Nağıla bənzər
ömür
Görkəmli
folklorşünas alim Rza Xəlilovun 80 illik yubileyinə
Biri vardı, biri yoxdu. Bu yazımı nağıllara
xas ənənəvi sözlərlə başlamağım
heç də təsadüfi deyil. Nə qədər yaşa
dolsam da, yenə nağılları uşaq vaxtlarımdakı
həvəslə çox sevirəm. Qəribə
sözdür, axı nağılları kim sevmir ki, ən
çox da xoşbəxt sonluqlarını. Bəli,
nağıldan əbəs yerə söz açmadım. Elə
hekayəmin səbəbkarı da nağıl qəhrəmanlarını
xatırladan, nurani simalı, sözün əsl mənasında
ağsaqqal, kollektivimizin əzizi Rza müəllimdir. Qəhrəmanımı
çox sevdiyim üçün adını olduğu kimi
yazmaqdan da çəkinmədim.
Deməli, Rza müəllimlə üç ilə
yaxındır ki, bir kollektivdə çalışıram. Bu
müddətdə onun qədər işinə məsuliyyətli,
davlanışları dürüst, hər gün böyük
həvəslə işə gələn az insan tapılar desəm,
yanılmaram. Əlbəttə, qənaətimdə yanıla
da bilərəm, amma bu, sadəcə mənim fikrimdir. Bəli,
sən demə, Rza müəllimin iş yerində hər
gün sanki cədvəl üzrə gördüyü işlər
mənimlə yanaşı, həmkarlarımın da diqqətini
çəkibmiş. Demək, belə. Mən təsvir edim,
siz də qulaq asın: Rza müəllim hər gün
hamıdan öncə işə gəlir. Hətta dəfələrlə
cəhd etməyimə baxmayaraq, ondan qabaq işə gəlməyim
alınmayıb. Bir dəfə yadımdadır ki, qəsdən
iş saatından bir saat da əvvəl gəldim ki, necə
deyərlər "arzuma çatım". Amma nə görsəm
yaxşıdır, Rza müəllimin şöbəsinin
işığı yanır, özü isə masanın
üzərindəki kitabları vərəqləyərəq
həmişəki qayda üzrə var-gəl edir. Yalan nə
deyim, hər gün işə gələndə bu mənzərə
ilə qarşılaşmaq mənə xüsusi zövq verir,
yazıb-yaratmaq həvəsimi birə-beş artırır.
Onu da qeyd edim ki, Rza müəllim həm də əsil-nəcabətli
nəsildəndir. Belə ki, əsilzadəliyi onun
davranışından, səs tonundan da açıqca sezilir.
Bəli, onu deyirdim axı, Rza müəllim
bütün həmkarlarından öncə işə gəlir.
Hamı yığılana yaxın isə məşhur
çaydanını doldurmağa yollanır. Baxmayaraq ki,
şöbə müdiridir və şöbədəkilərin
də əksəriyyəti qadınlardır. Əsilzadəliyi
bu məqamda da onu rahat qoymur, centlmenlik edərək
qadınları əziyyətə salmaq istəmir. Çay
prosedurundan sonra isə arxivə, yeni materiallar toplamağa
yollanır.
Kitabları aparıb-gətirməsi isə xüsusi
bir mərhələdir desək, heç də
yanılmarıq. Deməli, dəhlizdə sovetlər dönəmindən
miras qalan iki böyük seyf durur. Bu seyflərin birinin adı
isə "Rza müəllimin seyfi" kimi tarixə
düşüb. Belə ki, Rza müəllim yazı yazarkən
istifadə etmədiyi kitabı dərhal masanın üzərindən
götürüb seyfə qoyur,
əvəzinə isə bir başqasını
götürür. Şöbəmiz bitişik olduğuna və
seyf də qapımızın kənarında durduğuna
görə gün ərzində, yalan olmasın 10-15 dəfə
bu gedişatın şahidi oluruq. Deməli, qəhrəmanım
tələsik, əlində kitablar seyfə
yaxınlaşır, sonra isə açarla qapını
açır. Qeyd etdiyim kimi, seyf sovetlər dövrünün
ənənəvi dəmir seyfi olduğu üçün
açarla açılarkən ətrafa möhkəmcə səs
salır, əməlli-başlı əks-səda yaradır. Bəzi
həmkarlarımın bəlkə də adi
qarşıladığı, hətta qulaqardına vurduğu
bu səsdə, xüsusi həyat eşqi, yaşam
gücü, işləmək həvəsi duyulur.
Maraqlısı da odur ki, Rza müəllim 3-5 dəqiqəlik
uzaqlaşsa da belə, seyfi bağlamağı heç vaxt
unutmur.
Qəhrəmanımın sevərək izlədiyim bir
xüsusiyyəti də məvacibin verildiyi günün səhərisi
telefon pulu ödəmək üçün poçta
yollanmasıdır. Baxmayaraq ki, artıq hamı bu
köçürməni mobil qaydada tətbiq edir, Rza müəllim
isə hələ də bu işi, necə deyərlər,
"dədə-baba" sayağı etməyə
üstünlük verir. Bunun bir səbəbi də qəhrəmanımın
mənim kimi virtual aləmlə dost olmamasından irəli gəlir.
Yaxşı yadımdadır ki, bir dəfə işə gələndə
yolda Rza müəllimlə rastlaşdım. Salam verib hal-əhval
tutduqdan sonra dərhal poçta telefon pulunu ödəməyə
getdiyini bildirdi. Mən "hələlik, Rza müəllim"
deyib yoluma düzəldim. Binaya daxil olanda isə nə görsəm
yaxşıdır, mən ha eləyib gələnədək
Rza müəllim çoxdan gəlib və dəhlizdəki məşhur
dəmir seyfin içərisində adəti üzrə elmi
axtarışdadır.
Rza müəllimin sevdiyim hərəkətlərindən
biri də bizim şöbəyə yaşıl çay
içmək üçün gəlməsidir. Onu da
xatırladım ki, sevimli qəhrəmanım dəfələrlə
şöbəmizə yaşıl çay da hədiyyə
etmişdir. Hədiyyə edərkən isə adəti üzrə
belə deyir: "Evə almışdım, çox bəyəndilər.
Ona görə sizə də elə bundan aldım".
Müşahidə aparmışam, Rza müəllimin gəlişi
şöbə əməkdaşlarının da çox
sevdiyi və səbirsizliklə gözləyi andır. Demək,
belə olur: Rza müəllim əlində şüşə
fincanı içəri daxil olur və deyir: "Sizi deyib gəlmişəm,
ey mənim müsəlman qardaşlarım". Onu da deyim ki,
Rza müəllim həm də çox gözəl, müasir
dövrdə az rast gəlinən incə yumor hissinə də
malikdir. Azərbaycanın köhnə filmlərindən, teatr
tamaşalarından mənim də çox sevdiyim nümunələri
yerli-yerində, peşəkarcasına xatırlatması insana
xüsusi dinclik, mənəvi zövq verir. Nə isə, bax
belədir bizim Rza müəllim, həmkarlarımın arada
instituta gələn kiçik yaşlı
övladlarının dili ilə desək, "bizim Rza
baba".
Leyla KAMRANQIZI
AMEA Folklor İnstitutunun şöbə müdiri,
filologiya elmləri doktoru
525-ci qəzet .- 2024.-1 oktyabr (№178).- S.12.