri və mövqeyi yeni kinonun önəm
verdiyi tərəflərdir.
Çin filmləri bu gün Asiya, Avropa ölkələrilə
yanaşı, Amerika prokatında da maraq doğurur. Çin
dünya bazarına yüngül sənaye məhsullarıyla,
elektron cihazlarla birlikdə kino məhsullarını da ixrac
edir.
Kinonun həm də ideoloji təbliğat vasitəsi
olduğu danılmazdır. Çinlilər öz milli
kinolarını tanıtmaqda maraqlı olduqları kimi, dünya
kinosunu da tanımaqda, öyrənməkdə
maraqlıdırlar. Azərbaycanı, bizim milli mədəniyyətimizi
1945-ci ildə ekranlara çıxan "Arşın mal
alan" filmiylə də tanıyıblar. "Arşın
mal alan" müxtəlif şəhərlərdə, Pekinin
nüfuzlu kinoteatrlarında göstərilib. Film ölkə
başçısı Mao Szedunun o qədər xoşuna gəlib
ki, "Arşın mal alan"nın Çin
variantının çəkilməsinə göstəriş
verib. Düşünürəm, əgər o vaxtlar Sovet
İttifaqıyla münasibətlərdə soyuqluq
yaranmasaydı, "Arşın mal alan"dan düz 10 il sonra
lentə alınmış "O olmasın, bu olsun" da
Pekində göstərilər və Mao Szedun bəlkə bu
filmin də Çin variantının çəkilməsini
istərdi.
Bu gün müstəqil Azərbaycanla Çin Xalq
Respublikası arasında dostluq əlaqələri,
qarşılıqlı münasibətlər getdikcə
genişlənməkdə, möhkəmlənməkdədir.
Bu cür əlaqələr uzaq-uzaq məsafələri
qısaldır, ölkələri, xalqları
yaxınlaşdırır. Binayi-qədimdən dəvə
karvanlarının taptayaraq yaşatdığı İpək
Yolu heç vaxt indiki kimi gedişli-gəlişli olmayıb.
Pekinli tələbələrlə söhbətimi
unutmuram. "Böyük ipək yolu Çindən başlayıb,
bəs onun sonu hardadır?" - mən soruşanda, belə
bir cavab eşitdim: "O yolun sonu yoxdur..."
Kamil ƏFSƏROĞLU
525-ci qəzet .- 2024.- 29 noyabr(№219).-S.12;13.