"Qarabağ Universiteti mühüm elm-təhsil mərkəzinə çevriləcək"

"Bu universitetin başlıca fəaliyyətinin tədqiqat əsaslı olması nəzərdə tutulub"

 

Məlum olduğu kimi, sentyabrın 23-dən etibarən Qarabağ Universitetində tədris prosesinə başlanılıb. 2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub.

Qarabağ Universitetində bu il tədris Azərbaycan və ingilis dilində aparılacaq, rus dili bölməsi üzrə qəbul isə yoxdur. İngilis dili bölməsi üzrə təhsil alacaq tələbələrin birinci ildə dil biliyinin təkmilləşdirilməsi üçün işlər görüləcək. Növbəti ildən isə bütün tədris ingilis dilində aparılacaq. İlk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə "SABAH" qrupları təşkil olunub. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbə sözügedən 4 ixtisas üzrə Qarabağ Universitetinin "SABAH" qruplarında ikinci tədris ilində təhsil alacaq.

İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq.

Qarabağ Universiteti hazırda Xankəndi şəhərindəki 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.

Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya yaradılıb.

Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr "Elektron kitabxana" sisteminin geniş imkanlarından faydalana bilərlər.

Hazırda universitetin 160 əməkdaşı var. Onlardan 60 nəfəri akademik heyətin üzvü, 100 nəfəri isə inzibati və texniki heyətin üzvüdür.

Kadr heyətinin seçimi zamanı Qarabağ Universitetinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün vacib olan bilik və bacarıqlara sahib peşəkar mütəxəssislərə üstünlük verilib. Hazırda peşəkar və təcrübəli yerli və xarici professor-müəllim heyətinin akademik fəaliyyətə cəlb olunması istiqamətində işlər davam etdirilir. Bu prosesdə xaricdə yaşayan azərbaycanlı alimlər və müvafiq dövlət proqramları ilə nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil alan gənclər diqqət mərkəzində saxlanılır.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib, ali məktəbdə yaradılan şəraitlə tanış olub.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirir ki, Qarabağ Universitetində yeni ixtisaslar və fakültələrin yaradılması nəzərdə tutulur. Universitet rəhbərliyi dövlət başçısının onların qarşısında qoyduğu vəzifələrin icrası üçün maksimum səy göstərəcək: "İlk tədris ili üçün universitetə 1154 tələbə qəbul olunub. Hazırda universitetin 160 əməkdaşı var. Açılış mərasimində dövlət başçısı doğma Qarabağla bağlı mühüm mesajlar verdi və bizim qarşımızda müəyyən vəzifələr qoydu. Biz də bu vəzifələrdən irəli gələrək, növbəti mərhələlərdə həmin tapşırıqdan irəli gələn vəzifələri yerinə yetirmək əzmindəyik".

Ş.Bayramov universitetə qəbul olan tələbələrin yüksək potensiala malik olduqlarını vurğulayıb: "Tələbələrimizin potensialı çox yüksəkdir. Çünki Qarabağ Universitetinə qəbul imtahanlarında yüksək bal toplayan tələbələr qəbul olunub. Növbəti mərhələdə universitetimizdə yeni ixtisaslar və fakültələrin yaradılması ilə bağlı tapşırıqlar almışıq. Ümumiyyətlə, universitetin başlıca fəaliyyətinin tədqiqat əsaslı olması nəzərdə tutulub. Növbəti tədris ilində universitetimizdə yeni məzmunda tibb fakültəsinin yaradılması da cənab Prezidentin tapşırığına daxildir. Qeyd etmək yerinə düşər ki, Qarabağ Universiteti müasir dövrün gənclərini Heydər Əliyev ideyalarına sadiq bir vətəndaş kimi yetişdirməyi nəzərdə tutur".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Qarabağ Universiteti Qarabağın əsas və böyük elmi-mədəni mərkəzidir. Bu universitet Qarabağı ölkəmizin və dünyanın əsas elm-təhsil mərkəzlərindən birinə, Xankəndini isə gənclik şəhərinə çevirəcək. Qarabağ Universiteti Qarabağ həqiqətlərini dünyaya çatdıracaq: "Həyata keçirilən genişmiqyaslı hazırlıq işləri Qarabağ Universitetinin ilk tədris ilindən başlayaraq böyük hədəflərə doğru irəliləməsinə tam əsas verir. Azərbaycan Milli Elmlər Akademiyası Qarabağ Universitetinin daha da inkişaf etdirilməsi üçün üzərinə düşən hər cür dəstəyi göstərməyə hazırdır. Qarabağ Universitetinin açılması ölkəmizin çoxəsrlik təhsil tarixinin ən böyük hadisəsidir".

Təhsil eksperti Ramin Nurəliyevin dediyinə görə, bu il tədrisə hazır vəziyyətə gətirilmiş, müasir təhsil səviyyəsi və tədris planına uyğun olan universitetin qəbul üzrə keçid balları hamı üçün maraqlı idi. İmtahanlarda yüksək bal toplayan abituriyentlərin Qarabağ Universitetini ilk sıralarda seçməsi, əlbəttə ki, bu ali təhsil ocağına marağın, o cümlədən, keçid ballarının yüksək olacağından xəbər verirdi. Belə də oldu: "Qarabağ Universitetində hüquqşünaslıq ixtisasının keçid balı Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası ilə eyni səviyyədə oldu. Pedaqoji ixtisaslardan Azərbaycan dili və ədəbiyyatı ixtisasının keçid balı Azərbaycan Dövlət Pedaqoji Universitetinin eyni ixtisasının dövlət sifarişli yerinin balından yüksək oldu. Bu, Qarabağ Universitetinin yüksək nüfuzundan xəbər verir. Birinci ixtisas qrupu üzrə Qarabağ Universitetinə orta qəbul balı 475, ikinci qrup üzrə 396, üçüncü qrup üzrə 531, dördüncü qrup üzrə isə 470 olub. I-IV qruplar üzrə ümumi ortalama bal 467,6 olub. Eləcə də 600 baldan yüksək nəticə göstərən 101 abituriyent Qarabağ Universitetinə qəbul olub. Ehtimal olunur ki, növbəti illərdə balların yüksəlişi artan templə davam edəcək və Bakıdakı dövlət universitetləri ilə Qarabağ Universiteti davamlı rəqabət halında olacaq".

Millət vəkili Naqif Həmzəyev bildirib ki, Qarabağ Universiteti Azərbaycanın top 10 universitetindən biri olacaq: "Hesab edirəm ki, Qarabağ Universiteti ən qısa zamanda Azərbaycanın ən aparıcı universitetlətindən biri ola biləcək. Çünki dövlət qayğısı və diqqəti bu universitetin üzərində olacaq. Çox faydalı və uğurlu bir fəaliyyətin baş tutacağına inanıram".

Millət vəkili Arzu Nağıyev qeyd edib ki, Qarabağda elmə-təhsilə xüsusi qayğı göstərilib və daimi bu məsələ diqqətdə saxlanılıb: "Bu baxımdan ali təhsil müəssisəsinin ilk olaraq məhz Xankəndidə yaradılması xüsusilə vacibdir. Bu addım həm də regionda yüksək ixtisaslı kadrların hazırlanması baxımından olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, Qarabağ Universiteti gələcəkdə perspektivli ali təhsil müəssisələri sırasında olacaq. Bu təhsil ocağı 1969-cu ildə Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi zaman Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə ümumiyyətlə, fəaliyyətini dayandırıb".

Rauf Pənciyev deyir ki, ilk tələbələrindən biri olduğu Qarabağ Universitetində yüksək səviyyədə tədris üçün hər şərait yaradılıb: "Xankəndi şəhərində Qarabağ Universiteti ilk dəfə açılır, mən bu ali təhsil ocağının ilklərinə imza atanlardan biriyəm. Həm bu ali təhsil ocağının tələbəsi olmaq, həm də dövlət başçısının xeyir-duası ilə təhsil almaq qürurvericidir. Buranın mənim gələcək karyeramda əsaslı rol oynayacağına inanıram".

Tələbə Fənarə Məmmədzadə də universitetdə yaradılan şəraitdən məmnunluğunu ifadə edib: "Çox sevincli və qürurludur ki, Qarabağ Universitetinin ilk tələbələrindən biriyəm. Xüsusilə qeyd etmək istəyirəm ki, cənab Prezidentlə görüşən tələbələrdən biri oldum. Görüş həm məsuliyyətli, həm də çox həyəcanlı idi. Universitetin ilk tələbələri olaraq, çiyinlərimizə çox şərəfli vəzifə düşür".

 

Sevinc QARAYEVA

525-ci qəzet.-2024.- 2 oktyabr(№179).- S.13.