Yunus Kandım bir həftə Bakıda

 Yunus Kandım-65

 

Krımda Yunus Kandımın yubileyi

Bu il sentyabrın 4-də Akmescid şəhərində (Simferopol) şair, tərcüməçi, araşdırıcı və çılğın millətsevər Yunus Kandımın (Kandımov) anadan olmasının 65 illiyi münasibətilə toplantı keçirilib (Onun soyadını Krım tatarları "Qaddım",  yəni "qanmaq", "anlamaq" şəkilində yazırlar. Rəsmi sənədlərdə, yazıda və internet resurslarında isə "Kandım" şəklində yazıldığından biz də onun soyadını "Kandım" və ya "Kandımov" kimi yazırıq). Toplantıya dövlət adamları, rəsmi şəxslər qatılmasa da, iştirakçıların sayı rəsmi toplantılara dəvət edilənlərdən çox olub. Necə deyərlər, Krım tatarlarının gənc nəsili vətən və millət üçün ömür xərcləyən, gənc yaşlarında dünyadan köçən insanı hörmətlə xatırlayıblar. Sağlığında onun ayağından çəkənlər, haqqında yaxşı-yaman deyənlər də alovlu çıxışlar ediblər. Gənclər onların 20-30 il öncə Yunus Kandım haqqında dediklərindən xəbərsiz olduqlarından çıxışlarını alqışlarla qarşılayıblar. Kırımdan mənə göndərilmiş yubiley toplantısı haqqında hazırlanmış lent yazısına baxanda çox üzüldüm. Öz-özümə sual verdim: nədən insanlar çağdaşlarının əməyini, onların vətən  və millət üçün gördükləri işləri vaxtında dəyərləndirmir, öldükdən sonra tərif yağışı yağdırırlar?

Yunus Kandımın 65 illiyi münasibətilə keçirilmiş toplantı haqqında materiallarla tanışlıq mənə onunla 35 il öncəki görüşümüzü, üz-üzə  söhbətlərimizi xatırlatdı.

Zuğulbada Xəzər formu

1989-cu ilin dekabr ayı idi. Şair, şərqşünas, tərcüməçi Nəriman Qasımoğlu (o zamanlar Qasımzadə imzası ilə tanıyırdıq) məni Bakıda keçiriləcək Xəzər forumuna dəvət etdi.

Xəzər forumu Bakının doğusunda, Azərbaycan LKGİ-nin (Komsomolunun) Mərkəzi Komitəsinin Zuğulbadakı Gənclik düşərgəsində keçirilirdi. Qəribə burası idi ki, əsasən Türkçülərin dəvət olunduğu toplantının təşkilatçıları arasında Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin adı olsa da, işləri reallaşdıran, düzənə salan məşhur türkoloq, dilçi alim, Azərbaycan Ədəbi Əlaqələr və Bədii Tərcümə Mərkəzinin sədri Aydın Məmmədov idi.

Dekabrın 4-ü günü mən toplantı iştirakçılarıyla bir yerdəydim. Əsərlərini oxuduğum Krım tatarlarından olan şair-publisist Yunus Kandımovla da burada tanış oldum. Əslində mən uzaqdan-uzağa da olsa, onu tanıyırdım. Dostlarımla birlikdə Krım tatarlarının Daşkənddə çıxan "Lenin bayrağı" qəzetinə və "Yıldız" jurnalına abunə olduğumuzdan ordakı məqalələrin və şeirlərin əksəriyyətini gözdən keçirirdik. Yunusun da şeir və məqalələri ilə tanış idim. Amma məni heyrətləndirən onun "Lenin bayrağı" qəzetinin  1987-ci il martın 21-də çap etdirdiyi "Buz yerindən köçəcəyik" məqaləsi olmuşdu. Məqaləni oxuduqdan sonra ona təşəkkür məktubu yazaraq ruhlandırmışdım.

İlk görüşümüzdə də ətrafımızdakılara Yunusun "Buz yerindən köçəcəyik" məqaləsindən söz açdım. Diqqətimizə çox sevindi.

Beləcə xatirələr çözələnməyə başladı. Krım tatarlarının sürgün həyatından, imzasını tanıyıb üzünü görmədiyimiz insanlardan, vətənə dönənlərin üzləşdikləri çətinliklərdən xəbər tutmağa başladıq.

Xəzər formuna dəvət olunanlar tanıdıqları və tanımadıqları insanlarla uzun illər ayrı düşmüş doğmalar kimi görüşür, söhbətləşirdilər. Krım tatarlarına içimdə böyük sevgi olduğundan, onların sürgün olunmasına açdığımdan Yunus Kandımova daha çox diqqət və qayğı göstərməyə, ondan sürgün həyatları haqqında daha geniş bilgi almağa çalışırdım. O da həvəslə danışırdı.

Yunus Kandımovun həyat yolu

Yunus 1959-cu il sentyabrın 4-də Daşkənd vilayətinin Ağkurqan sovxozunda dünyaya gəldiyindən, orta məktəbdə oxuyarkən ədəbiyyata böyük maraq göstərdiyindən, şeirlər yazdığından, ilk şeirini 1979-cu ildə "Lenin bayrağı" qəzetində çap etdiyindən söz açdı. Öyrəndim ki, 1981-ci ildə Daşkənd Dövlət Pedaqoji İnstitutunun Krım tatar şöbəsini bitirib.

1988-1989-cu illərdə "Lenin bayrağı" qəzetində işləyən, şeirlərini və məqalələrini çalışdığı qəzetdə, "Yıldız" jurnalında, "Karılğaclar" almanaxında çap etdirən Yunus Kırım tatarlarının vətənə dönmələrinə icazə verilən kimi Krıma köçür. Burada yerləşməyə, ev-eşik qurmağa, iş tapmağa nə qədər əngəllər törətsələr də, çətinliklərdən qorxmur. "Dostluq" qəzetinin yaranmasında və formalaşmasında yaxından iştirak edir və qəzetin ən fəal və cəsarətli əməkdaşlarından birinə çevrilir.

Yunus Kandımov 1988-ci ildə Daşkənddəki Qafur Qulam adına Ədəbiyyat və Sanat Nəşriyyatında çap etdirdiyi "Sen denizge benzeysin" adlı şeirlər kitabçasına "Əli muallime büyük ürmet ve sayğı ile. Müəllif. 06.12.89." avtoqrafıyla mənə bağışladı.

Zuğulbadakı Xəzər Forumunun iştirakçılarından bir qrupu

Yunus bəylə, ömür yolundan, sürgün həyatlarından, vətənə qayıtmaq uğrunda apardıqları mübarizədən söhbətlər edirdik. Foruma qatılan azərbaycanlıların ona olan sevgisinə, Krım tatarları haqqında bilgisinə, onların mübarizəsini necə ürəkdən dəstəklədiyinə heyran qalmışdı.

Yunus bəy çılğın, vətəni və milləti üçün lazım gələn hər bir işi görməyə hazırdı. O, daim axtarırdı. Millətinin keçmişinə bağlı, keçmişiylə qürur duyan birisiydi. Böyük həvəslə yeni şeir formaları yaratdığından, keçmişdə Krım ədəbiyyatında olan və unudulan "palindrom"lar, "akroşeir"lər yazdığından danışır, 17-ci yüzildə yaşamış Krım tatar şahzadəsi Şahin Gərayın poeziyaya gətirdiyi janr yeniliyini davam etdirdiyini söyləyirdi. Dinləyənlər onun dediyi terminləri başa düşmədiklərini gördükdə, öz yazdığı nümunələrlə fikrini izah etməyə çalışırdı.

Onun söylədiyinə görə, "palindrom" janrında misralar qısa olur, sağdan da, soldan da oxunanda məna verir. "Akroşeir"də isə hər misranın ilk hərfini yuxarıdan aşağı oxuduqda şeir kimə həsr olunduğu bilinir. Yəni şeir kimə ithaf olunubsa, onun adı oxunur.

Yunus bəyə görə "akroşeir"i 1930-cu illərdə Krım tatar şairi Yunus Temirkaya yaradıb. Azərbaycanlı şairlər isə belə şeirlərin bizdə də yazıldığından və həmin şeirlərin müəllifləri mətbuatda tənqid olunduqlarından söz açanda Yunus Kandımov bərk təəccübləndi də.

Proqrama əsasən, 1989-cu il dekabrın 4-8-də keçirilməli olan "Xəzər" forumu bir həftəyədək davam etdi. Toplantıya bir neçə yeni yaranmış ictimai təşkilatın rəhbəri də dəvət edilmişdi. Foruma dəvət edilmiş ictimai təşkilatlardan səhv etmirəmsə, yalnız Azərbaycan Xalq Cəbhəsinin sədri kimi Əbülfəz Əliyev (Elçibəy) qatıldı və çox maraqlı çıxış da etdi. Təəssüf ki, sonralar onun çıxışının çap olunduğunu görmədim.

Tatar demokratlarının Əbülfəz Elçibəyə sualları

Əbülfəz bəy danışdıqca kiçik cib dəftərçəmdə qeydlər aparırdım. Türk xalqlarının nümayəndələrinin verdiyi suallar və verilən cavabları aşağıdakılardır:

Niyazi Arifoviç Arumin (Kazan tatarı): - Bakıda keçirilən nümayişlərdə Rus, Ryazan, Kazan Tatar Şurası yaradıldığı elan edildi. Buna münasibətiniz?

Əbülfəz bəy: - Çox pis. Biz buna qarşı mübarizə aparırıq. Azərbaycanda yaşayan, özünü Azərbaycan vətəndaşı sayan hər bir şəxs demokratik hərəkatda, yenidənqurmada iştirak etmək istəyirsə, dildən, dinindən, irqindən asılı olmayaraq, AXC-nin tərkibində mübarizə apara bilər. Elə şuraların yaranması qüvvələri parçalamağa, sabah isə onları qarşı-qarşıya qoymağa xidmət edir.

Yunus Kamdımov (Krım tatarı): - Krım tatarlarının vətənə dönmək uğrunda mübarizəsinə necə baxırsınız və bizə kömək etmək istərdinizmi?

Əbülfəz bəy: - İndi deyil, 60-cı illərdən, tələbə olarkən Krım tatarlarının mübarizəsini diqqətlə izləmişəm. Mustafa Cəmilovun (Krımlı) haqqında xarici radioların yaydığı məlumatlar, onun həbsxanada aclıq etməsi Azərbaycan çayxanalarında uzun müddət mövzu olub. Sizə fəal qoşula bilməsək də, həmişə Krım tatarlarına qarşı haqsızlıq edildiyini söyləmişik. Yadınızda varsa, Fərqanədə Axıska türkləri ilə özbəklər arasında toqquşma yaradıldıqda biz sovet hakimiyyət orqanlarının irticaçı siyasətini, Rusiyanın araqarışdırıcılıq fəaliyyətini pislədik, Axıska türklərinin Azərbaycanda yerləşməsi üçün əlimizdən gələni əsirgəmədik. Krım tatarları ilə bağlı xüsusi proqram hazırlayırıq. Onların gənclərinin Bakıya gəlib ali təhsil almalarına nail olacağıq. Hamınızın vətənə dönüb ata-baba yurdlarında məskunlaşmağınız üçün sizlərlə birgə mübarizə aparacağıq. Fəaliyyət birliyinə nail olmaq üçün mütləq kordinasiya şurası yaratmalıyıq.

Soldan Əli Şamil, qaqauz şair, dramaturq və jurnalist Todur Zanet və Krım tatar şairi, tərcüməçi və araşdırıcı Yunus Kandım.

Rafael Nurəttinoviç Bədrkin (Kazan tatarı): - Xalq Cəbhəsinin qurultayınadək Bakıda yaşayan Türk xalqlarının mərkəzini yaratsaq, çox yaxşı olar.

Əbülfəz bəy: - Biz də bu yöndə iş aparırıq. Amma təkcə Bakıda, Azərbaycanda yaşayan Türk xalqlarının mərkəzini deyil, dünya türklərinin koordinasiya mərkəzi ola biləcək təşkilatların əsasının qoyulması vacibdir. Gələn il aprelində Türkiyədə keçiriləcək Böyük Azərbaycan Konqresi də bu istiqamətdə atılan addımlardan olacaq. Bizim nümayəndələr də orada iştirak edəcək.

Todur Zanet (qaqauz şairi): - Xalqımız qurultay çağırdı. Öz müstəqilliyini elan etdi. Lakin Moldova Ali Soveti qurultayın qərarları ilə hesablaşmaq istəmir. Buna Siz necə baxırsınız?

Əbülfəz bəy: - Sizin problemə beynəlxalq hüquq baxımından iki prizmadan baxmaq olar. Xalqların öz müqəddəratını həll etməsi baxımından Siz doğrusunuz. Bir də var, dövlətlərin ərazi bütövlüyü məsələsi. Gəlin görək, Sizin bölgədə qaqauz dövləti yaratmaq mümkündürmü? Birinci, etnik baxımdan bölgə çox qarışıqdır. Orada qaqauz da var, bolqar da, ukrayn da, moldovan da, rus da. Siz dövlətinizi quranda onlar ayağa qalxıb "bizim hüquqlarımız pozulur" deyə hay-haray salacaqlar. İkincisi, beynəlxalq hüquq normaları pozulmuş olacaq. Kiçik bir qurumun yaratdığı dövlət isə güclü dövlətlərin əlində qonşu dövlətlərə təzyiq vasitəsinə çevriləcək. Nəinki Moldova, hətta Ukrayna, Rumıniya, Bolqarıstan da belə dövlətin yaranmasına razı ola bilməz. Yaxşı olardı ki, Siz müttəfiq respublika statusu almaq uğrunda deyil, öncə mədəni muxtariyyət, sonra isə Moldovanın tərkibində inzibati-ərazi muxtariyyatı almaq istiqamətində iş görəydiniz.

Niyazi Arifoviç: - Tatarıstan və Başqırdıstan birləşib bir müttəfiq respublika yaratmaq istəyir. Həmin bölgələrdən seçilən deputatların əksəriyyəti rus olduğuna görə, buna imkan vermirlər.

Əbülfəz bəy: - Tarixdə həmişə tatarlarla başqırdlar bir dövlətin tərkibində olublar. Bu ideya indi baş tutmasa da, bir neçə ildən sonra reallaşacaq. Buna zaman lazımdır. Məsələnin yetişməsi lazımdır. Bir siyasi aksiya kimi bunu biz də müdafiə etməli, deputatlara təsir yolları axtarmalıyıq.

Rafael Nurattinoviç: - Tümendə tatarlarla azərbaycanlılar birlikdə cəmiyyət yaradıblar. Buna necə baxırsınız?

Əbülfəz bəy: - Təbii, belə də olmalıdır. Biz də əlimizdən gələni əsirgəməməliyik. Kömək etməliyik.

Vaqif Cəbrayılzadə (şair): - Bəy, mitinqlər çox uzun çəkir, adamları yorur. Doğrudanmı, bu qədər danışmağa ehtiyac var?

Əbülfəz bəy: - Müstəqil qəzetlər nəşr ediləndən, insanlara fikirlərini sərbəst şərh etməyə şərait yaradılandan sonra mitinqlərdə uzun-uzadı danışmağa ehtiyac qalmayacaq.

Xəzər Forumunun qonaqları ilə təklikdə görüşlər

Əbülfəz Əliyev Xəzər forumunda çıxış edib getdi. Həmin vaxt Bakı çətin və gərgin günlərini yaşamasına baxmayaraq, o, gələn qonaqlarla əlaqəsini üzmədi. Sonrakı günlərdə forum iştirakçısı olan qonaqlarla ayrılıqda görüşməyə də vaxt ayırdı.

O, toplantıya ilk gündən qatılmasa da, nəinki oradakı söhbətləri diqqətlə izləyir, həm də gələn qonaqlarla, onların baxışlarıyla, arzu və istəkləri ilə maraqlanırdı.

Görüşəcəyi adamlar haqqında öncədən bilgi toplamağı sevən Əbülfəz Elçibəy Yunus Kandımov haqqında mənə verdiyi suallar təxminən belə yadımda qalıb: Yunus Kandımov millətinin adının Krımlımı, Krım Tatarımı, Krım Türkümu yazılmasını istəyən hansı qrupdandır? O, Krımın Ukraynanınmı, yoxsa Rusiyanınmı tərkibində olmasını istəyir? Yunus Kandımov sürgün olunanların köçürüldükləri kənd və şəhərlərə qayıtmalarını istəyir, yoxsa Krımın hər hansı güşəsində yerləşmələrini istəyir? Sürgündən dönənlərin Türkiyəyə, ABŞ-a köçmələrinə necə baxır?

Mən Yunus Kandımov söhbətlərimdə Elçibəyin maraqlandığı məsələlərə münasibətini öyrəndim. Onunla baxışlarımız üst-üstə düşürdü. Yunus bəy millətinin adının Krım Türkü yazılmasını, yarımadanın harasında olsa yerləşmələrini, xarici ölkələrə köçməmələrini, yaxın planda Ukraynanın tərkibində qalmalarını istəyirdi.

Yunus Kandımov Elçibəylə görüşəndə Krım mövzusunda  söhbətləri geniş oldu. Elçibəyə görə Krıma köçdükdə milliyətlərinin adını türk yazdırsalar, oradakı azərbaycanlılar da, türkmənlər də, özbəklər də, qazaxlar da, qırğızlar da, başqa Türk xalqlarının nümayəndələri də milliyyətlərini gələcəkdə Türk yazdırar. Beləliklə, sayca ruslardan sonrakı yerdə durar və söz sahibi olarlar.

Krımın Ukraynanın tərkibində qalmasına məsələsində də Elçibəylə Kandımov arasında fikir ayrılığı yaranmadı. Hər ikisinin fikrincə, Ukrayna da Rusiya müstəmləkəsindən qurtulduğundan iqtisadi cəhətdən zəif olsa da, Krım Türklərinə daha çox arxa durmağa, onların vətənlərinə qayıtmasına tərəfdar olacaq. Ruslara qarşı duruş gətirmək üçün ukraynalılar Krım türklərilə birlikdə olmağa məcburdular.

Yunus Kandımov vətənə köçən soydaşlarına rus şovinistləri və xuliqanları təzyiqlər göstərdiyindən, dönənlərin ev tikib yerləşməkdə çətinlik çəkdiyini bildirəndə Elşibəy ona təskinlik verdi. Bildirdi ki, Azərbaycan çətin vəziyyətdən çıxsa, bu problemi sadə yolla həll edə biləcək. Hər il 50 minə yaxın gənc müxtəlif fasilələrlə Krıma tələbə inşaat dəstəsinin üzvü kimi göndəriləcək. Tələbələr soydaşlarına tikinti, təsərrüfat quruculuğu işlərində yardım göstərməklə yanaşı, xuliqanlara və faşistpərəs ünsürlərə qarşı da müqaviməti təşkil edə biləcəklər.

"Tərcuman" qəzetinin bərpasından, Krımdan Azərbaycana oxumağa çox sayda tələbə göndərilməsindən, ortaq televiziya qurulmasından, ortaq ünsiyyət dilinin formalaşdırılmasından və b. mövzulardan da geniş söhbət etdilər.

Xəzər Forumundan sonra Yunus Kandımla yazışmalarımız

Xəzər forumundan sonra bütün qonaqlar kimi, Yunus Kandımovu da yola saldıq. Lakin əlaqələrimiz kəsilmədi. Bakıda 20 yanvar qırğınından sonra "Xəzər sahillərində" ("Hazer yalılarında") adlı dəyərli bir poema yazıb çap etdirdiyindən xəbər tutdum. Sonra Rəşad Məcidin şeirlərini Krım türkcəsinə çevirib nəşr etdirdiyini gördüm. O, Azərbaycandan yalnız Rəşad Məcidin şeirlərini çevirməklə kifayətlənmədi. Hidayətin və Ramiz Rövşənin şeirlərini ukrayn dilinə tərcümə etdi.

Azərbaycan ədəbiyyatından nümunələri Krım türkcəsinə və ukrayn dillərinə çevirməyə başlamışdı. Bu yöndə çox iş görəsi idi. Türk, özbək, türkmən, Azərbaycan, rus və ukrayn dillərinə tərcümələri çox uğurlu alınırdı. Bu, onun poetik duyumunun güclü olmasından xəbər verirdi.

İşini çoxluğuna baxmayaraq, mənim Noman Çələbi Cihan və onun başçılıq etdiyi dövlət, Asan Səbri Ayvazov, Cəfər Seyidəhməd, bir sözlə, Krımın azadlığı uğrunda mübarizə aparmış insanlar, aydınlar haqqında məqalələr yazmağım üçün materiallar göndərirdi. İki il sonra Bakıda oxuyan tələbələrdən "1917 sene Kurultay o nasıl olğan edi" kitabçasını mənə göndərdi. Kitabça Krımda rataprintlə az tirajda və olduqca bəsit hazırlansa da, oxucular böyük maraq və həvəslə oxuyurdular.

O, mənim "Abunə yazılmaq istəyirik" məktubumu "Krımskaya pravda" qəzetinin həftəlik əlavəsi olan "Dostluq" qəzetinin 1990-cı il noyabrın 10-da çap etdirdi. Belə məktublar vətənə dönənləri ruhlandırdı. Mən isə qəzetin həmin sayında onun Ş.Ramazonovla birlikdə İkinci Dünya savaşı illərində Krımda partizan dəstələrinin komandir müavini və komandiri olmuş, RSFSR Dövlət Mükafatı laureatı, bir neçə kitabın və kinonun ssenari müəllifi Georgi Leonudoviç Severskidən apardıqları "Həqiqət və tək həqiqət" müsahibənin Naxçıvanda böyük maraqla qarşılandığından söz açdım.

Yunus Kandımın tərcümələri və səfərləri

Yunus Kandımovun mənə bir neçə məktub da yazmışdı. Nə yazıq ki, onları qoruyub saxlaya bilmədim. Evimdə hərbçilərin və milislərin axtarışları zamanı apardıqları kağızlar və sənədlər arasında onun məktubları da olmuşdu. Heyif ki, evimdən aparılan sənəd və yazıların heç birisini geri ala bilmədim. Bakıya köçəndən, xalq cəbhəsi fəallarına qarşı təqiblər səngiyəndən sonra dostlarımın evində saxladığım sənədlər arasında Yunus bəyin bir məktubuna da rast gəldim. O yazırdı:

"Salam, Ali muallim!

Sağ selemetsinizmi? İşlerinğiz nasıl?

Bizim işlerimiz yaxşı kete, desem de oladjakğ. Kureş devam ete.

Ali muallim, 29 mayda bir teleqramma aldım. Teleqrammadan anğlaşılqğanına köre 27 mayda Naxiçevanda Milli Azatlıkğ Kunyu - Azərbaycan Demokratik Respublikasınınğ 72 yıllıqğına baqğışlanqğan tantanalarqğa teklif etilqenim. Lekin teleqrammanı manca pek keç berdiler. Çokğ teesuf ki, men fursattan faydalanıp, sizlernen azeri dostlarimnen korkoşip olamadım.

Men sizlerni, azerilerninğ azatlıqğı içyun djanlaını ayamqğan azerbaydjan əvlyadlarını, bütyün xalkğını mezkyur kunnen xayırlayım. Epincizi sabır-takğat, kuç-kğuvet tileyim. Kırım-tatar milletine urğmet bildirqeninğiz içyun çokğ saqğ olunğız, aziz dostlar.

Ali muallim, dostlarımıznınğ episine seeylam etinğiz.

Urmetle

Yunus Kandımov

29.05.90"

 

Yunus Kandımov familyasındakı ov sonluğunu atdı. 1990-cı ildə olduqca məhsuldar çalışan Yunus Kandımın sorağını gah Türkiyəki Uluslararası şeir şölənindən (Bursa, 1992), Avropa Yazıçılarının Rumıniyada keçirilən 2-ci Uluslararası görüşündən (Kostence, 2001), gah Avropa Şairlərinin Latviyada keçirilən 3-cü Dəyirmi stolundan (Riqa), gah Ukrayna şairi Taras Şevçenkoya həsr olunan Uluslararası toplantılardan (Luqanski, 1998, Kamensts-Podolsk, 2000, İvan-Frankovsk, 2001) alırdım. Tədbirlərdə bu qədər fəal iştirak etməklə, soydaşlarının sürgündən dönərkən üzləşdiyi problemləri dünyaya çatdırmaqla yanaşı, yorulmadam yazıb-yaradırdı.

O, az vaxtda Londonda yaşayan və romanlarını Türkiyə türkcəsində yazan Krım-Tatar yazıçısı Cengiz Dağcının "Onlar da insan idilər", "Anama məktublar", "Yurdunu qayb edən (itirən) adam", "Qorxunc illər" romanlarını, "Cengiz Dağcı: yazıçının öz qələmilə" xatirələrini çevirərək ana dilində çap etdirdi. Bundan başqa, Taras Şevçenkonun şeirlərini və "Qafqaz" poemasını, Lesya Ukrainkanın şeir və poemalarını, Mixaylo Kotsyubinskinin hekayə və povestlərini, Y.Muşketikinin, P.Movçaninin, M.Miroşniçenkonun, B.Basırovun və başqalarının əsərlərini Krım tatarcasına çevirərək çap etdirdi. Çevirdiyi neçə-neçə əsəri çap etdirə bilmədiyi kimi, sənədlər topladığı neçə-neçə araşdırmanı da tamamlaya bilmədi.

...Qarabağda doğulub boya-başa çatan, Daşkənddə Dövlət Pedaqoji İnstitutunun Tatar Dili və Ədəbiyyatı Fakültəsini bitirən və mənimlə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda işləyən İlqar Qasımov bir gün dərin hüznlə xəbər verdi ki, Yunus Kandımov dünyasını dəyişib. Onun belə gənc ikən ölümü bizi sarsıtsa da, nə edəcəyimizi bilmədik. İlqar da Yunus Kandımovun nə vaxt öldüyünü dəqiq bilmirdi. Sonralar 2005-ci il martın 20-də, Azərbaycanda və Krımda ailələr sevimli Novruz bayramlarını qeyd etdikləri bir vaxt ürək xəstəliyindən dünyasını dəyişərək, haqqa qovuşduğunu mənə söylədi.

Çılğın bir şairin, vətənpərvər bir insanın, Türk dünyasının birliyi üçün canından keçməyə hazır olan bir millətsevəri də belə itirdik.

 

Əli ŞAMİL

ali-shamil@yahoo.com

525-ci qəzet .- 2024.-1 oktyabr (№178).- S.10-11.