İnsan gözəlliyin vurğunu və yaradıcısıdır  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Mannerizm İtaliyadan Avropanın digər hissələrinə yayıldı və xüsusən öz apogeyinə El Qrekonun (1549-1614-cü illər) əsərlərində çatdı. Domenikos Teotokopulos Kritdən olmaqla, o, buradakı Fodele kəndində anadan olmuşdu, El Qreko ispanca "yunan" demək idi, Venesiyada və Romada təhsil alandan sonra o, 1570-ci ildə İspaniyaya köçmüş, Toledoda kilsə rəssamı işləmişdi. El Qrekonun uzadılmış fiqurları qeyri-adi sarı və yaşıl rəngdə portretləşirdi, rəssamın intensiv emosiyadakı dünyanı yaratmaq arzusunu ifadə edirdi. Etiraf edim ki, həm onun doğulduğu Fodelə kəndində, həm də Toledodakı ev-muzeyində olmaq mənə nəsib olmuşdu.

Mannerizmin zəruri olaraq yerini yeni hərəkat olan Barokko tutdu, o, XVII əsrin son rübündə İtaliyada başlanmışdı və Avropanın qalan hissəsinə yayılmışdı. Bu üslub katolik islahatçı hərəkatı tərəfindən mənimsənildi. Bunun canlı şəhadəti katolik saraylarıdır, xüsusən bu üslubun, Habsburqların  Madriddəki, Praqadakı, Vyanadakı və Brüsseldəki saraylarında aparıcı yer tutması idi. Ona Fransada, İngiltərədə və Niderlandlarda müqavimət göstərilməsinə baxmayaraq, Barokko üslubu bütün Avropaya və Latın Amerikasına yayıldı.

Barokko rəssamları Renessans incəsənətinin klassik ideyalarını XVI əsrin dini canlanmasını, ruhi hisslər ilə birləşdirməyə gətirib çıxardı. Barokko rəssamlığı və arxitekturası hakimiyyət üçün aparıcı axtarışları ifadə edirdi. Barokko kilsələri və sarayları gözəl və varlı şəkildə detallaşdırılırdı. Krallar və şahzadələr başqa krallar və şahzadələr kimi, öz təbəələrinin onların gücündən qorxmalarına nail olmağa çalışırdılar.

Barokko rəssamları emosionallığı məqsəd güdən dramatik effektlərdən istifadə edirdilər. Bu üslub flamand rəssamı Paul Rubensin (1577-1640-cı illər) əsərlərində daha çox işlənirdi. O, məhsuldar bir rəssam olaraq Barokkonun yayılmasında mühüm şəxsiyyət rolunu oynayırdı. Onun rəngkarlıq incilərində bədənlər ağır ölçüdə və güclü hərəkətdə, həm də çılpaq şəkildə təsvir olunurdu. O, işıq və kölgədən dramatik bir qaydada istifadə edirdi və bu, intensiv emosiyalar yaradırdı. Yorulmaz formalar və daimi hərəkət bir yerə qarışıb, dinamik sintez əmələ gətirirdi.

Barokkonun ən böyük şəxsiyyətlərindən biri italyan arxitektoru və heykəltaraşı Lorentso Bernini (1598-1680-ci illər) idi. O, Vatikandan Müqəddəs Pyotr bazilikasının tikintisini yekunlaşdırmış və onun qarşısındakı piyattsanı (meydanı) əhatə edən geniş kolonnalarının layihəsini vermişdi. Onun "Müqəddəs Terezanın ekstazı" heykəl kompleksi XVI əsr ispan müqəddəs qadınının həyatındakı mistik təcrübə anını təsvir edir.

XVII əsrin ikinci yarısında Avropanın mədəni liderliyində Fransa İtaliyanın yerini tutdu. Barokko üslubunu rədd edən fransızlar Yüksək Renessansın klassik dəyərlərini yaratmağı davam etdirdilər. Onun görkəmli nümayəndəsi Nikola Pussen (1594-1665-ci illər) idi.

Sonra niderlandlıların realizmi gəldi, Niderland rəssamlığı XVII əsrdə çiçəkləndi. Niderland qızıl epoxasının ən yaxşı əsərləri Rembrandt van Reyn (1606-1669-cu illər) tərəfindən yaradılmışdı. Onun çoxlu fiqurlardan ibarət olan "Gecə gözətçiləri", arvadı Saksiya ilə birlikdə olan portretləri daha çox məşhurdur. Rembrandt çoxlu sayda portretlər çəkmişdi, lakin o, ictimai dəstəyi itirdiyindən, müflis kimi vəfat etmişdi.

XIX əsrin birinci yarısında isə rəssamlıqda romantizm, rəsmlərin klassik məktəbi ilə paralel gedirdi, 1850-ci ildən sonra aparıcı rol oynadı. Lakin romantizm də ölmədi. Fransızlar realist rəssamlıqda liderə çevrildilər. Qustav Kurbe və Jan Fransua Mille bu üslubun görkəmli nümayəndələri idilər.

İmpressionizm. Renessansdan sonra rəssamlar mümkün qədər reallığı, diqqətli, qayğıkeş yaxmaları tətbiq etmək vasitəsindən istifadə etməklə, obyektin təsviri yolu ilə özlərini təqdim etməyə çalışırdılar. Buna görə öz subyektlərini realistik qaydada ifadə etmək üçün perspektivdən istifadə edirdilər. XIX əsrin sonlarından etibarən rəssamlar təəssüratın yeni formalarını axtarırdılar. Modern rəssamlığın nümunələrini İmpressionizmdə tapmaq olardı. Bu hərəkət 1870-ci illərdən Fransada başlamışdı. Həmin vaxt bir qrup rəssam studiyanı və muzeyləri tərk dib, kənd yerlərinə getdilər ki, birbaşa təbiəti plener təsviri qaydasında çəksinlər.

Yeni üslubun adı isə Klod Monenin "Günəş çıxması. İmpression (təəssürat)" tablosundan götürülmüşdür.

Onların subyektlərinə gündəlik həyatdakı insanlar, Parisin küçə səhnələri və təbiət daxil idi. Rəngkarlığın rahat modalarına və subyektin mahiyyətinə uymaq əvəzinə, impressionistlər köhnə rəsm əsərlərindəki orijinallığı və fərqliliyi axtarırdılar. Kamil Pisarro (1830-1903-cü illər) impressionizmin banilərindən biri olmaqla onların axtarışlarını belə ifadə edirdi:

"Qiymətli rəsm çəkmə bütöv təəssüratı, quru və çətin edir, bütün sensasiyanı məhv edir. Düzgün dəyəri və rəngi fırça ilə çəkmək rəsmi əmələ gətirəcəkdir. Erkən vaxtda günəşi, küləyi, suyu, ağac budaqlarını təsvir etmək, yerin üstündə olmaq, hər şeyi bərabər əsasda tutmaq və onu əmələ gətirənə qədər dayanmadan işləmək. Ancaq müşahidə və hiss etdiyini çəkmək, bunun üçün isə ilk təəssüratı itirməmək daha yaxşıdır".

Pisarroya bənzər impressionistlər öz çəkdiklərinin, təsvir etdiklərinin içinə qoymaq üçün təbiətdə işığın, obyekt üzərində dəyişilən effekti barədə öz təəssüratlarını axtarırdılar. Rəssamın ilkin təəssüratı öz əks olunmasını tapdıqda, o, məqsədinə çatdığına əmin olurdu. Pisarronun ideyaları Klod Monenin (1840-1926-cı illər) əsərlərində aydın görünür. O, xüsusi olaraq suyu və işığı tərənnüm etməyi sevirdi. İşığın, suyun, atmosferin qarşılıqlı hərəkətini özünə tabe etdirməyə yaxınlaşırdı.

Lakin impressionistlər təkcə təbiətdən mənzərə - peyzaj çəkmirdilər. Küçələr və kabarelər, qaynar və adamlarla dolu bulvarlar onların subyektlərinin mahiyyətini təşkil edirdi.

 

Digər mühüm impressionist qadın rəssam Berta Morizo (1841-1895-ci illər) idi.

1880-ci ildə Fransada postimpressionizm kimi tanınan yeni hərəkat meydana gəldi və tezliklə Avropanın digər ölkələrinə yayıldı. Onlar impressionistlərdə olan işığın və rəngin vurğulamasını saxlayırdılar. Lakin onları daha da inqilabiləşdirmişdilər, diqqəti daha çox strukturaya və formaya verirdilər. Postimpressionistlər rəngin və xəttin hər ikisini, daxili hissiyyatı ifadə etmək üçün istifadə edilməsini axtarırdılar. Onlar reallığı fərdi qaydada təsvir edirdilər.

Pol Sezann (1839-1906-cı illər) ən mühüm postimpressionist rəssamlardan biri idi. Ona əvvəllər impressionistlər təsir göstərmişdilər, lakin tezliklə onların üslubundan uzaqlaşmışdı.

Digər məşhur postimpressionist, əzabkeş və faciəli şəxsiyyət olan Vinsent van Qoq (1853-1890-cı illər) idi. Van Qoqa görə rəssamlıq ruhi bir təcrübə idi. O, rənglərə çox maraq göstərirdi və inanırdı ki, onlar özlərinə məxsus dil formasında hərəkət edəcəklər. Onun "Ulduzlu gecə" tablosu Van Qoqun subyektiv baxışını nümayiş etdirir. "Günəbaxanlar" seriyasında isə rəssam bu çiçəklərdə günəş enerjisinin konsentrasiyasını göstərməyə cəhd edir. "Avtoportretlər"ində isə biz, müəllifin ruhi əzablarının, psixikasının qaydada olmamasının şahidi oluruq.

Van Qoqun sağlığında yalnız bir rəsm əsəri ucuz qiymətə satılmışdı, ona qardaşı Teo maddi yardım göstərirdi. Vinsent və Teo öldükdən sonra, axırıncının arvadı Yohanna Boqner rəssamın əsərlərinin təbliği ilə yaxından məşğul olmaqla, onların xilas edilməsinə və sonralar böyük populyarlıq qazanmasına nail olmuşdu. Bu xeyirxah qadın van Qoqun layiqincə kəşf edilməsi sahəsində böyük fəaliyyət göstərmiş və onun zəhməti, güddüyü məqsədə çatmaqda ona yol göstərən ulduz rolunu oynamışdı.

İrvinq Stounun "Həyat yanğısı" əsəri Vinsent van Qoq dünyasını kütləvi oxucuya çatdırmaqda böyük iş görmüşdü.

Sonralar modern rəngkarlığın müxtəlif cərəyanları meydana gəldi və onun çoxlu pərəstişkarları var  idi. Hətta polyak mənşəli fransız şairi Gitom Apolliner, o, I Dünya müharibəsi vaxtı döyüşçü kimi həlak olmuşdu, moden təsviri sənət naminə Luvr muzeyini yandırmağı təklif edirdi.

Rus rəssamlığı XIX əsrin əvvəllərindən inkişaf etməyə başlamışdır, buna qədər isə pravoslav (ortodoks) kilsəsinə xidmət edən rəssamlar - Andrey Rublyov və Feofan kimi, onlar yalnız ikona yaradıcılığı ilə məşğul olurdular. Əsrin başlanğıcında O.A.Kiprenski öz portret əsərlərini yaratdı, bura şair A.S.Puşkinin də portreti daxil idi. Sonra xeyli sayda görkəmli rəssamlar meydana gəldi. Onların arasında mənşəcə yunan olan Arxip Kuinci, yəhudi mənşəli İsaak Levitan və rus Karl Bryullov xüsusilə seçilirdi.

Kuinci rənglərdən çox ustalıqla istifadə edirdi, onu məşhur "Dneprdə yay gecəsi" tablosu bu qeyri-adi mənzərəyə bəstələnmiş noktyurna bənzəyir. Səmadakı Ayın işığı gecənin qaranlığında çayın sularında əks olunmaqla, onu gümüşü rəngə boyayır. Damcılar işığı klavişlərdə səslənən musiqi şəklində dəyişdirir, vizual qaydada həzin melodiya yaradır. Əsərdə Ay və onun sudakı əksi insanı tam fərqli qaydada düşünməyə məcbur edən mənzərə yaradır. İnsan da, öz taleyinə dirilik verən işıq düşdükdə başqalaşır, dolğun həyat eşqi ilə yaşamağa başlayır. Kuincinin tablosu tamaşaçıda daha intim hisslər yaratdığına görə Klod Monenin impressionizmə ad verən tablosundan da daha dərin mənası ilə fərqlənir. Çünki fransızın əsərindən fərqli olaraq Dneprin yay gecəsinin sirrini açan tablo insanda melanxolik hisslər yaradır. Onun rus təbiətinin simvolu olan "Ağcaqayın" tablosu isə ağ və qara rənglərin kontrastını ağacın timsalında əks etdirməklə, rənglərin insan həyatında oynadığı böyük rolu yada salır, axı həm təbiətdə, həm də rəssam yaradıcılığında rənglər bizim üçün emosiya mənbəyinə çevrilir.

İsaak Levitan Rusiya təbiətinin istənilən hissəsinin, meşəsinin də, kiçik çay sahilinin də vurğunu idi. O, təbiət mənzərələrini təsvir edərkən, fırçası ilə qəmgin ruhda, elegiya xarakterli əsərlər yaradırdı. Onun tablolarındakı peyzaj, təbiət gözəlliyinin daşıyıcısı olmaqla yanaşı, adamın hisslərini tarıma çəkən yeknəsəqlik duyğuları yaradırdı. Levitanın mənzərə tabloları Karl Bryullovun işıqlı, günəşin parıltısını əks etdirən İtaliya mövzusundakı əsərlərindən fərqli olaraq, daha çox Niderland rəssamı Yakov Ryusdalın hər yaxmasından qəmgin hisslər yaradan təbiət təsvirlərinə daha çox bənzəyirdi.

Karl Bryullov isə tablolarında lirik hadisələri əks etdirməklə yanaşı, özünün məşhur "Pompeinin son günü" tablosu ilə daha böyük şöhrət qazanmışdı. Bu böyük ölçüdə olan əsərdə b.e. 79-cu ilində Vezuvi dağında vulkan püskürməsi nəticəsində kül altında qalan abad bir şəhərin xarabazara çevrilməsini, stixiya qarşısında zəifliyini hiss edən insanların həyəcanını, təşviş hisslərini olduqca real cizgilərlə təsvir edir. İki min ilə yaxın bir vaxt keçdikdən sonra Bryullov bu dəhşəti öz fırçası ilə yenidən canlandırmağı bacarmışdı. Tablo məhv olan şəhərə və onun sakinlərinə ən acı hüznü ifadə edən rekviyem xarakteri daşıyır, taleyin insanlara bəxş etdiyi bədbəxtliklərə, rəssam öz istedadı hesabına qəmli ağı deyir

Bu tablonu Bryullov 1830-1833-cü illərdə İtaliyada yaratmışdı. Əsərdə həyəcan, dərd və qorxu içərisində olan müxtəlif insanlar təsvir olunur. Təbiətin kor qüvvələri insan məxluqlarını məhv edir, şəhəri, onun sakinlərinin qardaşlıq qəbiristanına çevirir. Rəssamın bu işi rənkarlığın yüksək janrı hesab olunurdu.

Ölümün dəhşətli sifəti qarşısında adamlar öz ləyaqətlərini göstərirlər, bir-birinə kömək etməyə çalışırlar. Həm də onların qışqırıqları, hıçqırtıları və yalvarışları eşidilir. Faciə onların nəcib hisslərini açıb tökür, insan könlünün mahiyyətini göstərir. Təsvir olunanların çoxu əsl alicənablıq təcəssümüdür. Qızlarını qucaqlayan ana yalnız Allahdan kömək umduğundan, bütün gücünü dua etməyə sərf edir.

 

(Ardı var)

 

Telman ORUCOV

525-ci qəzet.-2024.- 2 oktyabr(№179).- S.14.