Saranı aparan əsarət
seli
Müharibəyə həsr olunmuş romanlarda
dünyanın yaşadığı ağrılı tarixə
dərindən nəzər salınaraq bu faciənin içində
ədalət, həqiqət axtarışına
çıxılır. Buna nə dərəcədə nail
olduqlarından asılı olmayaraq müharibə mövzulu
bütün əsərlərdə cəmiyyətə, insana
və Tanrıya üsyan, dünyanın gərdişindən
şikayət var. Elə son günlərdə oxuduğum
İlqar Rəsulun "Sara" romanı da bu qəbildəndir.
Yazıçı müharibənin insanlığa vurduğu
zərbələri, onun dağıdıcı təsirlərini
sarsıdıcı bir həqiqət kimi oxucuya təqdim edir,
müharibənin ən böyük qurbanlarının həlak
olanlardan daha çox yaşayan insanların ruhları
olduğunu təsvir edir.
Müharibə yalnız fiziki zərər deyil, mənəvi
zədələrin də mənbəyi, uzun illər boyunca
insanların alt şüuruna yerləşmiş qorxu,
narahatlıq və ruh düşkünlüyünün
başlanğıcı, nəsildən-nəslə
ötürülüb genetik kod kimi formalaşa bilən
travmadır. Müharibədən sağ
çıxmış insan yoxdur. Bir hissəsi cismən, digərləri
də ruhən ölümə məhkum edilirlər. Bu əsərdəki
bütün obrazları "ölü insanlar" da
adlandırmaq olar. Çünki düşmən simasında
yaradılan obrazlar ifrat dərəcədə vəhşi,
insanlıqdan tamamilə uzaq xislətdə təsvir olunub, əsir
düşərgəsində yaşayan insanların isə həyata,
yaxşı gələcəyə olan ümidləri
ölüb. Hər iki tərəf insana xas müsbət
xüsusiyyətlərdən məhrum olaraq mənən
bitmiş, cismən mövcud canlılar halına gəlmiş
vəziyyətdədirlər.
Roman istənilən halda yazıçının təxəyyülü
sayəsində ərsəyə gəlmiş bədii əsər
olsa belə, buradakı fakt və hadisələrin real həyatdan
götürülmüş olmaq gerçəyi oxucunu daha dərindən
sarsıdır və düşmənə nifrət
aşılayır. Hətta bəzi səhifələr oldu ki,
oxuduqdan sonra düşündüm, yəqin ki, əsəri
oxuyub axıra çatdıra bilməyəcəm. Bir müddət
keçdikdən sonra yenidən davam etməyə güc tapa
bildim. Düşmənin xalqımıza aman verməyib ən
vəhşi üsullar və qəddarlıqla
torpaqlarımızı, insanlarımızı ələ
keçirərək işğal etməsini müəllif ətraflı,
bütün dərinliyi ilə qələmə alıb.
Romanda iyirmi yaşlı qızın əsir
düşərgəsindəki keşməkeşli, əzablı
həyatı ön plandadır. Müəllif qeyd edir ki, əsir
qızın olduğu "düşərgə Beynəlxalq
Qırmızı Xaç Komitəsinin Qarabağdakı
nümayəndələrindən gizli
saxlanılırdı". Hələ əsərin ən
başından aydın olur ki, hansısa bir səbəbdən
bütün digər girovların qıza xüsusi nifrəti
var. Onlar düşmənə necə nifrət edirlərsə,
bir o qədər də Saraya acıqlıdırlar:
"Heç kim ona tərəf baxmırdı. Girovların
Saradan zəhləsi gedirdi. Arvadlar yenə öz aralarında
onun qeybətini edirdilər..."
Əsərdə zaman parçalanmaları da yer
alıb. Oxucu, Saranın əsirlik həyatının bir hissəsi
ilə tanışlıqdan sonra, onun ata-anasıyla birgə
doğma vətənində qayğısız, xoşbəxt
illəri ilə tanış olur. Məlum olur ki, bir zamanlar - yəni
artıq ona çox uzaq və nağıl kimi görünən
günlərdə ata-anasının sevimli, ağıllı
övladı, yaşadığı kəndin isə daim diqqət
mərkəzində olan qızı imiş. Yetkinlik
yaşına çatan kimi tanış adamlar hamısı ona
göz qoyur, öz ailələrində gəlin kimi görmək
üçün valideynlərinə xəbərlər
göndərirmişlər. Saranın əsirlikdəki faciəsi
keçmişdəki bu xoşbəxt həyatın fonunda daha
da ağrılı və bir o qədər də
dözülmaz görünür. Yaşının az
olmasına baxmayaraq, o, yetkin insanlar kimi düşünür və
qərarlar verir. Sara romanda kifayət qədər
ağıllı qız kimi təsvir olunur. Burada
"ağıl" sözünü işlədərkən
təkcə mənəvi keyfiyyətləri nəzərdə
tutmuram. O, düşmənə qarşı hiyləgər
davrana, eyni zamanda ona nifrət etmələrinə, ölüm
arzulamalarına baxmayaraq, öz xalqının mənsublarına
münasibətdə ədalətli və rəhmli olmağa
qadirdir. Hətta düşmən onu öz istədiklərini
etdirmək üçün məhz həmin girovları
öldürməklə təhdid etdiyi zaman onları qorumaqdan
ötrü hər deyiləni edəcək qədər də
sadəlövh və geniş qəlbə sahibdir.
Düşərgədə Saranın başqa əsirlərlə
söhbətləri yasaqlandığı üçün
onlar qızı düşmənlərlə qeyri-əxlaqi
münasibətlərə girmiş öz yerliləri olaraq
görür və buna görə də ona daha çox nifrət
edirdilər. Hətta yaşlı adamlardan biri öz dəyənəyi
ilə vurub Saranın başını yarır və qoca
çağında qadına əl qaldırmağa vadar etdiyi
üçün də ona lənət oxuyur. Əslində,
Sara düşərgədə təkcə düşmənlərə
qarşı mübarizə aparmır, həm də mövcud vəziyyəti
tamamilə yanlış anlayan girovlara qarşı da
mübarizə aparmalı, onlardan da özünü qorumaq məcburiyyətində
qalmalı olur.
Düşmən əsirliyində qalmış
qadınlara olan münasibət çox
ağrılıdır. Həm "Sara"da, həm də
müharibəyə həsr olunmuş və baş qəhrəmanın
qadın olduğu bir çox romanlarda rast gəldiyim ən
sarsıdıcı məqamlardan biri də bu qadınların,
vətənə geri dönə bilsələr də, onlara cəmiyyətin
artıq tamam başqa, yəni neqativ münasibət göstərməsidir.
Hətta bir çoxu geri dönməyi özlərinə
sığışdırmayaraq intihar edir, ya da heç kimin
onları tanımadığı hansısa uzaq yerlərdə
kimsəsiz və səfil həyatı yaşayaraq bu
dünyadan köçüb gedirlər. Elə "Sara"
romanında da sonluq təxminən belədir. Sara aşiq
olduğu Səlimi min bir əziyyətlə əsirlikdən
xilas etməyə nail olsa da, özünə çarə,
çıxış yolu tapa bilmir.
Romanda Leyla, Nəsibə və başqa qadın
obrazları da yaradılıb ki, onlar da əsir düşərgəsinin
ən sərt sınaqları ilə üzləşib diri ikən
ölümə məhkum olunmuş qadınlardır.
Ümumilikdə əsərdə təqdim olunan obrazlar
müharibənin yalnız bir ölkə və ya millət
üçün deyil, bəşəriyyətin ümumi faciəsi
olduğunu dərk etməyə yönəldir və bununla da
müharibənin qarşısıalınmaz olduğu
düşüncəsini zəiflədir.
İlahə SƏFƏRZADƏ
525-ci qəzet .- 2024.- 29 noyabr(№219).-S.13.