Tariximizin görkəmli bilicisi
PROFESSOR HACIFƏXRƏDDİN SƏFƏRLİNİN
75 YAŞI TAMAM OLDU
Əməkdar elm xadimi, AMEA-nın müxbir
üzvü, professsor Hacıfəxrəddin Səfərlinin Azərbaycan
tarix elminin tanınmış simalarından biridir. Bu günlərdə
75 yaşı tamam olan Hacıfəxrəddin Səfərli ilə
mənim tanışlığımın tarixi 50 ilə
yaxındır. Keçən yüzilliyin 80-ci illərində
mən arxeoloji, o isə epiqrafik material toplamaq
üçün muxtar respublikanın müxtəlif
yaşayış məskənlərinə səfər edərkən
onunla avtovağzalda tez-tez görüşür, bəzən
eyni avtobusla bir yerdə gedirdik. Beləliklə, aramızda
xoş münasibətlər yaranırdı. O,
Naxçıvan Elm Mərkəzində
çalışırdı. Mən Naxçıvan Dövlət
Tarix Muzeyində işləməyə başladıqdan sonra
münasibətlərimiz daha da yaxşılaşdı. 1985-ci
ildən isə biz Naxçıvan Elm Mərkəzində bir
yerdə, hətta bir otaqda işləməyə
başladıq. Onunla 40 ilə yaxın bir müddət ərzində
bir yerdə işlədiyimiz üçün mən Hacıfəxrəddin
Səfərlini yaxından tanımış, elmi fəaliyyətini
ardıcıl olaraq izləmişəm.
Tariximizin gizli səhifələrini öyrənmək
üçün dəyərli və etibarlı mənbələrdən
biri də epiqrafik abidələrdir. Abidələrimizin tədqiqi
zamanı əsas işlərdən biri də onların kimə
mənsub olduğunu, dövrünü, tarixini müəyyən
etməkdir. Tarixi abidələrin dövrləşdirilməsində
karbon analizlər, numizmatik materiallar nə qədər əhəmiyyətlidirsə,
epiqrafik abidələr də bir o qədər əhəmiyyətlidir.
Bu abidələri öyrənmək isə çox çətindir.
Həmin abidələri tədqiq etmək üçün,
necə deyərlər, onların "dilini" bilmək,
"danışdırmaq" lazımdır. Sözsüz ki,
onları hər tədqiqatçı danışdıra bilməz.
Onların dilini yalnız müəyyən təcrübəsi
olan tədqiqatçılar bilir.
Hacıfəxrəddin Səfərli 29 sentyabr 1949-cu
ildə keçmiş Naxçıvan (indiki Babək) rayonunun
Cəhri kəndində anadan olub. İlk təhsilini Cəhri kənd
orta məktəbində alan Hacıfəxrəddin Səfərli
1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
yenicə yaradılmış Naxçıvan Filialının
tərkibindəki Tarix fakültəsinə daxil olub. Təhsilini
başa vurduqdan sonra Cəhri kəndində tarix müəllimi
işləyib. Azərbaycan tarixinə və tarixi abidələrimizə
maraq onu Azərbaycan EA-nın A.A.Bakıxanov adına Tarix
İnstitutuna aparıb çıxarıb. O İnstitutun
Arxeologiya və Etnoqrafiya Sektorunda dissertant olur, sonralar
AMEA-nın müxbir üzvü seçilmiş tarix elmləri
doktoru Məşədixanım Nemətovanın məsləhətçiliyi
ilə Naxçıvan Muxtar Respublikasının epiqrafik abidələrinin
tədqiqi ilə məşğul olmağa başlayıb.
Hacıfəxrəddin Səfərli bizim elə alimlərimizdəndir
ki, o, Naxçıvanın ərazisini
qarış-qarış gəzərək memarlıq və qəbir
abidələri üzərindəki kitabələri qeydə
alıb, onların üzünü (estampını)
çıxarıb, fotoşəkillərini götürüb
və mətnlərini oxuyaraq tərcümə edib. Bu işlərin
çoxunu öz şəxsi vəsaiti hesabına, heç
bir ekspedisiya və dövlət vəsaiti gözləmədən
həyata keçirib. Bəzən on kilometrlərlə yolu
piyada getməli olub, yayın qızmar istisində,
qışın soyuğunda yorulmadan işləyib. Hacıfəxrəddin
Səfərli apardığı tədqiqat işləri nəticəsində
1987-ci ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya
Komissiyası tərəfindən tarix elmləri namizədi
alimlik dərəcəsinə layiq görülüb.
Namizədlik dissertasiyasını müdafiə etdikdən
sonra o, öz fəaliyyətini daha da genişləndirib,
onlarla monoqrafiya, 600-ə yaxın elmi və elmi-kütləvi əsər
işləyib hazırlayıb. Onun yazdığı
"Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər",
"Naxçıvanda sufiliklə bağlı mərkəzlər",
"Heydər Əliyev irsi-əbədiyaşar təlim",
"Naxçıvanın epiqrafik abidələrində
görkəmli şəxsiyyətlər",
"Naxçıvanın türk-islam mədəniyyəti
abidələri", "Əshabi-Kəhf" ziyarətgahı
Dini-Mədəni Abidə Kompleksi", "Ordubad bölgəsinin
epiqrafik abidələri", "Əlincəçay
mahalının epiqrafik abidələri",
"Naxçıvan şəhərinin epiqrafik abidələri",
"Qondarma erməni soyqırımı və tarixi həqiqətlər"
və digər kitab və monoqrafiyaları yalnız
Naxçıvanın deyil, bütövlükdə Azərbaycan
tarixinin müxtəlif problemlərinin öyrənilməsi
üçün böyük əhəmiyyətə malikdir.
Alimin tədqiqatlarını respublikamızın görkəmli
alimləri, o cümlədən, akademiklər Ziya Bünyadov,
İsa Həbibbəyli, İsmayıl Hacıyev, Nailə Vəlixanlı,
Azərbaycan MEA-nın müxbir üzvü Məşədixanım
Nemət, professor Vaqif Piriyev, professor Mikayıl Heydərov və
başqaları qiymətləndirib və bu tədqiqatlar haqqında
yüksək fikirlər söyləyiblə.
Hacıfəxrəddin Səfərlinin
apardığı araşdırmalar nəticəsində Orta əsr
qaynaqlarında xatırlanmayan onlarla ictimai-siyasi xadim, görkəmli
şəxsiyyətlər haqqında dəyərli məlumatlar
əldə edilib. Başdaşları üzərində ərəb
əlifbası ilə yazılmış, xalq tərəfindən
çoxdan unudulmuş, lakin Azərbaycanın, o cümlədən,
Naxçıvanın Orta əsr tarixində aparıcı rol
oynamış görkəmli dövlət xadimləri, alimlər,
sufi şeyxləri, sənətkarlar haqqında alimin əsərlərində
geniş məlumat verilib. Akademik Nailə Vəlixanlı onun
araşdırmalarını dəyərləndirərək
belə deyib: "Vaxtilə Naxçıvanda fəaliyyət
göstərib dövrlərinin məhşurlarına
çevrilsələr də, heç bir qaynaqda adları
qalmayan ruhanilərin fəaliyyətlərinin
işıqlandırılması, onların cəmiyyətdəki
rolları və mövqelərinin
aydınlaşdırılması tədqiqatın yeni və
maraqlı məqamlarındandır. Müəllif ərazidəki
ziyarətgahların fəaliyyətini öyrənməklə
Naxçıvanın Azərbaycanın sosial-siyasi və
ideoloji mərkəzlərindən biri olduğunu sübuta
yetirmişdir".
Hacıfəxrəddin Səfərlinin
araşdırmaları, kitabələrin oxunması tariximizin
qaranlıq səhifələrinə işıq
saldığı kimi, abidələrimizin də simasına nur
çiləyib. Məlum olduğu kimi, hürufilik təriqətinin
banisi, görkəmli ideoloq və tarixi şəxsiyyət olan
Fəzlullah Nəimi bir müddət Naxçıvanda Astrabad
adlı şəhərdə yaşamış və oz
ideyalarını təbliğ etmişdi. Orta əsr
qaynaqlarında onun Əlincəqala yaxınlığında qətlə
yetirilməsi haqqında məlumat vardır. Bəzi tədqiqatçıların
fikrinə və xalq arasında yayılan rəvayətlərə
görə, Fəzlullah Nəimi Əlincəçay xanəgahında
dəfn edilib. Bu məsələni aydınlaşdırmaq
üçün Hacıfəxrəddin Səfərli Əlincəçay
xanəgahındakı kitabələri və tarixi mənbələri
yenidən araşdırıb. Əlincəçay xanəgahı
kompleksindəki kitabələrin oxunması nəticəsində
məlum olub ki, Xanəgah kompleksinə daxil olan binalardan biri
hicri 901-ci ildə (1495-1496) Şeyx Hacı Lələ Məliyin
xatirəsinə onun qəbri üzərində Həvva Bədr
Bikə xatının səyi və təşəbbüsü
ilə inşa edilib.
Qeyd etmək istərdik ki, məscid adı ilə
tanınan bu binanın içərisində aparılan bərpa
işləri zamanı binanın qərb divarları
yaxınlığında skelet qalıqlarının aşkar
olunması Şeyx Hacı Lələ Məliyin burada dəfn
edilməsi ehtimalını təsdiq edir. Bərpa işləri
zamanı digər bir maraqlı tapıntı da aşkar olunub.
Şeyx Xorasan (Əlincəçay xanəgahı) kompleksinə
daxil olan XII-XIII əsrlərə aid edilən türbənin
içərisində müsəlman adəti ilə dəfn
edilən dörd skelet qalığı aşkarlanıb.
Onların ikisi türbənin içərisindəki
mehrabların qarşısında, digər ikisi isə onlardan
bir qədər aralıda aşkar olunub. Türbə memar Xacə
Cəmaləddin tərəfindən dövrünün
görkəmli şəxsiyyəti Uluğ Qutluğ Lələ
bəyin əmri ilə tikilib. Türbərin üzərindəki
kitabədə onun kimin şərəfinə tikildiyi
saxlanmayıb. Lakin yerli əhali arasında yayılan məlumata
görə, hürufilik təliminin banisi Fəzlullah Nəimi
burada dəfn olunub. Ancaq türbənin tikilmə tarixi ilə
Fəzlullah Nəiminin ölüm tarixi arasında xeyli fərq
olduğundan bu fikir uzun müddət inandırıcı kimi
görünməyib. Lakin türbənin içərisində
bir neçə qəbirin aşkar olunması bu fikirlərin
doğru olduğunu təsdiq etməkdədir. Bu xanəgahın
ətrafındakı kitabələrin oxunması nəticəsində
bir çox görkəmli şəxsiyyətin, o cümlədən,
əmir, isfəhsalar, böyük alim Uluğ Qutluğ Lələ
bəyin, Şeyx Hacı Lələ Məliyin, kamil şeyx
Hacı Hilalullahın, Qazı Məcdəddinin, Əmir Ərəbşahın,
Tacəddin Əlişahın, bir neçə qadının və
sair adları aşkar olunaraq elmi dövriyyəyə daxil
edilib.
Alimin araşdırmaları nəticəsində
Naxçvan şəhərinin mərkəzində yerləşən
və xalq arasında "Pirqəmiş məscidi" kimi
tanınan abidənin də tarixinə aydınlıq gətirilib.
Məlum olub ki, bu məscidin adına vaxtilə Pirqəmiş
yox, Pir Xamuş deyilib. Pir Xamuş Orta əsr Naxçıvan
şəhərinin tanınmış din xadimlərindən -
sufi şeyxlərindən biri imiş. Alimin kitabələri və
qaynaqları araşdıraraq Naxçıvanda fəaliyyət
göstərən Bektaşilər haqqında əldə
etdiyi məlumatlar xüsusilə maraqlıdır. Onlara məxsus
olan Pir Yaqub xanəgahı, Zaviyə məscidi hazırda
Naxçıvan şəhərində qalmaqdadır.
Hacıfəxrəddin Səfərlinin tədqiqatları
onlarla memarlıq abidəsinin, yüzlərlə məzar
daşının tarixini dəqiqləşdirməyə, bir
sıra görkəmli şəxsiyyətlərin məzarlarının
yerini müəyyənləşdirməyə imkan verib. Məlum
olub ki, Naxçıvan ərazisi Orta əsrlər zamanı
sufiliklə bağlı mərkəzlərin geniş
yayıldığı ərazilərdən biridir. Burada
"Hürufiyyə", "Nöqtəviyyə", "Qələndəriyyə",
"Səfəviyyə", "Bektaşiyyə" və
sair sufi təriqətlərinə məxsus xanəgahlar fəaliyyət
göstərib. Alimin əsərlərində Pir Yaqub, Piri
Süleyman, Şeyx Əbu Səid, Pir Eyvaz xanəgahları,
İsfəndiyar zaviyəsi və digər sufiliklə
bağlı mərkəzlər, dövrünün
tanınmış təhsil ocaqları olan mədrəsələr
haqqında geniş məlumat verilib. Akademik İ.Ə.Həbibbəyli
Hacıfəxrəddin Səfərlinin doktorluq
dissertasiyasının müdafiəsində deyib: "Bu
müdafiə bir nəfərin elmlər doktoru olmasından
çox, Naxçıvan Dövlət Universitetinin uğurudur
və Azərbaycan tarixşünaslığında keyfiyyəti
artıran bir müdafiə kimi də yadda qalacaqdır. Mən
görkəmli tarixçilərin qarşısında
bütün ciddiyyətimlə Hacıfəxrəddinin
dissertasiyasını Azərbaycan
tarixşünaslığının mühüm nailiyyətlərindən
biri hesab edirəm. Fəxr edirəm ki, belə bir əsər
bizim universitetimizdə yaranıb. Bu işi ilə Hacıfəxrəddin
sübut etdi ki, regionda yaşamaqla Azərbaycan elminin ən
yüksək tələbləri səviyyəsində doktorluq
işi yazmaq mümkündür".
Hacıfəxrəddin Səfərli Azərbaycan, o
cümlədən, Naxçıvan tarixi üçün
müstəsna xidmətləri olan Mirbağır Mirheydərzadə
haqqında da dəyərli tədqiqatlar aparıb. Vaxtı ilə
Naxçıvanı qarış-qarış gəzərək
onun tarixi abidələrini qeydə alan, arxeoloji
qazıntılar aparan, qiymətli əlyazmaları və
eksponatları Tarix Muzeyinə toplayan bu şəxsiyyəti
mükafatlandırmaq əvəzinə təqib etmişlər.
Naxçıvan tarixinin bu və ya digər məqamları
haqqında daha maraqlı və ətraflı məlumatları
Hacıfəxrəddin Səfərlinin kitab və məqalələrindən
almaq mümkündür. Bir də ki, işdir, əgər daşların
dilini öyrənmək istəsəniz, bilin ki,
Naxçıvan Dövlət Universitetində müəllim
işləyən Əməkdar elm xadimi, AMEA-nın müxbir
üzvü, professor Hacıfəxrəddin Səfərliyə
müraciət etmək lazımdır.
Öz mənalı ömrünü Azərbaycan abidələrinin
tədqiqinə həsr edən Hacıfəxrəddin Səfərlini
75 yaşının tamam olması münasibəti ilə təbrik
edir, yubilyara uzun ömür, cansağlığı və gələcək
tədqiqatlarında uğurlar arzulayırıq.
Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru,
professor