Dünyanın
yaşıllıq həsrəti
2024-cü ilin Azərbaycanda "Yaşıl dünya
naminə həmrəylik ili" elan olunması ilə əlaqədar
Azərbaycan Yazıçılar Birliyi (AYB) təbiət
mövzusunda şeirlərdən ibarət
"Yaşılım, yaşılım, hara gedirsən"
adlı şeirlər toplusu nəşr etdirib. Topluda
"Kitabi-Dədə Qorqud"dan başlamış müasir
Azərbaycan şairlərinin yaradıcılığına qədər
böyük bir dövrü əhatə edən, təbiətə
həsr olunmuş poetik əsərlərdən nümunələr
yer alıb.
Xalq yazıçısı, AYB-nin sədri Anar kitaba
"Dünyanın yaşıllıq həsrəti"
adlı ön söz yazıb. "Regional Hüquqi və
İqtisadi Maarifləndirmə"
İctimai Birliyinin dəstəyi ilə işıq üzü
görən nəşrin ideya müəllifi AYB sədrinin
müavini Rəşad Məcid, tərtibçisi AYB-də
multikultural məsələlər üzrə məsul şəxs
Xatirə Fərəcli, redaktoru Əməkdar mədəniyyət
işçisi şair Vaqif Bəhmənlidir.
Xalq yazıçısı Anarın kitaba
yazdığı ön sözü oxuculara təqdim edirik.
Bakıda iqlim problemlərinə həsr olunmuş
xalqlararası tədbir ərəfəsində belə bir
kitabın çıxması yerinə düşür. Rəşad
Məcidin təşəbbüsü ilə nəşr olunan
bu kitab təbiətə həsr olunmuş şeirlər
toplusudur.
Bütün sənət növlərindən təbiətə
ən yaxın olan rəssamlıq və poeziyadır.
Dağların və meşələrin, dənizlərin və
göllərin, çayların və dərələrin təsviri
olmasaydı, rəssamlığımız və söz sənətimiz
nə qədər kasıb olardı. Eyni zamanda yağlı,
ya sulu boyalarla çəkilmiş mənzərələr,
ilin rəngini dəyişən fəsilləri, güllərin,
çiçəklərin rayihəsi ən incə, ecazkar
şeir diliylə vəsf edilməsəydi, insanlar bu gözəllikləri
bu qədər dərindən duya bilərmiydilər?
Kitabın adı unudulmaz şairimiz Eldar Baxışın
misralarındandır: "YAŞILIM, YAŞILIM, HARA
GEDİRSƏN?"
Alimlər dəqiq müəyyənləşdirmişlər
ki, haçansa yer üzünün ən böyük səhrası
Saxara - yaşıl ormanlardan ibarət imiş. Bu gün
dünya həyəcan təbili çalır: Amandır, iqlim
dəyişir.
Afrikanın göbəyinə qar yağır, cənub
ölkələrinin sakinləri yayda isti dənizdə
çimmək üçün şimala üz tuturlar. Dənizlər
(Xəzər, Aral), göllər (Urmiya) Qurunun qabağından
qaçır, geri çəkilir, get-gedə daralır. Bəlkə
bir gün Bakıdan Narginə piyada getməli oldular.
Kürreyi-ərzin ciyərləri Braziliyanın Amazon cəngəllikləri
Səhrayi-kəbirəmi çevriləcək?
Kosmonavtlar "göyün yeddinci qatından"
planetimizə baxanda onu mavi rəngdə görürlər. Bu,
təbiidir, kürəmizin dörddə üçünü
okeanlar, dənizlər tutur. Amma axı yer üzündə
narın qumlu sarı səhralar, zirvələri bəyaz qarla
örtülmüş dağlar, yam-yaşıl meşələr,
bağlar, tarlalar da var... Nədən
tör-töküntülər okeanda balıqlara qənim kəsiləndə,
nüvə artıqları çayları zəhərləyəndə,
gözəl qərənfillərin əndazəsiz
çoxluğu (və ifrat gəlir mənbəyi olması),
Abşeron torpağının dadını qaçıranda -
üzümün, tutun, əncirin, tərəvəzin təmi
dəyişəndə Göy Qurşağının
bütün rənglərindən daha çox sarının,
qırmızının yox, yaşılın həsrətini
çəkirik?
"Yaşılım, yaşılım, hara gedirsən?"
Hara qeyb olursan dünyanın yaşıl libası? Nədən
təbiətin qorunması üçün ayaqlananlar məhz
yaşıl rəngi rəmz seçdilər. Dünyanın
bir çox ölkələrində "Yaşıllar
partiyaları" meydana çıxdı və söz sahibi
oldular.
Yaşıl həm də İslamın rəngidir. Hər
bir böyük dində sağlam meyllərlə bərabər,
ifrat xurafat da yer alır. Məşhur türk
yazıçısı Rəşad Nuri Güntəkin məhz
belə xurafatı nəzərdə tutaraq "Yaşıl
gecə" romanını qələmə
almışdı. Rəşad Nuri Stalin rejimiylə
tanış olsaydı, yəqin ki, "Qırmızı gecə"
əsərini yaradardı (Daha doğrusu, "Krasnaya
ploşad", "Krasnaya armiya" dilimizə
"Qızıl meydan", "Qızıl ordu" kimi
çevrildiyi üçün belə bir yazılmamış
roman da "Qızıl gecə" adlana bilərdi).
Amma deyəsən, mətləbdən uzaq
düşdüm. Xalqımızın Yaşıla meyli
İslamdan çox-çox qabaqlardan yaranıb.
Səməni saxla məni
İldə göyərdərəm səni.
Fikrimcə, bu sadədən sadə "məni-səni"
qafiyəli misralarda çox ciddi ekoloji problem əks olunub.
Səməni yaşıllığın, cücərib
boy verən bərəkətin, ağappaq qış yuxusundan
sonra bahar oyanışının, həyatın dirçəlməsinin
rəmzidir. Bütün bunlar insanı saxlamağa,
qorumağa, yaşatmağa qadirdilər.
Amma Mən - insan da sənin qayğını çəkməliyəm,
vaxtı gələndə göyərtməliyəm.
İnsanla təbiətin sazişi bax bu sadəlövh beytdə
dəqiq ifadə olunub.
Ədəbiyyatımızın Ana "Kitabi-Dədə
Qorqud" oğuznamələri narın təbiət təsviriylə
başlayır:
Salqum-salqum dan yelləri əsdiyində,
Saqqalı bozac turağay sayrıdıqda
Ağla qaralı seçilən çağda
Köysü gözəl qaya dağlara gün dəyəndə
Ala sabah Dirsə xan qalxıbanı yerindən uru durub,
Qırx igidin boynuna alıb
Bayandır xanın söhbətinə gəlirdi.
"Kitabi-Dədə Qorqud"da qadın gözəlliyini
təbiətlə bağlayan ecazkar təşbehlər var:
qar üzərinə qan dammış kimi al yanaqlım
qoşa badam sığmayan dar ağızlım
İnsan taleyinin, insan qismətinin təbiətlə
bağlamağın bariz örnəkləri xalq şeirimizdə,
bayatılarımızda saysız-hesabsızdır.
Bu dağlar ulu dağlar
Çeşməli sulu dağlar
Burda bir qərib ölüb
Göy kişnər, bulud ağlar.
Təşbehin əzəmətinə heyran qalmamaq
olmur,
Su axdı, su dayandı
Süsənbər suda yandı
Dərdimi suya dedim
Alışdı su da yandı.
Yaxud ən modern şeiri kölgədə qoya bilən
ifadə:
Əzizim, bəxtiyarım
Bəxtimin təxti yarım
ÜZÜNDƏ GÖZ İZİ VAR
Sənə kim baxdı yarım.
Dirili Qurbaninin bənövşəyə həsr etdiyi
qoşması bu bəndlə bitir:
Qurbanı der: könlüm bundan sayrıdı,
Nə etmişəm yarım məndən
ayrıdı?
AYRILIQMI ÇƏKMİŞ BOYNU ƏYRİDİ,
Heç yerdə görmədim düz bənövşəni.
Elə bil Qurbaninin bu qoşmasına Qaracaoğlan cavab
verir, bənövşənin boynunun əyri olmasının səbəbini
açır.
Bitirsən güllərin xari içində
Qorxuram üzünə batar, bənövşə
Yavrum, neçin boynun əyri tutarsan
Sənin dərdin məndən betər bənövşə.
Qədrini bilməyənlər alır əlinə
Onun üçün əyri bitər bənövşə.
Yeri gəlmişkən bu kitabın tərtibçiləri
çox düzgün olaraq Azərbaycan şairləriylə bərabər,
topluya ənənəvi şəkildə ancaq Türkiyə sənətkarları
sayılan yaradıcıları da daxil ediblər. Bizim
Füzulisiz Türkiyə ədəbiyyatı kəm olursa,
Yunis İmrəsiz də Azərbaycan şeiri bütöv
görünməz.
Əgər Azərbaycanın və Anadolunun Orta əsr
divan ədəbiyyatı ərəb-fars kəlmələri,
izafetləriylə yaxındırsa, el şairlərinin,
ozanların, aşıqların misraları cüzi fərqlərlə
eyni dilin örnəkləridir. "Çərşənbə
günündə çeşmə başında"
"alagöz xanıma gözü düşən"
Aşıq Ələsgərin qoşmaları, gəraylıları,
təcnisləriylə türkiyəli Aşıq Veysəlin
yaratdıqları dil baxımından çoxmu fərqlidirlər?
Yenə məktub aldım gül üzlü yardan
Gözlətmə yolları, gəl deyə
yazmış
Sirvələn köyündən, bizim diyardan
Dağlar mor bənövşə, gül-deyə
yazmış.
Bəşərəkdə lalə sümbül
yürüdü,
Güldədəni çayır-çəmən
bürüdü
Qaradaşda qar qalmadı, əridi,
Axar gözüm yaşı sel - deyə yazmış.
Əylənmə qürbətdə yayla zamanı
Mevlanı sevərsən ağlatma məni
Bənək-bənək məktubdadır
nişanı
Göz yaşım məktubda pul - deyə
yazmış.
Anadoluya aid yer adlarından başqa, Aşıq Veysəlin
bu qoşmasını həm də Azərbaycan şeiri
saymağa nə əngəl ola bilər? Dağların,
çöllərin, çiçəklərin, otların ətri
gələn bu qoşmada yalnız bir sözü izah etmək
lazımdır, çünki bu söz şeirin bəlkə də
ən təsirli təşbehidir. "Pul" Türkiyə
türkcəsində "poçt markası" deməkdir.
Aşıqın aldığı məktubda poçt
markası sevgilisinin bir damla göz yaşıdır.
Aşıq Veysəldən söz düşmüşkən
torpağa müraciətlə yazılmış ən gözəl
şeirlərdən biri də onun qoşmasıdır:
Dost-dost deyə neçəsinə sarıldım
Mənim sadiq dostum qara torpaqdır
Beyhudə dolandım, boşa yoruldum
Mənim sadiq dostum qara torpaqdır.
Qarnın yardım, qazma ilən, bel ilən
Üzün yırtdım dırnağınan, əlinən
Yenə məni qarşıladı gül ilən
Mənim sadiq yarım qara torpaqdır.
Amma onu da unutmayaq ki, torpaq, təbiət insanın sadiq
dostu, hayanı da ola bilər, düşməni, qənimi də.
Bütöv şəhərləri yerlə-yeksan edən
vulkanların odu-alovu torpağın təkindən
püskürür. Kəndləri, obaları yuyub aparan sellər
dağlardan axıb gəlir. Şahə qalxmış
dalğaları insan məskənlərinin üstünə
yürüdən tufanlar, fırtınalar, sunamilər,
tornadolar dənizlərdən quruya hücum çəkir.
Qurular da dənizləri, günahsız gölləri qurutmaqla
"qisas alırlar". Uduzan yenə də insan olur. Amma
axı insanın özünün öz əliylə, əməliylə,
zəkasıyla, axtarışları və
tapıntılarıyla yaratdığı bəlalar da var.
Bu kitabda toplanan şeirlərin böyük qismi
dağlara həsr olunub. Dağlardan sonra şairlərin təbini
ən çox coşduran yağışlardır (Kitaba elə
mənim də "yağışlı şeirim" daxil
olunub).
Amma bu kitaba daxil edilməmiş bir şeir də var.
Bu şeir böyük Nazım Hikmətin bəşəriyyətə
xəbərdarlığıdır.
Əcaibləşdi havalar
Gah gün çıxır, gah yağış
yağır, gah qar,
Atom sınaqlarındandır deyirlər
Stransium doxsan yağır ətə, südə,
Ümidə, hürriyyətə
Qapısını çaldığımız
böyük həsrətə
Öz-özümüzlə yarışdayıq
gülüm
Ya ölü ulduzlara həyat aparacayıq
Ya yerimizə enəcək ölüm.
Bu gün insanlığın, planetimizin həyatına
son qoyacaq nüvə savaşının qara kabusu
dünyanın başının üstünü
aldığı çağda gözümüzü, qəlbimizi,
yaddaşımızı sığallayıb oxşayan
yaşıllığa və bu yaşıllığın
şeir misralarında vəsfinə daha çox ehtiyacımız
var. Bu kitab da həmin ehtiyacdan yaranıb - insanları təbiətin,
həyatın, gözəlliyin qədrini bilməyə
çağırır. Yaşıllığı
haraylayır.
29-30 sentyabr 2024
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
525-ci qəzet .- 2024.- 29 noyabr(№219).-S.9.